Adil Həsənoğlu şeirlərinin poetik zənginliyi

Adil Həsənoğlu şeirlərinin poetik zənginliyi

Adil Həsənoğlu zəngin həyat yolu keçmiş, ömrün enişli-yoxuşlu, sərt yollarını öz iradəsi və işgüzarlığı ilə qət etmiş ləyaqətli şəxsiyyətdir. Qələmindən çıxan şeirlərdəki ruh da özünün keçdiyi həyat məktəbindən qaynaqlanır. Səmimi poetik deyimlər ruhunun dərinliklərindən, zəngin psixoloji dünyasından, davranışının təbiiliyindən, mənəvi aləminin zənginliyindən süzülüb gəlir.

O, fitrətən şair olduğu üçün səmimi poeziya onun fitrətindəki gözəlliklərin əks sədasıdır. Şeiriyyət Adilin xislətinin məhsuludur. Onun mərdanəliyi, vətən-xalq təəssübkeşliyi, səmimiyyəti, simasındakı insanlıq cizgiləri, istiqanlılığı onunla ünsiyyətdə olan həssas adamlara ən şirin lirikanı xatırladır. Onun lirikasındakı ülviyyət, mətnlərindəki təravət ürəyindəki sədaqətdən, duyğularındakı hərarətdən, hiss və həyəcanlarındakı şeiriyyətdən qaynaqlanır.

Adil Həsənoğlunun təzəcə işıq üzü görmüş " Bir az sevgi, bir az da..." adlı şeir kitabı bir daha göstərir ki, onun fitri təbiətində potensial poetik qüvvə var və buna görə də ürəklərdən ürəklərə asanlıqla körpü salmaq iqtidarındadır. Onun odlu nəfəsindən qopub gələn hər bir kəlmə can yanğısı, hər bir misra təlatümlü duyğu ləpələridir və bu ləpələr bədii sözün atəşini çox asanlıqla oxucu qəlbinə köçürür.

Kitabın "Bir az sevgi..." bölməsindəki ilk sətirlərdən duyursan ki, Adilin şair qəlbi, təbli ürəyi bütün təmiz duyğuları özündə ehtiva edən möcüzəli bir aləmdir. Orada zərif, həzin hisslərlə, işıqlı təəssüratlarla gözəlliklər qarşısında heyrətlərə də yer vardır. Ən önəmlisi odur ki, onun məhəbbət şeirlərində hər bir poetik təqdimat fəlsəfi mənada həyatı, paradoksları bizə dünyanın qəribəliklərinə, qaranlıq suallara cavab vermək üçün yüksək idrak sferası yaradır. Adil Həsənoğlu bütün hallarda toxunduğu mövzuya aydın tendensiyalı fəlsəfi məzmun, ictimai vüsət verməyi bacarır.

Poetik qayə yetkinliyi, məna tutumluluğu və əhatəliliyi, vüsətlilik Adil Həsənoğlunun məhəbbət şeirlərinin lirik mahiyyətini şərtləndirir. Tərənnüm obyekti müəllifin duyğularından, düşüncə və mühakimələrindən keçirilərək ümumiləşdirilir. Emosiyalar onun orijinal qələmindən çıxan şeirlərin leytmotivini təşkil edir. Bu səbəbdən də onun misralarının ruhumuzda oyatdığı təsir qüvvəsi uzun müddət davam edir. Oxucuları ilə bölüşdüyü coşqun həyəcan və hikmətamiz düşüncələrini qızğın bir şeiriyyətlə təsdiq edir. Adilin bədii sözündəki həssaslıq və kəskinlik əlamətləri "Sevginin dili" şeirinin zahiri əlamətlərindən, mövzu və mündəricəsindən daha çox, fikir-ovqat tərzində, lirik təfəkkürün strukturunda özünü göstərir. Onun lirik duyumu mətnə daxil olub qeyri-adi, müstəsna assosiasiyalar yaradır, bütün müraciət üsulu, bədii qayə düşüncəli lirik forma kimi özünü doğruldur.

Min çiçəkdən toplanan,

Baldı sevginin dili.

