Nuru paşa

Fəriq Nuru (Nuri) Paşa Hacı Əhməd oğlu Killigilin doğulduğu tarix həm Türkiyə, həm Azərbaycanın bir çox mötəbər sitəsində, mənbələrində 1881-ci il göstərilir: tr.wikipedia.org, www.tarihportali.net, facebook.com, www.turkcebilgi.com, www.turania.org, www.kelebekforum.com, www.genel-bilgiler.com, az.wikiwix.com, www.mix.az, azersayt.com, az.wikipedia.org və sair. Ancaq www.designmodproject.de, ru.wikipedia.org, data.lullar.com və sair portallarda bu rəqəm 1889- cu il göstərilir. Bakının Qurtuluş tarixi haqqında bir neçə dəyərli tədqiqatın müəllifi Rəşad Süleymanov yazır: “…Nuru Killigil Ənvər Paşanın bir yaş kiçik qardaşıdır və 1881-ci ildə doğulub. Qardaşı Ənvərdən fərqli olaraq, Nuru Killigilin uşaqlıq və gənclik həyatı ilə bağlı məlumatlar olduqca azdır.” (R.S-“Bakı xilaskarı” Nuru Killigil Paşa”, blog.azpress.az). Digər bir tədqiqatçı alim Asif Rüstəmli yazır: “1918-ci il noyabrın 10-u idi…Sentyabrın 23-də Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin başçılığı ilə Gəncədən Bakıya köçən hökumət üzvləri ilk dəfə idi ki, öz xilaskarı Qafqaz İslam Ordusunun Komandanı Nuri Paşanı və onun igid zabitlərini 15 sentyabr Bakının Qurtuluşu günü münasibətilə ziyafətə dəvət etmişdilər.

(“Azərbaycan” qəzeti, 1918, 12 təşrin-sani, N37). Fətəli xan Xoyski məclisi açaraq 29 yaşlı Nuri Paşanı qonaqlara təqdim etdi…29 yaşlı Bakı fatehi 19 yaşlı Cəfər Cabbarlı ilə qucaqlaşdı”. “Nuri Paşa, Qafqaz İslam Ordusu və Bəxtiyar İsmailli Türkcanlı”, Bakı-2007, səh 74). Nəsiman Yaqublunun “Bakının Qurtuluşu” kitabında da Nuru Paşanın doğum ili 1889-cu il göstərilib. (Bakı-2010, səh 182). Hər iki rəqəmə aid xeyli misalı həm Türkiyə, həm Azərbaycan qaynaqlarından yenə də gətirmək olar. Təəssüflər olsun ki, Türkiyənin bir xeyli tarix qurumuna yazdığımız məktublara da dürüst cavab ala bilmədim, hər iki rəqəmi düzgün sayanlar oldu.

Nuru Paşanın yavəri ilə birgə Bakıda 1918-ci ildə çəkdirdiyi şəkildə də 29 yaşdan yuxarı simada görsənir. Nağı bəy Şeyxzamanlı Ənvər və Nuru Paşa qardaşlarını İstanbulda ilk tanıyan azərbaycanlılardan biri olaraq Nurunun yaşda cavan olduğunu qeyd edir. Biz də Nuru Paşanın həyatının sonrakı mərhələlərini, hərbi təhsil illərini Ənvər Paşanın müvafiq dövrləri ilə müqayisə edərək doğum ilinin 1881-ci ildən sonra olduğunu düzgün sayır, hər halda 1889-cu il tarixini qəbul edirik. Yuxarıda göstərdiyimiz mənbələrin hamısında həm Ənvər, həm Nuru paşanın anasının ismi Ayşə qeyd olunub, ancaq bu da məlum faktdır ki, onlar ögey qardaşdırlar.

İstanbulda Hacı Əhməd Paşanın ailəsində dünyaya gəlib. İttihad və Tərəqqi Cəmiyyətinin qurucusu olan və Osmanlı tarixində mühüm xidmətləri olan Ənvər Paşanın ögey qardaşıdır. Dədə-babalarının Krım Türklərindən olduğu bəllidir, ona görə də 1934-cü ildə Türkiyə Cümhuriyyətində rəsmi soyadı daşıma qanunu qəbul olunanda Nuru Paşa da ulu babalarının gəldiyi Dunay çayı ağzındakı Killi və ya Kiliya Türk qalasının adını özünə soyadı götürmüşdür. Ənvər Paşa ilə birlikdə və əmisi oğlu Xəlil Paşanın da məşhur hərbçi – general olması bu soyun igid, cəsur, döyüşkən cəngavər olmağından soraq verir. Hər iki qardaş həyatları boyu turançılıq idealı ilə yaşayıblar və türk xalqlarını vahid dövlətdə birləşdirməyə çalışıblar. Camal, Tələt adlı qardaşları da olub.

Teymən (leytenant) Nuru 1909-cu ildə Quru Qoşunları Məktəbini bitirərək Üçüncü Ordu komandanlığında zabit kimi xidmətə başlayıb, 1910-cu ilin yanvarından birbaşa padşaha tabe olan piyada bölüyünə keçirilib. 1911-ci ildə Hərbi Akademiyanı bitirərək yenidən döyüşən ordu sıralarına göndərilib. Həmin dövrlər Osmanlı dövləti olüm-qalım savaşı aparırdı. Gənc zabit ən ağır döyüşlərin getdiyi Şimali Afrika cəbhəsinə göndərilir. Yəni Qafqazlardan əvvəl Avropa və Afrikadakı savaşlarda döyüşçü, partizan, igid komandir kimi ad-san qazanmışdı. Osmanlıya daxil Liviyanın çağdaş günlərimizdə ( fevralmart 2011 ) savaş meydanına çevrilən Benqazi şəhəri uğrunda döyüşlərdə mahir nişançı zabit Nuru bəy şəxsən 100 italyan əsgərini məhv etmişdi, partizan hərəkatı yaratmışdı. İtalyanlara qarşı göstərdiyi rəşadətli igidliklərə görə 1916-cı ildə minbaşı rütbəsi alır, həm də “Altun ləyaqət”, Almaniyanın “Dəmir xaç” medalı ilə təltif olunur. 1917-ci ildə Avstriya-Macarıstan dövlətinin üçüncü dərəcəli fərqlənmə nişanına, Türkiyənin “Altun-imtiyaz” medalına layiq görülür. Mudros müqaviləsindən sonra ingilis-fransız qüvvələri onu dərhal tapılıb öldürülməli olan 7 “milliyətçi-residivist”in siyahısına salmışdılar. Balkanlar, İraq, Misirdə də ən çətin savaşların öndə gedəni Osmanlı zabiti Nuru idi, onun igidliyi dillər əzbəriydi, əfsanələşmişdi. Nuru Paşanın ən böyük mücadiləsi Qafqaz, Azərbaycan uğrunda savaşıdır, məhz buna görə də Nuru Paşa Bakının qurtuluşundan sonra isə həm də ingilis, rus-erməni kəşfiyyatının hədəfinə çevrilir. 1919-cu ildə ingilislər tərəfindən tutulsa da, AXC rəhbərliyinin təlimatı üzrə xüsusi xidmət orqanlarının olduqca cəsarətli əməliyyatı ilə başarılı şəkildə Batumdakı cəza evindən qurtulub Bakıya gətirilir. Azərbaycan xalqının fədakar oğullarının sayəsində Nuru Paşa-Osmanlı ordusu qarşısında mənəvi borcundan, qismən də olsa, çıxa bilir, Xilaskarlıq missiyasını şərəflə yerinə yetirən sərkərdənin düşmən əlində o zaman ölməsinə vaxtsız imkan verilmir. Mudros müqaviləsinə uyğun olaraq Osmanlı əsgərlərinin Azərbaycanı tərk etməsinə baxmayaraq, Nuru Paşa 1920-ci ilədək Azərbaycanda qalır, əsgərlərinə də Azərbaycan vətəndaşlığını qəbul etməyi və burda qalıb bolşeviklərlə savaşmağı əmr edir, Qızıl Orduya, həm də daşnak tör-töküntülərinə qarşı Qarabağ üsyanını, partizan mübarizəsini təşkil edir. Nuru Paşa Azərbaycanın tamamən rus işğalına keçməsindən sonra Qafqazdan geri dönüb bir müddət Türkiyədə yaşayır, bir sıra hərbi əməliyyatlarda iştirak edir, Sarıkamışın ruslardan geri alınmasında fədakarlıq göstərir, ancaq 1923-cü il ilin oktyabrından Türkiyədə hərbi-siyasi vəziyyətin dəyişməsi ilə bağlı təqaüdə çıxır və bundan sonra artıq hərbçi kimi yox, iş adamı kimi fəaliyyət göstərir, Almaniyaya köçür, 1938-ci ildə yenidən Türkiyəyə dönür, ancaq həyat amalından- Turan idealından heç zaman geri dönmür.

1941-ci ildə Nuru Killigil Ankaradakı Alman Böyükelçisi Franz von Papen ilə görüşür və Türkiyədə turançı hərəkata gizli və güclü dəstək verərək Almanların müttəfiqliyini qazanır. Nuru Paşanın görüşləri Alman Xarici İşlər Nazirliyində də izlənir və ona lazımi dəstək verilir. Çünki Nuru Paşanın ideyası qismən də olsa, Almaniyanın marağına uyğun idi: Sovetlər Birliyində yaşayan çoxmilyonlu türk əhalisini ruslar əleyhinə qaldırmaq, əsir müsəlman türklərdən Turançılıq Masasının və SS Doğu Türküstan Alayının qurulmasına, özgür türk respublikalarının yaranmasına yardım etmək Almaniyanın siyasətinə cavab verirdi. Bu məqsədlə Nuru Killigil Berlinə çağırılır, Məmməd Əmin Rəsulzadə, Əbdürrəhman bəy FətəlibəyliDüdənginski ilə birlikdə Almaniyada SS-in Türküstan alayının qurulmasına rəhbərlik edir. Ən başlıcası bu idi ki, belə bir missiyanın reallaşmasının uzaq perspektivi təpədən dırnağa türkçü, turançı olan Nuru Paşanın da həyat amalıydı.

Nuru Paşa digər türk xalqlarının Türkiyə ilə bütünləşəcəyinə ürəkdən inanırdı, bu sırada ilk olaraq Türkiyə sınırlarına yaxın yaşayan Azərbaycan türklərini və türkmənləri görürdü, bunlardan sonra isə Tatarıstana qədər uzanan bölgədəki digər türkdilli xalqların bütünləşib birləşəcəyini düşünürdü. Bunun üçün isə Türkiyə Almaniya ilə birlikdə Sovetlər Birliyinə qarşı savaşmalı, Almanlar da Türk əsilli Sovet əsirlərindən ordu qurub bunu Türkiyənin əmrinə verməliydi. Alman tərəfinin bu görüşlərə dəstək verməsi üçün şübhələrinə qarşı Nuru Paşa onları inandırmışdı ki, Türkiyə hökumətində, orduda bu görüşmələrdən xəbərdar xeyli insan vardır, xalq da bu fikirləri tezliklə mənimsəyəcəkdir. Eyni zamanda Qafqazlarda və Orta Asiya xalqları arasında, eləcə də sovet ordusu içərisində də Rusiya əsarətindən qurtulmaq istəyən, bu fikri bölüşən və mübarizəyə qalxmaq istəyən, fürsət gözləyən insanlar vardır. Ancaq Nuru Paşanın bu “yol xəritəsi” Almaniyanın SSRİ tərəfindən məğlubiyyəti ilə yarımçıq qaldı, ancaq faydası da çox oldu, on minlərlə müsəlman-türkün alman əsirliyindən sağ- salamat qurtulmasına da yol açdı.

