Mən Zəngəzurun Dəstəyurd kəndində doğulub böyümüş, işğala qədər orada yaşamışam. 150 evli bu kəndin hər evi, daşı, qayası, cığırı ömürlük hafizəmə həkk olub.1947-ci ilin yayında SSRİ Elmlər Akademiyasının milliyyətcə rus, erməni və qazax alimlərindən ibarət axtarış briqadası bir xəritənin izi ilə bu qədim türk yurduna, hər tərəfdən dağlarla əhatələnən, mineral suları, minbir dərdə dərman bitkiləri ilə zəngin olan yaşayış məntəqəsinə təşrif gəldilər. Alimlər Dəstəyurdun sovet sədri Mürşüd Əliyevə gəlişlərinin məqsədini bildirib kömək göstərməsini xahiş etmişdilər. Müharibədən çıxmış ölkə üçün Dəstəyurd filiz yataqlarının aşkara çıxarılaraq istifadəyə verilməsi böyük əhəmiyyət kəsb edirdi. Təbii ki, Moskvadan yüz kilometrlərlə məsafəni qət edib ucqar bir dağ kəndinə gələn geoloji-kəşfiyyat qrupunun əlində ciddi əsaslar, xəritələr var idi. Bu sənədlər 1870-1880-ci illəri əhatə edən xəritələrə və başqa rəsmi bilgilərə əsaslanırdı.
- Baxış sayı: 751