Çiçəklər soldu, getdi,

Qaldı sevginin dili.

Yarı pətək, yarı şan,

Gah küsən, gah barışan,

İrəvanda alışan,

Xaldı, sevginin dili

Əlifbası bədəndi,

İlk söz Həvva, Adəmdi,

Cənnət qoxulu dəndi,

Kaldı, sevginin dili.

Mürəkkəbli, adili,

"Qu" dilidir, "qa" dili.

"Bəla"lara Adili,

Saldı sevginin dili.

Adil Həsənoğlunun şeirlərində ritm və intonasiya, ahəngdarlıq və musiqi, axıcılıq və rəvanlıq olduqca nəzərəçarpacaq forma gözəlliklərindəndir. "Yenə o dağ olaydı" ithaf şeirindən dərhal sezilir ki, bu amillər heç də bər-bəzək xatirinə deyil. Onların estetik məziyyəti, poetik mahiyyəti daha dərin və əhatəlidir. Sətirlərin xoşagəlimli avazla səsləndirilməsində də əsas amal səslər sisteminin, söz və ifadə təkrarlarının yaratdığı ahəngi nümayiş etdirməklə məhdudlaşmır. Məqsəd gözəl avazlanma fonunda lirik "mən"in hiss və duyğularının, poetik düşüncə axımının sistemli ifadəsinə nail olmaqdır. Həyatın, obrazın daxili narahatlıqlarının harmoniyasını canlandırmaqdır. Adilin şeirlərinin ritmi, ahəngi onun əsas enerjisinin bədii gücünü təmsil edir və bilavasitə onun sayəsində obrazlılıq dil vahidlərinin kommunikativ funksiyasını üstələyir. Şeirlərin dil materialları təsadüfi bir cəmlənmə deyil. Səslər, söz və ifadələr bütöv halda bədii mətnin ayrılmaz zərrələri kimi bir-biri ilə daxilən elə bağlıdır ki, onlardan hər hansı birinə toxunduqda poetik tamlığın pozulduğu dərhal hiss olunur.

Yenə o dağ olaydı, yenə ətəklərindən,

Bəyaz zirvə görüb mən,

"Babama bənzəri var", - deyib, qürurlanaydım,

Yan-yana dayanaydım.

Yenə o dağ olaydı, əl atıb ulduzları,

Dərəydim gecə yarı,

Adı pünhan o qızın saçalarına düzəydim,

Xəyallarda üzəydim.

Deyəydim ki, gözəl qız, məni bilmə sən qərib,

Paydı, Tanrı göndərib.

...Yenə o dağ olacaq, yenə o bağ olacaq,

İsti ocaq olacaq.

Qocaların yerişi, sevənlərin görüşü,

Körpələrin gülüşü,

Yenə dən-dən olacaq, yenə həmən olacaq,

Yenə Vətən olacaq.

Elə bilməyin onda, mən yoxam aranızda,

İnanın sıranızda,

İlk yürüşdə özüməm, ön sırada varam mən,

Başın sağ olsun, Vətən!

Başın sağ olsun, Vətən!

Adilin həyəcanlı, temperamentli lirikasında, göründüyü kimi, vətənə mənən bağlılıq və öz şəxsi həyatı ilə əlaqəli əhval-ruhiyyənin ifadəsi müvazilik təşkil edir ki, bu da, təbii olaraq deyim tərzinin məntiqi gücünə təkan verir. Öz hisslərini müəllif quru, çılpaq və nəsihət tərzində yox, poetik təsvir, bədii canlandırma yolu ilə təlqin edir. Məhz ondandır ki, söz sənətinin əbədi mövzusu olan Vətən haqqında Adilin qələm məhsullarında yüksək şeiriyyət, sirayətedici poeziya vardır. Oradakı təəssürat və təfərrüatlar sadəcə, müəyyən bir mənzərə yaratmaq funksiyası daşımır, həm də müəllifin şəxsi məziyyətlərini, onun dünyanı poetik duyumunun məzmununu ifadə edir. Öz şəxsi həyat yolu üçün xarakterik olan ştrixlər vasitəsilə Adil Həsənoğlu bədii fikri ətə-qana doldurur, hətta belə deyə bilərik ki, onu fəlsəfi cəhətdən tutumlu edir. Fikrimizin predmetsiz olmaması üçün "Ümid şöləsi" adlı iki bəndlik şeiri gözdən keçirək:

Hicran qonağımdır səmimi dost tək,

Ayrılıq mənimlə qucaqlaşır, bax.

