Xan sarayı və izi itirilən heykəl

“AzərTAc-da 15 il”  silsiləsindən - Sözün gücü - Bir xəbərin xatirəsi

AzərTAc-ın “Zəngəzur” İnformasiya Mərkəzinin direktoru - xüsusi müxbiri olduğum rayonlarım işğal edilib; Şuşa, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan gedib, Füzulinin bir hissəsi bizdə qalıb. Şəki-Balakən rayonları üzrə AzərTAc-ın xüsusi müxbiri təyin olunmuşam. 1993-cü il noyabrın 19-dur. Şəkiyə sonuncu dəfə 15 il əvvəl Qubadlı rayon komsomol komitəsində  işləyəndə müşavirəyə gəlmişəm, zona müxbiri kimi ilk gəlişimdir, əsas məqsədim məndən əvvəlki müxbir, yaşına görə təqaüdə çıxmış, çox hörmətli ziyalılardan olan əməkdar jurnalist Ənvər Mikayılzadə ilə görüşüb onun halallığını almaq, bölgə müxbiri təyin olunmağımla bağlı əmrin surətini, məktubu İcraya təqdim etmək, “Şəki, “İpəkçi”, “Şəkinin səsi”ndəki qəzetçi dostlarla görüşməkdir.

Şəkinin alaqapısında bir avtobusdan enmişəm, o birin gözləyirəm (və burda özümü bir daha qəriblikdə hesab edirəm, xatırlayıram ki, İcra hakimiyyətləri və polis rəislərinin yardımı ilə Qubadlıdan Cəbrayıla, Füzulidən Zəngilana nə vaxt hara getsəm, heç zaman minik problemim olmamışdı). Gözümü burda qoyulmuş nəhəng ana-qadın abidəsindən ayıra bilmirəm; ilahi, bunu kim qoyub, məgər bu qadının sifətindəki qəzəb, nifrət, kini görən, burun, üz, baş quruluşundan tipik erməni harsını olduğun görüb anlayan olmayıbmı heç?!    

Bir neçə tərəfdən abidənin fotosunu çəkirəm, artıq beynimdə verəcəyim informasiya da  hazırdır. Yolum birbaşa Xan sarayınadır, bura üçün darıxmışam. İxtisasca filoloq olsam da, tarixə, abidələrə marağım daha çoxdur, orta məktəbdən başlayıb, hər mal nobatına gedəndə Qaladan saxsı qablarının sınıq-qırıqlarından yığıb gətitirdim məhləmizə. Hələ 80-ci illərdə Qubadlıda komsomolda işləyəndə rayonda çıxan “Avanqard”, “Bərgüşad” qəzetlərində “Oğuz yurdum Qubadlım” rubrikası ilə tarixi səpgidə silsilə yazılarım əl-əl oxunardı. 1986-da çıxan “Daş heykəlin hikməti” adlı məqaləmdə yazmışdım ki, bu bölgənin qədim sakinləri oğuz türkləri olub, biz də onların törəməsiyik, rayonumuzda ermənilərin dağıdıb izini itirdikləri abidələrimizdən yazmışdım, erməni nəyi özünüküləşdirə bilmirsə, onu məhv edir. Qubadlının Abdalanlı kəndinin başı üstündəki Cavanşir qalasını ermənilərin partladıb qaçmasın Məlikəhmədli biçinçilər görmüşdü, düz-düzəngahdakı daş qoç heykəllərin maşınlara yığıb aparmışdılar, kəndbəkənd gəzib əl ilə toxunan hər xalı, gəbəyə 4-5 sintetik xalı verib alırdılar,  içində xəzinə var adıyla dağıdılan abidələr də az deyildi...

Şəki Xan Sarayında otaqları bir-bir gəzirəm, Sarayın mühafizinə  özümü təqdim edirəm, qəzetçi tanışlardan bir neçəsinin adın çəkirəm, etibarı yaranır,  nigarançılığımı görür, o da diqqətimin cəlb olunduğu yerlərə baxır. Soruşuram: - Pəncərə tağlarının üstündəki o çatlar nə vaxtdandı?-Sonuncu təmirdən sonra (bərpa demir). Digər bir neçə yerdə çatlar açıq-aydın görünür. Bayıra çıxıram, dördbir yandan Sarayın başına dolanıram, binanın çöl divarlarında da nazik çatlar görünür, həm də bu suvaq çatları deyil.

Ancaq buranın şefi Sürəyya xaladır, onsuz olmaz, deyir. Bu şirindil bacının da damarın tuta bilirəm, arxa anbardan pilləkən çıxarırlar, köməkləşib düz taxtapuşa dırmaşıram, gözlərimə inanmıram, vahimə məni basır, bu gün məni ancaq kədərli görüntülər izləyir, bir neçə yerdən fotosun çəkirəm, şübhə yoxdur, bilərəkdən, bilməzlikdən olsa da, fərqi yoxdur, bu xəyanətdir, burda düşmən əli var, az ballıq zəlzələ, kifayətdir ki, bina bu ağırlığın altında çöksün. Sarayın için, çölün fırlanıram. Öyrənirəm ki, bərpaçı ustaların çoxu erməni imiş, Şəkinin bərk gedən pullularından biri-rayondakı bütün profilaktoriyaların sahibi, anasına Şəkinin girəcəyində heykəl qoydurmuş erməni Karo ilə də xüsusi münasibətləri var imiş. Karonun da bir ayağı Yerevan, Bakı, Moskvada olarmış, maşın hissələri gətirib satmaqdan savayı, yuxarılarla birbaşa əlaqələrin, hər cür gizli, qara işlərin də “baş memarı” imiş, hadisələr başlamazdan qabaq nəyi var satıb sovub Yerevana köçüb.