Türkiyənin tanınmış araşdırmaçısı Reha Oğuz Türkan N.Killigil ilə almanlar arasında son məqamda fikir ayrılığı yaranmasının səbəbini belə izah edir: “SSRİ-nin dərinliklərinə irəliləyən almanlar Qızıl Ordudan milyonlarla əsir götürmüşdülər. Bunların arasında on minlərlə azərbaycanlı, özbək, qazax, qırğız, tatar, türkmən və digər türk xalqlarının nümayəndələri var idi. N.Paşa Almaniyanın müdafiə naziri Alferd Rozenberqlə görüşdə türkdilli xalqların nümayəndələrindən alaylar təşkil edərək ruslara qarşı döyüşlərdə istifadə etmək təklifini irəli sürmüşdü. Hitler tərəfindən bəyənilən bu təklifə əsasən SSRİ türklərindən ibarət olan bu qoşunlara komandan olaraq Nuru Paşa düşünülürdü. Paşa almanlardan SSRİ-dəki türk yurdlarının Almaniya müstəmləkəsi olmayacağına, müstəqilliklərinə hörmət göstəriləcəyinə dair zəmanət verilməsini və bunun dünyaya elan edilməsini istəsə də Hitler sovetlərdən azad ediləcək türk xalqlarına müstəqillik təminatı vermir. Rozenberq və daha sonra görüşdüyü Ribbentrop “indi yeri deyil, hələ işə girişin, sovetlər məğlub olsun, o zaman düşünərik ” dedikdə Nuru Paşa danışıqları dayandırıb, Türkiyəyə qayıdır”. Paşa Qüdüsdə müsəlmanlar və yəhudilər tərəfindən müqəddəs sayılan “Kubbetüs Sahra”nı ziyarət edərkən (1916) Balkanlardan Anadoluya köç, İstanbul, 1912. Bakıdakı bolşevik – daşnak qüvvələrini top atəşinə tutan türk əsgərləri

 Nuru Paşaya qarşı sui-qəsd: silah fabrikində terror

1944-cü ildə 2-ci Dünya Savaşında Almaniya və müttəfiqlərinin uduzduğu məlum olanda, Turan yaratma cəhdlərinin də artıq puça çıxdığını görəndə, minlərlə türk müsəlmanın həyatını xilas etmək yolunda bacardığını, mümkün olan hər şeyi edəndən sonra Nuru Paşa birdəfəlik Türkiyəyə dönür. Zeytunburnunda kömür satan bir şirkəti satın alıb buranı bir mədəni əşya fabriki edir. Bu fabrikdə tapança, mərmi və sair silahlar istehsal etməyə başlayır. Avropada öyrəndikləri və özü ilə gətirdiyi mütəxəssislərin yardımı ilə İstanbulun Sütlücə məhəlləsində ilk silah və partlayıcı fabrikini qurur, hava mərmiləri buraxdırır, öz zəkasının məhsulu olan “Nuri Killigil” adlanan tapançanın istehsalına başlayır. Türkiyənin demək olar bütün silah-sursat təchizatını xaricdən aldığını Nuru Paşa heç cür məqbul saymırdı, bu asılılığın acı nəticələr verəcəyini də gözəl bilirdi, lakin daha çox əcnəbilərin istəyi ilə idarə edilən Türkiyə hökuməti buna qarşı çıxmaq iqtidarında deyildi. Fabrik gizli işlədilməyə çalışılırdı.

1948-ci ildə Ərəb-İsrail savaşı başlarkən Nuru Paşa silah satışı anlaşması üçün İsraillə savaşda olan Misirə gedir. Misirdən külli miqdarda silah və digər döyüş sursatı, hətta minamyotların satışına dair sifarişi alır. 2-ci Dünya Savaşından qalib çıxan İngiltərə və ABŞ bu silah fabrikinin bağlanması barədə İnönü (CXP) hökumətinə qəti təpgilər göstərsə də, silah istehsalı gizli şəkildə davam edir. Nuru Paşa ilk böyük anlaşmanın icrası üçün həvəslə fabrikində işə başlayır. Bir gün fabrikə girdikdən qısa bir vaxt keçmiş fabrikdə bir-birindən qorxunc dalbadal 3 partlama baş verir. Türkiyə Cümhuriyyətinin bu ilk silah və cəbhə fabriki havaya uçur, parlayış o qədər güclü olur ki, yaxınlıqdakı onlarla bina da zərər görür, bir neçə gün barıt, mərmi, sursat iyi, toz dumanı çəkilmək bilmir. Nuru Paşa da daxil olmaqla fabrikdəki bütün 35 işçinin hamısı həyatını itirir, cəsədləri paramparça olur. Azərbaycan fatehi kimi tanınan Nuru Paşanın da nəşi tapılmır. Bu qanlı tarix: 2 mart 1949-cu il, saat 17.10 idi.

Ən şübhəli və ipucu verən məqam odur ki, həmin gün burda çalışan ermənilərdən heç biri işə gəlməmişdi, həyatını itirən 35 nəfərin hamısı türk, çoxu da əski savaşçılar idi. Onların hamısı boş tabutlarda, rəmzi cənazələrdə dəfn edilirlər. Partlayışın kimlər tərəfindən gerçəkləşdirildiyi məchul qalsa da, olayın siyasi bir terror, sabotaj, Nuru paşaya qarşı hazırlanmış qəsd, ya da Türkiyənin müstəqil şəkildə silah istehsalına başlamasına qarşı böyük güclərin planladığı akt olduğu aydın idi. Məhz bu olayla bağlı Məclisdə qapalı dinləmələr aparılarkən, bir qəza hadisəsi kimi dəyərləndirilərkən bir çox deputatlar hadisənin açıq-aydın hədəfdən yayındırıldığını, ört-basdır edilməyə çalışıldığını dedilər. 23 martda Baş nazir hökumət adından Məclisdə açıqlamalar versə də, sonralar sirr pərdəsi açılmadı, açıqlanmadı, qapalı (?) qaldı.

Olaydan əvvəl və sonra dalbadal Türkiyəni şoka salan eyni səpgili diversiyalar baş verdi. Adanadakı “Köy İnstitutu”nda, Gözəl Sənətlər Akademiyası, Amasyadakı əsgəri un fabriki, Çatalcanın Dağ Yenicəsindəki cəbhanəlik, İslahiyə Əsgərlik Şöbəsi, Hərb Akademiyası, Milli Təhsil Nazirliyinin nəşriyyat evi, Tekirdağ Hökumət Dairəsi və digər yerlərdə də belə partlayışlar törədildi.

Nuru Paşanın Bakıda, Dərbənddə nə qədər rus-erməni yadelli işğalçını öldürdüyü də yaddaşlarda idi, uğradıqları məğlubiyyəti də unuda biməzdilər. Heç şübhəsiz, həmin Nuru Paşa fabrikindəki partlayışın sonu əvvəldən bəlli olan səbəbini də ya o illərdə dünyanın müxtəlif ölkələrində ardıcıl davam edən erməni terrorçularında axtarmaq lazım idi. Ya da ki digər bir səbəb ərəb dünyasına qarşı savaşa başlayan İsrailin Misirə silah satmaq fikrinə düşmüş Nuru Paşaya qəzəbinin nəticəsi olmalı idi. Nuru Paşa Killigil tərəfindən hazırlanıb istehsal edilmiş 9 mm çapında yarı avtomatik “Nuri Killigil” tapançaları zamanında şöhrət qazanmışdı. Həmin tapançalardan mükəmməl saxlanmış bir neçə nümunə indi də İstanbul Hərbi Əsgəri Müzeyində durur.

 Xilaskar Nuru Paşa

 İlk növbədə Hərbi nazir Ənvər Paşanın təkidi ilə Qafqaza ordu göndərmək qərarı verilir və öz qardaşı Nuruya diviziya generalı, ardınca da Paşa rütbəsi verib qısa zamanda Qafqaz İslam Ordusu yaratmağı tapşırır. 25 May- Nuru Paşa komandanlığında Osmanlı ordusunun Gəncəyə qədəm qoyduğu gündür. M.Ə.Rəsulzadə yazırdı: “Gəncə Nuru Paşanı göydən enmiş mələk kimi qəbul etmişdi. Xalqın ona göstərdiyi istiqlal Gəncə tarixində görünməmişdi.”

Qafqaz İslam Ordusu yerli birliklərlə daha da gücləndirildi, ərzaq, at, yem tədarükü görüldü, qısa və sürətli hərbi hazırlıqdan sonra Gəncədən hərəkətə başlandı, 3-cü Ordu komandanı Vəhib Paşanın Tiflis-Qazax səmtindən göndərdiyi batalyon da yardım üçün yola düzəldi. İyunun 28-də ilk cəsarətli hücumla Qaraməryəm, Göyçay, ardınca da Ağsu, Kürdəmir quduzlaşmış erməni-rus hərbi birliklərindən təmizləndi. İyulun 31-də Qafqaz İslam Ordusunun ilk hissələri artıq Bakı həndəvərindəki “Qurd qapısı”nda dayanmışdı.

Gəncədən üzübəri qarşısına keçən təpədən dırnağadək silahlanmış seçmə rus-erməni birliklərini darmadağın edərək coşqun əhval-ruhiyyə ilə Bakıya çatan Qafqaz İslam Ordusu burada öz qanlı hakimiyyətini qurmuş bolşevik-daşnak hökumətini həm qorxudur, daha da vəhşiləşdirir, həm də müdafiə tədbirlərini artırmağa vadar edirdi. Üstəlik, bu zaman Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak hökumətini sevindirən hadisə də baş verdi: general Denstervillin komandanlığı ilə 1500 əsgərdən ibarət 39-cu ingilis briqadası 4-7 avqust 1918-ci ildə Ənzəlidən gəmi ilə Bakıya gəlib çatdı. İşğalçı qüvvələr bununla xeyli güclənmiş oldu. Türk Ordusunun birinci Bakı hücumu ərəfəsində qüvvələr nisbəti işğalçı yadellilərin xeyrinə idi. Üstəlik Bakı uğrunda başlayan həlledici döyüşlər I Dünya  müharibəsinin də ən ağır həlledici dövrünə təsadüf edirdi, hərbi-siyasi vəziyyət Bakının tez bir zamanda işğaldan azad olunmasını zəruri edirdi. Düşmənə təzədən cəmləşmək, yeni qüvvə, güc toplamağa imkan vermək olmazdı.  Şiddətli top atəşinin köməyi ilə avqustun 5-də saat 04:25-də başlayan hücum qarşısında erməni, rus və ingilislər çox güclü müqavimət göstərdilər. Ancaq türk qoşunlarının getdikcə şiddətlənən hücumu bu müqaviməti qırmağa başladı və düşmən birlikləri hissə-hissə geri çəkilməyə məcbur oldu. Düşmənin bir müdafiə xətti pozulmuş, ikinci müdafiə xəttinə yanaşılmış və Bakının qurtulmasına lap az qalmışdı. Lakin Türk qoşunları əvvəlcədən davamlı hücum üçün kifayət qədər top mərmisi hazırlamadığına görə irəliləyən piyadalara açılan atəşlər getdikcə azalmağa başladı və düşmənin əks-hücumla türk birləşmələrini Bakıdan 4 kilometr məsafədə yerləşən Bibiheybət – Biləcəri dəmir yolunun qərbinə doğru çəkilməyə məcbur etdi. 5 avqust döyüşündə düşmənin ölü və yaralı sayı 2 min oldu. Nuru Paşanın 139 əsgəri, 9 zabiti şəhidlik mərtəbəsinə ucaldı, 444 əsgər, 19 zabit yaralandı. Hazırlığı gücləndirmək, arxadan gələn qüvvələri gözləmək üçün geri çəkilmək qərarı verildi. Hücumun dəf edilməsi düşmən cəbhəsində ruh yüksəkliyinə səbəb oldu. 6 avqustdan etibarən Bakıda əli silah tutan 15-65 yaş arasında olan kişilər əsgəri xidmətə çağırılaraq məcburən silahlandırıldı. Əsgər getmək istəməyənlərdən 600 nəfərdən çoxunu erməni qaniçənləri yerindəcə güllələndi.

