Şuşada yaşayıb Bərdə İmamzadəsində əbədi uyuyan şahzadə Bəhmən mirzə Qovanlı-Qacar

Feldmarşal, tarixçi alim Bəhmən Mirzə Qacar - Fətəli şahın nəvəsi, Abbas Mirzənin dördüncü oğlu, Azərbaycan valisi və şahzadə, Məhəmməd şahın anabir qardaşıdır, 1811-ci il oktyabr ayının 11-də Tehranda anadan olmuşdur.

Feldmarşal, tarixçi alim Bəhmən Mirzə Qacar - Fətəli şahın nəvəsi, Abbas Mirzənin dördüncü oğlu, Azərbaycan valisi, Məhəmməd şahın anabir qardaşıdır, 1811-ci il oktyabr ayının 11-də Tehranda anadan olmuşdur. O, Abbas Mirzənin oğlanları arasında ən istedadlısı olub. İran, xüsusilə də, Azərbaycanda böyük hörmət sahibi idi. Anası, şahzadə Asiya xanım da qacarlar nəslindən idi. Ana babası Mirzə Məhəmməq xan Qacar Xorasan hakimi və qardaşı Hacı Allahyar xan İranın məşhur siyasi xadimlərindən sayılırdı. 20 yaşı olanda babası Fətəli şah Qacar Bəhmən Mirzəni Ərdəbilin hakimi təyin edir. Fətəli şahın ölümündən sonra, 1834- cü ildə Bəhmən Mirzəni və Abbas Mirzənin digər oğlanlarını həbs edib Ərdəbil qalasına - siyasi dustaqlar üçün ənənəvi həbsxanaya salırlar. Qardaşları başına təzəcə tac qoymuş Məhəmməd şaha qarşı sui-qəsddə günahlandırılır. Lakin elə həmin il Məhəmməd şahın anasının xahişi ilə Bəhmən Mirzə Tehrana hakim təyin olunur və ona feldmarşal rütbəsi verilir. Məhəmməd şah özünün üçyaşlı oğlunu vəliəhd elan edir, uşaq Azərbaycanın canişini olur. Qacarların yuxarı təbəqələri, o cümlədən şahın iki doğma qardaşı - Qəhrəman Mirzə və Bəhmən Mirzə belə məsul vəzifə üçün uşağın yaşının çox az olmasını bildirərək bu qərarı qəbul etmirlər. Başda Rusiya olmaqla xarici dövlətlər onları müdafiə edir və Qəhrəman Mirzə Azərbaycanın hakimi təyin olunur. Bəhmən Mirzə həmin vaxt Burcuhidin, Silaxorun və Həmədanın hakimi idi. Qəhrəman Mirzənin ölümündən sonra Azərbaycanın idarəsi Bəhmən Mirzəyə verilir. Ölkənin faktiki hakimi, vəzir Mirzə Ağası başa düşürdü ki, Bəhmən Mirzənin arxasında duran Rusiya və dayısı, Xorasanın qüdrətli hakimi onu taxta oturtmağa çalışacaqlar və ona görə də vəzir bir sıra qabaqlayıcı tədbirlər görür. Nəticədə Bəhmən Mirzənin dayısı İraqa qaçır, onun özü isə rus səfirliyində sığınacaq axtarmağa məcbur olur. Rus səfirliyinin xahişi ilə şah ona Rusiyaya getməyə icazə verir. 1848-ci il may ayının 12-də “Lənkəran” paroxodunda Bəhmən Mirzə Bakıya yola düşür, mayın 15-də Şamaxıya yollanır, 20-də isə Tiflisə çatır. Yeddi arvadı və 19 övladından ibarət ailəsi də mayın 28-də İrandan Naxçıvan yolu ilə Tiflisə gəlir. Təbrizdən xəzinəsi və 95 dəvəyə yüklənmiş o dövrə görə çox böyük əlyazmaları, 400 kitablıq kitabxanası gətirilir. Həmin kitabxananın bir hissəsi hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Onların əksəriyyətində ekslibris (kitab cildinin içəri tərəfinə yapışdırılan və kitab sahibinin adı olan bədii nişan) rolunu oynayan möhür, bəzilərində isə hətta Abbas Mirzənin də möhürü var. 1848-ci ildə Tiflisdə Mirzə Fətəli Axundzadə ilə görüşür, qonaq gəlib gedirlər. Yəqin sonralar Bəhmən Mirzənin oğlu Xanbabaxan Mirzə Qacar Mirzə Fətəlinin qızı ilə evlənməmişdən qabaqkı tanışlığı da buradan başlayıb. Nisbətən kiçik bir şəhər olan Tiflisdə hamı bir-birini tanıyırdı, yeni gəlmə ilə, üstəlik bu dərəcədə tanınmış bir şəxslə hamı tanış olmağa can atırdı. Rus höküməti Bəhmən Mirzəni böyük hörmət və ehtiramla qəbul etmiş, ona ildə 6 min çervon çar təqaüdü ( 9 min 600 rubl ) və Rusiyanın istənilən yerində yaşamaq üçün ev verməyi vəd etmişdi. Bir qədər tərəddüddən sonra Bəhmən Mirzə öz tarixi vətəni Qarabağda - Şuşada məskunlaşmağa icazə istəyir. 1851-ci il oktyabr ayının 4-də özünün böyük hərəmxanası, uşaqları və yaxın adamları ilə Şuşaya köçür, Çanaqqala rayonunda hündür daş divarla hasara alınmış böyük saray kompleksi tikdirir. Bu saray kompleksinə 15-16 otaqlı ikimərtəbəli imarət, dəyirmi eyvanları, böyük oval zalı, 14 arvadının hər biri üçün beş-altı otaqdan ibarət kiçik evləri olan bağ, anbarlar, mətbəxlər və çoxlu yardımçı binalar daxil idi. Orda onun uşaqları üçün kiçik məktəb, kitabxana, məscid və hamam da vardı. Bütün kompleksin ətrafına hündür hasar çəkilmişdi. Bəhmən Mirzənin öz karvansarası da var idi.

