SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

                                        ONLAR  BİZİM  FƏXRİMİZDİR

Vətənin müdafiəsi hər bir vətəndaşın ən  ülvi, ən uca, ən müqəddəs borcudur. Bu müqəddəs borcun yerinə yetirilməsində Şəhid olanlar ən böyük hörmət və ehtirama  layiqdir. Onların qəhrəmanlığı xalqın xatirəsində daim yaşayacaqdır.  Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti 

Torpaqlarımıza mənfur qonşularımız olan ermənilərin silahlı hücumları başlayan ilk günlərdən Azərbaycan polisi əldə silah Vətənin müdafiəsinə qalxdı. Azərbaycanın və Dağlıq Qarabağın bütün sərhəddi boyunca keşikdə dayanaraq yağı düşmənə qətiyyətli müqavimət göstərən, onu ağır itkilər verməyə məcbur edən ilk mütəşəkkil silahlı qüvvə məhz polis olmuşdur. Polis əməkdaşlarının ayıq-sayıqlığı, mərdlik və şücaəti sayəsində yüzlərlə erməni qulduru məhv edilmiş, neçə-neçə həmvətənlilərimizin həyatı xilas edilmiş, güclü hərbi əməliyyatlar aparılmışdır.

      Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, möhtərəm Heydər Əliyev cənabları 1993-cü il 20 sentyabrda Respublika Daxili İşlər Nazirliyində keçirilmiş müşavirədəki çıxışında demişdir:

                “ …Biz yaxşı bilirik ki, beş ildən artıq davam edən müharibədə Daxili İşlər Nazirliyinin yüzlərlə əməkdaşı – zabitlər, polis nəfərləri torpaqlarımızı qoruyarkən şəhid olmuş, qəhrəmanlıq göstərmiş, Azərbaycan Respublikasının tarixinə Milli Qəhrəman kimi daxil olmuşlar. Biz bunların hamısını yüksək qiymətləndiririk. Torpaqlarımızı qorumaqda, Ermənistanın təcavüzünün qarşısını almaqda polis əməkdaşlarının, zabitlərinin fəaliyyəti bizim gözümüzün qabağındadır. Əmin ola bilərsiniz ki, əhali də, Azərbaycan ictimaiyyəti də bunu indən belə daha yüksək qiymətləndirəcəkdir.”

Sevinirik, fəxr edirik ki, müdrik rəhbərimizin bu sözlərindən, Azərbaycan polisinin fədakar əməyinə verdiyi yüksək qiymətdən Mingəçevir polisinin şəxsi heyətinə də pay düşür. Erməni təcavüzkarlığına qarşı mübarizədə Mingəçevir polisi həmişə mərdliklə vuruşub. Dağlıq Qarabağ, Şuşa, Kəlbəcər, Laçın, Ağdərə, Qubadlı, Ağdam, Füzuli, Cəbrayıl bölgələrində əməkdaşlarımız dəfələrlə azğın düşmənlə savaşda igidlik göstərmiş, çoxlu yaralananlarımız və acı təəssüflər olsun ki, itkilərimiz də olmuşdur. 92-ci ilin yanvarında Şuşada gedən döyüşlərdə igidlik göstərərək şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Malik Hamil oğlu Əsədov o zaman şəhər Polis Şöbəsinin nəzdində olan 45 saylı hərbiləşdirilmiş yanğından mühafizə dəstəsində çalışırdı. Torpaq, Vətən uğrunda döyüşlərdə canlarını qurban verib müqəddəs şəhidlik zirvəsinə ucalanlar şöbəmizin dörd əməkdaşı da vardır:

Polis baş leytenantı  Səmədov Nizami Qoçu oğlu

Polis leytenantı Sadıqov Nürəddin Oruc oğlu

Polis starşinası Abdullayev Vaqif Kərəm oğlu

 Polis baş serjantı Əhmədov Sabir Nəsrəddin oğlu 

Onlar bizim fəxrimiz, qürurumuz, baş ucalığımız, and yerimizdir. Hər birinin adı qəlbimizə, əziz xatirəsi ürəyimizə əbədi həkk olunmuşdur.

Polis şöbəsinin rəhbərliyi Respublika Prezidenti mohtərəm cənab Heydər Əliyevin şəhid ailələrinə göstərdiyi daimi şəxsi diqqət qayğıdan, hörmətli nazirimiz cənab Ramil Usubovun bu barədə əmr, sərəncam və göstərişlərindən irəli gələn vəzifələri həyata keçirməyi özünün gündəlik işi və qayğısı hesab edir.

Şöbəmizin inzibati binası qarşısında onların büstü ucaldılmış, burada yaşıl xiyaban salınmışdır. Biz hər gün Şəhid dostlarımızın əbədi heykəlləşmiş mərdanə duruş və baxışları ilə üz-üzə, göz-gözə gəlirik. Kollektivimizin üzvləri on ildən çoxdur ki, öz şəxsi təşəbbüsləri ilə aylıq əmək haqlarının  müəyyən  faizini Şəhid  ailələrinə yardım fonduna köçürür. Hər bir ailəyə aylıq müavinət ödənir. Bayramlarda, əlamətdar günlərdə Şəhidlərimizin ailə üzvləri bizim fəxri qonaqlarımızdırlar. Əməkdaşlarımız Şəhid dostlarımızın övladlarının xeyir işlərində, ad günlərində yaxından iştirak edirlər. Şəhid iş yoldaşlarımızın məzarları əbədi ziyarətgahımıza çevrilmişdir.

Şübhə yoxdur ki, müdrik dövlət başçımız, Prezidentimiz cənab Heydər Əliyevin apardığı məqsədyönlü siyasət ən yaxın vaxtlarda öz bəhrəsini verəcəkdir. Qarabağ problem sülh yolu ilə ədalətli həllini tapacaq, didərgin həmvətənlərimiz öz yurd-yuvalarına dönəcəklər. O zaman şəhidlərimizin ruhu da sevinəcək, uğrunda canlarını qurban verdikləri müqəddəs idealları qalib gələcəkdir.

Əziz oxucu! Sənə təqdim olunan bu kitab da Mingəçevir  polisinin qədirbilən kollektivinin Şəhid dostlarının əbədi hörmət və ehtiramının ifadəsidir.

Mən inanıram ki, Şəhidlərimiz haqqında dörd kitabın müəllifi olan istedadlı yazıçi – jurnalist Hacı Nərimanoğlunun əzablı günlərinin, yuxusuz gecələrinin, doğma yurd, Şəhid, Vətən, Torpaq yanğısının bəhrəsi olan bu kitab Şəhid qardaşlarımızın valideynləri, ailəsi, övladları, doğma və əzizləri üçün əvəzsiz hədiyyə, daimi təsəlli olacaq, stolüstü kitabımıza, qəlb sirdaşımıza çevriləcəkdir. Şəhid polislərimizin ömür yoluna güzgü tutan bu kitabı vərəqləyən hər kəs bir də deyəcək: 

- Allah sizə rəhmət eləsin, qəbriniz nurla dolsun, Şəhidlər! Uğrunda qurban getdiyiniz Vətən torpağı yumşaq yastığınız olsun. Sizin ulu Şəhid adınız qəlbimizdə əbədi yaşayacaqdır!                                

                                                                                                           Aqil Vəliyev,

                                                   polis polkovniki, Mingəçevir Polis Şöbəsinin Rəisi

 

 

                       DAĞLARIN QOYNUNDA  BİR ŞƏHİD YATIR

 

                                                   Kim Şəhid olmuş, bəqa mülkündə cənnətdir yeri,

                                                   Atəşə düşməz , nə də görməz əzabi- məhşəri.

                                                   Bunları Allah edib nazil, yazıb Peyğəmbəri

                                                   Ayeyi-Quran ilə dillərdə əzbərdir Şəhid.           Kamil Sərbəndi

 

Baş leytenant Nizami Səmədov haqqında yazıma atası Qoçu Müəllimlə söhbətdən başladım.

- Əslən İsmayıllı rayonunun Qarakol kəndindənik. 1951-ci ildə 14 yaşım olanda köçüb gəlmişik Mingəçevirə. Atamla bərabər fəhlə işləmişəm, 7 nömrəlidə gecə məktəbini, sonra da montyorluq kursunu bitirib əsgər getmişəm. 56-cı ildə ailə qurmuşam. Tikintidə briqadir, çınqıl-beton zavodda sex rəisi, Yevlaxda yol-tikinti idarə rəisi, 76-cı ildən qısa fasilə ilə əhaliyə məişət xidməti kombinatının müdiri olmuşam, indi də səhmdar cəmiyyət olub, yenə oranın sədriyəm.

Valideynlərim torpağa, doğulduğu yer-yurda bağlı, zəhmətkeş adamlar olub. Ömrünün son illərin arzularınca kəndimizdə keçiriblər, orda da rəhmətə gediblər.

İki qızım var, bir də Nizamimiz var idi, doqquz ildi yoxdu... Çox çətindi, çox. Sən bayaq zəng eliyəndə yenə şəkillərinə baxırdım.

Qoçu müəllim danışa bilmir. Özünü nə qədər tox tutsa da, gözündən ixtiyari yaş süzülür, kövrəlir.

Övlad itkisi elə dərddi, elə sağalmaz yaradır ki, vaxt ötdükcə, il keçdikcə də üstü qaysaq bağlamır. Nizaminin şəkillərinə baxıram; incə, şivərək, şumal boylu bu gəncin üzündən, gözündən saflıq, duruluq, nur yağır. Tanrı sevdiklərini öz dərgahına tez aparır...

75-də 10 nömrəli məktəbi qurtardı. Kombinatda işə düzəltdim, əsgər getdi, yaxşı xasiyyətnamələr gətirmişdi, o vaxtlar elə şeylərə qiymət verirdilər. 80-də milisə işə girdi. Sonra milis məktəbini qurtardı. Rusiyanın Vladimir şəhərində yarım illik xüsusi kursu bitirdi. Arzusu bu idi ki, Volqoqradda Polis  Akademiyasına girsin, sənədləri də hazırlanıb göndərilmişdi. Vaxt çatmadı... Əvvəldən niyyəti hüquqşünas olmaq idi. Bizim nəsildə hüquqşünaslar olubdur. Əmim Səməd Səmədov Lelinqradda oxumuşdu, Sumqayıtın, Naxçıvanın prokuroru, Respublika prokurorunun  müavini işləmişdi, general idi. Rəhmətə gedəndə Fəxri Xiyabanda dəfn eləmək istədilər, ağsaqqallarımız qoymadı, məcbur kəndə gətirdik.

Nizaminin də milisə həvəsi elə o rəhmətlikdən başlamışdı. Onun övladı yox idi. Deyirdi əmimin yolunu mən davam eliyəcəyəm. Düzü mənim niyyətim başqa idi, heç istəmirdim milis olmağını, elə sahə inspektoru işləyəndə də neçə yaxın-uzaq, dost-tanış üzümə deyirdi ki, bu milis adamı deyil, çox təmiz gözü – könlü tox idi. Allaha şükür ehtiyacı da olmamışdı. Baxırdı ki, onsuz da evin, ailənin yükün özüm çəkirəm. İşin bilən idi. Bacarıqlı idi. Öz iş sahəsində elə qayda-qanun yaratmışdı ki, hər şeydən, hər gəlib keçəndən, nəzarət elədiyi sahədə kimin hansı əməl sahibi olmasından dərhal xəbər tuturdu. Bu nanəcib ermənilərin, murdar ermənilərin fitnə-fəsadı başlayandan rahatlığı pozulmuşdu. Heç özünə yer tapammırdı. Çox qəzəbli-kinli idi erməniyə. Ağlına da gətirmirdi ki, Şuşa, Laçın, Qarabağı  bu alçaqlara vermək olar. O vaxtlar Milli Ordu yox idi. Polisləri bütün şəhər, rayonlardan növbə ilə dəstə-dəstə sərhəd məntəqələrinə göndərirdilər. Polisdə nizam-intizam, hazırlıq, şüur yetkinliyi daha güclü idi, təcrübəli idilər. Nizami yoldaşları ilə bərabər Şuşada, Laçında, Ağdərədə olmuşdu. Çaykəndin boşaldılması əməliyyatında xüsusi fəallıq göstərmişdi. Hər dəfə gedəndən-gələnə qədər gecələri diri gözlü açırdıq. Hamımızın gözü qapıda qalırdı.

                Söhbətə müdaxilə edirəm.

- Qoçu müəllim, bu şəhərin sayılıb-seçilən, xətir-hörmət sahibi olan kişilərindən olmusunuz. Heç imkanlarınızdan istifadə eləyib Nizamini cəbhəyə getməkdən saxlatdırmağa cəhd etdiyiniz vaxtlar olubmu?

- Söhbəti ki, başladın düzünü deyəcəm. Bir dəfə özünə bu barədə danışdım. Təzə vaxtları idi. Başa saldım ki, üç körpə övladın var, tək oğulsan, yəni hardasa müəyyın imtiyazlarında imkan verər, gəl razılaş, səni ön cəbhəyə getməkdən saxladım. İnan dediyimə, bu söhbəti açdığıma peşman oldum, sifəti necə tutuldusa, mən utandım. Dedi, ata məni nə hesab edirsən, mən bu paqonu çiynimdə yaraşıq üçün daşıyıram? İş yoldaşlarımın, dost-tanışın, qohum-qonşunun üzünə necə çıxa bilərəm, bəs sənin xoşun gələr məndən, sənin haqqında nə deyərlər, mən hələ bir tərəfə. Ürəyim genişləndi, aramızda pərdə vardı, yoxsa içindən gələn bu sözlərinə, namus -qeyrətinə görə onu sinəmə sıxıb öpərdim.

                Gözəl xətti vardı, savadlı yazırdı, sənədləşmə işinə çox səliqəli idi, özü də təbiətən çox təmizkar, nizam-intizamı sevən idi. Bircə günlük vaxtı olanda da istəyirdi kəndə qaça, yaxşı xətrin istəyən, hər gün yolun gözləyən dostları vardı Qarakolda-Xudaverdi, Vahid, Yaşar, Tərlan, Elşən. Ovçuluğa çox meyilli idi.

Pivə nədi onu da dilinə vurmazdı. Böyüklə böyük, kiçiklə kiçik, hamının yerini bilən idi.

Sahə inspektoru işləyirdi. Vəzifəsi tələb eləyirdi, kiməsə irad da tutmalıydı, protokol da yazmalıydı, istintaqa da cəlb etməliydi. Hələ eşitmədim bir adam deyə ki, Nizami filankəsə haqsızlıq elədi, filan işi qanunsuz gördü.

Bu da ata və oğulun həyatda son görüşü , son canlı xatirə...

Son illər tez-tez xəstələnirəm. Bir yandan ürəyim, bir tərəfdən də radikulit incidirdi. Əvvəl Bakıda nevrocərrahiyyədə müalicə olundum, məsləhət bildilər ki, Qafqazın mineral sularından birində müalicəni davam etdirmək xeyir olar. Evdə, işdə də məsləhət elədik, dedilər mütləq getməlisən.

92-nin avqustun 3-də Gəncədən uçmalıyam. Nizami səhər tezdən durub dedi ki, özüm aparıb yola salacam, işdən icazə almışam. Xətrinə dəymədim, sürücünü geri qaytardım. Gəncədə təyyarənin vaxtına qədər 5-6 nəfər mənim, bir o qədər də Nizaminin dostları toplaşdıq bir yerə. Baxdım ki, bunlar məni təmtəraqla yola salmaq istəyirlər, yaxşı süfrə açdılar, ata-oğul üzbəüz oturmuşuq, hamı danışır, gülür, zarafat edir, bu elə fikirlidir, içməyi yamam yox idi, yeməyi də baxdım ki, heç boğazından getmir, bir-iki dəfə işarə elədim ki, nə olub. Gördüm yox fikrini cəmləyə bilmir. Təyyarəyə minənə qədər 3-4 dəfə sinəmə sıxdım. Üzündən, alnından öpdüm, dönə-dönə yalvardım, dedim mən gələnə qədər cəbhəyə, posta getmə. And verdim, dedim qoy lap cəza versinlər, işdən çıxarsınlar. Çox narahatçılıq keçirirdim, bir yandan da anası tez-tez xəstələnirdi, yoldaşı evdən çölə, dükan-bazara çıxan deyil, uşaqlar körpə, nə isə... Birdən ürəyimə nə gəldisə, lap az qala qərarımı dəyişmək istədim ki, bəlkə heç getməyim... Təyyarənin trapında bir də göz-gözə gəldik. Ürəyimdən bir gizilti keçdi: - Ay Tanrı, bu nə hissdir, nə qorxudur mənim canıma dolub. Yenə döndərdim ki, Nizami bax, mən gəlincə getmə ha...

Üstdən bir həftə keçmişdi, heç yerimi isidə bilmirdim, yarı canım qalmışdı Mingəçevirdə... Nə çətinliklə tapıb xəbər çatdırıblar mənə. Belim qırıldı eşidəndə... Gəlib çatmışam ki, anası qoymayıb mənsiz dəfn eliyələr. Saxlayıblar kənddə.

Qarşımdakı sənədlərə baxıram; Nizaminin  dünyaya gəldiyi gün- 14 may 1957-ci il, dünyaya əbədi göz yumduğu gün- 14 avqust 1992-ci il, bu gün də 14 fevral 2001-ci ildir, Qoçu müəllimin otağında görüşüb ağrılı xatirələrini çözələmişəm, Mələk xala ilə görüşüb, ölçüsüz dərdin dinləməyə razılıq almışam.

  

                                Balasız ananın gülərmi üzü,

                                Qəmlidir ürəyi, nəmlidir gözü.

                                Nizami, nə vxtsız tərk etdin bizi,

                                Ahımdan ürəyim, dilim ağlayır.  

 

...Hər  ad günündə, qara bayramlarında yığışıb gedirik kəndə, dövrə vurub otururuq məzarının başında, söykənirik başdaşına duz kimi yalayırıq şəklini, torpağına üz sürtürük.

Yay uzunu kənddə qalırdıq, kənddən çox xoşu gəlirdi, elə camaat da onun xatirəsini əziz tuturdu. Çalışıb bir adamın xeyir-şərindən qalmazdı. Dağların, meşələrin ətirli gül-çiçəyindən yığıb hərəmizə bir topa gətirərdi. İndi balaları o güllərdən yığıb, dəstə bağlayıb qəbrin üstünə qoyurlar. Özü bilməsə də, ruhu görür, onsuz günümüz necə keçir.

                          

                            Gələn qara xəbərin

                            Oğul, qəddimi əydi.

                            Qara qurşun gülllər

                            Kaş səndən ötüşəydi,

                            Ürəyimə dəyəydi.