Müdirin kabinetindən telefonla bu informasiyanı AzərTAc-a verirəm: “Şəki Xan Sarayı təcili kömək gözləyir.  Şəki. Bir neçə il bundan əvvəl Bakıdan gələn erməni millətindən olan “bərpaçıların” məkrli “xeyirxahlığının” nəticəsi yalnız indi məlum olmuşdur: Şəki Xan Sarayının yüngül kirəmid örtüyünün zərurət olmadan sökülüb tonlarla ağırlığında dəmir-beton konstruksiyalarla əvəz  edilməsi nəticəsində milli naxışları ilə göz oxşayan pəncərələrin  şəbəkə tağları əyilmiş, bir neçə otaqda  getdikcə genişlənən çatlar əmələ gəlmişdir.

Xalqımızın  əvəzsiz memarlıq abidəsi təhlükə qarşısındadır. Tarixi abidələrin  mühafizəsi və bərpası ilə məşğul olan respublika təşkilatları Şəki Xan Sarayının köməyinə tələsməlidirlər.  AzərTAc.”

AzTV-nin saat 17, 20, 22 xəbərlərinin sonunda mədəniyyət bölümündə həmin gün Şəkidən verdiyim qısa informasiyalar oxunur.

Xəbər rəsmi qəzetlərin 20 noyabr 1993-cü il sayında müxtəlif başlıqlarla verilir:  “Şəki xan Sarayı dağılmaq təhlükəsi qarşısındadır”, “Abidə kömək gözləyir”, “Tarixi abidə kömək gözləyir”...

AzərTAc-dan zəng gəlir, tapşırıq verilir:-cənab Prezident (mərhum Heydər Əliyev) AzTV-də sənin Xan Sarayından verdiyin xəbəri eşidib, mədəniyyət nazirinə göstəriş verib, bir qrup yoldadır, sabah da rəsmilər  gələcəklər, səhər Şəkiyə get, material hazırla ver.

Ertəsi gün də  Şəki Xan Sarayına gələndə böyük qələbəlik var idi, televiziyalar, müxbirlər, rayon rəhbərləri, mərkəzdən gələn bərpaçı ustalar...hər kəs iş başındadır. Bir neçə foto çəkib, ad-soyad götürüb xəbər göndərirəm, ertəsi gün Sarayda yenidən bərpa işlərinə başlandığı barədə xəbərlər yayılır: “AzərTAc-ın çıxışından sonra: Şəki Xan Sarayı yenidən bərpaya dayandı”

Şəkiyə hər yolum düşəndə Xan Sarayını ziyarət etmədən qayıtmazdım, həm də ona görə ki, burada yolumu gözləyən qədirbilən, kiçik, mehriban bir kollektiv var idi, onlarla Çinar dibində çay içməyin ləzzəti ayrı idi. Qərbibə idi ki, belə möhtəşəm çinar eynilə Qubadlıda muzeyin qarşısında və Cəbrayılın mərkəzində (budaqları üstündə çayxana qurulmuşdu) var idi və mən Cəbrayıldakı o çinarın dibində 7 aprel 1993-cü ildə hərbi forma geymiş Prezident, Ali Baş Komandan  Elçibəydən müsahibə almışdım,  üzbəüz şəklimiz qəzet, kitablarda verilmişdi.

Qürurvericidir ki, 1760-cı ildə Hüseyn xan Müştaqın sifarişi ilə inşasına başlanan, 1791-92-ci illərdə bəzi hissələri yenidən qurulan bu bənzərsiz abidə 2019-cu ildən Şəkinin tarixi mərkəzi ilə birlikdə həm də  Ümumdünya irsi kimi qorunur.

Aleksandr Dümanın “Qafqaza səyahəti”ndə Xan sarayını gəzib görəndən, gözəlliyinə heyran qalandan sonra yazdığı sözlərini xatırlayıram: “Xudaya, sən özün bu gözəl və tarixi abidəni yadellilərdən qoru!”

“Şəki” redaktorunun kabinetindən telefonla verdiyim digər informasiyanın da nəticəsi özünü gözlətmir. Ertəsi gün Akif Salamın telefonda səsi gəlir:-Karonun anasın ağlatdılar, anasına o Alaqapıda qoydurduğu heykəli gecəynən yerli-dibli süpürüb apardılar, elə bil heç yox imiş, izi də qalmayıb.

 Bir gün əvvəl jurnalist dostlarla birlikdə olanda bu erməninin sapı özümüzdən olan baltaların dəstəyi ilə Şəkidə nə oyunlardan çıxdığını eşidəndə xatırlamışdım ki, 80-ci illərdə Qubadlıda raykomun, Qonaq evinin üzlük mərmərini də Qafanın Zeyvə kəndindən erməni usta Tacat vururdu. Bir dəfə maraqlanıb soruşdum ki, məgər Qubadlıda bu işi bacaran usta yoxdurmu?! Cavab almışdım: - Bakıdan tapşırıblar.

Həmin Tacat daşnak partiyasının Qafanda öndə gedənlərindən, 1988-89-cu illərdə Qafan-Gığı dərəsi boyu əsrlərdən bəri məskunlaşmış azərbaycanlıların silah gücünə qovulmasının təşkilatçılarından idi...

 Hacı Nərimanoğlu- https://525.az/news/145103-seki-xan-sarayi-ve-izi-itirilen-heykel-bir-xeberin-xatiresi, 07.07.20