Ey vüsal, qınından qılıncını çək,

Hicranı tən yarı biz parçalayaq.

Ruhuma dinclikdir sevmək həvəsi,

Sevən alışırsa, od olacaqdır.

Qəlbimdən parlayan ümid şöləsi,

Gözümün yaşını qurudacaqdır.

Adil Həsənoğlunun bədii təəssüratlarının əksəriyyəti şəxsi xatirələr mühitindən törəmişdir və burada onun poetik qənaətlərinin zənginliyi üzə çıxır. Xatirələrdən yaranan duyğulu "Zəlimxan Yaquba", "Bizim də öz Pərimiz var", "Həcər bacım", "Aşıq Məhərrəmə", "Gözəl", "108-dən 58-ə və yenidən 108-ə" və s. şeirlər müəllifin iç dünyasına güzgü tutur. Konkret şəxsiyyətlərə həsr olunmuş şeirlərdə təsvir predmeti yaşanmış həyatın zəngin faktlarından yaranmışdır. Bəzi ithaf şeirləri kimi bunlar boş tərifnamələrdən çox uzaqdır. İthaf şeirlərində Adil kimsəyə ehtiram və məhəbbətini ifadə etməklə məhdudlaşmır. Poetik fikir bir adamın tərif və tərənnümündən kənara çıxır. Müəllif xatirələrinin mərkəzində dayanan şəxsiyyətdə gördüyü ən gözəl məziyyətləri təsvir edəndə belə, poetik ümumiləşdirmələr aparır. Məlum poetik obyekt müəllifə həyat və dünya qədər əlavə təəssürat və assosiasiyalar verir. Bu təəssürat şairə munis insanların poetik obrazını yaratmağa həvəsləndirib, tərənnüm olunan insanın şəxsi tərəfinə üz tutmağa məcbur edir.

Adilin ithaf şeirləri yalançı pafos və ritorikadan xalidir. Burada yüksək pafos, dəqiq bədii ştrixlərlə canlandırılan şəxsiyyətlərin nüfuz dairəsi və qüdrəti real faktların təsviri fonunda oxucuya çatdırılır. Müəllif səmimi duyğularını, keçmişimizlə, gündəlik həyatımızla bağlı lirik düşüncələrimizi olduqca mükəmməl lirik təhkiyələr qəlibində təqdim edir. İthaf şeirlərində saf və səmimi hisslər çox təbii səslənir. Ən önəmlisi budur ki, "Bir az xatirə" silsiləsinə daxil olan yazılarında müəllif şablon deyimlərə uymur, trafaret ifadələrdən qaçır. Orijinal deyim üsulları ilə qəlbindəki oddan-alovdan işıq alan səmimiyyət, kövrəklik oxucuların da ürəyinə duyğu qığılcımları saça bilir. Müəllifin gözəl şairimizə həsr etdiyi "Zəlimxan Yaquba" şeirində olduğu kimi:

Biri "saray", biri "xalqdı" deyəcək,

Onu ağız büzüb, mini öyəcək,

Şöhrət qapısını qismət döyəcək,

Qalacaqsan yurdda, eldə, dildə xan,

Allah sənə rəhmət etsin, Zəlimxan!

Təbriz ağı deyir Xəzərin üstə,

Özün buralarda, nəzərin ustə,

"Ruhani" çalınır məzarın üstə,

Yaranır yeni bir kədərli dastan,

Allah sənə rəhmət etsin, Zəlimxan!

Bilirdin ki, olmayan da, ol da var,

Bükülməyən, əyilməyən qol da var,

Borçalıdan Qarabağa yol da var,

Kərkük bilək, Dərbənd ürək, Bakı can,

Allah sənə rəhmət etsin, Zəlimxan!