 

Balalarının dilinin əzbəridi, mən heç, anayam, dözürəm, ay parçası kimi gəlinimə baxdıqca ürəyim şan-şan əriyib tökülür, özü bəyənib, sevib, seçib almışdı. Bir toy eləmişdik ki, hamı neçə illər o toydan danışırdı. Elə mehriban idilər. Hələ birinin sözün o birinə xoş gəlmədiyini görməmişdim, bir baxışla anlaşırdılar. Doqquz ildi ürəkdən gülüb, danışdığı olmayıb Xalidənin.

Şükür yaradanın böyüklüyünə ki, bu övladları verib, onların nəfəsinə, həvəsinə neçə ildə ayaq üstə qalmışıq, elə Qoçu da, mən də. Yoxsa yerimiz yanında çoxdan hazırdı. Allaha ağır getməsin, birdən elə həvəsiyirəm, elə qəribsəyirəm ki, balamın yanına getmək üçün, heç olmasa o dünyada tək qalmasın.

 

                            Necə tab eləyir, necə tablaşır,

                            Bu qədər mehnətə, dərdə ürəyim.

                            İnanmazdım dözə, bu ağır yükə,

                            Bir yumruq boyunda qanlı ürəyim.

 

Adları baba-nənəsinin dilinin əzbəri olan üç övladı böyüyüb Şəhid Nizaminin. Aynurə bu il orta məktəbi bitirir. Arzusu Mingəçevirdə ötən il açılmış Müəllimlər İnstitutuna girib, sinif müəlliməsi olmaqdır. Mələk nənəsi deyir ki, atasına ən çox oxşayan elə Aynurədir. Zaur səkkizinci, Aysu isə altıncı sinifdədir. Onlar atasının uca, müqəddəs adı ilə fəxr edir, yarımçıq qalmış arzularını yaşatmağa çalışırlar.

 

                              Döyüşlərə igid kimi,

                              Yollanıbdı mənim atam.

                              İstəyirəm böyüyəndə,

                              Amalını uca tutam.

 

                       

                               Layiq olam şöhrətinə,

                              Adına mən

                              Ömrüm boyu yanam gərək,

                              Vətənimin oduna mən.

 

                              Şəhid atam düşmənlərə

                              Göz dağıdır.

                              Başım üstə dalğalanan

                              Qalibiyyət bayrağıdır.

 

Aynurənin bu əli ilə yazdığı ürək sözü : “Ucaboy, gülərüz, mehriban atamız! Sənin Aynurən, Zaurun, Aysun istəkli atamızın ulu Şəhid adından qurur duyurlar. Adın dilimizdə, nəcib, nurlu sifətin gözümüzdə, həsrətin qəlbimizdə həmişə yaşayacaqdır, ata!”

 

                              Neçə ki, dünya var, Azərbaycan var,

                              Şəhidlik adını daşıyacaqsan.

                              Aldı öz qoynuna səni Qarakol,

                              O yerdə əbədi yaşayacaqsan.

 

Şəhər polis şöbəsinin  cinayət axtarış bölməsinin  baş leytenant  müvəkkili, mayor Azər Məmmədov :

- Nizaminin ömrünün son günü, son anlarına kimi yanında olmuşam. Üç gün idi ki, posta gəlmişdik. Abdal-Gülablıda bir evdə qalırdıq, növbə ilə postda durub qayıdırdıq. Bizdən başqa sağ tərəfdə Sumqayıtın bir qrup polisi də kənddə idi. Sadıqov Nürəddin, Nizami, Etibar Əhmədov, sürücümüz Şaban Cəfərov və mən gecə lampa işığında oturub hərə öz dərdindən, keçmişindən, gələcək planlarından danışır, zarafat eləyirdik, təbii ki, ermənini də söyürük, respublika rəhbərliyinin maymak, fərsizliyindən gileylənirik ki, dörd ildir  bu alçaqlar Azərbaycanın ortasında oturub gəmiçi ilə gəmidə dava eləyir, bizimkilərdə durub tamaşa edirlər görək axırı necə olur. Nə isə, səhər açılır, saat yeddi olar, sübh şəfəqi təzə-təzə qızarmağa başlayır, hər yan al-əlvan geyinir, sərin meh əsir, hardasa anadil dil-dil ötür. Nizami qayıtdı ki, heç belə yurdu da erməniyə vermək olar?! Bir az ötmüşdü, namərdlər başladı “Qrad” qurğularından atmağa. İlk mərmilər baxdıq ki, düz bizim oturduğumuz səmtə düşür. Tez çölə qaçdıq. Hərəmiz bir tərəfə ki, heç olmasa birimizə dəysə, o birilərimiz sağ qala bilək. “Qrad” belədi ki, dalbadal 18 ya da, 36 mərmi ata bilir, özü də şahmat formasında tökülür ki, salamat qurtarmaq şansı çətin olur, yerin altın-üstünə çevirir, yandırıb nə var dağıdır. Alçaqlar yerimizi dəqiq öyrəniblərmiş. Mən “uzanın” qışqırıb, üzü üstə balaca kanalın içinə atdım özümü. Bizə təhkim olunmuş avtobus evin qabağında durmuşdu. Bircə onu gördüm ki, qalxdı göyə, yerə düşüb çevrilməyi ilə alışmağı bir oldu. Yaylım atəşi qurtaran kimi durdum, zərbə səsindən qulaqlarım tutulsa da, qan iyin ani olaraq duydum, bildim ki, yoldaşlarımızdan hansınasa dəyib. Toz–dumanı arasında gördüm ki, leytenant Nürəddin Sadıqovla, sürücümüz Şaban Cəfərovu qəlpələr qana bələyib, elə yerindəcə keçiniblər. Nizami ilə Etibar da yaralıdır. Etibarın yarası elə qorxulu deyildi. Nizamini alıb qucağıma həyətdən yola çıxartdım. Bu vaxt hərbiçilərimiz gəlib çıxdılar. Köməkləşib hamsını götürdük, yendirdik kəndə, başqa yaralılar da vardı, onları da UAZ-la gətirdik Ağdam qospitalına. Yolda Nizami dedi ki, başımı qaldır, ayağıma baxım, ayaqların ikisin də baldırından aşağı qəlpə yandırıb dağıtmışdı. Baxdı, içəridən bir ah çəkdi. Qospitalda həkimlər yarım saata kimi çalışdılar. Həyata qaytarmaq mümkün olmadı Nizamini, çox qan itirmişdi.

Nizami doğurdan  mərdanə, qorxmaz, cəsarətli  oğlan idi, iradəli, çətinliyə dözümlü idi. Hələ də Qoçu əmi ilə üzbəüz  gəlib bu dediklərimi ona danışa bilməmişəm. Onu da deyim ki, həmin  gün mənim də ölüm xəbərim gəlib çatmışdı, atam o acı  xəbərin sarıntısın keçirmişdi.

Aydın Mirzəzadə, Azərbaycan Respublikasının Milli Məclisinin üzvü: - Nizami ilə uşaqlıq yoldaşı, məktəb dostu, qonşu olmuşuq. Yüksək dərəcədə ailə tərbiyəsi görmüş, çox mədəni bir oğlan idi. Zahiri görünüşü  əxlaqi keyfiyyətləri, mənəviyyatı, davranışı ilə ülvi vəhtəd təşkil edirdi. Qeyrətli, vətənpərvər gənc idi. Onun üçün Torpaq, Vətən anlayışları həqiqətən də, içəridən gələn, cana-qana işləmiş, hopmuş duyğulara bağlı idi. Nizami kimi qeyrətli gənc polislər, xüsusən müstəqil dövlətimizin bugünkü çağında millətimizə də, dövlətimizə də gərəkli idi.

92-də  şəhər qəzetində işləyəndə onlarla Şəhidimiz haqqında məqalə yazmışam, o cümlədən Nizami barədə. Şəhər polis şöbəsi rəhbərliyinin xalqımızın Şəhid övladları haqqında belə xeyirxah, əbədi yaşayacaq qədər dəyərli təşəbbüs göstərməsi, düşünürəm ki, Azərbaycan Prezidenti və dövlətinin Şəhid ailələrinə göstərdiyi ardıcıl diqqət və qayğının, hörmət və ehtiramın təcəssümüdür. Şəhid ailələri, xüsusən yetişməkdə olan gənc övladlarımız üçün bu kitab böyük tərbiyə dərsi, iftixar mənbəyi olacaqdır.

Mingəçevirlilər Qarabağ müharibəsi salnaməsinə öz adlarını qızıl həriflərlə yazıblar. M-1, M-2  taborlarının döyüş yolu, rəşadəti də layiqli bir kitabın mövzusudur. Mənim doğma şəhərimdə Şəhid adının ucalığına xüsusi məhəbbət qayğı olub. İnanıram ki, həmişə də belə olacaqdır.

Heç bir  şübhəm yoxdur ki, xalqımızın müdrik rəhbəri, ümummilli liderimiz cənab Heydər Əliyevin gecəli-gündüzlü apardığı gərgin əməyi öz real nəticəsini göstərəcəkdir. Qarabağ problemi sülh yolu ilə öz ədalətli həllini tapacaqdır. Məcburi  köçkünlərimiz doğma yurd-yuvalarına dönəcəkdir. Şəhid ruhları da o zaman rahatlıq tapacaqdır.

Adları mənim üçün hər zaman doğma olan Qoçu əmiyə, Mələk xalama səbr, dözüm, dəyanət, sağlamlıq arzulayıram, qəddiniz əyilməsin,- deyirəm. Şəhid dostumun üç gül balasını bağrıma basıram, onlara atalarının uca adına layiq, Vətənimizə, xalqımıza gərəkli, ləyaqətli övladlar olmağı Allahdan diləyirəm.

   Sevimli şairimiz Səməd Vurğunun sözləri yadıma düşür:

               

                         Alqış Vətən torpağını,

                         Candan əziz bilənlərə.

                         Alqış olsun həyat üçün,

                         Döyüşlərdə ölənlərə!

 

Qoçu müəllimə demişdim ki, ailə üzvlərinizdən, qohum-əqrəbadan, dostlardan kimin Nizami haqqında nə ürək sözləri varsa, məni çağırsın, özü gəlsin, zəng etsin, yazıb göndərsin, təki heç kəsin Nizami haqqında sözü ürəyində qalmasın.

Bu Nizaminin Adilə bibisinin məktubudur.

 “ Mən bu kağızı göz yaşları ilə yazıram. Nizaminin vaxtsız ölümü qəlbimdə elə sağalmaz yara açıbdır ki, söz acizdir deməyə. Nə qədər mehriban, istiqanlı idi, qardaşımın ümidi, arxası, dayağı Nizami! Mən  səni öz övladlarımdan da artıq istəyirdim. Sənin yoxluğuna hələ də  Qoçu qaqam,  Mələk bacım öyrəşə,  inana bilmir. Birdən elə bil ki, hövlnak ayılırlar, loxmaları  ağzında, suyu boğazında qalır. Allahdan diləyim budu ki, tökülən Şəhid qanları yerdə qalmasın, qardaşım oğlundan görmədikləri yarımçıq arzuların  nəvələrindən başacan görsünlər. Nizami, sənin istəkli Zeyvə nənən o gününü görsəydi, sənin qara xəbərini eşitsəydi, ürəyi partlayıb ölərdi. Körpəlikdən səni laylalarla, oxşamalarla böyüdən Zeyvə nənən nə yaxşı  sənin biz görən gününü görmədən getmişdi.

  

                                 Eləmi bala dağı,

                                 Bal dağı, bala dağı

                                 Getməz ömrü uzunu

                                 Sinədən bala dağı.

 

Azərbaycanın dilbər guşəsi olan qədim oğuz elimiz İsmayıllının mərkəzi küçələrindən biri baş leytenant  Nizami Səmədovun adını daşıyır. İsmayıllılar Nizaminin Şəhid adını əziz tuturlar.

Mingəçevir şəhər polis şöbəsinin qərargah rəisi, mayor Nizami Əliyevin hafizəsində adaşı Nizami Səmədovun nisgilli, əziz xatirəsi yaşayır.

Nizami ailə tərbiyəsi görmüş gənc idi. Hər sözünü fikirləşib deyərdi. Çox  nəzakətli rəftarı vardı. Həmişə öyrənməyə çalışırdı. Bir  sənəd, protokol yazanda dəqiq bilsə də, yenə məsləhət almağı əskiklik saymazdı. Şirin danışığı, incə yumoru, çoxlu lətifələr bilməsi Nizamini dost-tanışlarına daha çox sevdirirdi. Onunla söhbətdən, yoldaşlıqdan yorulmaq olmazdı.

Toyunda yaxşı iştirak eləmişdik. Ürəkdən oynamışdıq.

Nizaminin vaxtsız itkisi məni çox sarsıtdı, İsmayıllıya-Qarakola dəfninə getdik. İndi də Qoçu əminin o vaxt ağı deyib, göz yaşı tökməsi yadıma düşəndə ürəyim əsir. O cür ağır, samballı kişi  hər görəndə məni elə mehriban qucaqlayır, sinəsinə sıxır, kövrəlir ki, mənim də gözlərim yaşarır. Qəbri nurla dolsun, övladları torpağı sanı yaşasın Şəhid dostumun. Təsəllimiz bircə budur ki,

           

             Bayraqları bayraq edən üstündəki qandır,

             Torpaq-əgər uğrunda ölən varsa, Vətəndir

 

İsmayıllı şəhidləri haqqında yazılmış “Əbədi yaşayanlar” adlı kitabda Nizamiyə də səhifə yarım yer ayrılıb. Həmin yazıdan bir parça.

“İllər bir-birini əvəz etdikcə Nizami də bir əmin-amanlıq keşikçisi kimi çətin peşənin vacib sirrlərinə yiyələnirdi. İndi o artıq romantik hisslərlə yaşayan  dəliqanlı olmayıb, ən mürəkkəb vəziyyətdən baş çıxaran, dərhal lazımi qərar qəbul edən və onu qətiyyətlə həyata keçirən milis nəfəri idi, arxa cəbhənin döyüşçüsü idi. Bir dəfə mənzilini səngərə çevirib təslim olmaq istəməyən bir silahlı cinayətkarı yaxalamaq lazım gəldi. Ona  qarşı qarşı silah da işlətmək olardı, lakin kim zəmanət verə bilər ki, başqa adamlar ziyan çəkməyəcəklər. Və yaxud cinayətkarın özü də bəlkə hələ düzəlib yaşaya bilər... Bütün bunları götür-qoy etməyə vaxt yox idi. Onlar milis nəfərinin beynindən şimşək surəti ilə keçdi, sanki Nizaminin sonrakı hərəkətini müəyyən etdi. O,tapançasını qoynuna qoyub, mənzilin qapısına tərəf irəlilədi. İrəlidə acıqlı nida yüksəlirdi.

- Gəlmə,atacam!

- Ağlın olsun, oğlan, mən ki, əli yalınam. Lazım olsa məni irəlidə də vura bilərsən, yaxşısı budur danışaq, dil tapaq, özünə heyfin gəlsin , elə mənə də.

İçəridən cavab çıxmadı. Nizami risklə qapını açıb əllərinin ikisini də irəli uzadıb əlavə etdi:

Gördün? İnandın?

Oğlan caşıb qaldı, sonra tapançasını evin ortasına tullayıb:

Yaxşı götür, gəl danışaq. Mən təslim,- dedi.

Qorxulu, həm də silahlı cinayətkarı məharətlə tərksilah etdiyinə və həm də əməliyyat zamanı göstərdiyi şəxsi şücaətinə görə Nizami Səmədov  “Milis əlaçısı” nişanı ilə təltif olundu.

Polis şöbəsinin kadrlar üzrə inspektoru, kapitan Adil Bayramov Nizamini belə xatırlayır: -  Milisə eyni vaxtda işə girmişik, aramızda həmişə mehriban münasibət olub, çox tərbiyəli, intizamlı işçi idi. Mənim indi çalışdığım vəzifədə əvvəl Nizami işləyirdi. Özü sahə inspektoru keçəndə yerinə məni məsləhət bildi, zəmanətimi verdi. Səliqəli, tapşırılan işə  məsuliyyətlə yanaşan zabit idi. Son dəfə  Abdal Gülablıya gələndə postda bizi onlar əvəz elədi. Postu təhvil verib, görüşüb ayrıldıq. Onlara sağ-salamat geri dönməyi arzuladıq. Acı təəssüflər olsun ki, iki ləyaqətli polis zabitimiz – baş leytenant Nizami Səmədov və leytenant Nürəddin Sadıqov geri dönmədilər.  Bu gün aramızda onların yeri görünür.

 

                               İnsan gəlir, dünyada

                               Yaşayır, bir gün ölür.

                               Sağ ikən ölən də var ,

                               Ölüb sağ qalanlar da.

Bunları da Nizaminin bacısı İradə dedi:

- Hər  dəfə gedib-gələnəcən ölüb dirilirdik. Ailəsi, uşaqları da, biz də özümüzə yer tapammırdıq. 13- ündə zəng vurdum Xalidəyə, dedi ki, elə indicə danışdı. Ağdamdan imkan tapıb zəng eləyib, xeyli rahat olduq. Səhəri gün kimsə  Xalidəyə də, bizə də zəng eləyib atamın getdiyi yerin ünvanın, telefonun soruşublar. Heç birimiz bilmirdik. Sonra Xalidənin atasının telefonunu soruşublar. Gəlin necə həyəcanlanıbsa öz evlərinin telefon nömrəsini də deyə bilməyib. Heç demə şəhərə gətiriblərmiş. Bütün şəhər, eşidən, bilən axışır bizim qapıya, heç birimizin də xəbəri yox. Ata uzaqda, anam kənddə. Bütün  Mingəçevir yola saldı Nizamini, İsmayıllı da elə o cür qarşıladı. Xalidənin arzusu budur ki,  Zaur atasının yolunu davam elətdirsin,  adın yaşatsın, Allah başacan eləsin. Nizamidən sonra hamımızın həyatı,  ömrü  saraldı, soldu.

 

                                Əzizinəm qardaşı

                                Qarlı dağdan qar aşı

                                Xəstə könül qar istər

                                Mənim könlüm qardaşı.

 

Xalidənin bacısı  Mahiyyə Vəli qızı Məmmədlinin  ürək sözləri: - Nizami bizim ailəmizin də sevimlisi idi. O mənə qardaş qədər əzizdi. Bacımla bir-birini yaxından tanıyıb, ürəkdən əhd-peyman bağlayıb ailə qurmuşdular. Bir – birini gözəl başa düşürdülər. Nizami çox ailəcanlı, ürəyiyumşaq, xeyirxah idi, uşaqlardan doymurdu, çöldə oynayanda da çıxıb onlara tamaşa edirdi, oynamaqlarına baxırdı, yıxılan kimi özün atırdı qabağa.

