Bura mənim dünyaya göz açdığım, ayaq açıb ilk yeridiyim, Vətən sevgimin beşiyi Saray kəndimdir. Bərgüşad çayının həm coşqun qıjnavlı, həm sakit ləm axarlı, Zəngəzur dağ, meşələrinin min dərdin dərmanı olan bulaqlarının bir ana ağuşunda qovuşduğu sularının şirin-şirin zümzüməsi ilə, heç yerdə olmayan növbənöv balıqlarının çıxardığı səslərin mışıltısı altında keçirdiyimiz günlərin şirin, nisgilli, indi bəzi məqamları ilə hər zamankından daha kədərli xatirələri ilə bərabərik. Azərbaycan Ordusunun rəşadəti, Ali Baş Komandanımızın, Türkiyə və Azərbaycan prezidentlərinin siyasi iradəsi, birlik, bərabərliyi o torpaqlara qoşuşmağımıza nədən oldu. Gördüyümüz mənzərə isə tük ürpədən, ürək yıxandır-"döz bu dərdə dözənəcən, bu dərd səni üzənəcən". Vəziyyətin belə olacağını, erməni adlı murdar ikiayaqlının bu qədər də alçaq, qansız, vəhşi olduğunu təsəvvürə gətirmək çətin idi.

2008-2012-ci illərdə qardaş Türkiyənin ölkəmizdə səfiri olmuş Hulusi Kılıçın adı xalqımıza yaxşı tanışdır, bu ad hər kəsdə xoş duyğular yaradır – eynilə Türkiyə Cümhurbaşqanı R.T.Ərdoğan, Genelkurmay Başkanı Hulusi Akar, Xarici işlər naziri (dünyanın ən enerjili diplomatı) Mövlud Çavuşoğlu kimi.
 
1 yanvar (Ocak) Büyükelçimizin doğum günüdür. Bakıdan gedəndən sonra haqqında dəfələrcə bu epiteti yazdım: “Türkiyənin Azərbaycana gəlib getmiş ən fədakar diplomatı.” O, yeganə Türkiyə səfiri olub ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edilib (13 sentyabr 2012-ci il).

Qubadlı rayon mərkəzindəki bu binanın bəri başdan 1-ci giriş, 3-cü mərtəbədəki mənzil mənim, o birilər Mehman, Allahverdi, Fehruz, Qabilindir, inşəallah, tezliklə hamımız qayıdacağıq. Balkonlardan asılan yorğan-döşəklərdən göründüyü kimi, xeyli erməni ailəsi də yaşayıb, təbii ki, artıq indi qaçıb gedirlər. Xarabalığa çevrilən yerdə Ticarət mərkəzi, arxasında uşaq bağçası var idi və orada 2-ci tabor yerləşirdi. Dağılanları yenidən tikərik.Erməni, gedəndə bu binanı dağıtmadınsa, içi təpili qoyub gəldiyim mənzilimdə nə varsa, haramxoşun olsun, onsuz da murdarlanıb, heç nəyə əlimi vuran deyiləm, götür apar, 28 ildi qarovulun çəkmisən yolumuzu gözləyərək, səksənə-səksənə. Ancaq...əgər qalıbsa, istəyərdim kitablarım qalsın. Mənzildə sovetin vaxtında aldığım o finski stenka mebelin bütün gözlərinə kitablarımı yığmışdım, xanımın cer-cehizi açılmamış bağlamalarda alt gözdə qaldı. İstitutu yalnız “əla” qiymətlə oxuyurdum, həm də təqaüdə görə, hər ay təzələrinə çox gücüm çatmasa da, “Bukinist”dən azı 5-10 kitab almağın xatirinə. Rayonda ən böyük şəxsi kitabxanalardan biri Saray kəndindəki evimizdə idi, bir otağımız ancaq kitabxana idi. Qardaşım Dostəli də, mən də bütün çoxcildliklərə abunəydik, dil-ədəbiyyat müəllimi idik, çörəyimiz qələmdən çıxırdı.

“AzərTAc-da 15 il”  silsiləsindən - Sözün gücü - Bir xəbərin xatirəsi

AzərTAc-ın “Zəngəzur” İnformasiya Mərkəzinin direktoru - xüsusi müxbiri olduğum rayonlarım işğal edilib; Şuşa, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan gedib, Füzulinin bir hissəsi bizdə qalıb. Şəki-Balakən rayonları üzrə AzərTAc-ın xüsusi müxbiri təyin olunmuşam. 1993-cü il noyabrın 19-dur. Şəkiyə sonuncu dəfə 15 il əvvəl Qubadlı rayon komsomol komitəsində  işləyəndə müşavirəyə gəlmişəm, zona müxbiri kimi ilk gəlişimdir, əsas məqsədim məndən əvvəlki müxbir, yaşına görə təqaüdə çıxmış, çox hörmətli ziyalılardan olan əməkdar jurnalist Ənvər Mikayılzadə ilə görüşüb onun halallığını almaq, bölgə müxbiri təyin olunmağımla bağlı əmrin surətini, məktubu İcraya təqdim etmək, “Şəki, “İpəkçi”, “Şəkinin səsi”ndəki qəzetçi dostlarla görüşməkdir.