1905-ci ildə erməni-müsəlman davası zamanı Bəhmən Mirzənin sarayı ermənilər tərəfindən yandırılır. Bəhmən Mirzənin oğlu, ilk peşəkar azərbaycanlı pianoçu qadınlardan biri olan Nəzirə xanımın atası Qulamşah Mirzə Qacar sarayı qismən bərpa etdirir. İnqilabdan əvvəl Bəhmən Mirzənin uşaqları və nəvələri Tiflisin, Şuşanın, Gəncənin, Bakının ictimai həyatında fəal iştirak edirdi. Tiflis Qadın Xeyriyyə Cəmiyyətində bu nəslin bir neçə qadın nümayəndəsi çalışırdı. Gəncədə indi Nizami-Puşkin kitabxanası kimi məşhur olan kitabxana (“Hüseyniyyə") Bəhmən Mirzənin qızı Səbiyyə xanımın ianəsi ilə tikilir. AMEA-da Bəhmən Mirzənin oğlu Əbdülsəməd Mirzə tərəfindən üzü köçürülən bir neçə əlyazma kitab saxlanılır. Bəhmən Mirzə özü bir neçə tarixi əsərin müəllifidir. Onun “Məhəmməd şah təzkirəsi" (1832) və “Şükümamcyi-şahənşahi" ("Çarlar çarına minnətdarlıq” kitabı I Aleksandra həsr olunmuşdur) AMEA M.Füzuli adıııa Əlyazmalar İnstitutunda saxlanılır. Onun zəngin əlyazma kitabxanasının bir qismi də oradadır. Kitabların bir hissəsi Bəhmən Mirzənin xüsusi sifarişi ilə tərcümə olunmuş və üzü köçürülmüşdür. Məsələn, o, “Min bir gecə”nin ərəbcədən tərcüməsini Əbdüllətif Tasuciyə sifariş etmişdir. Kitab ilk dəfə 1845-ci ildə Təbrizdə nəşr olunmuşdur. Bəhmən Mirzənin 1846-cı ildə, Qalqaza gəlişindən bir il əvvəl Con Kozalini tərəfindən yağlı boya ilə çəkilmiş portreti Millit İncəsənət Muzeyində saxlanılır (1862-ci il). Burada qorunub saxlanan əlyazmalar arasında şahzadə Bəhmən Mirzəyə aid olan dualar kitabı var. Kitabda ona məxsus kvadrat şəklində olan möhür vurulmuş və kalliqrafik yazı ilə “Şah taxt-tacının yeganə incisi - Bəhmən. 1240(1824)” yazılmışdır.