Onun həyatda ən böyük qazancı Şəhid adı, bir də üç gül balası oldu. Arzum budur ki, Nizaminin uğrunda qurban getdiyi Vətən torpaqları yağı düşmən tapdağından xilas olsun. Nizaminin də, bütün  Şəhidlərin də ruhu o zaman şad olacaqdır.

 

                               Diriyik, ömrümüz tez qırılsa da,

                               Hərəmiz Vətənin bir parçasıyıq.

                               Canımız torpağa tapşırılsa da,

                               Ruhumuzla yurdu qoruyasıyıq.

 

 ... Cəbhə bölgələrində ölümlə üzbəüz durduğum, ölümdən yalnız  təsadüflər, saniyələr və santimetrlər uzaqlığında qaldığım anlar gözümün qarşısından keçir. Hər dəfə bu anları xatırlayanda düşünürəm; görəsən yoxluğumun  ən böyük yükü, əzabı, ağrısı görəsən kimin çiynində, ürəyində qalardı? Birinci olaraq da övladlarımın anası gəlib gözlərim önündə dayanır. Şəhidlər haqqında yazmağa başlayanda da ən ağır sıxıntını həyatdan vaxtsız getmiş ərənlərimizin həyat yoldaşları ilə üz-üzə dayananda çəkirəm. Onların bir zamanlar xoşbəxt, saəadət dolu günlərinin, indi isə həsrət, yalqızlıq, tənhalıqda keçən ömür – günləri haqqında həzin, kövrək, yanğılı xatirələrini  eşidəndə elə bilirəm ki,  dilləri deməsə də, ürəklərində bir sorğu- sual da gizlənib mənə  boylanır: - Bəs, sən niyə sağsan?!  Suçlu, günahkar bilirəm özümü də. Ona görə ki, qoruya bilməmişik igid Vətən oğullarımızın uğrunda qurban  getdikləri torpaqlarımızı. Ruhunuz qarşısında başıaşağıyıq, üzüqarayıq...

 

                    Şəhidlər,

                    Siz torğpaq altında dərin köklərimizsiz

                    yatırsınız al- qan içində.

                    Siz torpaq altında dərin uyqudaykən

                    düşməni cağırdılar

                    satıldıq , oyanın!!!

                    Biz torpaq üstündə dərin uyqudayıq

                    qalxın,

                    oyadın,

                     oyandırın bizi,

                     Şəhidlər!!!

 

İstedadlı şairə Bəsti Bərdəli bu şeri  Şəhid Nizaminin ömür-gün yoldaşı Xalidə xanıma ithaf etmişdir.

 

                     Bu dərdli qəlbimi göynətmə belə,

                     Qövr edən yaramı tərpərtmə belə,

                     Ağlayıb buludu kövrəltmə belə,

                     Ağla, sən Allah, ağlama, gözəl.

 

                     Təzə çiçək kimi erkən yaşında,

                     Donmusan həsrətin soyuq qışında,

                     Elə qəmli- qəmli məzar başında

                     Ağlama, sən Allah, ağlama, gözəl.

 

                     O şux qamətini bükmə belə sən,

                     Didib könülləri sökmə belə sən,

                     Gözünün yaşını tökmə belə sən,

                     Ağlama, sən Allah, ağlama, gözəl.

 

                     Ürəyin qanayır, gözlərin daşır,

                     Ümid aza- aza sədləri aşır,

                     Bəndələr də çaşır, Allah da çaşır,

                     Ağlama, sən Allah, ağlama, gözəl.

 

Bu da Xalidənin İsmayıllı dağlarının qoynunda uyuyan,  üç ciyərparasının atası  Nizamiyə ünvanladığı ürək sözləridir.

... Bircə bileydin, sənsiz necə çətindi, ürəyimə şaxta, boran, qar ələndi, sən gedəli ovundurmur heç nə məni, nə yayın istisi,  nə təbiətin gözəlliyi isindirmir qəlbimi. Qanadı qırılmış yaralı quşam, elə çətindi gəzəm, ayaq üstə dolaşam. Gecələr qor dolur,  bumbuz olur yatağım,  göz yaşımla islanır yanaqlarım.

Sənli günlərimin nurlu xatirələri dolanır, dayanır göz önündə, heyif , heyif ki, qayıtmaz bir daha, qalıb ömrün o üzündə. Söylə, yadındamı ilk görüş yeri, unutmaq olarmı sənli günləri. Necə də xoşbəxtdim bir zaman Allah, yerlər də, göylər də mənimdi Alllah, xoşbəxtlərin xoşbəxti idim dünyada, bir əlçatmaz dünyam vardı dünyada.

Əllərim əllərinə, gözlərim gözlərinə həsrət qalıb, gülüşüm dodağımda, təbəssümüm üzümdə donub qalıb. Ömrümüzün axı bahar çağıydı, üç gül üzlü balamız bar-bəhrəli bağıydı, sən o bağın bağbanı, arxamız, vüqarlı bir dağ idin, indi bəs o bağ hanı?!

Evdə ruhun dolanır, şəklindən boylanır; görürsənmi Aynurən necə böyük qız olub, Zaur da yaşa dolub, sən görəndə bu Aysu bapbalaca qız idi, bir şirin dil naz idi, dillərindən düşmür adın, indi dönüb and yerinə sənin ulu Şəhid adın.

Son günündə harayına yetmədim, bir gül olub qəbrin üstə bitmədim, sənə vəfasızmı deyim, yox, yox, lal olar dilim, sən könül bağçamın ötən bülbülü, mənsə çiçək açmış bir novruzgülü... Arzu dünyam viran oldu, könül bağçam talan oldu, için-için yanan şamam, sənsizliyə alışamam, ay ötüb il keçsə də, saç ağarıb, əl əssə də, dilimdə adın bitəcək, arzuların göyərəcək, nəvələr də boy atacaq, arzu, istəyə çatacaq, baxıb otuz beş yaşlı şəklinə, fəxrlə alacaqlar əlinə, üz-gözündən öpəcəklər, sonra dönüb deyəcəklər: - bizim, gənc, gözəl babamız, hər vaxt cavan qalanımız, örnəkdir bizə həyatın, müqəddəsdir Şəhid adın!

 

 

                       ATAMIN QANIN ALACAĞAM

 

“ Allah yolunda  savaşın sizinlə savaşanlarla. Təcavüzkarları sevməz Allah. Harda yaxalasanız, öldürün onları, sizi çıxardıqları yerdən siz də çıxardın onları. Sizə təcavüz eləyənə sizə təcavuz elədiyi sayaq təcavüz eləyin.”

 

                                                        Qurani-Kərim , Bərəqə surəsi, 190-194.

 

 

1 iyul 1993-cü il. Bu gün leytenant Nürəddin Sadıqovun 40 yaşı tamam olur. Bir il on dörd gündür ki, Nürəddin doğma və əzizlərindən  cismən ayrıdır. Onsuz qeyd edirlər ad gününü. Atası Oruc kişi, ailəsi, qardaş- bacıları, iş yoldaşları, cəbhə və uşaqlıq dostları, müəllimləri və qonşuları toplaşıblar bu günkü məclisinə, acılı-şirinli xatirələrini söyləyirlər. Atasının polis furaşkasını başına geymiş 6 yaşlı balaca Rəşadın söylədiyi bu şer hamını kövrəldir.

 

                                         Ata, gəlib ad gününə

                                         Sənin iş yoldaşların.

                                         Qırx yaşını qeyd edir,

                                         Dostların, tanışların.

 

                                         Hamı səndən danışır,

                                         Hünərindən söz açır.

                                         Atalar yaxşı deyib,

                                         “ İgid ölür, adı qalır”.

                 

                                         Vətənə qurban verdin,

                                         Ata, sən öz canını.

                                         Vətəndə əzizləyər,

                                         Sənin Şəhid adını.

                                         Böyüyüb polis olacam,

                                         Atamın qanın alacam.

                                         Vətənimə kəm baxanın,

                                         Gözlərini oyacam.

 

3 sentyabr 1993-cü il, Tovuz rayonu, Alakol kəndi. Dağlar qoynunda yerləşən bu kənddə böyük qələbəlik var. Respublika Nazirlər Kabinetinin 13 iyul 1993-cü il tarixli 386 saylı qərarı ilə Alakol orta məktəbinə polis leytenantı Nürəddin Sadıqovun adı verilmişdir. Bu münasibətlə keçirilən toplantıda Tovuz rayon sovetinin sədri Laçın İsmayılova, Mingəçevir şəhər icra hakimiyyətinin başçısının müavini Bayram Mustafayev, Tovuz və Mingəçevir polisinin rəhbərləri çıxış edirlər. Şəhid Nürəddin Sadıqovun dəfn olunduğu kənd qəbristanlığından başlayan tədbir məktəbin qarşısında yekunlaşır. Çıxış edənlər Şəhid polisin şərəfli  ömür yolundan danışır, xatirələr söyləyirlər. 8 yaşlı Aliyənin dediyi şer hamını Şəhid adının ucalığı qarşısında baş əyməyə, düşünməyə çağırır.

 

                  Sən  Vətən yolunda Şəhid olmusan,

                  Ellər hünərindən söz açır, ata.

                  Sən cəsur bir polis, əsgər olmusan,

                  Şöhrətin yayılıb hər yana, ata.

 

                  Qanın çilənibdi ana torpağa,

                  Ruhun lalə kimi göyərib bitər.

                  Getdiyin yollara baxdıqca, ata,

                  Gözümün işığı azalar, itər.

 

                  Qəbrinə baxıram , qəlbim odlanır,

                  Sən niyə bu qədər dinməz olubsan?

                  Ürəyim hər zaman səni düşünür,

                  De niyə geriyə dönməz olubsan?!

 

                  Sən ana yurdumun pərvanəsi tək,

                  Alovun içindən keçmisən, ata.

                  Adınla döyünür sinəmdə ürək,

                  Qəlbimə əbədi köçmüsən, ata.

 

Nürəddinin Az.DRES qəsəbəsindəki Təbriz küçəsində yerləşən üçotaqlı evindəyik. Oğlu Rəşadla birlikdə Nürəddinsiz Nürəddinin xatirəsinə həsr olunmuş tədbirlərin video kasetlərinə baxırıq. Çıxışlara, haqqında deyilən sözlərə  qulaq asırıq.İnanmaq olmur boy-buxunlu, yaraşıqlı, sifətindən, görkəmindən mərdlik, mərdanəlik  yağan  gənc bir insanın yoxluğuna. Evdə isə hər şey onu xatirladır. Böyüdülüb çərçivəyə asınmış qara lentli foto şəkil də, yanaşı qoyulmuş polis furaşkası da,  ən başlıcası isə bu evdəki qəmli sükut, ürəklərdə  bitmiş, gözlərdə, təbəssümlərdə donub qalmış kədər, qüssə bu təmiz, səliqəli evdə ər, ata yoxluğundan xəbər verir.

Kifayət müəllimə Nürəddinlə bağlı hər qəzet, kağız parçasını, şəkilləri səliqə ilə yığıb saxlayır. Ancaq ona da təəssuf edir ki, iki dəfə jurnalist həmkarlarım Nürəddin haqqında yazı hazırlamaq məqsədilə bu evdən xeyli fotoşəkil, məktub və digər materialları özlərilə götürüb aparmış, sonra isə sorqasız itirilmişdir. Şəhid adı ilə bağlı qalan ən kiçik nişanə belə onun ailəsi, övladları üçün əzizdir, hansısa bir günün, hadisənin, xatirənin canlı şahididir, ona görə də hamımız qədirbilən olmalıyıq.

İyrənc qonşularımızın əsrlər boyu Azərbaycan türklərinin  tarixi dədə-baba yurdlarında kök atıb, artıb, çoxalıb, sonra da torpaq iddiası ilə  öz ölkəmizdə özümüzə qarşı  silahlı müharibəyə başlaması  bütün qeyrətli  vətən övladları kimi gənc polis leytenantı Nürəddin Sadıqovu da qəzəbləndirir, rahat buraxmırdı. 1988-ci ildə Xankənddə ermənilərin “ miatsum”  çağırışları ilə ilk mitinqləri başlananda oraya göndərilən milis dəstələrinin tərkibində Nürəddin də vardı. Qayıdanda danışırmış ki,  ermənilər öz pulumuzla  on qat artığına da bizə çörək satmırdı. Bu mənfur millətin  o vaxtlar son aqibəti  bəlli olmayan həyasızlığı, Azərbaycan xalqının və dövlətinin  namərd düşmən qarşısında hazırlıqsızlığı, təhlükə və faciələrin miqyasını görə bilməməsi Nürəddini getdikcə daha çox  narahat edirdi.

Dəfələrlə Şuşada, Tərtərdə, Ağdərədə olmuşdu, düşmənlə üz-üzə gəlmişdi, kin və nifrətini sərrast atəşləri ilə çatdırmışdı. Daxili İşlər Nazirini, şöbə reisinin təşəkkürlərini, mükafatlarını, Fəxri Fərmanlarını almışdı, “Daxili İşlər Orqanlarında Qüsursuz Xidmətlərinə Görə” medalı ilə təltif olunmuşdu.

1990-cı ilin dekabr ayı idi. Bir ay idi ki,  Nürəddin Mingəçevir polisinin bir qrup əməkdaşı ilə birlikdə Ermənistanla həmsərhəd rayonumuz olan Zəngilanin ən ucqar dağ kəndi Seyidlərdə postda dayanıb. Qonşu respublikanın Qafan şəhəri əl içi kimi görünür. Səhərə yaxın sayıq polis işçisi dünəndən bir an da olsa diqqətini yayındırmadığı meşəlikdən  sövq-təbii hissilə düşmənin yaxınlaşdığını görür, tez döyüş yoldaşlarını xəbərdar edib, yerlərini dəyişirlər, əlverişli mövqe tuturlar. Bir azdan bayaq durduqları səmtə yaxınlaşıb əl qumbarasını tullamaq istəyən erməni kəşfiyyatçısının qolu havada asılı qalır, avtomat atəşinin açılması ilə vəhşi bağırtısı üst-üstə düşür. Üç erməni silahlısı isə əsir götürülür. Yoldaşları Nürəddini öpür, təbrik edirlər. Təhlükə sovuşmuşdur. Əsir ermənilərin sonra verdiyi çox qiymətli məlumatlar düşmənin növbəti planlarını da pozmuşdu. Azərbaycanın sərhəd qapısında yerləşən Seyidlər camaatı Nürəddin Sadıqovun igidliyi barədə, Daxili İşlər Nazirliyinə, polis şöbəsinə və şəhər qəzetinə minnətdarlıq məktubu göndərmişdilər. Gənc leytenant nazirlik tərəfindən xüsusi olaraq bu əməliyyata görə mükafatlandırılmışdı.

Şəhid qardaşımızın ömür-gün yoldaşı Kifayət müəllimənin dediklərini diktafonun yaddaşından kağıza köçürürəm.

... Mən də 17 martda anadan olmuşam, elə toyumuz da 1984-cü ilin 17 martında olub. Rəşadında ad günü 17 martdır. Biz əslən qədim Göyçə mahalımızın Çil kəndindənik, orda yaşamışıq. Nürəddingil də hər yay bizim kəndə dağa köçərdilər. Atası tərəfdən bizə qohumdurlar. Ona görə həmişə qonşuluğumuza düşərdilər. Ailələrimizin mehriban ünsiyyəti vardı. Biz də bir-birimizi uşaqlıqdan tanıyırdıq. Boyum çıxandan anası Zöhrə xala həmişə  saçımı sığallayıb mənə “ gəlinim” deyərdi. İkimizin də ağlımıza, ürəyimizə o vaxtdan girmişdi. Mən orta məktəbi qurtaran kimi Bakıda Poltexnik İnstitutuna girdim, avtomatika və informatika fakultəsinə, Nürəddin də əsgərliyi bitirib Mingəçevir Poltexnik Texnikumuna girmişdi. Salman dayısıgildə qalırdı, onlar Nürəddinin əziyyətini çox çəkiblər. Beş il nişanlı qaldıq. İnstitutu qurtaran kimi toyumuz oldu. Sabir küçəsində bir otaqlı evi vardı.

Aliyənin adını özü qoydu. Bakıdakı 132 nömrəli məktəbin direktoru Aliyə Təhmasib o vaxtlar televizorda tez-tez çıxış edirdi. Deputat idi. Bir qadın kimi davranışı, danışığına görə ondan xoşu gəlirdi. Adını da qoydu ki, qızımız da böyüsün, xalq üçün, Vətən üçün belə gərəkli xanımlardan olsun.

Sonra Rəşad dünyaya gəldi. Nürəddin də qiyabi milis məktəbini qurtardı. Sahə inspektoru keçmişdi. Növbə ilə bu üç otaqlı evi aldıq. Mən Az. DRES-də mühəndis işləyirəm, əvvəlcə 10, 12, indi isə 8 saylı məktəbdə informatika dərsi deyirəm. Şad-mehriban bir həyatımız vardı. Çox razı idim Nürəddindən. Ailəyə, evə, uşaqlara həmişə ürəkdən bağlı olub. Qoymayıb bir ehtiyacımız olsun. Hər gün yeri görünür,  hiss olunur Nürəddinin yoxluğunun.

 

                               Ay gedib batmaz, Allah,

                               Dərdlilər yatmaz, Allah.

                               Nürəddinə bir daha,

                               Əlimiz çatmaz, Allah.

 

                               Qarabağda talan var,

                               Zülfün üzə salan var.

                               Getmisən, di qayıt gəl,

                               Gözü yolda qalan var.

 

Dörd qardaş, dörd bacının böyüyü evin ilki olub Nürəddin. Atası zəhmətkeş, əməkçi insandı. Dülgərlik eləyirdi. Anası sağalmaz xəstəliyə tutulub həyatdan çox tez köçüb.  O da heç qırx yaşa çatmayıb Nürəddin kimi. İlk könül nübarının toyun  görmək arzusu gözündə, ürəyində qalıb. Vəsiyyət eləyib ki, Əli dayının qızı Kifayəti alarsınız Nürəddinə. Uşaqlıqdan qardaş- bacılarının qayğısını çəkib, atasına da kpməklik edib,  dülgərliyi də öyrənib. Yaxşı əl qabiliyyəti vardı, bu mənzilləri də özü təmir edirdi. Dərslərini yaxşı oxuyub, idmana, bir də tarixə daha çox meyil göstərib. Uşaqlıqdan arzusu milis olmaq idi. Sovxozda fəhlə,  Mingəçevir qaz idarəsində ocaqçı, çilingər işləyəndə də, əsgərlikdə, texnikumda oxuyanda da deyərmiş : - Mən milis olacağam.

1977-ci ildə Mingəçevir şəhər Daxili  İşlər Şöbəsi nəzdindəki mühafizə bölməsində işə girib, eyninə milis forması geydiyi gün sevincinin həddi-hüdudu yox imiş.