Azərbaycan aydınları, elm, ədəbiyyat, sənət adamları, din xadimləri Bakının alınması işinin uzanmasından, dinc əhaliyə qarşı davam edən qırğınlardan ciddi narahat olaraq, Türk əsgərlərinin ruh yüksəkliyini qaldırmaq və onları daha da cəsarətləndirmək üçün avqustun 10-da şəhərin müsəlman türk əhalisi adından Türk əsgərlərinə müraciət hazırladılar. “Neft və milyon səltənəti adlanan Bakının qapıları önündə neçə gündür qələbə quşunun qanadlarını tutmaq istəyən türk ordusuna. Bu gözəl şəhəri zəbt edə bilməsəniz, türkün və onun ordusunun şərəfini indi dayandığınız xəndəklərin içində basdırmış olacaqsınız. Əgər siz bu sərvət və qızıl şəhərini zəbt edə bilməsəniz, Qafqaz türkləri və Türküstan müsəlmanlarının ürəyinə sancılmış xəncərin üzərinə “Heyif ki, Türk bizə köməyə gəlmədi” cümləsi yazılacaq. Qafqaz fəryad edəcək, Türküstan ağlayacaq. Əgər siz bu böyük İslam şəhərini zəbt edə bilməsəniz, Allah deyənləri ortadan qaldırmaq istəyən düşmənlər qabaqdan və arxadan sizi əhatə edəcək və qıcanmış dişlər yeni zülmlər üçün alovlanmış olacaqdır. Əgər siz dəmir quyulardan dünyaya sərvət axıdan bu hərb şəhərini zəbt edə bilməsəniz, tarix qarşısında utanaraq yerə baxacaqsınız. Və bütün dostdüşmən ölkələrdə ən kiçik evdə, ən işsiz adamların belə dillərinin əzbəri olan Bakı şəhəri uğrunda savaşın pərişanlığı Türklərin pərişanlığı ilə sona çatacaqdır. Düşmənlər böyük və çox böyük bir zəfərin açarını ələ keçirdiklərini bəlkə də bir az haqlı olaraq elan edəcəklər. Dostlar isə belə bir itki üçün peşmanlıqlarını gizlətməyəcəklər və bizi kədərləri ilə məhv edəcəklər.

Ey Türk əsgəri! Əgər sən bu şəhəri almazsan, Bakıda sənin üçün hazırlanan süfrələr qonaqsız qalacaq, sənin üçün tikilən geyimi düşmənin geyinəcək. Sənin üçün verilən qurbanlar qəbul edilməyəcək, sənin üçün kəsilən qurbanlar düşmənə qalacaqdır. Əgər sən bu şəhəri ala bilməsən, İslam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq, yenə mübarək İslam qanı qırmızı şərablar kimi vəhşi işgəncələrin yolunda axacaqdır. Sənin zəfərin üçün dua edən əlləri zalımlar kəsəcəkdir. Əgər sən bu şəhəri ala bilməsən, qadınlar saçlarını yolacaq, ağlını itirəcəkdir. İndiyə qədər axan qanlar boş yerə axmış olacaq, sən də bu toz-torpaqlı yerlərdə pərişan və səfil olacaqsan. Türkün gözlərini çıxarıb iplərə düzən düşmənləri şənləndirəcəksən. Fəqət sən, ey Türk əsgəri! İngilislərin gücünü öz gücünlə Çanaqqalada darmadağın etdin. Ən böyük döyüş gəmilərinin böyük mərmilərinə sinə gərdin. Quttuləmmarədə 14000 əsir götürdün. Qarsendəki düşmənin çoxunu, erməniləri bəlkə Azərbaycandan, Qarsdan bəri qabağına qataraq bu şəhərə qədər sıxışdırdın. Türk adını yüksəldən Çanaqqala, Quttuləmmarə, Qalisiya, Rumıniyadan sonra Qafqaz gələcək və Bakı şəhəri də igidlik tacının bir almaz qaşı olacaqdır. Al Bakını! Vətənə bir almaz ərməğan et!” Azərbaycan türkünün bu hayqırtıları cavabsız qala bilməzdi. 8 minlik Osmanlı qüvvələrinə 6 min nəfərlik Azərbaycan hərbi birliklərinin də qatıldığı ikinci hücum 14 sentyabr 1918-ci il tarixində saat 02:00-da başladı. Birinci müdafiə xətti 03:00-da, ikinci müdafiə xətti saat 06:00-da ələ keçirildi. Salxana və Salyan kazarmalarından hücuma keçməyə hazırlaşan düşmən top atəşi ilə darmadağın olundu. 15 sentyabr günü saat 15:00-a qədər davam edən əməliyyat nəticəsində Bakıda müdafiə olunan erməni və rusların müqaviməti tamamilə qırıldı. Zatən 14 sentyabr axşamı şəhərin sabahı gün tutulacağı aydın olmuş, buna görə də Bakını müdafiə edən birlik komandirlərinin çoxu gəmilərə birinci minib qaça bilmək üçün öz birliklərini başsız qoyub qaçmışdılar.

 Bakının müdafiəsində böyük ümidlər bağlanan 39-cu ingilis briqadası da 14 sentyabr axşamı hər şeyin nəticəsiz olduğunu görərək limana çəkilmiş və saat 22:00-da gəmilərə minərək Ənzəliyə getmək üçün şəhərdən qaçmışdı. Məqsədinə nail olmayan 39-cu ingilis briqadasının komandanı general-leytenant Denstervill vəzifəsindən azad edilmiş, yerinə general Tomson təyin olunmuşdu. 36 saat davam edən ikinci Bakı hücumunu gerçəkləşdirən 5-ci Qafqaz diviziyası və 15-ci piyada diviziyasının ümumi itkisi 1000 əsgər idi. Azərbaycan birlikləri isə 11 şəhid və 44 yaralı itki vermişdi.

Bakı uğrunda döyüşlərin nə qədər ağır, gərgin keçdiyini, Türk əsgərlərinin şücaət və Allah, Din, İman, Vətən, Türk, Azərbaycan məhəbbətinin siqlətini qiymətləndirmək baxımından bu sənədlər çox önəmlidir. … 26 avqustda gedən Yanardağ və Biləcəri döyüşlərində ingilislərin cəbhədəki komandirinin Deustervilə yazdığı raportda belə deyilirdi: “Türklərin hücumu, 26 avqust 1918-ci il. Yanardağ sahəsi Stanford alayının D bölüyü tərəfindən müdafiə olunurdu. Yanar dağın cənub-qərbində düşmənin hərəkətləri başlandı. Türklər sol cinahdan süvari ordusu ilə dörd düz xətli zəncir şəklində hücuma keçmişdi. Sayı təxminən min nəfər olan düşmən, topçu atəşi ilə müşayiət olunurdu. Zəncir şəklində hücum edən Türk orduları, bizim pulemyot və piyada atəşləri qarşısında dayanmaq məcburiyyətində qaldılar. Cəbhə xəttinin lap başlanğıcında, birinci müdafiə xəttində olan əsgərlərimizə beş dəfə hücum etdilər. Birliklərimiz beşinci hücumdan sonra səngərləri tərk edərək, geri çəkilmək məcburiyyətində qaldılar. Düşmən günorta saatlarından etibarən 12.30 radələrində Yanardağın sağ tərəfinə çıxmağa müvəffəq olaraq, orada pulemyotlar yerləşdirdi. Buradan ikinci və üçüncü müdafiə xəttimizi atəşə tutdular. Bu arada türklərin bizə sol tərəfdən başladığı hücumun qarşısını almağa başladıq. Lakin 13.30 radələrində ikinci və üçüncü müdafiə xətlərimiz də düşmənin əlinə keçdi. Buradan yalnız 6 əsgərimiz xilas ola bildi. Zabit və sıravilərdən ümumilikdə 80 adam itirdik. Müdafiə xəttində bu döyüşlər gedərkən, saat 13.30-da yük maşınları ilə Bakıdan göndərilən 130 nəfərlik əlavə qüvvə cəbhə xəttinə çatmaqda gecikdi. Vəziyyəti düzəltmək mümkün olmadı. 9-cu Vourçester alayından göndərilən əlavə kömək isə 15.30 radələrində cəbhəyə çatdı. Düşmən, Binəqədi kəndinin şimalındakı yüksək təpələrə qarşı hücuma keçmişdi. Bu təpələr erməni batalyonu tərəfindən qorunurdu. Yanardağa edilən həmlə əsnasında bir bölük əsgər, oradakı erməni diviziyasına kömək məqsədilə Binəqədiyə göndərildi. Oraya saat 12.15-də çatan birliklərimiz erməni birliklərindən heç birini tapa bilmədi.

Sonra dağa çıxdılar, dağın şimal istiqamətindən təxminən 250 nəfərlik bir Türk ordusunun irəlilədiyi göründü. Təpəni və buradakı səngərləri ələ keçirən birliklərimiz, piyada tüfəngləri və pulemyotlarla atəş açdı. Düşmən ağır itkilər verərək geri çəkildi”. (General Denstervil, Britaniya İmperatorluğu, Bakı və İran, s. 234) General Deustervil Bakıdakı birləşmiş hərbi qüvvələrin Türk Qafqaz İslam Ordusu qarşısında dayana bilməyəcəkləri barədə açıq yazırdı:

“Yer üzündə heç bir qüvvə, Bakını türklərdən qoruya bilməz. Şəhərin müdafiəsinin davam etdirilməsi, təslim gününü uzatmaqdan başqa bir şeyə yaramır. İndiyə qədər yalnız ingilis əsgərləri döyüşdü. Mənim əsgərlərimin qəhrəmancasına döyüşməsinə baxmayaraq, türklər hər hücumda qalib gəldilər. Yerli hərbi birliklər bizimkilərə kömək etmədi. Mən adamlarımın boş yerə həlak olmasına razı ola bilmərəm. Biz türklərə qarşı vuruşmaq üçün sizin əsgərlərinizə köməyə gəlmişdik. Ancaq sizin əsgərlərinizin yerinə biz vuruşuruq. Sizlərə, Bakının təslim edilməsi barədə danışıqlara başlamaq üçün türklərə bir nümayəndə göndərməyi tövsiyə edirəm. Qadın və uşaqların şəhərdən çıxarılmasına imkan verəcək uyğun şərtlərin əldə edilməsi, sizin üçün çətin olmayacaq. Sizlər bununla da türklərin şəhəri silah gücünə ələ keçirməsindənsə, hadisələrin gedişinə daha yaxşı istiqamət verə bilərsiniz”. (General Denstervil, Britaniya İmperatorluğu, Bakı və İran, s. 247). Birinci dünya savaşının gedişi və almanların Bakıya girmək istəməsi Ənvər paşanı Bakını tez bir zamanda ələ keçirmək barədə fikirləşməyə vadar edirdi. Türk Qafqaz İslam Ordusu komandanlığı, 3-cü Ordu komandanlığına bir raport yazaraq, vəziyyəti bildirməyi lazım bildi. Nuru paşa əsir alınan ingilis zabitlərindən öyrənmişdi ki, Ənzəlidən Bakıya 4 min nəfərlik güclü bir qoşun göndərilməsinə hazırlıq görülür. Nuru paşa raportunda yazırdı:

“Düşmən Bakıda əli silah tutan və hər millətdən olan kişiləri silahlandırmaqdadır. Bakıdakı düşmən qüvvəsinin 10 min nəfər olduğu təxmin edilməklə bərabər, əlavə qüvvə aldıqları da casuslar vasitəsilə öyrənilmişdir. Bakının zəbti üçün aşağıdakı gücə və cəbbəxanaya ehtiyac vardır:

1. Beş min yeni qüvvə,

2. İki səhra batareyası və düşmənin döyüş gəmilərinin Ələt-Puta dəmir yolu xəttindən və Bakı limanından uzaqlaşdırılması üçün 4 ağır batareya, Bir təyyarə bölüyü,

3. Bir teleqraf bölüyü (telefon və teleqraf xətlərinin işləməsini təmin etmək üçün)

4. Buradakı toplar üçün 10 min qüdrətli top, 8 min şnayder, 4 min Rus dağ, 6 min Rus səhra topu mərmisi ilə min qutu piyada mauzer və 500 Rus piyada tüfəngi cəbbəxanası, Təxminən iyirmi ədəd nəqliyyat vasitəsi.”

