Laçın rayonu

Azərbaycanın qədim tarixi ərazilərindən biri olan Laçın bölgəsi antik dövrlərdə və erkən orta əsrlərdə Albaniya və Atropatena dövlətlərinin tərkib hissəsi olub.
Rayonun Mirik kəndi ərazisindəki “Qaranlıq kaha”, “Bayqara” mağaraları, Hoçaz kəndindəki mağara məbəd, hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Azıx və Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər tariximizin maraqlı, dəyərli və nadir sənət əsərlərindəndir. Bununla yanaşı rayonun ərazisində olan qədim qaya təsvirləri, mağaralar, daş üzərində süjet xarakterli oymalar, qəbirüstü abidələr və kurqanlar, at və qoç fiqurları, həmçinin gildən hazırlanmış müxtəlif bəzək, məişət və digər əşyalar, ərazidəki Ağoğlan qəsri (IX əsr), Dəmrovlu Pir Məbədi ( XI əsr), Məlik-Əjdər türbəsi (XII əsr), Uşaq qalası (XV əsr), Kar kümbəz (XVII əsr), habelə X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcədə çoxsaylı su dəyirmanları və s. kimi tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir. Ümumilikdə, Laçın rayonunda 54 dünya və 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr mövcud olmuşdur. Ərazi çar Rusiyası dövründən başlayaraq 1930-cu ildə müstəqil inzibati rayon kimi təşkil olunana qədər Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olmuşdur.

Əvvəllər Abdallar adlanan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzidir. Şəhərin adı görkəmli Azərbaycan yazıçısı Tagı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adına uyğun olaraq Laçın adlandırılmışdır. Laçın sözü “məğrurluq” mənasını bildirir.
Laçın rayonu 18 may 1992-ci ildə erməni işğalına məruz qalmışdır. İşğala qədər rayonda bir şəhər, bir qəsəbə, 125 kənd mövcud olmuş, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərmişdir. Erməni işğalı nəticəsində 13745 yaşayış evi qarət edilərək yandırılmış, rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr erməni vandalizminə məruz qalmış, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri və 200 min başdan çox xırda buynuzlu heyvan qarət olunmuşdur. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəymiş, 58736 nəfər laçınlı öz doğma torpağından didərgin düşərək məcburi köçkün kimi respublikanın 58 şəhər və rayonunda məskunlaşmışdır. Eyni zamanda hazırda məcburi köçkünlük həyatı yaşayan, rayonun rəsmi mətbuat orqanı olan “Laçın” qəzeti 1931-ci ildən nəşr olunur
Şanlı Azərbaycan Ordusu 1 dekabr 2020-ci il tarixdə Laçın rayonunu bir neçə kəndi istisna olmaqla, işğaldan azad etmişdir.
I və II Qarabağ müharibəsində bütün istiqamətlərdə döyüşən Laçının igid övladlarından 285 nəfəri şəhid olmuş, 66 nəfəri girov götürülmüş, 120 nəfər əlil olmuş, yüzlərlə uşaq yetim qalmışdır. Müharibədə xüsusi şücaət göstərmiş laçınlılardan beş nəfəri Azərbaycan Milli Qəhrəmanı adına layiq görülmüşdür. Hazırda Laçın rayon İcra Hakimiyyəti başçısı aparatı, rayonun bütün icra strukturları, idarə, müəssisə və təşkilatları Ağcabədi rayonu ərazisindəki Taxta-körpü köçkünlər qəsəbəsində fəaliyyət göstərir.
Rayonun əhalisi 78.565 nəfər, sahəsi 1835 km2 -dir.