... Köhnə evdə qalırdıq. Balkondan gördüm gəlir. Əlində də beş-altı çinar çubuğu. Binanın qabağında sıra ilə yer qazdı. Yuxarı qonşulardan kimsə dedi ki, ay Nürəddin heç köksüz də agac bitər? Zarafatla cavab verdi ki, onu Nürəddin əkirsə, köksüz də bitəcək, hələ sənin mənzilinin üstünə kölgə də salacaq. Yaxın vaxtların söhbətidir, ordan keçirdim. Qonşular yığışmışdı başıma, ordan- burdan danışdıq. Sonra da qayıtdılar ki, Kifayət, bax Nürəddinin əkdiyi çinarlardır. Beşinci mərtəbəyə çatıb. Hər dəfə kölgəsində oturub yığışanda özünə rəhmət, balalarına sağlıq diləyirik Allahdan. Belə xeyirxah işləri çox idi Nürəddinin. Sazın-sözün vurğunu idi. Özü çala bilmirdi, amma mən uşaqlıqdan öyrənmişdim. Çalırdım, o qulaq asmaqdan doymurdu.

Bunu  da atası Oruc kişi danışır.Məktəbdə oxuyan vaxtları idi. Kitabda nə oxuyurdusa, birdən qayıtdı ki, dədə, qərib nə deməkdir? Başa  saldım ki, yerindən- yurdundan didərgin düşən, yatmağa, qalmağa  yeri olmayan insanlara qərib deyirlər. Üstdən bir xeyli vaxt ötmüşdü. Dedilər kəndə kəndirbaz gəlib. Meydanda oyun göstərəcəklər. Tutdum əlindən Nürəddini də apardım. Oyunun şirin yerində soruşdu ki, ata indi bunlar qəribdirlər, eləmi ? Fikirləşdim, dedim – hə, bala. Dedi : -Noolar, bunları aparaq gecə bizdə qalsınlar, çörək yeyib yatsınlar, səhər gedərlər. Elə də elədim. Sevinirdi. Uşaqlıqdan belə incə qəlbi vardı Nürəddinin.

Bu da Oruc kişinin övladalarına yazdığı xatirə dəftərindəndir.

... Halalım Zöhrəni  vaxtsız itirən gündən  ən böyük təsəllim, dayağım, köməkçim Nürəddin olub. Ata-oğul ürəyimizdən nə keçirdi bir-birimizlə bölüşürdük. Biz tərəflərdə şer yazmaq  da elə bir peşədir, dərddir, sözlə deyə bilməyəndə şerlə, sazla deyirik. Bir dəfə anasına yazdığım şerləri oxudum Nürəddinə, qoşulduq bir- birimizə ağladıq. Dedi: - Dədə, verən də Allahdı, alan da Allahdı. Çox üzmə özünü, uşaqlar körpədir, sən hələ çox lazım olacaqsan onlara. Toxdadım. İndi də, oğluma yazıram o şerləri, gözümdən yaş axa- axa, əllərim əsə-əsə.

 

                                        Sən idin ömür çırağım,

                                        Ay mənim, könül nübarım.

                                        Biləyimdə şah damarım,

                                        Heyif səndən, ay Nürəddin.

 

                                        Ayrılıqdan ölüm yeydi,

                                        Yoxluğun qəddimi əydi,

                                        O güllə mənə dəyəydi,

                                        Mən öləydim, ay Nürəddin.

 

                                        Qəbrinin üstə gedərəm,

                                        Gözümdən qan yaş süzərəm,

                                        Sənə qəmli söz düzərəm,

                                        Heyif sənə, ay Nürəddin.

       

                                        Balaların gözü yolda,

                                        Harda qaldın, söylə harda?

                                        Kifayəti qoydun darda,

                                        Heyif səndən,  ay Nürəddin.

 

                                        Düşmənləri qırıb biçdi,

                                        Yağı onunçun bir heçdi,

                                        El yolunda candan keçdi,

                                        Mənim oğlum, mənim oğlum.

 

                                        Tovuzda dünyaya gəldi,

                                        Səsi aləmə yüksəldi,

                                        Ağdamda döyüşə girdi,

                                        Mənim igid, ərən oğlum.

 

                                        Alakolun ilk  Şəhidi,

                                        Dağ vüqarlı bir ər idi,

                                        İndi elin and yeridi,

                                        Mənim oğlum, mənim oğlum.

 

Nürəddinli günlərin, xatirələrin sorağındayam.

Tovuz rayonundakı polis leytenantı Nürəddin Sadıqov adına Alakol orta məktəbin direktoru Əli Qasımov :

- Kəndimizin ilk şəhidi Nürəddin mənim istəkli şagirdlərimdən olub. Üstündən neçə illər ötsə də,  yadımdadır ki, onun tərbiyəsini, oxumağını, xüsusilə çox səliqəli, təmiz xəttini  həmişə başqalarına nümunə göstərərdim. Onun oxuyub bitirdiyi, şöhrətini ləyaqətlə qoruduğu, şərəfini ucaltdığı məktəbimizdə adının əbədiləşdirilməsini Nürəddinin şəhid  adı kimi öz halal qazancı sayıram. Mən bir ziyalı kimi Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində möhtərəm prezidentimiz Heydər Əliyev cənablarının ardıcıl səylərini yüksək qiymətləndirirəm. Bu məsələnin Azərbaycanın ərazi  bütövlüyü  prinsipini pozmamaq şərti ilə sona çatdırılmasını arzulayıram, inanıram ki, belə də olacaqdır.

Nürəddinin uşaqlıq və gənclik dostu Saləddin Əliyev:

- Təbiətən nə qədər sakit idisə də, daxilən də  tükənməz enerjisi vardı. Qeyrətli oğlan idi. Müharibə başlayandan xarakteri də dəyişmişdi. Hər görüşəndə deyirdi ki,  erməninin elə bir gücü yoxdur, sadəcə  biz çox zəifik. Ordu yoxdu, başsızlıqdı, kortəbii vuruşuruq. Son görüşümüzdə öyrəndim ki, cəbhədən təzə gəlib,  sabah yenə yola düşürlər. Mən Nürəddinin adını, uğrunda qurban getdiyi idealları həmişə qəlbimdə yaşadacağam.

  

                                   Torpaq nədi, verdin nədi,

                                   bircə qarış...

                                   Əsgər nədi, səngər nədi,

                                   geri nədi?!

                                   Vətən yoxsa, torpaq yoxsa,

                                   yaşamağın yeri nədi?!

                                   Ulu Tanrım,

                                   sən şərəfli ölümlərə,

                                   öyrət məni,

                                   Sonra, sonra

                                   Torpağımın sabahında,

                                   Öz qanımdan göyərt məni.

 

Əmisi oğlu Mübariz  Aslan oğlunun dediklərindən :

- İş  yerinə getdim. Dedilər cəbhə bölgəsinə gedib, amma bu gün qayıtmalıdı. Gedib evlərində gözlədim ki, rayona qayıdanda bir xəbər yetirim. Gəlib çıxdı. Üzünü tük basıb, toz- torpağın içində, elə birbaşa səngərdən çıxıb evə gəlir. Gördü bir təhər baxıram. Dedi: -Əmoğlu, bilirsən hardan gəlirəm? Bax, erməni ilə 15-20 metrlik məsafədə vuruşmuşam. Üç gündü yuxu,  isti yemək üzü görməmişəm.

Nürəddinin bir sözü heç vaxt yadımdan çıxmır: “  Vətəndən qırağa çıxdın xalqının, kənddən  qırağa çıxdın elinin, kənddə olanda nəslinin adını qoru”.

Nürəddin Vətənin, elinin, nəslinin adın ləyaqətlə qoruyurdu.

Bu da Nürəddinin sonbeşik bacısı  Pərinin bacıları adından yazıb göndərdiyi bayatılı, ağılı xatirə dəftərindən seçmələrdir.

 

                             Başıma qara bağlaram,

                             Sinəmə yara bağlaram,

                             Nə qədər ki, canım var,

                             Qardaş deyib, ağlaram.

 

                             Ocağım, közüm qardaş,

                             Dil açan sözüm qardaş,

                             Qanına boyanmısan,

                             Bəs necə dözüm, qardaş?

                                

                             Ağacda quş qalmadı,

                             Yamacda daş qalmadı,

                             Ağlayıram il boyu,

                             Gözümdə yaş qalmadı.

 

                             Yazım, baharım, qayıt,

                             Dövlətim, varım qayıt

                             Sənsiz dözə bilmirik,

                             Qayıt, Nürəddin, qayıt.

 

Qardaşım həmişə deyərdi ki, heç kimə xeyir vermədən yaşamaq yaşamaq deyil. İnsan gərək öləndən sonra da yaşaya bilə. Elə bil arzusu çin olub qardaşımın. Onun, taleyi, ömrü yarımçıq qalsa da, adı hər zaman, əbədiyyət qədər yaşayacaq. Bir vaxtlar o bizim təkcə qardaşımız idi, indi onun şəhid adı ilə Mingəçevir də, Tovuz da fəxr edir. Xalq yaxşıları həmişə yaşadır. Ölüm haqdır. Yaradan da Allahdır və Allahtala yaratdıqlarının ən yaxşılarını, qiymətlilərini sevib öz əbədi dərgahına aparır. Müqəddəs Quran kitabımızda yazılana mən ürəkdən inanıram; Torpaq, Vətən, Din  uğrunda canından keçənlər cənnətməkan olurlar. Yerin behişt olsun, bacılarını gözü yaşlı qoyub gedən qardaş.

Nürəddinin uşaqlıq, gənclik dostu Nizami Ələkbərovun xatirələrindən: - Nürəddin sinfimizdə hamıdan seçilirdi. Teymur müəllim həmişə deyirdi ki,  Sadıqov Vətənin də, bu kəndin də adını ucaldan oğlanlardan olacaq,  çalışın ona oxşayın, həm oxumaqda, həm təlim-tərbiyədə. Mingəçevirə gələndə həmişə iş yerinə gedib görüşürdük. Oturmuşduq, zəng oldu ki, 5 yaşında lal bir qız itib, səhər tezdən anası dəli kimi düşüb şəhəri axtarır. İki saata yaxın Nürəddinlə binaların arası ilə  uşağı axtarmağa çıxmışıq. Sahəsindəki bütün cavanları cəlb eləmişdi axtarışa. Gördük ki, bir qadın uşağın əlindən tutub bizə tərəf  gəlir,  uşaq bizi görən kimi başladı gözündən yaş axıtmağa, qorxub bizimlə getməyə. Nürəddinin gözü yaşardı. Maşın saxlatdı, qadından xahiş eləyib oturtdu maşına, qucağında da uşaq,  düz aparıb təhvil verdi anasına,  sonra da qadına minnətdarlıq eləyib maşınla qaytardı geri.

Onun tərbiyəsi ailəsindən, qanından gəlirdi.

Nürəddin haqqında yazı üzərində işləyərkən Rəşad bir xeyli məktubla yanıma gəldi. Müəllimi İsfəndiyar Rəhimov,  polis mayoru Nadir Məmmədov, məktəb yoldaşları, uşaqlıq, gənclik dostları Qətibə, Xanım, İbrahim, Çoban, Aydın, Vahid, Kəmaləddin, İlyas şirin xatirələrini, ürək sözlərini yazıb göndərmişdilər, hamısı da içdən gələn səmimiyyətlə, istəklə, şəhid adının ucalığına ehtiramla, Aliyə və Rəşada  xoşbəxt həyat arzuları ilə...

Ailənin ilk sevinci, nübarı Aliyə 9-cu sinifdə oxuyur. Bu il eksterni imtahan verib 11-ci sinfə keçmək istəyir, artıq 10-cunun da bütün prqramını öyrənib. Arzusu həkim olmaqdır. Dilinin əzbəridir Nürəddinin adı. Aliyənin uşaqlıqda, 8-9 yaşında atasının adı ilə dediyi sözləri var. Hələ də qohum-əqrəba, dost- tanış təkrar edir.

- Aliyə, birdən qapı açıldı, gördün atan gəlir neyniyərsən?

- Üzündən-gözündən öpərəm, sonra da ayağı altında ölərəm.

- Həkim olsan, atanı da yaralı sənin yanına gətirsələr neyniyərsən?

- Atamın yaralarını öpərəm, sonra da qanımın hamsını çəkib atama vuraram, atam da sağalar.

Aliyə Bakıda idi hadisə vaxtı. Dayıları özləri ilə gətirmişdilər. Soruşduqda, deyirmişlər yaralıdı. Yol boyu tələsdirirmiş ki, tez sürün, indi atamın gözü məni axtarır axı.

Elə qohum-əqrabada toy olmazdı ki, Aliyə ilə Rəşadı oynatmasın. Özü pul tökürdü başlarına. Tanış uşaqlardan çağırıb pul verirdi ki, apar sən uşaqların başına tök. İndi də getdiyimiz toyların hamısında birinci  gərək  Aliyə ilə Rəşad oynaya, yoxsa o qədər kövrək, nazik qəlblidilər ki, xüsusi diqqət, qayğı görməyəndə xətirlərinə dəyir. Çoxlu müğənnilərlə, tanınmış adamlarla da şəkilləri var. Nürəddin də elə idi. Çox həssas idi. Birimizin ad günün, bayramın hədiyyəsiz qoymazdı, biz onu yaddan çıxaranda görürdün özünə kitab, ya da nəsə alıb bizim adımızdan üstün yazıb özü-özünü təbrik edir. Beləcə dərs verirdi bizə. Anca indi heç bir gününü unutmuruq, ad günün, qara bayramların göz yaşlarımızla, qəbrinin üstə qoyduğumuz güllərimizlə təbrik edirik...

Kifayət müəllimədən soruşanda ki, iş yerində Nürəddinə ən yaxın kim olub, kim ilə ünsiyyəti tutub. Cavab verdi ki, Mingəçevirə gələndən ilk tanıdığı, oturub- durduğu Maislə Famil olub.

Mingəçevir şəhər mühafizə şöbəsinin vzvod komandiri, polis kapitanı Famil Mahmudov və polis nəfəri baş serjant Mais Quliyev sifarişimi alan kimi iş yerimə gəldilər. Onları gənclik çağlarına qaytarıb, Nürəddinlə bağlı xatirələrini vərəqlədik. Əvvəl Mais başladı:

- 1977-ci ildə  eyni vaxtda mühafizə bölməsinə işə girmişik. İlk vaxtdan sözümüz- söhbətimiz tutub. Sumqayıtda üç aylıq kursda bir otaqda qalırdıq. Onda Nürəddini lap yaxından tanıdım. Duz-çörək qədri bilən, dostu, dostluğu qiymətləndirən, yoldaş yolunda hər cür çətinliyə dözən, dara düşənə kömək əli uzadan oğlan idi. Qiyabi milis məktəbini oxudu, zabit rütbəsi aldı. Şöbədə əvvəl azyaşlıların işləri üzrə inspektor, sonra da sahə inspektoru oldu. Bazara da o baxırdı. Hələ də onun xeyirxahlığın, yaxşılığın, qayda-qanun sevməyin, insanlara qayğıkeş münasibətin unutmurlar.

Tovuza toyuna getmişdik, bir qrup iş yoldaşı yaxşı oynamışıq, yeyib- içmişik, saza-sözə qulaq asmışıq. Xaldana bizə qonaq gəlib. Bizim ailə də indi də hamı onun xətrini əziz tutur. Çörəkli, qonaq-qaralı ailədirlər. Dəfələrlə Alakola getmişik. Birinci dəfə həyətə girən kimi Oruc əmi toyuqlardan tutub  verib Nürəddinə, o da başın üzüb atıb bağçaya. Dedim bizdə belə kəsmirlər, gözləyirlər, qanı qurtarır, canı çıxır sonra, mən belə kəsilən toyuğu yeyə bilmərəm. Kişi qalxdı ki, ayrısın tuta, dedim zarafat eləyirəm. Yemək bişib stolun üstünə gəlir. Gördüm Oruc əmi altdan-altdan baxır ki, mən yeyəcəm, ya yox, əti çəkdim dişimə, bir “ bəh-bəh” elədim, - toyuğun əti belə lap ləzzətli olurmuş ki, ay Oruc əmi-dedim. Sonra hər gedəndə kişi zarafatla soruşurdu ki, kəsim, yoxsa özün gəlirsən?...

Kapitan Famil Mahmudov: - Dəfələrlə  bir yerdə döyüş bölgələrində, səngərdə olmuşuq, həmişə qabağa can atırdı, razı olmazdı özündən qabağa kimsə keçsin. Qeyrətli, vətənpərvər oğlan idi, heç axırıncı dəfə gedəndə onun növbəsi deyildi, təzə gəlmişdi. Rəis deyib ki, zabitlərdən qrup rəhbəri kimi könüllü kim getmək istəyir? Birinci  Nürəddin çıxıb qabağa... Heyif Nürəddindən, yeri aramızda həmişə görünür.

İstefada olan polis kapitanı Nadir Tağıyev bir gün yanıma gəldi. Özü ilə gətirdiyi  sənədlərlə məni tanış etdi, şəhid polislərin ailələri üçün gördüyü işlərdən danışdı. Son olaraq dedi ki, mən Ağdam rayonunun Abdal-Gülablı kəndində doğulub böyümüşəm. Mingəçevir polis şöbəsinin iki zabiti – baş leytenant Nizami Səmədov və leytenant Nürəddin Sadıqov mənim doğma ata-baba yurdumda  şəhid olmuşlar. Abdal Qasımın, Qurban Pirimovun, Aşıq Valehin, general Murtuz Quliyevin, Sara Qədimova, Səxavət Məmmədov kimi tanınmış adamların el- obasını yağı düşməndən qoruyarkən canlarını qurban vermişlər. Camaatımız bunu bilir və yüksək qiymətləndirir. Ən böyük əhdim, diləyim odur ki, müdrik prezidentimiz Heydər Əliyev cənablarının sülh siyasəti öz bəhrəsini versin, tezliklə torpaqlarımız azad edilsin, didərgin həmvətənlərimiz yer-yurdlarına qayıtsınlar. O zaman kəndimizin ən görkəmli yerində Mingəçevir polisinin iki cəngavər yetirməsinin xatirəsinə abidə ucaldılacaq. Bu barədə Ağdam rayon sovetinin müvafiq qərarı da qəbul edilmişdir. İnşAllah, o gün uzaq deyil. Nizami ilə Nürəddinin ailələri, övladları o kəndin, o elin hər zaman ən hörmətli, ən əziz qonaqları, fəxri sakinləri olacaqdır.

 

                                              Oğullar boy atırlar,

                                              Adın ucaltmaq üçün.

                                              İgidlər can verirlər,

                                              Yurdu yaşatmaq üçün.