 Bunların əksəriyyəti yetişməsə də, türk əsgərlərinin rəşadəti hər şeyi həll etməyə qadir oldu. Bir nümunə. 5-ci Qafqaz piyada diviziyasının rəhbəri podpolkovnik (yarbay) Rüştü bəy, hücumun başlanmasını bu cümlələrlə ifadə edirdi:

“Bu gün 5 avqust tarixinin üzərindən 39 gün keçir. 5-ci Qafqaz firqəsi heç ana vətəndəki döyüşlərdə belə, Azərbaycanda olduğu qədər çətin, qanlı itkilərə uğramamışdı. Həm din, həm də irqini qurtarmaq üçün, mənsub olduğu ordunun qəhrəmanlıq dastanını yerə salmamaq üçün əsgər və zabit heyəti səylə çalışmış, qan axıtmış və canlarını fəda etmişdilər. İstiqlalına vurğun Anadolu türkü, nəhayət, qonşu və qardaş millətin istiqlalını da çətin mübarizələr ilə təmin və azərbaycanlılara təhvil verirdi. Sentyabrın 13-dən 14-nə keçən gecə bütün firqə heç yatmamışdı. 5 avqustdakı məğlubiyyətin acısını çıxarmaq və intiqam almaq üçün hər kəs hücum vaxtının gəlməsini səbirsizliklə gözləyirdi. Axır ki, gözlənilən o saat gəlmiş və kontingent gecənin dərin qaranlıqları içində gündüzdən bələdlənmiş Heybət-Bakı dəmir yoluna doğru axmağa başlamışdı. Bu dəfə Bakının ələ keçiriləcəyinə hamıda inam var idi. Ruh yüksəkliyi hökm sürürdü. İlk qumbara səsləri düşmənin ilk mövqelərinə çatıldığından xəbər verirdi”. ( Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 202-203)

Xəlil paşa Bakıya edilən hücumun ilk günü döyüş meydanında gördüklərini və  yaşadıqlarını bu cümlələrlə ifadə edir: “Hava təzə işıqlanmağa başlamışdı ki, piyadanın özünə məxsus qışqırıqları (Allah, Allah) ilə qumbara və süngü hücumuna başlanıldı. Hücum qoluna sağdan və soldan həmlə edən düşmən ehtiyat qoşunları, “qəmə” şəklində irəliləyən türk birliklərinin sağasola açdığı yaylım atəşləri ilə geri oturdulurdu.

“Qəmə”nin önündəki birliklər düşmən cəbhəsini yarmış, şəhərin mərkəzinə doğru irəliləyirdi. Düşmən fasilələrlə əks-hücuma keçir, lakin yenə də olduqları yerə qayıtmaq məcburiyyətində qalırdılar… Bakı qarşımızdaydı… Düşmən ehtiyat qüvvələri şəhərin mərkəzinə doğru çəkilməyə məcbur olmuşdular… Bakı möhkəmləndirilmiş mövqeyinin sol tərəfində, yəni mövqenin şimal tərəfində ingilis qüvvələri yerləşmişdi. Bunu batareyaların atəşindən təxmin etmişdik. Sübhdən başlayan döyüş axşama qədər davam etdi. Bu döyüşdə, ara-sıra özümü əlimdə mauzer ön xətlərin arasında gördüyüm anlar da oldu… Bir həmlə zamanı bir sıravinin yalvara-yalvara yanıma soxulduğunu gördüm: “Komandan Paşam, mən səninlə hələ Ərəbistan ellərindən bir yerdə idim. Bax, yenə özünü qorumursan!… Güllə dəyəcək, komandan paşam, az da olsa, başını qorusana?…” Qucaqlayıb, dodaqlarımı, yaşı qırxı keçmiş bu dəliqanlının alnına dayadım. Çiyinlərini buraxanda əlimdə qan izləri gördüm… “Yaralısan, oğlum!…” Əlini çiyninə apardı… Sıxdı, bir ara ağrıdan üzünü turşutdu… “Unutmuşam, komandan paşam!…” dedi, sıçrayışla irəli yüyürdü. Bir ucdan mauzerindəki güllələri doldururdu… Və imperiya dastanı davam edirdi… Yanımdan gənc bir zabitin parçalanmış bədənini keçirdilər. Pulemyot bədəninin bir hissəsini aparmıdı…” (Sorgun, Xəlil paşa, İttihad və Tərəqqidən Cümhuriyyətə bitməyən savaş, s. 225-226)

İkinci Bakı hücumunun birinci günündə türk əsgərinin düşmənin müdafiə xətlərini surətlə ələ keçirməsi, general Deustervili heyrətə gətirmişdi. Xatirələrində yazır: “İnanmaq mümkün deyil. Cəbhəmizin ən güclü xətti türklər tərəfindən ələ keçirilmişdi. Həm də türklərin hücuma keçəcəyinin bütün birliklərə xəbər verilməsinə baxmayaraq, işğal edildi. İnanmaq çətin olsa da, mövcud vəziyyət belə idi. Cəbhədəki bütün üstünlüklərin bizim tərəfimizdə olmasına baxmayaraq, hücumun ilk anlarında darmadağın olan hərbi qüvvələrimizin artıq nəsə edə biləcəyinə ümid qalmamışdı. Bu vəziyyətdə üzərimizə düşən əsl vəzifə, geri çəkilmək və düşmənin hərəkət sürətini azaldaraq, hərbi birləşmələri yenidən nizamlamaq idi”. (General Denstervil, Britaniya İmperatorluğu, Bakı və İran, s. 263) Bakı çağırılmamış qonaqlardan qurtulandan sonra da Nuru Paşa başqanlığında Türk əsəgərlərinin işi asan olmamışdır. Nuru paşa Baş Komandan Vəkili Ənvər paşaya 22 sentyabr 1918-ci il tarixində göndərdiyi bir raportda bunları bildirirdi: “Bakının zəbti günü bir qisim islamlar, bir qisim ermənilər ilə bir neçə rusu öldürmüş və qarət etmişsə də, bu hal ermənilərin keçən 31 martda müsəlmanlara qarşı törətdikləri qətliamın yüzdə birini təşkil etməz. Bu dəfəki qarətləri törədənlərin əksəriyyəti iranlı fəhlələr olmuşdur. Ordu tərəfindən verilən əmrə görə, qarətçilərdən 100-dən çoxunun tutulub edam edilməsi qarətin qarşısını dərhal almışdır. Bu gün Bakıda asayiş tam nəzarət altındadır”.

15 sentyabr şərəfli tarixdi, bu tarixin dərsi yaşadılmalıdır! 

Yolçu! Bu məzarda uyuyan şəhid,

Qardaşın qardaşa əmanətidir.

Odlar diyarının istiqlalına

Qoca Türkiyənin zəmanətidir.

Hər il sentyabrın 15-də Bakıdakı Türkiyə Böyükelçiliyinin türk Şəhidliyindəki anım mərasimində iştirak etməyi özümə borc bilirəm və burada möhtəşəm izdiham yaşanmamasından məyusluq duyuram. Diktorlarımızın ifasında səslənən yuxarıdakı bu müraciəti dinlədikcə o günlərin sarsıntılı həyəcanları da, üzüntülü kədəri, sevinci də gözlərim önünə gəlir. Yuxarıdakı bu sətirləri yazan insanların keçirdiyi hissləri mən də yaşamışam: 1993-ün son həftəsində AzərTAc-ın cəbhə bölgələri üzrə müxbiri olaraq Füzuli, Cəbrayıl, Qubadlı, ardınca Zəngilanın işğalı günlərində telefonla Bakıya diqtə etdiyim, vəziyyətin nə dərəcədə kritik, faciəli durumda olduğunu çatdırdığım informasiyalarımın ağırlığı beynimi yenə də sıxır, gözgörəti xəyanətlərin labüd məğlubiyyətə, ölçüsü, miqyası sözə sığmayan fəlakətlərimizə aparıb çıxaran hadisələr gözlərim önünə gəlir. Və bir də Rusiyanın hərbi-siyasi yardımı ilə Ermənistanın Azərbaycana qalib gəlməsinin, torpaqlarımızın böyük bir hissəsinin əsrin əvvəlində və sonunda qopara bilməsinin ibrət almadığımız dərslərindən biri də budur: bir millət və dövlət olaraq bizim bu Göy Qübbəsi altında yeganə arxamız, dayağımız, yardımını umduğumuz və gördüyümüz yalnız Türkiyə olub. Ən ağır günlərdə, top-avtomat atəşləri altında Anadoludan gələn türk könüllüləri 92, 93-də də səngərlərdə bizimlə bir yerdə idi-mən bunun canlı şahidlərindənəm. Bakını və həm də Azərbaycanı əsarət və daha qanlı qırğınlardan xilas etmiş, millətimə azadlıq, istiqlaliyyət, müstəqil dövlətdə yaşamaq qürurunu qazandırmış türk mehmetciyinə həsr edilmiş onlarla şeir oxumuşam, ancaq fikrimcə heç biri Abdulla Şaiqin “Neçin böylə gecikdin?” şeiri ilə müqayisə olunmaz. Düşünürəm ki, Bakı camaatı adından yazılan o müraciətin müəllifi, yaxud müəlliflərindən biri elə Abdulla Şaiqdir. Burda təbii səmimiyyət, içdən gələn sevgi ruhu ilə birlikdə səbirsiz bir ittiham da var, ərk də, darda qalmış kiçik, yavru qardaşın böyük qardaşdan umacağı, bəkləntiləri, incikliyi də var. İnsan belədir; ən əzablı, sonun çatdığını gördüyü anlarda gözü doğma qardaşını, əsil dostunu axtarır, ya da sevgili ata-anasının qoynuna sığınmaq istəyir, uzaqdadırsa onu harayına çağırır, ağrısını, iztirabını onunla bölüşmək istəyir. 18-ci ilin ortaları adı dünya xəritəsinə siyasi-coğrafi anlamda ilk dəfə yazılan Azərbaycan bu vəziyyətdə idi.

 Neçin böylə gecikdin?

Sənsiz qəlbim qırıq, sönük, çiynənmiş, xırpalanmış

Ömür şüşəm daşa dəymiş, həyatım parçalanmış,

Qırıq bir saz kimi sızlar qanlı, yorğun telləri.

Yıxılıb yandırar bütün qayğı vurmuş əlləri

Bu vətənin öksüzləri, gəlinləri, dulları,

Göz yaşıyla sulanmış hər keçdiyimiz yolları.

Yolunuzu gözləməkdən bənizləri sararmış,

Heç gəlmədin. O şən gülən ürəkləri qəm almış.

Sən gəlməsən, dolumsanmış ürəklər

Sən gəlməsən, xarabaya dönən qəlb abad olmaz.

Sən gəlməsən, günəş doğmaz, ümid gülüm açılmaz

Dodaqlarım gülməz, sönmüş bəxtimə nur saçılmaz

Başqasını istəməm də, ey Türk, tez ol sən gəl, sən

Gözləməkdən yoruldum, ah, axı gecikdin nədən?

Yollarına daşmı düzülmüş? Ya azğın qullarmı?

Buraxmır? Daş, dəmir ya polad olsa da onlar.

Ürəyində şəlalədən ən mətin, qızıl atəşlə

Yandır onları, ərit, söndür, çeynə, boğ, əz, xırpala,

Xain alçaq düşmənlərə qol gücünü göstər.

Aç yolları, tez gəl ki qəlbim səni çox istər.

Ötən əsrin əvvəlində də, sonunda da Azərbaycan dara düşəndə Türkiyəni yanında görüb. Qəribədi, həm də yüz ildən artıq sürən rus-fars işğalı belə Qafqaz türklərinin Anadolu türkünə sevgisini azaltmamışdır. Rusiya ilə İran arasında pay-püş edilərək milli mənliyi tapdalanmış, ağıla sığmayacaq insani və milli faciələr yaşamış ata-babalarımızın könlündən qopan hayqırtılar bu müraciətdə olduqca təsirli ifadə olunub.

 Azərbaycanın Türkiyəyə əbədilik vəfa borcu var

Bakının işğaldan azad edilməsi ilə 100 ildən artıq müstəqilliyindən məhrum qalmış AzərbaycanCümhuriyyəti 15 sentyabrda öz paytaxtına qovuşmuş oldu. Dünya güclərinin, hətta bir blokda hərbi-siyasi müttəfiq olduqları Almaniyanın da bütün təzyiqlərinə baxmayaraq, Anadolu Mehmetciyi ilə Azərbaycan əsgəri çiyin-çiyinə verərək bu torpaqları xilas etmiş və Azərbaycan türklərini azadlığa qovuşdurmuşdu. Türk ordusu Azərbaycana heç bir mənfəət güdmədən, doğmaca qardaş köməyinə gəlmişdi. Allahın qədər-qisməti, lütfü və bir də Türk əsgərinin Azərbaycan sevgisinin, cəsarət və qəhrəmanlığının nəticəsi idi ki, sərhədlərinin dördbir yanında dünyanın az qala bütün gücləri ilə savaşda ağır məğlubiyyətlərə düçar olan Osmanlı Azərbaycanda çox böyük zəfər qazandı. Türkiyə Qafqazlarda ikinci türk-müsəlman dövlətinin yaradılmasında çox maraqlıydı, həm də Orta Asiyadakı türk qövmünə ulaşmaq üçün bu çox gərəkli idi. Bir unudulmaz müqəddəs məqam da onda idi ki, Bakının azad olunması mübarək bir günə – Qurban bayramına təsadüf etmişdi. Bəli, Bakının işğaldan azad edilməsi üçün tökülən qanlar Azərbaycan və Anadolu Türkünün müştərək tarixinə şərəfli əbədi qardaşlıq səhifəsi olaraq yazılıb. Və onu nə siyasətçilərin nadanlığı, nə insanların cəhaləti, nə də düşmənlərin məkri unutdura bilər. Azərbaycanın hər bir ləyaqətli ovladı Azərbaycan Cümhuriyyətinin baş naziri Fətəlixan Xoylunun 1918-ci il 19 sentyabr tarixli müraciətinə imza atmağa hazırdırlar: “Qafqaz İslam Ordusunun Komandanı Səadətli Nuru Paşa cənablarına! Komandanlığınız altındakı cəsur Türk əsgərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən təmizlənməsi münasibəti ilə millətim şəxsinizə və dünyanın ən cəsur və soylu əsgəri olan Türkün oğullarına minnətdar olduğunu ərz etməklə iftixar duyuram”.