Bəhmən Mirzə övladlarına və nəvələrinə Rusiyanın ən imtiyazlı təhsil ocaqlarında Avropa təhsili verir, özü isə siyasətdən uzaqlaşıb Azərbaycanın tarixinə dair əsərlər yazır. Oğlanlarının əksəriyyəti dövlət qulluğunda xidmətçi idi. Onların arasında rus ordusunun və Azərbaycan Demokratik Respublikası ordusunun səkkiz generalı - Şəfi xan, Feyzulla Mirzə, Rzaqulu Mirzə, Əkbər Mirzə, Əmir Kazım Mirzə, Məhəmməd Mirzə,  Mahmud Mirzə, Əmənulla xan Mirzə, eləcə də Rusiya və İranda xidmət edən çoxlu yüksək rütbəli zabit var idi,  bir çoxu  erməni daşnakları ilə müharibədə qəhrəmancasına döyüşmüşlər. Oktyabr inqilabını Bəhmən Mirzənin uşaqlan qəbul etmirlər və onların əksəriyyəti həyatlarını buna görə qurban verirlər.

Qacarlar ailəsinin Qarabağdakı başçısı Bəhmən Mirzə Qacarın oğulları və qızları (sayları 63 olub), onlardan törəyənlər Azərbaycanın nüfuzlu ailələri ilə qohum olmuş, qız alıb vermiş, ulu şah nəslini davam etdirmişlər.

Bəhmən Mirzə 1884-cü il fevral ayının 11-də Şuşada vəfat etmiş, vəsiyyətinə görə  Bərdə şəhərindəki “İmamzadə" dini kompleksinin qəbiristanlığında dəfn olunmuşdur. Hələ sağlığında o, İmamzadədə günbəz taxtapuşu olan üç otaqdan ibarət məqbərə tikdirmiş, divarlarda özünün tərtib etdiyi altı didaktik, dini mənalı bu epitafiyaları yazdırmışdır: Allalın  hökmü ən uca hökmdür. Ya Allah! Əhdinə inanırıq, peyğəmbərin yolu ilə gedirik. Allahın Kəbəsinə yaxınlaşır, sənə 1884-cil il. Qiyamət günü dünyada yaşayan insanları yenə görəcəyimə görə qəmlənirəm. Ey bütün qəmli qəriblər munisi, Ey bütün yaddançıxan kimsəsizlərin yeganə köməyi. Əgər ömrüm mindən artıq olsa, İşin axırı belə olar, ölüm olar. Onlar mənə axirət yaratdılar. O axirət ki qüvvətli evimdir. O axirət ki mənə yaxınlaşıb. Yaxınlaşan günlər xoşbəxtliyimdir.

İstedadlı siyasi xadim, sərkərdə və alim Bəhmən Mirzə Qacarın xatirəsi külli-Qarabağda, o taylı bu taylı  Azərbaycanda əziz tutulur.  Rusiyanın,  Ukraynanın və Gürcüstanın bir çox muzey və kitabxanalarında saxlanan əlyazmalarında, kitablarında, İranın və Azərbaycanın tətbiqi incəsənət nümunələrində yaşayır. Onun möhüründə sahibinin mənəvi dünyabaxışını əks edən bu sözlər yazılmışdır: Yeganə gövhər-i dərya-i xosrovi-Bəhmən. Eləcə də imza: Gövhəri az dürri dəryayi Bəhmən.

Artıq Bəhmən Mirzə Qacarın 28 il bizdən incik qalan ruhu şaddır; qəhrəman Azərbaycan əsgəri Qacarların bu vətənsevər, ən yüksək hərbi rütbəli feldmarşal rütbəli  davamçısının ən çox sevdiyi, yaşadığı, bu gün də ucaltdığı möhtəşəm imarətlərin izi qalan Şuşa şəhəri yağı tapdağından qurtulmuşdur.

Hacı Nərimanoğlu