 

Kifayət müəllimənin dediklərindən:

...Düzü Nürəddindən sonra əvvəl çox çətin oldu. Bir tərəfdən onun sağalmaz itkisi, uşaqlar balaca, hər dəfə özümü cəmləyib, qəddimi dikəldəndə təklik gəlib dururdu gözümün qabağında.Nürəddinin atası, qardaş- bacıları, hamısı Tovuzda, mənim bütün qohum - əqrabam, iki bacım, beş qardaşım Bakıda. Qırxında çox təkid elədilər ki, ev də almışıq, iş də var, uşaqların məktəbi də yaxında olacaq, gəl köçək gedək. Ürəyim gəlmədi, Nürəddinin nəfəsi, ruhu, hənirtisi,  əlinin izi qalan evdən çıxmağa. Dedim, qoyun bir düşünüm. Çox çətinliyim olsa onda siz deyəndi. Amma vaxt ötdükcə çıxırdım çölə, qohum-qonşu ürəkdən gələn hörmətdən, istəkdən dindirir, hər addım da , hər söz də baxıram ki, mənim halıma ürəkdən yanırlar. Dərdimi, qayğımı azaltmaq istəyirlər. Ustdən doqquz il ötüb, yenə  işdə - Az. DRES-də  Sarvan müəllim, Allahverdi müəllim kimi ağsaqqallardan başlamış hamı- uşaqlar necə oxuyur, Rəşad böyüyübmü, Aliyə nə vaxt qurtarır?- soruşurlar, maraqlanırlar. Hər dəfə Şəhidlər Xiyabanına gedəndə - orda  birinci sırada muzeylə üzbəüz Nürəddinin rəmzi qəbri var, 8, 10, 12  mömrəli məktəbin müəllimləri , 1 nömrəlinin direktoru Məhbubə müəllimə, Zoya xanım, Nürəddin həkim, bazardan Yaqub dayı, veteran Nadir əmi, polis yoldaşları gəlirlər, gül qoyurlar, rəhmət oxuyurlar, uşaqların başın sığallıyırlar.

Mingəçevir polis şöbəsinin bütün işçilərin işin Allah avand eləsin. Hər ay öz məvaciblərindən yüz əlli min manat nəğd pul verirlər. Polis rəisi Aqil müəllim neçə dəfə özü zəng eləyib. Işçilərinə tapşırıb ki,  nəsə probleminiz olar, birdən çəkinərsiz deməyə. Rəşadı hər dəfə görəndə boynun qucaqlayıb öpür. Hər bayramda, ad günlərində uşaqların payın, hədiyyəsin göndərir. O biri şəhid ailələrinə də bizim kimi. Allah o birinin də bağlı qapısın açsın, bizə çox yaxşılığı keçib, şöbənin qarşısındakı abidələri də o qoydurdu, bütün şəhər yığışmışdı açılışına. Rəşad da çıxış elədi, şer dedi. 1994- cü ildə Rəşadın kiçik toy məclisində şəhər İcra aparatının, polis şöbəsinin bütün kollektivi ürəkdən iştirak elədi. Hər yadıma düşəndə bilmirəm razılığımı necə bildirim.

Az.DRES-də şəhid ailələrinə yardım cəmiyyəti yaratmaq istəyirdik. Məni də seçdilər ora. Qeydə alınmaq üçün İcra hakimiyyətinə getdik.Məhəbbət müəllim məni görən kimi ayağa qalxdı. Elə hörmətlə qarşıladı ki. Telman müəllimə, Dərgah müəllimə tanışlıq verdi;  bu şəhid ailələrindən hansının nə vaxt, nə işi olsa, müraciətlərinə dərhal baxın, köməklik göstərin. O vaxt Nürəddin rəhmətə gedəndə də Məhəbbət müəllim şəhər meclisinin sədri işləyirdi, özü gəldi, başsağlığı, təsəlli verdi. Allah dayağı olsun. Onu demək istəyirəm ki, bu diqqət, bu ürəkdən gələn mehribanlıq məni də, uşaqları da bu şəhərə bağladı. Mingəçevir camaatı həqiqətən xətir- hörmətli, hər kəsin yerin bilən, layiq olduğu  qiyməti verən adamlardır.

Rəşad böyüdükcə atasına daha çox oxşayır. Müəllimləri də tərifləyir, həm tərbiyəsin, həm oxumağın. Arzusun da uşaqlıqdan özü seçib ki, polis olacağam. Nürəddin təzə rəhmətə getmişdi. Rəşadın dayısı Sabir Abbasov onda Tərtərdə batalyon komandiri idi. Bir dəfə Rəşadı da özü ilə apardı Ağdamın kəndlərinə, Tərtərə, atası döyüşən yerləri, ermənilərin postun, bizim səngərləri göstərib, durbinlə baxıb. Rəşad qayıdanda deyirdi ki, qoy böyüyüm, atamın qanını o alçaqlardan onsuz da alacağam. Yerlərin bilirəm hardadırlar.

Rəşadla söhbət etdikcə onun ağlına, dərrakəsinə dah yaxından  bələd oluram. Bikefliyinin səbəbini də öyrənirəm; Nürəddinin əmisioğlu, “Respublika” qəzetinin bu günlərdə həyatdan vaxtsız getmiş müxbiri, istedadlı jurnalist Məmmədəli Həsən  bu ailənin istəklisi olub. Dəfələrlə Nürəddin haqqında  qəzetlərdə yazı verib. Tez- tez gəlib onlardan hal-əhval tutarmış, bir məqaləni də Rəşadın adından yazıb: “ Niyə qayıtmadın, ata?” ... Həmin yazıdan bir parça:

“Neçənci dəfə idi ki, Nürəddin cəbhə xəttinə könüllü gedirdi. Avqustun 10-u da elə oldu. Həmin gün Ağdamın Gülablı kəndində olan polis işçilərini  Mingəçevir şəhər Daxili İşlər Şöbəsinin başqa əməkdaşları əvəz etməli idi. Cəbhə xəttindən təzəcə qayıtmağına baxmayaraq, N.Sadıqov yenə adını siyahıya yazdırıb, könüllü Ağdamın Gülablı kəndinə getmişdi. Avqustun 12-13-u günü Gülablı kəndi uğrunda silahlı atışmalar oldu. Düşmən çoxlu itki verərək geri oturduldu. Bu döyüşdə Nürəddin də, digər polislər də xüsusi fərqləndilər. Axşamüstü demək olar ki, taışma tamam dayandı. Səhəri gün tezdən Nürəddin səngərdəki yoldaşlarına bəzi tapşırıqlar verib, ərzaq gətirmək  və avqustun 12-13-ü günü Gülablı kəndi uğrunda gedən vuruşma haqda Mingəçevir şəhər polis şöbəsinə dəqiq məlumat vermək məqsədilə Ağdama yola düşməli idi. Səhər saat 7 tamam olardı. Nürəddin üç yoldaşı ilə onlara təhkim edilmiş  avtobusun yanına təzəcə çatmışdı ki, atəş başladı. Sən demə düşmən dünəndən bu fürsəti gözləyirmiş. Qəfil atılan raket mərmiləri üç mingəçevirlinin həyatına burada son qoydu.”

Son görüş, son gediş...Kifayət Nürəddini itirəcəyini sanki irəlicədən duymuşdu. Neçə gün idi ki, yuxusunu qarışdırırdı. Ona görə də axşamdan Nürəddinə nə qədər yalvardı ki, nə olar, bu dəfə getmə. Növbən çatanda gedərsən. Elə bil ürəyimə necə damıb, Vallah. Məni başa düş, qorxuram başına bir iş gələr, sonra iki uşaqla neylərəm?! – Qorxma Kifayət, heç nə olmaz. Bir də ora gedən tək mən deyiləm ki!

Səhər qapıdan çıxanda gülümsünə-gülümsünə  uşaqların, Bakıdan onlara qonaq gəlmiş bacısı Zeynəbin, Pərinin üz-gözündən öpür. Kifayət əlində dolu su qabı həmişəki kimi balkonda dalınca su atmaq üçün onu gözləyir. Baxır ki, Nürəddin yenə qayıdıb evə, diqqətlə otaqlara baxır. Hamı ilə təzədən bir də görüşür, uşaqları öpür, başındakı təzə furaşkasını çıxarıb qoyur tələvizorun üstünə, Rəşadın başın sığallayır, gözün-gözünə zilləyir: - Rəşad, evin kişisi sənsən-dillənir, doluxsunur, dinməz- söyləməz – “Salamat qalın”- deyib, qapıdan çıxır.

O gecə Kifayətin yuxusu elə bil ərşə çəkilmişdi, ha çalışırdı yata bilmirdi, gözünü yuman kimi Nürəddin gəlib dururdu gözünün qabağında. Səhəri dirigözlü açır. Fikirləşir ki, yəqin Nürəddin bugün mütləq gələcək. Yenə qonşular onlara yığışacaqlar. Ən çox sevdiyi yemək plov idi. Ona görə də, tədarük görməyə başlayır, plovu dəmə qoyur.

- Ancaq vurnuxa – vurnuxa qalmışdım, heç özümə gələ bilmirdim, içəri girib çölə çıxırdım, axır qonşumuz Həcər də dilləndi ki, sənə nə olub bugün, elə səhərdən girib- çıxırsan, işin yoxdu sənin?

Özümə yer tapa bilmirdim. “02”-ni yığdım. Heç bilmədim kim idi, nə soruşdum, nə dedi...  Gördüm Salman dayı qəddi əyilmiş, gözləri yaşarmış, səsi əsə-əsə  içəri girdi. Özümü atdım qabağına, qaçdım, pəncərədən çölə baxdım, gördüm insan seli bizə tərəf axır, əllərdə, başları üstə gətirirdilər Nürəddini, daha özü gələ bilməyəcəkdi  öz evinə heç zaman, son gəlişi idi...

 

                                Dünyadanvədəsizköçübgedənim,
                                Ömrün bahar çağı hara getdin, sən?

                                Arxanca həsrətim boylanır mənim,

                                Ömrün bahar çağı hara getdin , sən?

 

                                Kədər çiçək açıb gözlərimizdə,

                                Səndən söhbət açır cığır da, iz də.

                                Bir nisgil yaşayır baxışda, gözdə,

                                Ömrün bahar çağı hara getdin, sən?

 

                                Aliyən, Rəşadın ovunmur hələ,

                                Ağrılı kəlmələr yatmayır dilə.

                                Sənsiz ömrüm-günüm gəlməyir ələ,

                                Ömrün bahar çağı hara getdin, sən?

 

Şəhid Nürəddinin adının işığında onun doğmaları, ciyərparaları ilə birlikdə keçən bir neçə saatlıq vaxt sona çatır. Mənim üçün artıq  doğmalaşmış bu ailə ilə artıq sağollaşıram. Gələndə Rəşad qarşılamışdı məni. O da, yola salır. Ayrılanda atasının bu evdə son gedişdə dediyi  axırınıc sözlər fikrimdən keçir: -“Rəşad, evin kişisi sənsən”... Sonra da səkkiz il əvvəl  videolentin yaddaşına yazılmış altı yaşlı Rəşadın söylədiyi şerin son misraları dilimə gəlir:

 

                               Mən polis olacam,

                               Atamın qanın alacam! 

 

                              -Eləmi?!

                              -Sözüm sözdü:

 

                               Mən polis olacağam,

                               Atamın qanın alacağam!!!

 

 

                  ADINLA FƏXR EDİRİK, ATA!

 

                                                         Torpaq Şəhid qanı ilə suvarılmasa,

                                                         Azadlıq ağacı bar verməz.

 

                                                         Şeyx Məhəmməd Xiyabani

 

 

1949-cu ildə uzaq Moldovadan bir qrup gənclə birlikdə Mingəçevir tikintisinə gələn könüllülərdən olan Artina Dionisevna Kojuxar burada onu gözləyən taledən xəbərsiz idi. Bir müddət Su Elektrik Stansiyasının inşasında işlədi. Bu nəhəng, qaynar tikinti meydanında keçmiş Sovetlər Birliyinin ən ucqar guşələrindən bütün millətlərin nümayəndələrini görmək mümkün idi. Yox yerdən gözəl, yeni bir yaşayış məskəni salınırdı, qayıdıb gedəndə olurdu,  taleyini əbədi olaraq Dəli Kür sahilindəki bu şəhərə başlayanlar da.

...Artıq iş yerimi dəyişmişdim. Ü.Hacıbəyov adına musiqi məktəbi əvvəl uşaq mağazası idi- “Detmir”, orada satıcı işləyirdim.Tək yaşayırdım. Kərim bir gün yanıma gəldi, dedi ki,  Yevlaxda həyat yoldaşımdan ayrılmışam, oğlumu götürüb gəlmişəm bura, mənimlə qalırdı, saxlaya bilmədim, ona görə anamgil gəlib Naxçıvana aparıblar, yarı canım orda qalıb, əgər razı olsaydın... Məqsədini başa düşdüm. Etiraz etmədim. Dedim gətir. Kərim o vaxt məhkəmə icraçısı işləyirdi. Yaxşı xətir hörməti var idi. Üstündən 3-4 gün ötmüşdü. Gördüm gəlir, yanında da 3-4 yaşında uşaq, üzündən öpdüm, başını sığalladım, dedim:- Anar Səlimgilə- bu gəlnimin atası ilə elə o vaxtdan yaxşı dost idilər,- işdən çıxanda gəlib özüm götürərəm.Mağazadan bütün əyin- baş hər şey alıb apardım Səlimgilə. Mən içəri girən kimi, Səlimin həyat yoldaşı qalxdı ki, Vaqif bax anan gəldi. Kərimin Hacıyev 84-də bağlı-baxçalı həyət evi vardı, açarı mənə vermişdi. Gətirdim yuyundurdum, yedirdib qucağımda yatırdım. Hər şey belə başladı. Elə tez isinmişdik ki, bir- birimizə, mehriban bir ailə idik. Nə övladımın olmaması yadıma düşürdü, nə məni Moldovaya qaytarmağa çağıran ata-anamın, bacı-qardaşlarımın sifarişləri eynimə gəlirdi. Elə o vaxtdan familyamı da dəyişib Kərimin familyasını götürmüşdüm- Abdullayeva. Vaqif həmişə tərcümeyi-halın yazanda da ana kimi məni göstərirdi.

Bir Kərim var idi, bir də Vaqif, elə bağlanmışdım ki, Mingəçevirə, mənlə gələnlər hamısı qayıtdı getdi, mən qayıda bilmədim, onlar mənim dünyam idi, hər şeyim idi. Dərdsiz, qəmsiz bir ömür yaşayırdıq.

Evdə, qohum-qonşuda hamının “Katya xala” kimi tanıdığı, ömrünün 72- ci ilini yaşayan ağbirçək anaınn özünə doğma övlad bildiyi, əsl ana məhəbbəti ilə mehrülfət bağladığı Vaqif haqqında deyə, danışa bildiklər bu qədər oldu. Bayaqdan neçə kərə danışdıqca əlləri, dodaqları əsən, gözləri dolan Katya xalanın deyə bilmədiklərini Vaqifin səliqə ilə yazdığı xatirə dəftəri, ömür-gün yoldaşı Tamellanın göz bəbəyi kimi qoruyub saxladığı şəkilləri, sənədləri  dil açıb söyləyir.

Xatirə dəftərindən sətirlər: “ Mən 17 dekabr 1959- cu ildə Yevlax şəhərində anadan olmuşam.1964-cü  ildə Mingəçevirə köçmüşük. Üç il burada qaldıqdan sonra mən nənəmlə Naxçıvana gəldim. 1967-ci ildə Naxçıvan şəhərində 7  nömrəli məktəbə daxil oldum. Üç  il burada oxuduqdan sonra tale elə gətirdi ki, yenidən Mingəçevirə qayıtdıq və 1970-ci ildə 10 mömrəli məktəbə getdim. O vaxtdan düz yeddi il keçib. İndi mən onuncu sinifdə oxuyuram. Cəmi dörd aydan sonra orta məktəbi bitirəcəyik. Mənim arzum Kənd Təsərrüfatı İnstitutunu bitirib aqronom olmaqdır...”

Bu arzu onu Moldova paytaxtı Kişinyov şəhərinə gətirdi. Analığının doğmaları Vaqifi mehribanlıqla qarşılayırdılar. Vaqif Kənd Təsərrüfatı texnikumuna daxil olur, texnikumun komsomol təşkilat katibi seçilir.

Əsgərlik yaşı çatan kimi hərbi səfərbərliyə alınır. Taleyin işinə bax ki, Kişinyovdan onları birbaşa Bakıya gətirirlər. Valideynləri ilə tez-tez Bakıda görüşür. Karantini keçib, hərbi and içdikdən, altı aylıq xidmətdən sonra  Vaqif Türkmənistanın Nebit-Dağ şəhərində Sovet Silahlı qüvvələri sırasında hərbi xidmətini başa vurub. Bölük komandiri olub, nümunəvi xidmətinə görə təltif edilib, evlərinə təşəkkür məktubları gəlib. Qayıdıb Kişinyovda yarımçıq almış təhsilini  tamamlayır və 1982-ci ildə meyvəçilik sovxozuna aqronom kimi əmək fəaliyyətinə başlayır. Özünü bacarıqlı, əməksevər  gənc mütəxxəsis kimi göstərir. Həmin il göndərişlə Frunze adına Kişinyov Dövlət Universitetinə daxil olur. Ancaq doğma yurd, Vətən həsrəti, ailə ayrılığı Vaqifi çəkib Azərbaycana gətirir, qiyabi şöbəyə keçib Yevlax rayon kənd təsərrüfat idarəsində işə düzəlir.

- Ancaq çox işləmədi, bir neçə dəfə demişdi ki, məni elə saxtalığa, elə sənədləri imzalamağa məcbur edirlər ki, gərək hər an türməyə girməyi gözümün qabağına alam.O vaxtlar Azərbaycanda tufan eləyən “pripiska” Vaqifi Yevlaxdan da, qurtarmağa, diplom almağa bir il qalmış Moldova Universitetindən də bir yolluq apardı, -bunu da Katya xala dedi.

83-ün avqustunda Vaqif Mingəçevir şəhər Daxili İşlər Şöbəsinin 46 saylı hərbiləşdirilmiş yanğından mühafizə hissəsinə işə girir, həm də sürücülük məktəbini bitirir. 91-ci ildə isə Daxili İşlər Şöbəsində post-patrul xidməti rotasına milis nəfəri keçir. Bir ildə beş dəfə dalbadal mükafatlar, təşəkkürlər, starşina rütbəsi alır. Ən böyük arzusu isə yenə təhsilini davam elətdirmək olur. Oxumaq, ali təhsil almaq arzusu Vaqifi rahat qoymur. Kişinyov Universitetini yarımçıq qoyan Vaqif bu dəfə sənədlərini Azərbayvan Neft və Kimya İnstitutuna verir. 84-cü  ildə “istilik texnikası” fakultəsinin rus bölməsinin qiyabi şöbəsinə daxil olur. Milis şöbəsində işləyə-işləyə təhsilini davam etdirir. Vaqifin sənədləri arasında mühazirə dəftərləri, zaçot kitabçası durur. Yadigar qalan hər şey onun nizam-intizama, səliqə-sahmana sevgisindən soraq verir. Orta, orta ixtisas, ali təhsil boyu qiymətlərində ən çox  gözə görünən “yaxşı”dır.