 Ondan sonrakı baş nazir və təhsil naziri Nəsib bəy Yusifbəyli də həmin fikri təkrar edir: “…üç kəlmədən ibarət bu cümləni Azərbaycan durduqca hər bir azərbaycanlı türk qəlbində yaşadacaq və təkrar edəcəkdir:

Millət Sizə minnətdardır.” Gəlin unutmayaq: Osmanlı Ordusunun şücaəti, general-leytenant Nuru Paşanın yüksək döyüş qabiliyyəti və sərkərdəlik bacarığı olmasaydı, yəqin ki, neft Bakısı indi Rusiyanın bir quberniyası idi. Məhəmməd Əmin Rəsulzadə bunu bilərək yazırdı: “Bakısız Azərbaycan-başsız bədəndir…Bakı, Türklüyün şahbarı üzərində olan, sönməz atəşlərlə yanan bir əməl məşəlidir.”, “1918-ci mayın 28-də Azərbaycanın istiqlalını sözlə elan etdiksə, sentyabrın 15-də biz onu əməllə həyata keçirdik.”

 “Ey türk xalqı!…Azərbaycan istiqlalını bir dəfə qurdun, bir daha da qurmaq bacarığına maliksən!”

 Əli bəy Hüseynzadə yazır: “1918-də Azərbaycanı xilas etməklə Anadolu həm də özünü xilas etmiş oldu!”.

 Bu isə Azərbaycan Xalq Komissarları Sovetinin sədri N.Nərimanovun 23 mart 1921-ci il tarixdə Atatürkə yazdığı məktubundandır: “Paşam, 1918-ci ildə siz bizi mütləq bir ölümdən qurtardınız!” Bu sözləri yazan N.Nərimanov yəqin ondan da xəbərdar olmamış deyildi ki, Rusiya və dünya kommunist bolşeviklərinin rəhbəri Lenin Bakı Sovetinin başçısı Şaumyana məxfi teleqramla təlimat vermişdi ki, əgər Bakı rus bolşeviklərinin əlindən çıxıb Türk qoşunlarının əlinə keçərsə, onda Bakının bütün müsəlman əhalisi ilə birlikdə tamamilə məhv olmaq planını hazırla. Şaumyanın cavabı da özünü çox ləngitməmişdi: “Bakının məhv olmaq planı hazırdır.”

 AXC parlamentinin üzvü Rəhim bəy Vəkilov yazırdı: “Bu vaxta qədər türklərə məhəbbət bəsləyən münəvvər gənclərlə Osmanlı qardaşlarımız arasında olan əlaqələrə rus çinovniklərinin qapısında baş əyən qara qəlbli, xəbis adamlar daima mane olmuşlar”. Hüseyn Baykara “Azərbaycan İstiqlal mübarizəsi tarixi” kitabında yazır:: “Erməniləri türklərə qarşı təhrik edən rus idarəsinin yüksək vəzifəli məmurları aradan götürüləcəkdi. Bu, “Difai” Partiyasının qərarı idi…” “Difai” belə də etmişdi, xeyli xainə layiq olduğu cəzanı verdi və az sonra rusların buyruğu ilə ermənilər “Difai” liderləri ilə əlaqəyə girib, düşmənçiliyə son verdiklərini bildirdilər. Savaşda açıq ya gizlin fərqi yoxdur, qana qanla cavab verməlisən, əks halda uduzmağa, məğlubiyyətə məhkumsan.

Cümhuriyyətimizin qurucularından olan baş nazir Nəsib bəy Yusifbəyli demişdi: “Azərbaycanın istiqlalını qurduq, ancaq saxlaya bilmədik. Əbədi düşmənimiz olan ruslar güc ilə vətənimizi işğal etdilər və istiqlalımıza son qoydular. Müqəddəs ölkəmiz rusların istilası altına keçdi”.

Elə bil bu gün üçün deyilib bu sözlər-dövlət müstəqilliyimizin yenidən bərpasının 20-ci ilində də Rusiya hələ də qara əllərini Azərbaycandan çəkmir. Bunu da unutmayaq: Türk qoşunları Bakıya Güney Azərbaycanın ermənilərin bir gündə 10 min günahsız adamı tarixdə misli görünməmiş amansızlıqla qırdıqları Urmiya, Xoy, Təbrizi ingilis işğalçılarından tamam təmizləyib gəlmişdi! Dağıstan müsəlmanlarının çağırışları ilə 13 oktyabr 1918-ci ildə Qafqaz İslam Ordusu Komandanı Nuru Paşa, Quzey Qafqaz Cümhuriyyəti Ordusu Komandanı Yusuf İzzət Paşa və Quzey Qafqaz Cümhurbaşqanı Abdülməcid Çermoy Dərbənddə bir araya gəlib şəhərin bürclərinə Quzey Qafqaz Cümhuriyyətinin yeddi ulduzlu bayrağını ucaltdılar. Türk əsgəri Bakıdan sonra həm də Dərbəndi azad edərək Qafqazda rus işğalına qarşı ən böyük mücadiləni vermiş Şeyx Şamilin də arzu-istəyini yerinə yetirmiş oldular. Bakıda, Təbrizdə, Dərbənddə Türkə yenilən həm də bir ovuc ermənini silahlandırıb qızışdırıb əliyalın müsəlman türk əhalisinin üstünə saldıran Rusiya, Böyük Britaniya, Avtraliya, Kanada, Yeni Zelandiya… idi. Xislətində həmişə xainlik, məkr gizlənən erməni tarix boyu rus, ingilis, fransızın əlində alət, zopa olub-həm özlərinə, həm də Türkə saysız bəlalar gətiriblər.

Osmanlı ordusunun Qafqazda başladığı möhtəşəm hərbi, siyasi, milli dövlət quruculuğu işlərini İstanbuldan gələn acı bir xəbər bütün planları ilə birlikdə alt-üst etdi: Qafqaz İslam Ordusu “Devlet-i Aliyə”nin imzaladığı “Mondros Mütarekesi” nin tələbi ilə geri çağırıldı. Qəhrəman Nuru Paşa bir müddət daha Qarabağda qalıb rus qırmızı bolşevik ordusuna qarşı üsyanlar təşkil etdi, lakin sonucda çarəsizcəsinə Anadoluya döndü. Geridə əziz xatirələri əbədi olaraq yaddaşlarda qaldı. Qafqaz müsəlmanları hər zaman bir qurtuluş simvolu olan Nuru Paşanı və əlbəttə, bu Qurtuluşun ideya rəhbəri olan Ənvər Paşanı rəhmətlə anmaqda davam edəcəklər.

Məhəbbət qarşılıqlı olanda əsil xoşbəxtlik və səadətə apara bilir. Azərbaycanın başbilənləri nə qədər ağır günlərdə olsa da, həmin dövrlərdə ölüm-qalam savaşı aparan Osmanlıya, Anadoluya öz əsgəri və maddi yardım əlini uzatmışdı. Zəngəzur qartalı Sultan bəy Sultanov və qardaşı-AXC-nin ilk hərbi naziri Xosrov bəyin təşəbbüsü ilə bir süvari dəstəsi düzəldilərək Laçın, Zəngəzur, Naxçıvan dağlarından keçməklə Qarsa yola salınmışdı. Hacı Zeynalabdin Tağıyev o illərdə Türkiyənin nicatı bizim nicatımızdır, məhvi bizim məhvimizdir, düşüncəsi ilə Anadoluya yardım üçün “Qardaşlıq köməyi” adlı bir yardım kampaniyası başlatmış, çox gərəkli, sanballı yardım düzənləmişdi. Və bir də heyf ki, bizim övladlarımız məktəblərdə, dərsliklərimizdə Hüseyn Cavidin “Türk əsirləri”, Salman Mümtazın “Ənvəriyyə”, “Öyün, millət”, Ümmügülsümün “Yolunu gözlədim”, Məhəmməd Hadinin “Şühedayı hürriyetimizin ervahına ithaf”, “Kahraman türk askerlerine”, Əhməd Cavadın “Şəhidlərə”, Nazim Hikmətin “Şəhidlər” və sair kimi şeirlərindən, tariximizin qanlı-qadalı səhifələrindən xəbərsiz, içlərində türk sevgisi olmadan böyüyürlər. “Nuru Paşa” adı Bakıdakı Türkiyə səfirliyinin binasındakı salonda əbədiləşib hələ ki. Və həmin 15 Sentyabr günü milli bayramlarımız sırasında öz layiqli yerini tutmayıb hələ. Və bir də Bakıda hələ də Ənvər Paşanın, Nuru Paşanın adına bir küçə, xiyaban, abidə yoxdur, təəssüflər…

 Türk Şəhidlərinə Xalq Məhəbbətinin İfadəsi   

Azadlıq! Öylə nazlı afət ki, qan tökülməyincə üzə gülməz o işvəkar!

Hüseyn Cavid Qafqaz Universiteti, Türk Dili və Ədəbiyyatı Kafedrasının müəllimi Erdal Karamanın “Azərbaycanda Bir Türk Məzarı” adlı məqaləsindən bir hissəni burada həm Türk Mehmetciyinin, Türk Şəhidinin, həm də Nuru Paşanın obrazı, Azərbaycan sevgisi olduğu üçün bu başlıq altında verməyi borc və gərəki sayıram. Sadə, təbii, təsirli olmaqla yanaşı, həm də real tarixi fakta söykənən mənbələrdən olduğu üçün (forum.azeri.net/azerbaycanda-bir-turk-mezari).

 “Türk ordusu, Bakı və digər bölgələrdəki döyüşlərdə yüzlərlə şəhid verdi. Bu cəbhələrdən birisi də Şamaxıdır. Şamaxı yaxınlarında şəhid olan bir Türk zabitinin yaralanmasından şəhid olmasına qədər keçən müddət zərfində müxtəlif duyğulu anlar yaşandı. Şamaxı ətrafında gedən döyüşlərdə şəhid olan, bu əsgərin adı bəzi qaynaqlarda İzzət, bəzi qaynaqlarda da Qadir kimibilinir. Əsgərin dastanı dövrümüzə qədər söylənilir. Rütbəsi mayor olan əsgərin şəhid olmasını Əlfayim Əziz, “Azadlıq naminə” adlı kitabında belə yazır:

İzzət Bəy, Aşot adındakı bir düşmənin atəş açması nəticəsində yerə yıxılır. Ağır yaralanan mayorun köməyinə ətrafda yaşayan insanlar gəlirlər. Əsgərimiz yaralananda orada olan Gülsabah adlı bir qadın, hadisəyə əvvəlindən bəri şahid olur. Başörtüsünü çıxarıb əsgərin yarasını bağlamaq istəyir.

 İzzət Bəy:

“Bacım qolumdan möhkəm tut, mən mərmini çıxardım” deyir. Mərmini çıxardır. İzzət bəy, Gülsabahdan cibindəki dəsmalı çıxartmağı istəyir. Gülsabah dəsmalı İzzət bəyə verir. Mərmini dəsmalın içinə qoyduqdan sonra, İzzət Bəy: “Hər şey qaydasındadır, yaramı bağlamağa ehtiyac yoxdur. Qanım bu torpağa axsın.” deyir. Halsız halda yerdə uzanan İzzət bəy, silah səslərinə ayılır. Türk ordusu gəlib çıxır. Əsgərlər İzzət bəyi vuran əsgəri həmin döyüşdə vururlar. Ordunun gəlməsinə İzzət bəy çox sevinir. Qarşısında Nuri Paşanı görüb həyəcanlanır. Nuri Paşa İzzət bəyin yanına yaxınlaşır, İzzət bəyin başını dizlərinə qoyur. Artıq İzzət bəy son anlarını yaşayır. Nuri Paşaya: “Paşam bir Türk paşasının dizləri üstündə can vermək mənim üçün böyük bir şərəfdir.” deyir.

