Şuşa musiqi məktəbinin dahi yetirməsi Üzeyir Hacıbəyli

Üzeyir Hacıbəyli (1885-1948) islam dünyasında, müsəlman Şərqində bir çox “ilk”lərə imzasını qoyan dahi sənətkardır; bəstəkar, dirijor, opera yazarı, romans, xor, kamera, süita, üvertüra, vokal, notlu xalq çalğı alətləri orkestri, kantata, ariya, instrumental və digər  professional musiqi janrlarının banisi olub, biri-birindən gözəl, rəngarəng əsərləri 100 ildən çoxdur ki, dünyanı dolaşır.

O, Qərb və Şərq musiqinin sintezindən  1908-ci ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyni adlı poeması əsasında ilk Azərbaycan operası "Leyli və Məcnun"u yaratdı. 1909-cu ildə yaratdığı "Şeyx Sənan" adlı ikinci, ardınca 1910-1915-ci illərdə Azərbaycan muğamı əsasında qurulmuş müəllif musiqisindən ibarət daha dörd opera yazdı; "Rüstəm və Zöhrab", "Şah Abbas və Xurşud Banu", "Əsli və Kərəm", "Harun və Leyla". 1936-cı ildə yazılmış "Koroğlu" operası yaradıcılığının şah əsəridir. Bu əsərinə görə Üzeyir Hacıbəyova 1941-ci ildə keçmiş SSRİ-nin ən yüksək "Stalin" mükafatı verildi. Ümumilikdə, o, 7 opera və 3 operetta yazmışdır. "Ər və arvad" (1909), "O, olmasın bu olsun" (1910) və "Arşın mal alan" (1913) həm də ilk milli kino nümunələri olaraq dünyanın əksər ölkələrində sevilərək izlənir.

O, 1918-1920-ci illərdə mövcud olmuş Şərqin ilk demokratik respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin himnininin musiqisini yazıb və bu gün də  rəsmi dövlət himnidir.

Ü.Hacıbəyli ilk musiqi təhsilini  uşaqlıq, gənclik illərini keçirdiyi Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri  olan Şuşada - “Kiçik Paris”“Qafqazın sənət məbədi”“Azərbaycan musiqisinin beşiyi”“Zaqafqaziya konservatoriyası” sayılan məkanda alıb.

Bəstəkarın atası Əbdülhüseyn bəy uzun müddət məşhur Azərbaycan şairəsi, ictimai xadim və Qarabağ xanının qızı Xurşidbanu Natəvanın şəxsi katibi olub, anası Şirin xanım Natəvanın evində böyüyüb, bəstəkarın babası Natəvanla süd bacı-qardaşı idilər. Üzeyir uşaqlıqdan bu evin və Xan qızının sevimlisi olub, dövrün tanınmış ədiblərini, sənətçilərinin burada görüb tanıyıb, onlardan sənətin sirlərini öyrənib, muğam ifaçılığı dərsləri alıb, 13 yaşında ikən görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev və xanəndə Cabbar Qaryağdıoğlunun 1897-ci ildə səhnələşdirdiyi "Leyli və Məcnun" sevgi dastanından bir epizod” adlı tamaşada rol alıb, xorda oxuyub. İkillik rus-tatar məktəbini bitirib 5 il də Qori şəhərindəki müəllimlər seminariyasında oxuyub, skripka, violonçel və nəfəs alətlərində ifa etmək bacarıqlarına yiyələnib. Növbəti dörd il ərzində Qarabağ və Bakı məktəblərində müəllimlik fəaliyyəti ilə məşğul olub, qəzet, jurnallarda çox sayda yazıları dərc olunub. Dostu və bacanağı - baba Müslüm Maqomayevin  maddi dəstəyi ilə Moskvada musiqi təhsili alıb.

1914–1918-ci illərdə "Yeni iqbal" qəzetinin təsisçi redaktoru, daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi "Azərbaycan" qəzetinin redaktoru olub. İlk musiqi məktəbinin,  Azərbaycan Bəstəkarlar İttifaqının, İncəsənət İnstitutunun, Konservatoriyanın qurucu rəhbəri olub. 63 il yaşayan Ü.Hacıbəyli həm də görkəmli publisist, dramaturq, pedaqoq, redaktor, ictimai xadim, Azərbaycan və klassik Şərq musiqi sənəti tarixinin ən məşhur bilicisi, tədqiqatçısı kimi tanınır. Onun zəngin ədəbi, musiqi, elmi, pedaqoji irsi öz əhəmiyyətini həmişə qoruyub saxlayır.

SSRİ rəhbəri Stalin "Arşın mal alan" filminə baxıb  o qədər bəyənib ki, dərhal müəllif Üzeyir bəylə birlikdə daha bir qrup ifaçıya "Stalin" mükafatı verib, SSRİ-də prokata çıxmasına və xarici dillərdə yayılmasına göstəriş verib. Stalin və Çin lideri Mao-Tzedun bu operadakı mahnıların, musiqilərin çoxunu əzbər oxuyarmış.

Üzeyir Hacıbəylinin anadan olmasının 100 illik yubileyi YUNESKO tərəfindən böyük təntənə ilə keçirilib. Hər il Azərbaycanda Üzeyir Hacıbəyovun xatirəsinə Beynəlxalq Musiqi Festivalı keçirilir. Festivalda dünyanın hər yerindən musiqiçilər iştirak edirlər.