İsmət Qayıbov küçəsi ev 4, mənzil 8. İlk gəlişimdə qapını üzümə Rəna açır, üzü gülər, sifətində təbəssümü, gülüşü gözlərində. 11 yaşlı Rənanın gülümsər baxışları, bir də Vaqifin böyüdülmüş portreti ilə bir neçə dəqiqə üz-üzə, göz-gözə qalıram. Əli Kərimin misraları keçir beynimdən...

                                  

                                         Tabutuma oğlanlarımı

                                         yaxın qoymayın,

                                         təbəssümlərini qoyarlar ora.

                                         Qoymayın onları həyətdən

                                         bir adam çıxa-

                                         oyunlarını, oyuncaqlarını

                                         Gətirib qoyarlar tabutuma..

 

Bu da evin balaca kişisi Şəhid atanın ilki Namiq.Bacısından iki yaş böyükdür. Ciddi görkəmindən, dərrakəli baxışlarından bilinir, ağıllı, kamallı olmağı. Utancaqdr, nə qədər söhbətə başlamaq istəyirəmsə, elə bil çəkinir, düşündüklərini, duyduqlarını açıb ağartmağa sıxılır. Hər ikisi evlərinin beş addımlığındakı 7 saylı məktəbdə oxuyurlar. Namiq 7-ci, Rəna 6-cı sinifdə. Yaxşı oxuyurlar. Hər ikisi humanitar fənnlərə maraq göstərir. Rəna rəssam olmaq arzusundadır, yaxşı əl qabiliyyəti var.

- Rəna, atan yadına düşür, boyu-buxunu, sifəti, danışığı..

- Bəli, uca, qara, qalın saçı vardı. Bizi həmişə qucağına alıb o divanın üstündə oynayardı, həmişə təzə oyuncaqlar alıb gətirərdi, bizi çox istəyirdi.

- Namiq, fəxr eləyirsən atanla?

- Bəli, ikimiz də. Atam Vətəni qoruyub Şəhid olub, başqaları kimi ölməyib...

Ata sözü, ata səsi, kişi nəfəsi, kişi zəhmi – bu  evdə çatışmayan yeganə budur. Xüsusən ötən il 63 yaşında həyatla əbədi vidalaşmış Kərim babadan sonra bu itki daha çox duyulmaqdadır.

Səlim Kərimov Vaqifin qaynatasıdır. Kərim kişi ilə uzun illər şəhər məhkəməsində bir yerdə işləyiblər, ailəvi get-gəlləri, ünsiyyətləri olub.

- Kərim zəhmətkeş adam idi. Yaşıllaşdırma üzrə briqadir işləyirdi son illər. Bu şəhərin yaşıllaşdırılmasında əməyi çox olub. Elə Vaqif də uşaqlıqdan bağ-bağata, əkinə, torpağa çox bağlıydı, ona görə aqronom olmaq həvəsinə düşmüşdü. Diribaş, qabiliyyətli oğlan idi. Siqaret nədi, içki nədi dadın bilməzdi. Çox razıydiım ondan. Ölüm xəbərin Bakıda eşitdim, tez qayıdıb gəldim. Tək nəvələrimin atası kimi yox, elə qeyrətli cavan kimi də, əziz dostumun yeganə övladı kimi də xətrin çox istəyirdim. Ruhu şad olsun.

Vaqif itkisinin ən böyük ağrı-acısını sinəsində daşıyan, yaşından artıq yaşa dolmuş, kədəri, qəmi, üz-gözünə hopmuş Tamella bacı deyir:

- Atalarımız dost olublar. Uşaqlıqdan bir birimizlə mehriban olmuşuq, yaxından tanımışıq, həmyaşıd idik.Böyüklərimizin məsləhəti, istəyinə qarşı heç birimiz getmədik. 83-ün 22 dekabrında toyumuz olub. İlk gündən valideynləri ilə bir evdə yaşamışıq, sözsüz-söhbətsiz, nə çətinliyimiz olubsa da, udmuşuq, özümüzdən başqa bilən, hiss eləyən olmayıb. Allah elə özü istədiyi kimi də övladlar verdi; birinci oğlan, sonra da qız. 87-nin 20 iyulunda Namiq, 89-un 7 iyulunda Rəna dünyaya gəlib. Vaqifin bir bacısı da olub, uşaqkən ölüb, özü bacısının adını qoydu. Deyirdi biri qardaşımdı, biri bacım. Bu divanın üstündə uşaq kimi oynayırdı onlarla, doymurdu, elə bil ki, bilirdi, ürəyinə dammışdı.

Öyrənirəm ki, Mingəçevir mühasiblər məktəbini bitirib. Əmanət bankında, indi isə Səhmdar Kommersiya Bankının 4 saylı filialında işləyir. Kollektivdə, sağ olsunlar, hamı xətrini əziz tutur. Mehriban, qayğıkeş münasibətlərini əsirgəmirlər.

- Şəhə polis şöbəsinin bütün əməkdaşları, rəhbərliyi də heç vaxt unutmurlar bizi, öz halal əmək haqqlarından hər ay uşaqların adına yüz əlli min manat pul verirlər. Bayramda gəlirlər, tədbirlərinə çağırırlar. Əgər bu diqqət,  hörmət-izzət olmasa, adam dözə bilməz, maddi kömək əsas şərt deyil, onsuz da keçinmək olar, camaat necə  biz də elə, bir qarnı ac, bir qarnı tox, əsas odur ki, hiss eliyəsən ki, Şəhid ailəsi olduğuna görə seçilirsən, bu münasibət ondan gəlir. Uşaqlar da  yaşları az olsa da bunu başa düşüb qiymətləndirirlər, ürəkləri dağa dönür, fəxr edirlər.

Bircə bu qaçqınlar o yerlərə, o torpaqlara qayıda bilsəydi, Vallah, Şəhid ruhları da dincələrdi, rahatlıq tapardı... Vaqif heç dözə bilmirdi, o murdar kafirlərin hücumları başlayandan fikri qalmışdı cəbhədə, hələ bir dəfə deməmişdi getmirəm, getmək istəmirəm cəbhəyə, özü qayıdıb gələndə də, narahatlığı keçib getmirdi, durub, oturub deyirdi görən bizimkilər-postda olan iş yoldaşları- neyniyir, bilirdi ki, hər dəqiqə ölümdü, qandı. Ağdamda, Şuşada, Əsgəranda neçə dəfə olmuşdu, ağır döyüşlərdən çıxmışdı, yoldaşlarından kimsə xahiş eləmişdi, onun əvəzinə getmişdi. Tələsik gəldi ki, gedirəm, hazırlıq gör. Hər dəfə on günlük gedirdilər. Orda yeməyə ayın-oyun hazırladım, özü getdi bazarlıq edib gətirdi, qaçdı işdə atasıgillə görüşdü, uşaqlardan heç ayrılmaq istəmirdi.

Rahatçılıq tapa bilmirdim o gedəndən. Dördüncü gün idi, məhlədə hay düşdü... Dünya-aləm başıma uçdu elə bil...

 

                            Şəhid ölmür dünyada-

                            Yaşıl yarpağa dönür,

                            Qara torpağa dönür,

                            Gül bitirir dünyada.

 

                            Şəhid ölmür dünyada –

                            Gəzir neçə el ,ölkə

                            Kol üstə bir gül bitibdi,

                            Şəhid ruhudu bəlkə?

 

                            Bir yaşl ağac olur

                            Şəhid ölmür dünyada.

                            Bitib yol qırağında

                            Təbəssümlə baxır da.

 

                            Dönür bir pərvanəyə,

                            Gəlir işığa, oda

                            Dönür o al şəfəqə

                            Dolanır dünyamızda.

 

                            Bir yaz leysanı olub

                            Nur kimi o ələnir.

                            Təmiz saf suya dönüb

                            Dünyamıza çilənir.

 

                            Başın qaldır, göyə bax,

                            Göydəki günəşdir, o.

                            Şəhid ölmür dünyada

                            Ulduz olur axırda!

 

Şəhid  Vaqifin ruhu dolaşan evdən çıxıb gedəndən bu yazını içimdən gələn bir yanğı ilə yazmağa başlamışam, artıq gecə yarıdan ötüb. Bilmirəm elə bu sətirləri yazdığım anda dilimə gələn misraları sənin adından vərəqə köçürsəm, ürəyindən gələnləri, dilinə gətirə bilmədiyin ağrı-acılarını azacıq da olsa ifadə edə bilərəm mi, Tamella bacı?!

 

                             Həyat şirin, dünya əziz

                             Xoşbəxt idik səninlə biz...

                             Dünyam sənsiz zülmət oldu

                             Ömür baxçam vaxtsız soldu.

 

                              Lənət sənə yağı düşmən

                              Aldın məndən Vaqifi sən.

                              Doğulmuşdu bizim üçün

                              Şəhid oldu Vətən üçün.

 

                              İyini Namiqdən allam,

                              Rənaya mehrimi sallam,

                              Cüt balana bu dünyada

                              Həm ata, həm ana ollam.

 

                              Balaların böyüyəcək,

                              Arzuların göyərəcək,

                              Vaxt olacaq nəvələrin

                              Məzarına gül düzəcək.

 

Şəhər işıqlandırma idarəsində növbətçi dispetçer işləyən Əhliman Yusifzadəgil Abdullayevlər ailəsi ilə 24 ilin qapıbir qonşusudurlar. Söhbət əsnasında Əhliman da yaxından tanıdığı ailə haqqında xoş sözlər deyir, Vaqifi xatırlayır, ürəyindən keçənləri danışır.

- Rəhmətlik mərdana oğul idi. Qonşuluqda xeyrə-şərə yarayan, ailəcanlı, böyük-kiçik yeri bilən idi. Zarafatcıl, deyib-gülən oğlandı, bir şeyi ki, dəqiq bilirdi belədi, fikrindən dönməzdi, çox prinsipial idi. Moldovada yaxşı təhsil görmüşdü, savadlı, məlumatlı cavandı. Çox böyük hörmətlə dəfn elədilər Şəhidlər xiyabanında. Allah  balalarına torpağı sanı uzun ömür versin, ikisi də tərbiyəli uşaqlardı, inşAllah, atalarının adın layiqincə yaşadacaqlar. Tamilla bacı çox əziyyət çəkir, xüsusən Kərim kişi rəhmətə gedəndən sonra, Allah  zəhmətin başacan eləsin. Namiqə, Rənaya, inşAllah, bir toy edəcəyik ki, hələ məktəbi qurtarsınlar, instituta girsinlər, yaxşı oxuyur, maşAllah , ikisi də...

Vaqifin onuncu sinfi bitirərkən yazdığı xatirə dəftəri ilə yenə baş-başayam. Dəftərdən seçmələr.

“İlk dəfədir yazıram dəftərimə bu bir neçə kəlməni, xatirə yazanlar dinləsin məni”, “Gənclik insana bir dəfə verilir. İnsan da bundan ağılla istifadə etməlidir, mənim xatirə yazmaqda məqsədim orta məktəb yoldaşlarımı yaddan çıxartmağımdı.”

Vaqif haqqında məktəb yoldaşlarının ürək sözləri.

“Mehriban qardaşım Vaqif! Mən səninlə altı ildi ki, bir sinifdə oxuyuram. Bu 6 il ərzində səni gülərüz, zarafatcıl bir oğlan kimi tanımışam”.  A.Gültəkin.

“Vaqif, Musa müəllimin bu sözləri heç vaxt yadımdan çıxmaz: -Vaqif, sən gül, hələ gül, mən də imtahanda güləcəm”... M.Sevil

 

                                  Həyat aləmidir hər şeydən üstün,

                                  Cavanlıq günüdür ən qiymətli gün.

                                  Həyatdan yaxşı şey dünyada nədir?

                                  Gənclikdən gözəl şey bir əfsanədir.

 

Vaqif mən səni şən, xoşxasiyyət bir oğlan kimi tanımışam. Bilirəm ki, sənin arzun aqronom olmaqdır, arzuna çatasan.

 

                                Sənin gələcəyin xoş bahar olsun,

                                Çiçəkli güllərin laləzar olsun!”      Ə.Məhluqə

 

Xatirə dəftəri sonra hərbi xidmətə aid qeydlərlə bitir, təyyarə, qatar şəkilləri ilə ömür yolunun “marşurutu” cızılır: Naxçıvan-Mingəçevir-Bakı-Suxumi- Kişinyov-Odessa-Bakı-Nebit-Dağ-Yevlax-Mingəçevir... Bircə ömrün son dayanacağı, duracaq nöqtəsi yazılmayıb: - Çıldıran...

Vaqifin iş yoldaşları - Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları ilə həmsöhbətəm.

Mayor Hidayət Abdullayev, sahə inspektoru - Vaqiflə yaş və rütbə fərqlərimizə baxmayaraq, yaxşı münasibətlərimiz vardı. Mən şəhərdə həm də “Dinamo” futbol cəmiyyətinin sədri müavini idim. Vaqif də ən yaxşı futbolçularımızdan idi. Yığma komandanın üzvü kimi şəhər və respublika birinciliklərində fəal iştirak edirdi. İlk tanışlığımız da, ilk ünsiyyıtimiz də o vaxtdan başlamışdı. Erməni quldurlarının torpaqlarımıza hücumu başlanandan həmişə ön cəbhədə olub. Biz də növbə ilə dəstə-dəstə postlara gedirdik. 92-ci ilin 11 noyabrda şöbəmizin bir qrup əməkdaşı Ağdərə rayonunun bizim əlimizdə olan sonuncu kəndi Çıldırana gəldik. Xanlar rayonundan olan polislərlə birlikdə postu təhvil aldıq. Bizdən qabaqda Milli Ordunun bir bölüyü durmuşdu, iki də tankları dayanmışdı irəlidə. Axşamçağı idi. Vaqiflə birlikdə bir neçə şübhəli görünən yaşayış evlərinə baxıb geri dönmüşdük. Bir az ötmüşdü, top, minamyot atəşi başladı. Qəfil atəşdən özünü itirən hərbiçilərdən bir hissəsi geri qaçmaq istəyəndə qabaqlarını kəsdik. Başa saldıq ki, görmürsünüz arxa açıqdı, ora çıxan kimi sizi qıracaqlar. Ancaq  irəli dağın döşünə qalxıb orda mövqe tutmaq lazımdı, dağın sinəsin düşmən mərmisi tutmur. Rafiq, Elman, İldırım, mən bir yandan, Elçingil o biri yandan dağa tərəf qaçdıq. Baxdıq ki, bizim hərbiçilər tanklarla birlikdə geri çəkilir.

Dedik: - nə olub, hara qayıdırsınız? Dedilər mərmi qurtarıb. Hamısı cavan, təcrübbəsiz uşaqlardı. Baxdıq ki, burada qalmağın xeyri yoxdu; əvvəl atəş qabaq tərəfdən açılırdısa, indi sağdan, soldan da başladılar üstümüzə mərmi yağdırmağa...

Serjant Elvin Qarayev dövlət yol polisidir, Əfqanıstan müharibəsinin od-alovundan çıxıb, SSRİ-nin dövlət ordeni və medalları ilə təltif olunub.

- Ermənilər hücuma başlamazdan qabaq qaldığımız otaqda Vaqiflə ikimiz yanaşı bir dəmir çarpayıda uzanıb söhbət edirdik. Evdən, uşaqlarından danışdı, dedi bircə bu müharibə qurtarsaydı, hamısını götürüb ailəlikcə aparacam bir istirahət eləyək. Müharibə başlayandan bir xoş gün görmürük. Bircə bu namərdlərin ağzın əməlli–başlı əzə bilsəydik... Sözün bitirmişdi ki, yer-göy lərzəyə gəldi. Baxdıq ki, yerimizi düz bilirlər, indi dağıdacaqlar evi, avtomatlarımızı götürüb əliyə-əliyə kəndin ortasında yüyürdük irəli, dağın sinəsinə, biçilmiş zəmi yeri ilə xeyli getdik, gördük hərbiçilər tank, PDM-lərlə çəkilirlər geri, daha qabaq boş qalıb, nə qədər dedik ki, gəlin biz də kömək edəcəyik hücuma keçək, yoxsa kəndə dolsaq, alçaqda qalacağıq, yuxarıdan erməni hamımızı vuracaq. Məftun Əhmədov, Vaqif, mən ən axırda qalmışıq. İlk gündən erməni tanklarına atəş açmağa başladıq. Üstümüzə elə bil od ələndi, düz üçümüzün ortasına bir mərmi düşdü, bircə onu bildim ki, gözümdən, beynimdən alov çıxdı, qaldırıb göyə çırpdı  məni yerə, qulağım tutulub, başım uğuldayır, gözümü bərk-bərk yumub başımı silkələdim, Əfqanıstanda da bir dəfə belə vəziyyətə düşmüşdüm, hiss elədim ki, huşum özümə gəldi, gücümü toplayıb ayağa durdum, iki-üç addım atmışdım ki, gördüm Məftun sol tərəfimdə uzanıb, yerində çabalayır, üz-gözü tamam toz-torpaq, sürünmək istəyir dizin-dizin, qayıtdım tutdum qolundan dikəltdim, dedim qorxma, səni tək qoymaram, ölsək də bir yerdə öləcəyik, bir əli boynumda, o biri əlimlə ortasından tutmuşam, var gücümlə sürüyürəm ki, yamacı tez o üzə aşa bilək, çünki oranı atəş tutmur. Mənim də qulaqlarım tutulub, ancaq görürəm ki, Məftunun ağzı tərpənir, nə isə demək istəyir. Sonra bildim ki, mərminin əsas zərbə gücü Vaqifi vurub, demək istəyirmiş ki, Vaqif qaldı, demə ən axırda bizdən sonra Vaqif gəlirmiş. Hərbiçilərin maşınında Ağdərə qospitalına gətirdilər bizi, yardım etdilər, səhəri eşitdim ki, rəis təzə qüvvə ilə girib Çıldırana, özü qabaqda hücüm edib, erməniləri yaxşıca qırıb töküblər, təzədən boşaldıb təhvil veriblər bizim əsgərlərə.