 Nuru Paşa: (onu təsəlli etmək üçün) “Sən yaşayacaqsan, daha çox zəfər qazanacaqsan” cavabını verir. Ancaq, İzzət bəy son anlarını yaşadığını hiss edir. Əldən düşmüş halda uzanan mayorun ətrafında hər kəs diz çökür, Şeyx Muhsin Quran oxumağa başlayır. İzzət Bəy vətənindən minlərlə kilometr uzaqda ölüm-qalım savaşı verən soydaşlarına kömək etməyin hüzurunu yaşadığı anlarda sakit bir halda oxunan Quranı dinləyir. Orada olan insanlar bu səhnə qarşısında duyğularına hakim ola bilməyib gözyaşları axıtdıqlarına şahid olunur. İzzət Bəy, bir an doğrulur və yanındakılardan haqlarını halal etməsini istəyir.

 Cibindəki dəsmalı çıxarıb Nuru Paşaya:

-Paşam! Atam, Anadoluda torpaqlarımızı qorumaq üçün vuruşurdu və ağır yaralandı. Vücuduna dəymiş mərmini güclə çıxardıqdan sonra, yanındakı silahdaşlarına, “Bu mərmini oğluma verin, mən vətənim üçün qəhrəman kimi vuruşdum, ölkəm üçün canımı verirəm. Ona deyin məni yaralayan bu mərmini yanında gəzdirsin və bunu iki etsin” deyir və vücudundan çıxan mərmi ilə ekiz qardaşlar kimi görünən şəhadət nişanlarını göstərərək: -“Paşam! Atamın vəsiyyətini yerinə yetirdim. Onun söylədiyi kimi mərmini iki etdim. Hələ mərminin üzərindəki qanım qurumadı. Siz də bu mərmini alın oğluma verin, ona atasının da qəhrəman kimi vuruşduğunu sonra şəhid olduğunu deyin, bu mərmiləri üç etməsini söyləyin.” deyir. Son sözlərini söyləyən İzzət Bəy vurulduğu yerdə dünyaya gözlərini yumur. Yerli camaat və türk əsgərləri İzzət Bəy yaralananda onu Şamaxıya aparmaq istəyir, ancaq o həmən yerdəcə dəfn edilməsini vəsiyyət edir. Onun vəsiyyətindən sonra öz vətəni olaraq gördüyü torpaqlara, Şamaxı yaxınlığındakı Acıdərədə dəfn edilir. O gündən bu günə qəbrin adı “Türk məzarı” kimi yad edilir.

 Türk məzarı ilə əlaqədar araşdırmalarımızda qarşımıza Bəxtiyar İsmaili (Türkcanlı) çıxmaqdadır. Bu şəhid məzarı ilə Dr. İsmailinin adı sanki eyniləşmişdir. Onun söylədiklərinə görə sonradan işğalçılar məzarı bir neçə dəfə ləğv etmək istəyirlər. Buna çalışanlar hökumət nəzdində hərəkət etsələr də istəklərinə nail ola bilmirlər. Dəfələrlə müxtəlif təhriflərə uğrasa da xalq tərəfindən təmir edilir. Qəbir daşı ilk dəfə Şamaxı qəsəbəsi yerli hökumət nümayəndəsi tərəfindən tikdirilir. Bu xeyirxah insan 1928-ci ildə həmən xeyirxahlığına görə öldürülür. Qəbrə xalqın sahib çıxması ilə yanaşı şairlər də şerləri ilə öz vəfa borclarını yerinə yetirmişlərdi. O dövrdə rejimin təzyiqinə görə şəhid əsgərə kifayət qədər diqqət yetirmədiklərini, bu duyğularını qəlblərində saxladıqlarını Azərbaycanlı şair Qabil bu misralarla dilə gətirir:

Türkün qəbri

Qədim Şirvan yollarının

Üstündədir.

Azərbaycan torpağının,

Altında yox,

Sinəsində,

Köksündədir,

Qollarının üstündədir.

Mən bu qəbrin dövründə

Yetmiş bir il lal olmuşam,

Kar olmuşam,

Yetmiş bir il

Bu kiçik bir zaman deyil

Bu qəribin

Muzdaribin

Bu əsgərin

Bu yavərin

Şəhid ruhu,

Şanlı ruhu hüzurunda

Xəcalətdən xar olmuşam.

Türk sözünü,

Türk adını

Dilimizə gətirmək də cinayətdi.

Türkün qəbri

Həsrət qaldı.

Anaların bacıların

İsti gözyaşına

Gözyaşını bulud sıxdı

Yağış yağdır başdaşına

Türkün qəbri həsrət qaldı

Anaların bacıların

Ağısına.

Buna rəva görmərəm heç

Düşmənimin də düşməninə.

Türkün qəbri həsrət qaldı

Anaların bacıların qara matəm libasına.

 Sonrakı dövrdə qərib qalan qəbrə xalqın diqqəti davam etmiş, ətrafını Şamaxılı, Məhəmməd adlı bir sürücü düzəltmişdir. Daha sonra eyni şəkildə Şamaxılı Babaxan Rzaxanov adlı başqa bir sürücü də məzarın ətrafına dəmir düzəltdirmişdir. Babaxan 1964-cü ildə tutulur, dindirildikdən sonra altı gün saxlanılır, o dövrdə Türkiyə ilə Sovet İttifaqı arasındakı əlaqələrin yumşalması nəticəsində Babaxan azadlığa buraxılır. Sonrakı dövrlərdə Bəxtiyar İsmailinin (Türkcanlı) oğlu Atilla tərəfindən təmir edilən qəbrə Türk bayrağı da həkk olunur. Məzarın başına bu misralar yazılır:

Bir Türk qəhrəmanındır bu məzar,

Gör necə yer ilə yeksan eləyibdir haqzar,

Qafqaz İslam yolunda eyləyib zinhar canın

Ərsəni hərb içrə bir aslanındır bu məzar.

Xalq tərəfindən məzar, tez-tez ziyarət edilir.

 Bəxtiyar Vahabzadə “Tənha məzar” şerindən bir neçə misranın yazıldığı lövhə ilə birlikdə yolçuların yanından keçəndə görə biləcəkləri yerə asdırması ilə yanaşı məzarın ətrafını da düzəltdirir. Vahabzadənin yolçulara səsləndiyi şeir belədir:

 Yolun kənarında tənha bir məzar

Üstündə nə adı var nə soyadı.

Ey yolçu, maşını saxla bu yerdə

Soruş kimdir yatan tənha yerində.

O bir Türk zabiti qəhrəman, mətin

Doğma qardaşına yardıma gəldi.

Qırğına tutulan millətimizin

Haqlı savaşına yardıma gəldi.

Uzaqdan hay verib sənin səsinə

Gəldi, gəldi dönmədi öz ölkəsinə.

Düşmən səflərini, o soldan sağa

Biçib dəstəsi ilə cəbhəni yardı.

Torpağın uğrunda düşüb torpağa

Sənin torpağını sənə qaytardı.

Özü qoruduğu, həm can verdiyi

Yolun kənarında dəfn edildi o.

Uğrunda canını qurban verdiyi

Torpağı özünə vətən bildi o,

Yolçu maşını bu yerdə saxla.

O məzar önündə sən təzim eylə

Hörmət et, dua ver onun ruhuna,

Ayaq basdığın yer borcludur ona.

 Anadolu insanı, türk əsgəri 1918-ci ildə qardaş Azərbaycanın istiqlal savaşına ya Qazi, ya Şəhid olmaq üçün gəlmişdi, həm Qazi oldu, həm Şəhid verdi və torpaqlarımıza öz qanını axıdaraq, cismini torpaqlarımıza qataraq əbədi məskən saldı, xalqımızın ürəyində özünə taxt qurdu, ruhunda yaşadı, yaşayır və yaşayacaqdır.  Qafqaz İslam Ordusunun başında Gəncəyə gəlmiş komandan Nuru Paşa Şeyxzamanlıların evində məskunlaşmışdı. Bu da təsadüfü deyildi. Gəncə Milli Komitəsinin üzvü Nağı Şeyxzamanlı Osmanlı hərbi qüvvələrinin Azərbaycana gəlişinin təmin edilməsi məqsədilə İstanbulda olarkən Ənvər və Nuru paşalarla yaxından tanış olmuş, Gəncədəki fəaliyyətin detallarını da müzakirə etmişdilər.  Şeyxzamanlıların bacısı Münəvvər xanımın yeniyetmə oğlu, ara-sıra şeirlər yazan 16 yaşlı Səlman dayılarının evində Nuru Paşanın qarşısında özünün ona həsr etdiyi şeirini oxuyur. Sonralar bu şeirə bəstəkar-tarzən Məşədi Cəmil Əmirov musiqi yazmışdı.

 Gəncədə çalındı azadlıq suru,

Qovdu ürəklərdən zülməti, qoru,

Dağıt düşmən quran məkrli toru,

İrəli, irəli ər Paşam Nuru!

Çanaqqala – nurlu şəhidlik yolu,

Türk aslanlarının bükülməz qolu,

Allahım, sən özün onları qoru,

İrəli, irəli ər Paşam Nuru!

İstanbuldan gəldin Gəncəyə doğru,

Haydı, gavurlara anlat bu zoru,

Gəncədən Bakıya zəfərdir yolu,

İrəli, irəli ər paşam Nuru!

Ər paşam Nuru,

Ər paşam Nuru,

Turanın Aslanı,

Nər Paşam Nuru!

 Nuru Paşanın Azərbaycana gəlişini, Azərbaycan sevgisini, xalqımızın da Nuru Paşa məhəbbətini sözsüz ki, bədii ədəbiyyatımızda ən əhatəli, bitkin, gözəl ifadə edən Nəriman Həsənzadənin “Nuru Paşa” poemasıdır.

 Nuru Paşa at belində

Türkiyədən – Qarsdan gəlir.

“Azərbaycan” deyə-deyə,

Yaralanmış aslan gəlir.

Azərbaycan! Səndən ötrü

gör neçə min şəhid gəlir!

Türkdən doğulan türk gəlir,

Kərbəladan Kərkük gəlir,

İzmirdən, Sivasdan gəlir.

Bakı döyüş meydanıdı

Hələbdən – savaşdan gəlir.

…Annəm! Annəm!, – deyib gəlir.

Anasını Türkiyədə qoyub gəlir –

Azərbaycan anasının köməyinə.

Var ol səni, arxam mənim,

Arxalı səs-sədam mənim.

Fatehlərin varisidir,

Turanlı şahzadəm mənim.

Türküm mənim, irqim mənim.

Türk can qoydu bu torpaqda

“Azərbaycan”deyə-deyə,

Tarix! Səni oxuyuram

Mən türkə “can” deyə-deyə.

Nuru Paşa Portretinə Ştrixlər

 Nuru Paşa Bakıda qısa zamanda baş alıb gedən özbaşınalıq, oğurluq, hərbi və mülki intizamsızlıq, möhtəkirlik, səliqəsizliyə qarşı elə bir mücadilə başladı ki, bu gün də yaşlı adamlar həmin hadisələri yaxşı xatırlayır, Nuru Paşa kimi hökmlü vuran ələ ehtiyac olduğun zərbi-məsəl kimi dilə gətirirlər. Gənc yaşda bir zabitin belə ciddiliyi uzun illərdən bəri Bakı və ətraf kəndlərdə at oynadıb meydan sulayan bəyləri, qoçuları da vəlvələyə salır, qorxudur, müsbət mənada qaydalara əməl etməyə məcbur edirdi. O ipə-sapa yatmaq istəməyən bir neçə qoçunu camaatın gözü qabağında, ictimai yerlərdə şallaqlama cəzasına da məhkum etmişdi. Xüsusi qəbul günləri vardı ki, hərkəs gəlib burda dərdini, şikayətini ona deyə bilirdi.