Öyrəndim ki, Vaqifi 15 noyabrda döyüş meydanından çıxaran hazırda Polis Akademiyasında təhsil alan şöbənin post-patrul xidmətinin polis nəfəri, baş serjant Sənani Məmmədov olmuşdur. Yevlax rayonunda doğulub böyümüş bu gənc o vaxtlar könüllü döyüşçü kimi Milli Ordu sıralarında vuruşmuşdu. Sənani ilə söhbətimiz müharibənin ayrı-ayrı cəbhələrində hər ikimizin canlı şahidi olduğumuz eyni məzmunlu, eyni formalı, eyni dəst-xətlə işlənib həyata keçirilmiş təxribatlar barədə oldu. Qənaətimiz burada üst-üstə düşdü ki, məğlubiyyətlərimizin, itkilərimizin səbəbi orduda vahid komandanlığın olmaması, hərbi əməliyyatlar, mövqelər barədə əvvəlcədən düşmənə səhih məlumatların ötürülməsi, ən başlıcası isə, xalq və dövlətdə müharibə əhval-ruhiyyəsinin hiss olunmamasıdır. Biz düşmənə döyüş meydanında deyil, siyasətdə uduzmuşuq. Sənani inandığını bildirdi ki, Azərbaycan Prezidenti Heydər Əliyev cənablarının mahir siyasəti diplomatiyası keçmişin səhvlərini aradan qaldıracaq, Qarabağ problemi sülh yolu ilə, xalqımızın xeyrinə həll ediləcəkdir.

Kapitan Nürəddin Musayev, post-patrul potasının komandiri: - Vaqifin xətrini çox istəyirdim. Həm özü yaxşı, mərifətli oğlan idi, həm də bir elliydik. O da, mən də əslən Naxçıvanlıyıq. Nə sözü, ürəyindən keçən fikri olsaydı mənə deyərdi. Qeyrəti yol vermirdi, yoxsa fikrindən  ailəsini, uşaqlarını da götürüb bir müddət Moldaviyaya qayıtmaq, kommersiya ilə məşğul olmaq keçirdi. Qorxu bilməzdi. Posta getmək vaxtı gələndə sırada elan olundu ki, kim könüllü getmək istəyir, çıxsın qabağa, hər dəfə birinci Vaqif çıxırdı. Çıldırana son dəfə gələndə postu bizdən təhvil aldılar. Gördüm Vaqif yenə gəlib, dedim axı sənin növbən çatmayıb, təzə getmişdin, qrupda adam da çoxdu, gəl qayıdaq bizimlə, Hidayət müəllim də, Mübariz müəllim də razılaşdı. Dedi, hara qayıdıram, uşaqları burda qoyub. Evdəkilərin dərdi olmasaydı, subay olsaydı, inandırıram sizi, heç cəbhədən geri çəkilməzdi, səngərdən çıxmazdı. Çox döyüşdə olmuşdu; Şuşada, Əsgəranda yaxşı vuruşmuşdu... Heyif Vaqifdən, onun ölümü mənim üçün ağır itkidi...

Əziz oxucum! Mingəçevir şəhər polis şöbəsinin rəisi, polkovnik Aqil Vəliyevin şöbənin şəhid əməkdaşları haqqında kitab yazmaq barədə xahişini qəbul eləyəndə birinci kimdən başlamağı düşündüm; yaşlarına baxdım-Nürəddin Sadıqov  39 yaş, Sabir Əhmədov 36 yaş, Nizami Səmədov 35 yaş, Vaqif Abdullayev 33 yaş, ən gənc şəhidimizin həm adı, həm soyadı əlifba sırası ilə birincidir, mənim də soyadım Abdullayevdir, evləri də iş yerimə, şöbəyə ən yaxındır, ona görə də birinci Vaqifdən başladım. Kitabda isə ardıcıllıq yəqin ki, rütbələrinə görə düzüləcəkdir.

Vaqif haqqında yazını burda tamamlamaq olardı. Həssaslığı, diqqəti kifayət qədər yetkin olmayan oxucu da Vaqifin ömür yoluna güzgü tutan bu yazının əyər-əskiyini görməyə bilərdi. Fəqət bura qədər yazdıqlarıma nöqtə qoyanda baxdım ki, o Ananı tapıb üzbəsurət olmasam nə özüm özümü, nə də Vaqifin ruhu bağişlamaz məni.

Tamella bacı demişdi ki, rəhmətə gedəndə eşidib gəlmişdi, bir şivən elədi, bir divan elədi ki, özünə yazıq arvad, sonra da arada bir gəlib uşaqları görüb qayıdır. Ancaq indi çoxdan gəlmir, bir dəfə də Vaqif sağ olanda bizi aparmışdı, gecə də qaldıq. Yevlaxdan çox aralıda, eləcə Binə deyirdilər, orda olurdu. Sonra eşitdim köçüblər ordan. Səlim dayı da bircə onu deyə bildi ki, indiki ərinin qohumları əvvəllər Yevlax bazarında ət kəsib satırdılar.

“Zaman” qəzetinin bölgə müxbiri, Laçın elimizin vüqarlı yetirmələrindən olan Polad Hüseynovla bərabər Yevlaxda bir ana sorağına çıxmışıq. 20 fevraldır. Bu gün mənim 42 yaşım tamam olur. Şəhid polislər haqqında oçerkləri tamamlamışam. Bircə Vaqifin anası ilə görüşmək qalıb. Axtarışımızı az qala yarımçıq saxlayıb geri qayıtmaq istəyəndə eşitdim ki, təzə bazarda( adı var, özü yoxdu) –qarovul otağında tək, qəca ər-arvad qalır, ərinmədik.

Budur, Şəhid Vaqifi dünyaya gətirən Ana-Leyla xala.

Mənəm, mən başı daşlıyam, mən qara baxtlıyam, Vaqifin anası.

 

                                      Əzizinəm hər aylar,

                                      Hər fəsillər, hər aylar,

                                      Ölən günümə kimi

                                      Dilim Vaqif haraylar.

 

                                      Durma gəl talan canım,

                                      Odlara yanan canım.

                                      Bala deyib yaş tökür

                                      Balasız qalan canım.

 

Nə deyim, nə danışım, cavan balası, bir tək ciyərparası gedən ana nə danışa bilər?! Vaqif Şəhid gedən gündən dilimdə bu bayatılardı, ağılardı bitən.

 

                                      Dərdim çoxdu, döz anam

                                      Ürəyi köz-köz anam,

                                      Qohum-qardaş dayansın,

                                      Qoy ağlasın öz anam.

 

Çıxıram bax o açığa, üz tuturam o dağlara, deyirəm:

 

                                      Mən aşıq qoşa dağlar

                                      Çatıb baş-başa dağlar,

                                      Sizdə oğul itirdim

                                      Dönəsiz daşa dağlar.

 

Qarğıyıram yağı düşməni gecə-gündüz, o kafırları yıxsa, mənim qarğışım yıxacaq, evləri başına uçacaq, inşAllah.

 

                                     Əzizim kimə qaldı,

                                     Ellər gör kimə qaldı,

                                     Düşmən , belin qırılsın

                                     Analar göz yaşlı qaldı.

 

Fikrim, zikrim Vaqifin cüt balalarının yanında qalıb, gecə-gündüz adları dilimdədi Namiqlə Rənanın, Allah gözü dolusu versin analarına.

 

                                    Mən öldüm, anam qaldı

                                    Oduma yanan qaldı.

                                    Baxtı qara tək anam

                                    İkicə balam qaldı.

 

Əvvəllər tez-tez gedirdim, nəvələrimi görürdüm,ordan gəlib dizin-dizin sürünürdüm, dolanırdım balamın qəbrinə. Qəbrinin torpağı bu de ürəyimin üstdədi,mənə nə pay-puşu olubsa, hamısını saxlayıram, açıram, iyin alıb qoyuram yerinə. Neçə dəfə dedi ki, gəl sənə Mingəçevirdə ev alım, köçürüm aparım, gözümün qabağında qal, razı olmadım. Bilirəm nə demək istəyirsən,  cavanlıq səhvimiz olub, məndə də, rəhmətlik atasında da, lənət şeytana, şeytan nətər girdisə aramıza, bizi nətər araladısa, bir də gördük ayrılmışıq ana-bala bir-birimizdən. Bir ağsaqqal, ağbirçəyimiz, başımıza ağıl qoyanımız olmadı vaxtında. Gec oldu hər şey. Amma mən Vaqifdən elə razıyam ki, həmişə gəlirdi anası ölmüşü yoxlayırdı, halından xəbərdar olub gedirdi. Gəlinimdən də razıyam, o cüt balasının üstündən əskik eləməsin Allah. Analığı da mən qarabaxtlıdan yaxşı baxib Vaqif. Mən ola bilmədim, o, ana olub Vaqifə, ömrün ona bağışlayıb, indi haqqının bəhrəsini görür, Vaqifin bir cüt balası ilə bir evdədi, öpür, bağrına basır...

Bizə də alqışlarından pay düşür Leyla xalanın.

- Gələn ayaqlarınız var olsun. Siz ki, məni ona ana bilib, Şəhid anası gözündə görüb, belə zəhmətlə gəlib məni burda tapmısınız. Bu yaşa gəlmişəm, əlində kağız-qələm məni Şəhid anası kimi dindirib danışdıran olmamışdı hələ. Nə qədər yanıb yaxılsam da, bir ondan təskinlik tapıram ki, balam el yolunda, Vətən yolunda qurban getdi, qeyrətinə qurban olum onun.

 

                                    Cavanların itkisi

                                                        Ürəkləri paralar,

                                                        Şəhid ölməz, Şəhidə

                                                        Yas tutmasın analar!

 

Namiqə, Rənaya  da ordan deyin ki, Leyla nənən Novruz bayramında gələcək. Kitabınız da çıxanda məni unutmayın, vəsiyyət eliyəcəm qoysunlar qəbrimə, sinəmin üstə, Vaqifin torpağından da səpsinlər gözümə...

Belə, əziz oxucu! Şəhid anası Leyla xalanın deyib-danışdıqlarından diktofonumuzun yaddaşına götürdüklərimiz bu qədər oldu, bir də çəkdiyimiz fotoşəkli... Bunu da ayrılanda Leyla xala dedi...

 

                                               Vətəndə

                                               İgid görək Vətəndə,

                                               Elin sözü bir olsa,

                                               Yağı qalmaz Vətəndə.

 

            

 

                     NƏ TEZ “ƏLVİDA” DEDİN...

 

                                                                               Ölüm sevinməsin qoy! Ömrünü vermir bada,

                                                                               El qədrini canından daha əziz bilənlər.      

                                                                               Şirin bir xatirə tək, qalacaqdır dünyada

                                                                               Sevərək yaşayanlar, sevilərək ölənlər!

                                                                                                                                              Səməd Vurğun.

 

Qanı axırdı. Köynəyini çıxarıb burmac qayırdı. Topuğundan bir qarış yuxarı bərk-bərk sıxdı. Tənha ağacın altında qazılmış bu səngər yaralı döyüşçünün yeganə ümid yeri idi.

Avtomatın bir darağı artıq boşalmışdı. Arxayınlaşmışdı ki, yoldaşları daha ölümdən uzaqdırlar. Düşmən gülləsi tutmaz onları. Qərarına peşiman deyildi. Bilirdi ki, bu səngərə girib düşmənin qabağını kəsməsəydi, kim bilir bu açıqlıqdan düşmən əlindən hansı salamat qurtara biləcəkdi. Bircə ona yanıb-yaxılırdı ki, niyə heç olmasa əlli-yüz nəfərlik bir nizami partizan dəstəsi yaradıb, məşq elətdirib, göndərmirlər bu tülkülərin üstünə. Nə vaxta qədər polislə könüllülər dəstəsi Milli Ordunu əvəz edəcəkdir? Düşmən hər dəfə  əvvəl üstümüzə top, minamyot, raket mərmisi yağdırır, ardınca tank, texnika ilə üstümüzə hücuma keçir, hər əsgərin də qədrini bilir... Eh, bizimki müharibə aparmaq deyil ki, nə siyasətdə döyüşə bilirik, nə də ki, savaş meydanında. Arada da gül kimi cavanlar tələf olub gedir. Hamısı da başsızlıqdan. Dünən qərargahda hərbiçilərin böyüyü şişman mayorla müharibəsi yenə də yadına düşdü. Başa salıb, inandıra bilmədi ki, dörd-beş nəfərlə üzbəüz görünən yüksəkliyin sinəsindəki düşmən postunu götürmək lazımdır. Nə qədər elədi ki, birinci mən gedirəm. Bütün cığırları da tanıyıram. Bu gecə biz oranı tutmasaq, sabah onlar bizi qırıb buranı da götürəcəklər. Çünki əl içi kimi görünürük ordan baxanda. Sonra Tap Qaraqoyunlu da qalacaq ayaq altda. Elə burdan topu qur, bir –bir canlı -cansız nə var vur. Axırı mayorda özündən çıxmışdı. Demişdi ki, cənab polis, sən deyəni mən də görürəm, bilirəm, ancaq məni başa düş, əmr var ki, hücum olmaz, yalnız müdafiə olunmalıyıq, mən özümdə əlimlə axırıma çıxım deyirsən?! Sabir heç nə deyə bilməmişdi, nə deyəsiydi ki, görünən dağa bələdçi nə lazım?!...

Qan isə dayanmaq bilmirdi. Artıq səngərin torpağı qırmızı rəngə bürünmüşdü. Bayaq isti-isti idi, ağrını  elə hiss eləməmişdi, indi yarası, sümükləri sızıldayırdı. Anası gözlərinin qabağına gəldi, ani olaraq beynindən keçdi ki, necə ağlayacaq onu, ürəyi sıxıldı, Naailəni düşündü, vəfasına, sədaqətinə, məhəbbətinə inandığı, güvəndiyi Nailəsini. Sahil və Talehdən də arxayın idi. Ağıllı balalardı, özlərinə yol tapacaqlar. Həyatda məndən artıq çətinliklərə düşməyəcəklər ki? Birdən yadına düşdü ki, bu alçaqlar onu əsir də götürə bilərlər, yox, bircə onu görməyəcəklər. Daraqdakı son güllələrdən birini götürüb ovcuna sıxdı,- bu mənimdi, özümündü. Ölümü gözlərinin qabağına gətirdi, necə də rahat məzardı, elə üstün torpaqlayan olsa, burda da yatmaq olar. Amma düşündü ki, qardaşları onu burda qoymaz, heç düşmən əlində də qoymazlar qala, nə ölüsün, nə dirisin, yaman çox istəyirlər onu.

Ayağının ağrısı gerdikcə azalırdı, keyiyirdi, hiss eləyirdi ki, göləri qaralır, beyni dumanlanır, elə bil yuxu tutur onu, nə gec gəldilər, bilmədi düşməni deyir, toxsa özümüzünküləri. Tap Qaraqoyunluda bizimkilər yoxdu, top-raket niyə atmırlar görəsən? Yəqin yenə yuxarıdan əmr gözləyirlər. Amma bunlar heç ara vermirlər. Nə var, rusun topu, mərmisidi erməninin canı, arxalı köpək qurd basar. Axşamkı söhbətlərini yada saldı; qrup rəhbərləri kapitan Eyvaz Namazov demişdi ki, sabah hücum gözlənilir. Çünki onların uydurma genosid günüdür 24 aprel. Qəzəbləndi, düşündü ki, biz o boyda Xocalı qırğınını heç Azərbaycan sərhəddindən qırağa çıxara bilməmişik, bu nanəciblər gör özlərindən  nə cür yalançı soyqırım düzəldib dünyaya tanıdıblar...

Dibində oturduğu ağaca yenə bir şığal avtomat gülləsi uçdu. –Alçaqlar, elə bilirlər durub çıxacam, ya da yoxlayırlar görsünlər hələ ölməmişəm... Ona nə olur, başın silkələdi. Elə bil huşdan gedir, dodağın dişləri arasına alıb sıxdı, ağlına gəldi ki, deyəsən qanı tamam qurtarıb, yoxsa dodağı qanayardı. Əlləri ilə yaralı ayağını götürüb  yavaşca böyrüüstə çevrildi, son döyüşə hazır dayandı. Sancı artıq ürəyinə qədər gəlib çıxmışdı. – Barı tez gələlər... Əvvəl danışıq, sonra ayaq səsləri hiss elədi, gəlirlər. –Gəlin, gəlin yolunuzu gözləyirəm. Mənim onsuz da itirməyə bir şeyim qalmayıb, öz torpağımda, öz Goranboyumdayam, indi sizi itirəcəyəm, genosid edəcəyəm, murdar qanınızı tökəcəyəm, onda bilərsiniz ki, əcəl gətirib sizi bu torpağa. Gülləni ayağa çəkdi. Avtomatı səngər boyu qaldırıb hazır saxladı. –Bircə düz nişan aldım, gəlin, bir az da yaxın gəlin, alçaqlar... Kobud qışqırıq, yad səslər – yox, erməni səsi deyil bu. Gülürlər. Ancaq qorxudandı, hələ şübhəlidirlər, sağam, ya yox. – Ya Allah!... Qəfil avtomat atəşi, vəhşi ulartı, bağırtı səsi... – Oxxay!!! Nəfəs boğazından uzağa keçmədi, acı-acı gülümsədi. –Ölüm belə gəlirmiş... Üstünə dolu kimi güllə yağışı yağdı. –İndi gələ bilərsiniz. Düşmən gülləsi ilə ölməkdənsə... özüm daha yaxşı bacararam. Əlləri ilə bir ovuc torpaq sıxıb dodağına gətirdi, üzünə-gözünə sürtdü, ovcundaki son gülləni darağa qoyub, lüləni çənəsinin altına dirədi. Barmağını tətiyə sıxdı. –Əlvida, Nailə, bağışla səni yarı yolda qoydum. Salamat qal, ana! Tək güllə səsi...

 

                                               Belə oğullarla torpaq – Vətəndir,

                                               Əllərdən düşməyən bayraq – Vətəndir,

                                               İgidlər uyuyan bu yer- Vətəndir,

                                               Diz çökək, güc alaq Şəhid adından,

                                               Torpaq Vətən olur Şəhid qanından.

 

Acı xəbər tez yayılır. Yaralı Sabirin düşmən mühasirəsində qalması Mingəçevir polisini də, Əhmədovlar ailəsini də ayağa qaldırmışdı. Əvvəl milis dostu Vələddin Yusifov bələdçilik etmişdi. İndi isə qardaşı Elçin, Ehtiram, Sabirin uşaqlıq dostu Əhliman artıq neçənci dəfə idi ki, tənha ağacın dibindəki səngərə yaxınlaşmağa cəhd edir, ancaq hər dəfə hənirti eşidib üzü üstə torpağa yatır, torpaq ətrafında şadlıq eləyən düşməni duyuq salmamağa çalışırdılar. Bir azdan sübh açılacaqdı, murdarlar meyidləri də götürüb apara bilərdilər. Elçinin qulaqlarına anasının yanğılı  ağı səsi gəldi.