 Onun məğrur, güzəşt bilməyən qətiyyəti və qartal baxışları ilə birlikdə həm də təmiz, kövrək ürəyi olub, bəzən içdən gələn bir sözdən, ya həyatın nemətlərini dadmadan dünyadan köçən bir Şəhidin qapanmaqda olan gözlərini gördüyü zaman üzünü camaatdan gizlədərək məndilini çıxarıb gözlərini sildiyi anlar da çox olub.

 Nuru Paşa Bakıda 19 yaşlı Cəfər Cabbarlının evinə qonaq gəlib, səmimi görüşləri, mehriban söhbətləri olub, onu darısqal evdən geniş mənzillərə köçürmək istəsə də, gənc ədib bundan imtina edib. Bu gün də ədibin ev muzeyində saxlanan hədiyyələri bağışlayıb, bu səhnə də Nuru Paşanın xarakterinə güzgü tutan maraqlı detaldır. Böyük dramaturq Nuru Paşanın Bakını işğaldan azad etməsinə həsr edilmiş “Bakı müharibəsi” adlı bir pyes də yazmış və uğurla tamaşaya qoyulmuşdu. (Asif Rüstəmli, “Cəfər Cabbarlının həyat və mühiti” kitabından). Manaf Süleymanovun “Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim” kitabında da Nuru Paşa xarakterinə güzgü tutan detallar var. Nuru Paşanın Hacı Zeynalabdin Tağıyevin ailəsində də çox sevildiyi barədə çox maraqlı informasiyalar vardır. Bizi isə ən çox onun Azərbaycan üçün gördüyü işlər maraqlandırır. Yəni Nuru Paşanın başsız bədən kimi qalmış Azərbaycanı öz başınapaytaxtına qovuşdurması ilə tariximizə adını əbədi yazdırması əlahəzrət faktdır. “M.Ə.Rəsulzadə: “Bakının Azərbaycan üçün sadə bir paytaxt, “can şüşəsi” olduğunu nəzərə alırıqsa, həqiqi istiqlal gününün sentyabrın 15-də olduğunu qəbul etməliyik”).

 Bütün həyatları boyu türk-islam gələnəkləri ilə yaşayan, Turan sevdalısı Killigil ailəsinin başçısı Əhməd Paşa da Qafqaz türklərinə sevgi, sayqı göstərib, Türk şəhidlərinin qanları axan Azərbaycan torpaqlarını ziyarət edib. 1918-ci ilin noyabrında hərbi məktəbin ilk buraxılışında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Baş nazir və təhsili naziri Nəsib bəy Yusifbəyov çıxış edərək, bu təntənədə iştirak edən Nuru Paşanın atası Hacı Əhməd Paşaya demişdir: “Zati ailələri, sizin şanlı oğullarınız Ənvər Paşa və Nuru Paşanın adları nəinki təkcə Azərbaycanın, eyni zamanda bütün türk xalqlarının yaddaşında həmişəlik qalacaqdır. (“Azərbaycan” qəzeti, 8 noyabr 1918-ci il).

 “Yerli bəylər Nuru Paşanın Azərbaycana, Gəncəyə gələcəyini və yolüstü Yevlaxda olacağı xəbərini çoxdan alsalar da onun nə vaxt burada olacağını təxmin edə bilmirdilər. Yalnız Nuru Paşa Naxçıvana gəldikdən sonra onun mayın 24-də Yevlağa yetişəcəyi dəqiqləşdirilmişdi. Səhər o başdan ikibir-üçbir hamı Nuru Paşanı qarşılamaq üçün Yevlax vağzalına axışırdı. Vağzal bayramsayağı bəzədilmiş, yerə onlarla gəbə, kilim və xalı döşənmişdi. Fəruq Nuru Paşa oynaq yerişli boz kəhər atın belində, onunla yanaşı at belində 6-cı ordunun zabiti Lazım Paşa gəlirdi. Sonrakı cərgələrdə hər sırada üç nəfər atlı olmaqla iyirmiyə yaxın hərbi geyimli zabit, arxada isə osmanlı aynalısı, üçatılan və beşatılanla silahlanmış, tüfənglərini yəhərin üstündə yanpörtü tutmuş on-on beş nəfərdən ibarət süvari mühafizə dəstəsi, bir də Naxçıvandan Kəlbalı xan və Qarabağdan Sultan bəy tərəfindən qoşulmuş bələdçilər gəlirdi.

 Nuru Paşanın qarşılanmasında iştirak etmiş, o hadisələrin canlı şahidi olan Yevlaxlı 102 yaşlı Məhəmməd Hacıyevin xatırlaması: “Nuru Paşanın necə adam olmasına hamı maraq edirdi. Bu qara camaat onu ahıl, ərgən bir adam bilirdik. Nuru Paşa isə şux qamətli, iti baxışlı, lakin dərin və kədərli gözləri olan ucaboy bir gənc idi. Şəvə bığları, tala bulud kimi çənəsinə qonmuş qara saqqalı onun ciddi və zəhmli olmasından xəbər verirdi. Qıvraq bədəninə biçilmiş türk zabitinə məxsus hərbi geyimi ona çox yaraşırdı”.

 Nuru Paşa hələ atın üstündə ikən, əlini havada yellədərək – mərhaba, mərhaba arkadaşlar-deyə, hərbçiyə məxsus gur və məğrur səslə izdihamı salamladı. Hər yerdən alqış səsləri, xoş gəlmişsiniz, gələn ayağınız var olsun, rəhbəriniz sizi qorusun, siz bizim xilaskarımızsınız, -nidaları yüksəlirdi. Bu nidalar sevincdən gözlərdəki yaşlarda da görünürdü.” ( Ayselim uzaysel.com, 02-13- 2010)

 Üzeyir bəy Hacıəyli 1918-ci il 10 noyabrında Bakıdakı Yay klubunda Nuru Paşa ilə şəhər sakinlərinin görüşü barədə “Azərbaycan” qəzetinin 1918-ci il 37-ci nömrəsində məqalə verib. Fətəli xan Xoyski, Məmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayevdən sonra Bakı xilaskarı danışır. “Bu qədər nitq və alqışlara cavab olaraq Nuru Paşa həzrətləri gözəl İstanbul şivəsiylə ruhumuza ləzzət verən və məzmunca qəlbimizi bir çox əndişələrdən təmiz etməklə bəlağətli və səlis nitqilə məclis əhlini şərəfyab və minnətdar etdi. Bu nitqin təsiri ilə ki, hər kəsdə gələcəyə artıq əndişəsi nəzər əmələ gəlib özündə böyük bir ümid, yüksək bir inam hiss edərək, xoşbəxt və xoşvaxt bir hal ilə bir-birini təbrik edib məclisə xitam verdilər.”

Əziz yadigar. Nuru paşa və babam hacı Fətəli əfəndi  Ağlım kəsəndən evimizdə az qala pıçıltıyla qulağımıza deyilən bu sözlər beynimə həkk edilmişdi: ana babalarımız Türkiyəyə köçüb getdilər, burda qala bilmədilər, qalsaydılar hamısın ya gülləliyəcəkdilər, ya da sürgünə göndərəcəkdilər. Artıq heç nə öyrənə bilmirdim. Evimizin üstü qamişla örtülü idi, altında gizlədilmiş taxta yeşiklərin içi Hacı Fətəli babamdan qalma Quran, əlyazma, Türkiyə və Ərəbistandan gətirmə nəfis cildli kitablarla dolu idi, ildə bir neçə dəfə atam, anam xəlvətcə çıxıb yeşik, bağlamaların üstün açıb kitabları havaya verir, nəmin, tozun alıb yenə də yerinə düzüb üstün örtürdülər. Sovet KQB-sinin qorxusu cana, qana işləmişdi. Ancaq Allaha, Ulu Yaradana inam, iman bundan daha üstün idi; yaxın, uzaq kəndlərdən, qonşu rayonlardan cümə günləri gəlib məhləmizdəki məscidin daş-divarını öpə-öpə, dəstamaz alıb Quran götürüb namaz qılması, üz-gözlərindən yağan mutluluq uşaq yaddaşımda, hafizəmdə əbədi həkk olub. Yaşlılardan dəfələrcə eşitmişdim; Nuru Paşa bax orda atdan düşdü, Hacı babanı sinəsinə sıxdı, bir yerdə gəlib taxtın üstünə çıxdılar, yaxın kəndlərdən axın-axın gələn insanları salamladı, sonra dəstamaz alıb namaza durdular. Ağdaşın Qumlax kəndində yaşayan anamın doğmaca dayısı, 89-cu il mayın 4-də 90-ı bir xeyli keçib dünyadan köçən ağzı dualı, namaz-oruclu Veysəl babamdan dəfələrcə eşitmişdim bu söhbəti: baban Hacı Fətəli Əfəndi qızıl-gümüş nəyi vardısa Nuru Paşaya verdi, ağzı bağlı toxuma bəzəkli torbasıynan bir yerdə. Həm azuqə, həm də silah-sursat almaqdan ötəri, bu gözlərimnən gördüm, onlara mən qulluq edirdim, aftafa-ləyən gətirdim, namazdan sonra eyvandakı taxtımızın üstündə yanaşı oturmuşdular, çay-çörək yeyib içdilər, gedəndə də hamının gözünün qabağında başından qotazlı qırmızı fəsin çıxardıb qoydu Hacafəndinin başına, indiki kimi gözümün qabağındadı. Evinizdə durur həmən o fəs. Hacı Əfəndi (Hacafəndi) 2 dəfə Həcc ziyarətində olub-şura hökuməti gələnə qədər və sonra. Birinci gedib-gəlməyi uzun çəkmişdi – ordan gəlib bir müddət də Türkiyədə ali dini təhsil alıb, gəlib həmin vaxtlar tək Şirvan mahalında yox, bütün Azərbaycanda məşhur olan Ağdaşın Zeynəddin mədrəsəsində, bir müddət də Ağdam, Bərdədə imamlıq-əfəndilik edib, yaşlı adamlardan Babandan dərs, izin alanlardan sağ qalanlar var, bura da gəlib gedirlər hələ də. Burda və ətraf bölgələrdə onun yolunda hər cür əzab- əziyyətə qatlaşmağa hazır olan yetirmələri çox olub. Mən biləni Baban Nuru Paşa ilə İstanbuldan tanış idilər, çünki çox mehriban görüşdülər, həm də başının dəstəsi ilə birbaşa bizə gəlmişdi. Kommunistlərə, sovet hökumətinə qarşı Cihad Bəyannaməsini də o vaxt Qazı Bəhlul Behcətlə Hacı Fətəli bir yerdə bizim məsciddə yazmışdı, Hacı baban Zəngəzur, Qarabağdan üzübəri ta bu Şirvan torpaqlarına qədər çox iş görmüşdü Allah yolunda, adamlar gecələr əl-ayaq yığışandan sonra xəlvət gəlirdilər cümə namazlarına-Hacı imam dururdu, Türkiyədə də bilirdilər ki, belə bir adamları var burda…

 Nuru Paşa adı o zamandan həkk olmuşdu yaddaşıma. Çox təsirli, ibrətlidi ki, yaşı 93-ü keçən o qotazlı fəs bizim evdə babamın Məkkədən gətirdiyi, Quran, torpaq, qara uzun təsbeh kimi hər zaman ən əziz, müqəddəs tutya kimi saxlanıb, başı ağrıyan, ağlı, gözü, dili çaşan, məscidimizin daimi sakinləri, diləyə gələnlər Qurani-Kərimlə bərabər mütləq o qırmızı fəsi də öpər, ya da yastığının altına qoyub şəfa tapardılar. İndi də o fəsi əziz yadigar 1kimi 19 ildir dünyanın ən ağır qaçqınlıq əzabını yaşayan dədəm Hacı Nəriman bağlı sandığında saxlayır. Bu da tez-tez 83 yaşlı dədəm Hacı Nərimanın dilindən çıxan sözlərdir: -“Allah Türkü qorusun, nə yaxşı ki, Türkiyə var!”- deyir. Bu mövzu barədə “Qubadlısız 16 il” kitabımın (“Nurlan”, 2009)

 “Mənim Türk sevgim, Türkiyə sevgim” adlı fəslində geniş yazmışam. Nuru Paşanın idealı: Azərbaycanda Türk məktəbləri 1918-ci ildə Bakını rus, ingilis və erməni işğalından qurtaran ordudakı öyrətmən-müəllim əsgərlərin ilk işi məktəb açmaq olmuşdu. Dünyanın 100-ü keçən ölkəsində Türkiyə adına barış körpüləri quran Türk liseylərinin orqanizə etdiyi Türkçə Olimpiya finallarının Azərbaycan üçün başqa bir anlamı var. Çünki Türk liseyləri 1990-cı illərin başında ilk dəfə Azərbaycanda açılmış və dünyaya buradan yayılmışdı. Ayrıca bu liseylər 1920-ci illərdə yarımçıq qalan bir istiqbal mücadiləsinin parlaq ünsürü oldu.

 Türkçə yarışması üçün Bakıdayıq, ancaq yolumuz öncə ölkənin ilk başkəndi Gəncəyə düşür. İslam coğrafiyasında ilk parlamento burada qurulmuş və ilk demokratik məclis burada açılmışdı. Məclisin girişində ilk parlamentoda görev alan Milli Hökumətin lideri Məmməd Əmin Rəsulzadə və hökumət üzvlərinin fotolarının yanı sıra müəllim və şagirdlərin məzun xatirəsi olan böyük bir foto diqqət çəkir. Türk Okulları-məktəblərinin və təhsil sahəsində önəminin fərq edilmə hekayəsi burada başlayır. Çoxumuz bilməsək də, Türklərin ən az Çanakkala dastanı və İstiklal Savaşı qədər önəmli bir zəfəri daha var. Bu zəfər ingilis, rus və onların təhriki ilə hərəkət edən ermənilərə qarşı 1918-ci ildə Bakıda qazanıldı. Zəfərin qəhrəmanlarından Qafqaz İslam Orduları Komutanı Nuru Paşa 20 mindən artıq insanın qətl edildiyi Bakıdan yüksələn fəryadlara əl uzatdığında hələ 27 yaşındaydı. Osmanlının son dönəmləri… Bir tərəfdən vətənin müdafiəsi aparılır, qurtuluş mücadiləsi verilir, bir tərəfdən də Osmanlının külləri üzərində yeni bir dövlət qurulurdu. Ancaq Azərbaycandakı zülümlərə türk səssiz qala bilməzdi.

 1918-ci ildə Azərbaycanı işğaldan qurtaran Nuru Paşanın hekayəsi belədi: Bakı işğal edilib minlərcə azəri qətl edilincə Azərbaycan hökuməti Osmanlıdan əsgəri yardım istədi. Türkiyənin müttəfiqi Almanların etirazlarına rəğmən Türkiyədə Qafqaz İslam Ordusu quruldu və bu ordu yardım üçün səfərə çıxdı. Türk əsgəri Azərbaycanda qurbanlar kəsilərək qarşılandı. 1Gəncənin hər tərəfinə Osmanlı və Azərbaycan bayraqları yan-yana asıldı. Xalqın bu sevinci Azərbaycan milli şairi Əhməd Cavada aid “Salam Türkün Bayrağına” şeirində əksini tapdı. Türkiyədə bu şeir “Çırpınırdı Qara dəniz” adıyla bilinir. Türk insanının silahlı mücadiləsi Gəncədə başladı. İlk şəhid burada verildi. Bu gün Çanakkalada Bakı doğumlu 18 yaşında şəhid düşən Hasanoğlu İbrahimin nəşi yatırsa, Bakıda da Aksaray doğumlu Abdullah oğlu ər İsanın cismi yatır. Türk ordusu Azərbaycanda 1130 şəhid verdi; 30 saatlıq çatışmalar sonunda Bakı işğaldan qurtuldu. Azərbaycan bağımsızlığa qovuşdu.

 Nuru Paşa Azərbaycanın istiqlal mücadiləsində önəmli rol oynadı; amma Azərbaycanın ilk məclisindəki o foto sadəcə istiqlal deyil, eyni zamanda istiqbal mücadiləsinin simvoluydu. Qafqaz İslam Ordusunda Bakı səfərinə qatılan əsgərlər arasında müəllimlər də vardı. Bu öyrətmənlər Bakı işğaldan qurtulan kimi Gəncədə okul-məktəb açdı və Azərbaycan gəncliyinin təhsil təliminə başladı. Qafqaz Üniversitetinin müəllimi Mehmet Rıhtım bu fotoda bir məzunluq xatirəsinin əks edildiyini və Nuru Paşanın ordusuyla gələn öyrətmən-müəllimlərin ən önəmli fəaliyyətlərinin təhsil sahəsində olduğunu ifadə edir. Rıhtım təhsil fəaliyyətlərinin 1920-ci ildə rus işğalından sonra yenidən kəsildiyini və o dönəmə aid bütün bəlgə və sənədlərin yox edildiyini qeyd edir.

 Azərbaycan Sovetlər dağıldıqdan sonra 1991-ci ildə yenidən bağımsızlığını elan etdiyində müstəqilliyini ilk tanıyan Türkiyə oldu. Ancaq bağımsızlıq elan edilmədən bir il öncə 20 yanvar 1990-cı ildə Bakıda yaşanan qətliamı xatırlamaq gərəkdir. Azəri vətəndaşlar tank tırtılları altında əzilərkən bunun əks-sədası Türkiyədə bir başqa oldu. İzmirin Şadırvan Camisində 20 yanvar qətliamını anladırkən kürsüdə bayılan Fəthullah Gülən Hocaəfəndi arkadaşlarına, dinləyənlərinə, “Gedin! Qardaşlarınıza yardım edin”- mesajı verdi.

 O gün Türk insanı Azəri qardaşına maddi–mənəvi yardıma keçdi. Təhsil könüllüləri isə cəhalət ilə savaş adına bir mücadiləyə başladı. Azərbaycanın Təhsil naziri Misir Mərdanovun “mənim bu günə qədər təhsil adına etdiyim ən böyük icraatım Türk liseyləridir” deyir. İlk liseylər Azərbaycanda açıldı, ardından dünyaya yayıldı. Bu gün Azərbaycanda Çağ Öyrətim Şirkətinə bağlı 12 lisey, 11 universitetə hazırlıq kursu və 1 universitet açılmışdır. 5 minə yaxın şagirdin oxuduğu məktəblər Azərbaycanın ən populyar məktəbləridir. Məzunları önəmli dövlət qurumlarında görev alır. Özünün müəllimlərini yetişdirən Türk Okullarında artıq yüzdə 70 faiz Azəri öyrətmənlər görev alıb. Bu okulların açılmasında böyük əməyi olan Azərbaycan Cümhurbaşqanı mərhum Heydər Əliyev:- “mən bu liseyləri hər zaman dəstəklədim, yardım etdim. Çünki bu liseylər Azərbaycanın təhsil sistemində yeniliklər həyata keçirdilər”- demişdi. Təhsil naziri Misir Mərdanov isə “bu liseylər iki ölkə arasında elə güclü bir körpü oldu ki artıq bu körpünü kimsə yıxa bilməz”- dedi.

 Ölkənin yüksək ballarla ən yaxşı universitetlərinə girən şagirdlər bu liseylərdə yetişir. Nuru Paşanın 1918-ci ildə Azərbaycanın istiqlal mücadiləsini indi Azərbaycanın müstəqilliyi ilə yaşıd Türk Okulları yerinə yetirir.http://tanimsiz www.tarihimiz.net

 Adları xalqın yaddaşına yazılmış qardaşlar

 1937-ci ilin sovet-KQB zindanlarında işgəncələrdən sonra güllələnmiş tanınmış şair, folklorşünas alim, tədqiqatçı Salman Mümtaz (Salman Məşədi Məhəmməd Əmin oğlu Əsgərzadə, 1884-1937) Ənvər və Nuru Paşalar haqqındakı şeirləri Gəncədə yazmış, “Azərbaycan” qəzetinin 1918-ci ildə 30 oktyabr tarixli sayında çıxmış və çoxaldılaraq Qafqaz İslam Ordusu əsgərlərinə paylanmışdır. “Ənvəriyyə” şeiri Nuru Paşa vasitəsi ilə Ənvər Paşaya göndərilmişdir. Nuru Paşaya ithaf etdiyi “Öyün, millət” şeirini şair Şəkiyə daxil olarkən Paşanı qarşılanma mərasimində söyləmiş, şeiri çox bəyənən Nuru Paşa şairə Türkiyə nişanı təqdim etmişdir.

 

Enveriyye

Yaşa, ey gazi-yi azam, yaşa, ey muhteşem Enver!

Seninle fahr edir şimdi büyük sultan, ulu kayser

Ki, sensen dahi-yi devran, sensen fatih-i kişver,

Sana şayestedir elhakk tila ovrengü zer efser .

Doğar mı mader-i giyti senin tek bir de bir ner er

Hayali ay kimi aydın, meramı gün kimi Enver?!

Sehab-i küfrü ten böldün, kılınç darbıyla etdin şakk,

Çıkartdın milleti yekser ışıklı günlere elhakk,

Ayıltdın Türkleri, verdin demadem Türküğe revnak

Sana bu işde yardımcı yakin oldu cenab-ı Hakk,

Sen oldun Hazret-i Hakkın sefa-yı lutfuna mazhar

Yaşa, ey gazi-yi azam, yaşa, ey muhteşem Enver!

Müselman gayretin çekdin, gözetdin Türkün namusun,

Dağıtdın haver-i İslamdan küffar kabusun.

Mesacidden dilerdi Rus asa öz nehs nakusun ,

Güneşden parlak amalın olup Şark ehline ezher,

Yaşa, ey gazi-yi azam, yaşa, ey muhteşem Enver!

Munzam ordunu birden ser-i adüvvane saldırdın,

“Kıral”lar rişesin kırdın, “karol”lar tacın aldırdın,

Edip mağlup küffarı, neva-yı suru çaldırdın,

“Hilal-i arşa yükseltdin”, “gün”ü eflake kaldırdın.

Nihal-i maksad-ı fikrin getirdi tatlı bir nevber,

Yaşa, ey gazi-yi azam, yaşa, ey muhteşem Enver!

Ziya-yı fikrin ile ziyasızdık, ziyalandık,

Cefa vü cevr çekmişdik, fütuhunla sefalandık,

Liva-yı nusretin ile , bihamdillah, livalandık,

Hakir ü pest olmuşduk, ucaldık, itilalandık.

Tamamen Kafkas’ın ehli gönüldendir sana asker

Yaşa, ey gazi-yi azam, yaşa, ey muhteşem Enver!

Saadet devri, söz yok kim, yetirmiş şanlı cahidler,

İğitler, kahraman erler, şücaetli mücahidler,

Buna tarihde vardır dahi binlerce şahidler,

Dikipdir onlara şahlar neçe yerde müşahidler.

Yapar millet sana layık tiladan heykel-i ekber.

Yaşa, ey gazi-yi azam, yaşa, ey muhteşem Enver!

Semada yıldırım tek parlayan dem tiğinin berki

Işıklandırdı şemsasa seraser alem-i Şarkı,

Nisar-ı hak-i payınçün düzüldü bin güzel şarkı ;

Benim naçiz şiirimle veli var onların farkı

Mübarek vechini görcek tapar eşarımız ziver,

Yaşa, ey gazi-yi azam, yaşa, ey muhteşem Enver!

Öyün, millet

O gün millet ki eltafı olup şevketli sultanın,

Hilalin halesi kılsın ihata Türk evtanın.

Tefahur eyle, ey millet, muradın hasıl olmuşdur,

Daha eflake yükselmez enin-i ah ü efganın.

Ziyasız Rus zulmünden o yüksek ruhun ölmüşdü,

Dökürdü şişeye her dem şerabi nab tek kanın.

Kızılgül tek açıl, gül, gör ki Türkün şanlı ordusu

Revak-ı arşa nasbetmiş büyük Osmanlı unvanın.

Semaya doğru tuğrul tek sen, ey Türk oğlu, uç, yüksel

Ki, sensen şanlı evladı şerefli eski Turanın.

Bulut altında kalmışdı eğerçi kevkeb-i bahtın ,

Gör imdi necm-i zahir tek hilalın, necm-i tabanın .

Gerek tak-ı mukarnasdan asılsın Türkün tuğrası

Melekler zib-i duş etsin livasın Al-i Osmanın.

Bütün, Mümtaz, ellerden olar Türk milleti mümtaz ,

Sürer bundan sonra Türklük şerefli-şanlı devranın.

***

 Hacı Nərimanoğlu “TURAN Aşiqləri” kitabından IV fəsil.  YEK Production, Bakı-2011, səh: 104-150