 

                                               Əzizim balabanı,

                                               Asta çal balabanı,

                                               Hamının balası gəldi,

                                               Bəs mənim balam hanı?

 

Əliboş geri qayıtmaq, Allah eləməmiş, ölümə bərabərdi. Tonqaldan kənarda dayanmış tanklardan biri işə düşdü. Gurultu səsi ətrafa yayıldı. Bu fürsəti əldən vermək olmazdı. Elçinlə Ehtiram irəli süründü, daha bir qədər, çatdılar. Elçin əlini səngərə uzadıb, son ümidlə qardaşının hələ tətikdən üzülməmiş əlini axtarıb tapdı. Soyuq, bumbuzdu. “Can qardaş” deyib, üzünü üzünə söykədi. Çiynindən yapışıb, səngərdən çıxardı. Əynindəki şinelin üstünə uzatdı, avtomatını da götürdü, hərsi bir tərəfdən tutub geriyə süründülər.

Ertəsi gen artilleriyanın köməyi ilə güclü qüvvə Tap Qaraqoyunlu səmtdən düşmənə hücum etdi. Mingəçevir polisinin də fədakar əməkdaşlarının igidliyi sayəsində Qazaxlar kəndi və onun ətrafında olan strateji əhəmiyyətli yüksəkliklər geri alındı. Həmin günlərdə Goranboy qəzetində çıxan yazı ilə fotoşəkildə tənha ağacın altındakı səngər, iki-üç addım aralıda isə iki erməni meyidi və muzdlu zənci döyüşçünün qapqara cəmdəyi əks olunmuşdu.

Altı il – oğul-oğul, Sabir-Sabir – deyib, sızıldayan, qaysaq tutmayan yarası qövr eyləyən Gülüstan ana ötən il doğma kəndlərində istəyinə qovuşdu, şəhid övladı ilə yanbayan əbədi yuxuya getdi. Dilində təkcə Sabirin adıydı.

 

                                               Bu nə kədər, bu nə qəmdi

                                               Gözlərimdən şeh ələndi,

                                               Arzularım güllələndi

                                               Anam mənə bir ağı de.

 

Həyətdə Sabir öz əli ilə ağac əkmişdi. Tuturdu ağacdan, ağı deyib, ağlayıb otururdu, diz çökürdü, söykənirdi ağaca, deyirdi ki, Sabirin əli dəyib. Sabirlə bağlı hər şey doğma idi, əziz idi anasına.

 

                                               Əliynən ağaca əkdi,

                                               Üstündə barı qaldı.

                                               Şəhid balam yemədi,

                                               Üstündə payı qaldı.

 

                                               Aşiq yara kimi var,

                                               Belə yara kimin var.

                                               Mənim tək dərdli ana,

                                               Elə bala kimin var.

 

Mingəçevir şəhər polis şöbəsinin şəhid olmuş əməkdaşları haqqında kitab üzərində işlədiyimi bilən şöbənin ictimai-təhlükəsizlik bölməsinin rəisi, polis mayoru İmran Həsənov məni tanıdı. Görüşüb, ürək sözlərini eşitməyimi xahiş etdi.

- Dördü ilə də bir yerdə işləmişəm. Yaxın münasibətlərimiz olub. Hər birinin işə qəbul edilməsi, əyinlərinə ilk dəfə milis forması geyib gəlişi, küçirdikləri hiss-həyəcanları bugünkü kimi yadımdadır. Ancaq rəhmətlik Sabir Əhmədovla daha yaxın olmuşuq. Həm də qonşu idik. Eyni vaxtda işə girmişik. Milis nəfəri kimi fəaliyyətə başlamışıq. Sonra mən sahə inspektoru keçmişəm. Yenə də mənim köməkçim olub. Günümüzün böyük hissəsi bir yerdə keçirdi.

Zəhməteş ailədən idi. Atası avtobus sürücüsü işləyirdi. Xeyirxah adamdı. Özü də, ailəsi də, nə əldə eləyiblərsə halal zəhmətləri ilə qazanıblar. Yaxşı ailə tərbiyəsi görmüşdü. Mərifətli, sözün, danışığın yerin bilən adam idi. Çox məsuliyyətli idi. Tapşırılan işi yarıtmaq üçün hər cür əziyyətə qatlaşmağa hazır idi. Ona görə hamı xatirini istəyirdi. Rəhbərlik həmişə onun nümunəvi işin, vəzifəsinə vicdanlı münasibətin başqalarına nümunə göstərirdi.  Müharibə başlayanda Şuşada, Füzulidə qrupda ön cəbhəyə, posta getmişik, ölümlə üzbəüz dayanmışıq. Rəhmətlik ermənilərin qol-qanad atmasına heç dözmürdü. Sabir ailəcanlı insan idi. Həyat yoldaşına, övladlarına olduqca mehriban, qayğıkeş, istəkli idi, fikri həmişə evdəkilərin yanında qalırdı. Ömür-gün yoldaşı, anam-bacım olsun, o qədər təmiz, namuslu, sədaqətli qadındır ki, altı ildir ki, Sabir rəhmətə gedib, hələ eşidib görməmişəm ki, bir dəfə şöbəyə gələ, zəng eləyə, sifariş göndərə-bunlara  haqqı da var, hansısa problemdən, işdən ötrü kiməsə xahiş eləyə.

Polis şöbəsində Sabirlə bağlı kimi dindirdimsə ilk sözləri bu oldu :- Heyif ondan, əvəzsiz oğul idi.

İctimai-təhlükəsizlik bölməsinin xidmət üzrə baş inspektoru, kapitan Eyvaz Namazovun dediklərindən: - Sabir Əhmədov həqiqətən layiqli, intizamlı polis idi. İstər zabit heyəti, istər siravi polislər arasında xətir-hörməti vardı. Bir o qədər ezamiyyətə gedirdi ön cəbhəyə, hər dəqiqəsi ölüm-itim idi, bir dəfə deməzdi ki, işim var, xəstəm var, bu dəfə qalım, gələn dəfə gedərəm. Goranboyda doğulub boya-başa çatdığına görə ora həmişə getməyə çalışırdı. Kəndlərə yaxşı bələd idi. Sonuncu dəfə gedəndə də əsas bələdçimiz elə özü idi. Qazaxlar Tap Qaraqoyunludan yuxarı balaca kənddir, aşağıdan çay axır, kəndin ən hündür yerində postu öz polislərimizdən bir gün əvvəl təhvil almışdıq. Qaba səngərdə Vəliyəddin, Sabir, mən durmuşuq, o biri yoldaşlar bizdən arxadadır. Bekar qalmamaq üçün avtomatlarımızı  silib-təmizlədik, səngəri qazıb dərinləşdirdik, mərmi qutusuna su ehtiyatı gətirib yanımıza qoyduq, qaranlıq düşənə kimi binokulla ətrafı, ermənilərin əlində olan üzbəüz yüksəklikləri müşahidə elədik, şübhəli bir şey görə bilmədik. Bizdən sağda kəndin yuxarı və solda aşağı hissəsində hərbi hissələrin əsgərləri dayanmışdı, Yevlax və Ağdaş polisi də bizimlə yanbayan durmuşdu. Növbə ilə gözümüzün acısını alırıq, keçmişdən-gələcəkdən danışırıq. Səhərin alatoranında Sabir yenə ətrafı nəzərdən keçirib dedi-komandir, sakitlikdir, amma çox axmaq sakitlikdir, heç ağlım yaxşı bir şey kəsmir bu gündən. Tərs kimi də sabah onların “vay” günüdür, genosiddi, nədi. Saat altı olardı, güclü  artilleriya atəsi başladı. Səkkizə qalmış piyadalar, tank, PDM-lərlə keçdilər hücuma. Biz arxayınıq ki, hərbiçilər sağda, solda bizi qoruyurlar. Qabaqda isə yarğan və çaydı. Ordan bəri ermənilərin gəlməyə yolu yoxdu. Bir az keçmişdi gördük arxadan ermənilər düz bizim üstümüzə güllə yağdıra-yağdıra gəlirlər. Başa düşdük ki, yenə xəyanət olub. Qabaqda bizə tərəf gələn iki saqqallı ermənini  mən nişan alıb, bütün darağı boşaltdım. Sabirlə, Vəliyəddin də bir tərəfdən atırlar. Baxdıq ki, mühasirədəyik, dedim – çıxırıq. Biz atəş aça- aça çaya tərəf yenəndə Sabirin ayağından güllə tutdu. Vəliyəddinlə nə qədər çalışdıq ki, Sabiri də götürüb çıxaq, Sabir razı olmadı...

 

                                               Yenə qan ağlayır Goranboy yolu,

                                               Anam yol üstədi gözləri dolu,

                                               Boynuma dolanır dostların qolu,

                                               Gedirəm , a dostlar, salamat qalın.

 Hazırda təqaüddə olan baş serjant  Vəliyəddin Yusifov cəbhə bölgələrində keçən günlərindən, Mingəçevir polisinin ayrı-ayrı əməkdaşlarının səngər sərgüzəştlərindən maraqlı epizodlar danışdı. Söhbəti Sabirlə birlikdə keçirdikləri son günə gətirib çıxardı.

- Əvvəl bizimkilərlə görüşdük, sonra gəldik onlara. Çıxdıq evə. Nailə bacı dadlı xaş bişirmişdi. Sabirlə tərifləyə-tərifləyə səhər yeməyimizi onlarda yedik. Hamısı ilə bir-bir görüşdü. Düşdük aşağı. Maşına oturanda oğlun çağırdı. Əlin sıxdı. – Anandan muğayat ol-dedi. Tərpəndik. Gördüm çox qəmli , fikirlidir. Soruşdum nə olub, heç özündə deyilsən. Baxdım ki, gözləri dolub. Dedi, – bu gedişdən heç ağlım bir şey kəsmir. Doluxsundu,  daha heç nə demədi. Sonra Goran stansiyasından qardaşı Ehtiramın  yeməkxanasında dayandıq. Bizə yaxşı qonaqlıq verdi. Onunla da görüşüb, posta çıxdıq. Onu da deyim ki, Ehtiram Sabirdən sonra könüllü Milli Orduya yazıldı. Qardaşının intiqamını düşməndən layiqincə aldı.

Qazaxlarda bizdən sonra Surət Hüseynovun, sağda Rasim Ələkbərovun batalyonları dayanıb. Tankı, texnikası ilə birlikdə. Ortada polislərdi. Səhər düşmən arxa tərəfdən üstümüzə gələndə başa düşdük ki, təxribat olub. Qoşun gecədən çəkilib çıxıb, biz qalmışıq mühasirədə. Birinci PK ilə bizə atəş açan iki qırmızı saqqal ermənini sərdik yerə. O birilər yatdılar aşağı. Baxdıq ki, onlar çox, biz az. Ancaq yarğana çatıb dibi ilə Tərtərə tərəf çıxa bilərdik. Buanda güllə Sabiri ayağından ağır yaraladı. Kapitan Namazovla hərəmiz  bir qolundan tutub sürünərək mühasirədən çıxmağa çalışdıq. Sabir qoymadı. Dedi –siz çıxın, mən sizi “pokrıvat” edəcəyəm... Onun xilası üçün ləngimək hamımızın ölümü demək olardı. Artıq üç tərəfdən düşmənin mühasirəsində qalmışdıq.

Həmin döyüşdə Mingəçevir polisinin göstərdiyi şücaət geniş yayıldı, qəzetlər də yazmışdı. Kapitan Namazovla mən çayın qırağında yaralanıb qalmış üç nəfəri özümüzlə Tap Qaraqoyunluya gətirdik. Beş avtomat və iki pulemyotu da daraqları ilə birlikdə qərargaha təhvil verdik. Təəssüf ki, həmin gün döyüşçü yoldaşlarımız Sabir Əhmədovu itirdik. Onun ruhu həmişə diridir, yaşayır.

Nailə bacı oğlanları Taleh, Sahil, Sabirin qardaşı Elçin, həyat yoldaşı Rəna ilə birlikdə iş otağıma gəldilər. Elçin danışdıqca qəhərdən boğulurdu. Nailə bacı isə heç nə danışa bilmirdi, gözlərindən yaş axır. Söhbətimiz yarımçıq qalır. Deyirlər bircə sonbeşikləri Yeganə bunların hər sirrinə, xasiyyətinə bələdir, o, danışa bilər hər şeyi. Səhəri Mingəçevir şəhər məşğulluq mərkəzində baş mühasib işləyən Yeganə ilə birlikdə gəlirlər. Yeganə Sabirlə Nailənin ömür hekayəsini danışır.

Sabir Əhmədov 4 yanvar 1958-ci ildə Goranboy rayonunun Cinli Boluslu kəndində dünyaya göz açıb. Üç qardaş, üç bacının böyüyü idi. Kənd məktəbində oxuyub. Nailə ondan iki sinif aşağı oxuyurdu. Onların bir-birlərinə saf, ülvi duyğularını məktəbdə də, kənddə də hamı bilirdi. Onlara baxıb neçəsi də sevmək həvəsinə düşmüşdü. Ancaq onların könül çırpıntıları, bir-birlərinə olan ürək bağlantısı başqasında yox idi. Heç zaman ayrılmayacaqlarına əhd-peyman bağlamışdılar. Sabir sənədlərini Poltexnik İnstitutuna verdi. Girə bilmədi. Almaniyaya hərbi xidmətə getdi. Nailə isə Gəncədə texnikumda oxuyurdu. Sevgi məktubları uçurdu Almaniyadan Gəncəyə, Goranboya... Sabir qayıdıb Mingəçevirdə işə girdi. Artıq nişanlanmışdılar. El adətincə toy elədilər. On il atasının Mingəçevirdə aldığı bir otaqlı mənzildə qaldılar. Dördüncü il idi ki, mənzil növbəsinə dayanıb, üç gözlü ev, maşın almışdı.

Mən evin sonbeşiyi idim. Kənddə məktəbi qurtarıb Mingəçevir mühasiblər məktəbinə girmişdim. Sabirgildə qalırdım. Sabirlə Nailə mənə ata-ana olublar, heç öz evimizdə eləmədiyim ərköyünlüyü bunlarda eləmişəm. Deyirdilər qızımız yoxdur, sən də bizim qızımızsan. O qədər uşaq istəyən idilər ki... – Sahil, səni kənddən saxlamaq üçün nə deyirdi  ata? – Elçin əmi  maşınla bizi tez- tez kəndə aparmağa gəlirdi. Taleh qaçıb otururdu maşında, mən də getmək istəyəndə ana deyirdi, bəs sən də getsən, atanın başı ağrıyanda onu kim sağaldar? Mən də deyirdim ki, getmirəm... İşdən gəlirdi, yorğun olurdu. Sahili alırdı qucağına, deyirdi başım ağrıyır, bax əlini bura qoy, burdan öp, sonra bura, sonra burdan, getdi ağrısı... Sahil də inanırdı, nə deyirdi elə eləyirdi. Öyrənmişdi işdən gələn kimi qaçıb otururdu qucağında. –Ağrıyır? Öpürdü. –Detdi? Balaca, şirindil idi deyən Sahili çox istəyirdilər. Mən də Talehi alırdım qucağıma ki, Talehi çox istəyirəm mən də. Uşaqları öpmək üstə dava salırdılar; o deyirdi ki, bu parası mənimdi, öz yerindən öp, deyirdi bu yarısı mənimdir, sən də öz tərəfindən öp. Nə cür arzularla yaşayırdılar.

 

                                                Min arzu bəsləyirdim

                                                Mən axı hər nəfəsdə

                                                Qanadım var, göyüm yox,

                                                Necə uçum qəfəsdə?

 

Sabir çox romantik, xəyalpərəst, şer, musiqi sevən idi. Uşaqların inşa yazıların birbaşa deyirdi, onlar yazırdılar. Talehə qarmon, Sahilə də tar almışdı, ikisini də qoymuşdu musiqi məktəbinə. Onları həvəsləndirmək üçün gələndə uzanırdı divanda, deyirdi çalın. Ürəyi açılırdı. Ömründə qol qaldırıb oynamayan Sabir uşaqların həvəsinə oynayırdı, başlarına pul qoyurdu. Özünün 36 yaşını təmtərahla təzəcə qeyd eləmişdik. İndi ikisi də atasının arzusu ilə Mingəçevir Poltexnik İnstitutunda oxuyurlar. Sahil üçüncü , Taleh birinci kursda.

Sabirlə Nailə kimi mehriban ailə az-az ola bilərdi. Özü də bir-birlərini elə qısqanırdılar ki. Hərdən beynimin qurdu tərpənirdi. Deyirdim bax, açaram sandığı, tökərəm pambığı ha. İkisi də qızarıb şübhəli-şübhəli bir-birinə baxırdılar. O deyirdi nədi, nə olub, bu deyirdi nədi, neyniyib, gülürdüm.

Nailəyə paltar tikdirirdik. Tanış dərzimizin evinə bizi özü maşınla aparıb gətirirdi. İşdən gələndə mən paltarı götürdüm, qolu, çiyni açıq yay paltarı idi. Ancaq üstdən də nazik qollu koftası var. Nə ağlıma gəldisə, dedim – Nailə, gəl Sabiri cırnadaq. Təkcə donun geyib boynuna da ağ şərf dolayıb, Sabir qapını döyür, Nailə bu formada özü qapını açır, mən də qapının dalında hazır dayanmışam. Sabir içəri girən kimi: - Bu nədi a? – Yay paltarıdı da, təzə tikdirdiyim... Nətər coşdu, əlin atıb çiynindən bağını qoparmaq istəyəndə əlimdə kofta özümü atdım qabağına ki, a qağa, dəymə hələ burası  da var. Düz bir il qoymadı o paltarı geyə.

Bir gün də Talehə tar almağa getmişdilər. Təzə qoymuşdu məktəbə. Evdən çıxanda dedim çörək də alın gətirin. Yeməyi düzmüşük stola, gözləyirik. Baxdıq ki, gəldilər. Sevincək tara baxdıq, dədə-bala bir az dınqıldatdılar. Süfrəyə oturanda- bəs çörək?... Bir də təzədən çörək dalınca qaçıb.

Nailə uşaq kimi hər nazın çəkirdi. Baxırdım ki, ikisi də zövq alır. Deyirdi nə var, bu iki uşağa baxmağa. Dərd sənin qardaşının dərdidi. O qədər səliqə-sahman sevən idi ki...

 

                                               Su tək çağlaram sənsiz,

                                               Qara bağlaram sənsiz

                                               Gecələr sübhə kimi

                                               Dərddən ağlaram sənsiz.

 

Yaxşı futbol oynatırdı, televizorda bir oyunu buraxmazdı. O qədər diqqətli idi ki, maşAllah, qardaş-bacı uşaqları çoxdu, bi