Adil Həsənoğlu cəmiyyətdə gedən prosesləri, müasirlərinin qayğı və həyəcanlarını narahat poetik təhlil predmetinə çevirə bilir. Onun bir-birinə bənzəməyən, lakin hansısa ümumi cəhətə görə birləşən şeirlərində bu günümüzün həyəcanlarının ifadəsi geniş və əhatəlidir. Misralar təzadlı və qayğılı düşüncələrlə yükləndiyindən müdrik və işıqlı emosiyalar, düşüncələr aləmi onun məziyyətidir. O, öz ömür qayğılarını yaşadığı həyəcanlar fonunda açıb göstərir. Lirik mühitin siqləti kontekstində yüksək poetik fikir aşılayır. Buna görə də lirik "mən" və onun zənginliyi şeirlərin aparıcı keyfiyyətinə çevrilir. Təsvir-tərənnüm problemini, reallığı öz ziddiyyətləri ilə qavramaq, həyati təzadları poetik mənalandırmaq Adilin lirik ovqatının, lirik təfəkkürünün özünəməxsusluğudur. Mənim qənaətimə görə, şairin şeirləri zahiri struktur cəhətdən ənənəvi olsa da, misraların ənənəvi düzümü, bəndlərin ənənəvi təşkili fikir və emosiya təzəliyinə mane olmur. Ənənəvi formada Adil tərənnüm predmetini, öz yeni baxışlarını əks etdirə bilmişdir. Adilin şeirləri əslində, zahiri cizgiləri ilə yox, ümumi mənəvi-emosional kontekstinin təzəliyi, həyat hadisələrinin təzadlı tərənnümü ilə yadda qalır. Bunu biz kitabdakı "Dünya" rədifli bir gəraylı və iki qoşmada bütün incəliklərinə qədər hiss edirik. Onların hərəsindən bir bəndə diqqət yetirək:

Qorxduğumuz tapdı bizi,

Tanrı yaradanı yerin, göyün də,

Bizi bizdən qoru, dünya.

Açılmaz sirləri daha dərində.

Balığın da daha saymır,

Zamanın fırlanan əqrəblərində,

Hər tilovu, toru, dünya.

Boynuma dolanan ilandı, dünya.

Odur hökm edən, biz quzu bəndə,

Namərdlik eyləmə fürsət düşəndə.

Çox da çabalama, vaxt yetişəndə,

Adil, elə bilmə, bekardı dünya.

Adilin şeirlərindəki lirik zənginlik onun şair şəxsiyyətinin yetkinliyindən irəli gəlir. Lirik qəhrəman daha çox öz zəngin daxili aləmi ilə diqqəti cəlb edir. Müəllif lirik həyəcanların həyatiliyi, səmimiyyəti və təravətinin qayğısına qalmaqla, reallıqlar haqqında fəlsəfi-poetik qənaətlərini, gerçəklik və cəmiyyətin mənəvi həyatı barədə mühakimələrini şeirdən-şeirə dərinləşdirir. Təzə poetik cizgiləri əks etdirən şeirlərin ilk sətirlərindən sezilir ki, bədii düşüncə və duyğuların əksəriyyəti müəllifin həyəcanlı anlarının fikir və mühakimələrindən hasil olmuşdur.

Bu şeirlərdə təfərrüata uymur, ümumiləşdirici poetik ideyalara üstünlük verir və bütün hallarda lirik hiss və düşüncələr daha çox mühakimə səciyyəli olur. Emosional zəmində ümumiləşən misralar şeiri mücərrəd, cansız və soyuq təfərrüatlardan qoruyur. "Torpağın gücü " şeiri bunun bariz nümunəsidir:

Dağlarda əzəldən dağ qeyrəti var,

Yağıya, oğruya boyun əyməyib.

Dar gündə dostlar da biri-birinə,

"Arxanda dağ kimi durmuşam", - deyib.

Nəbilər, Kərəmlər ən əziz qonaq,

Dağlarda Koroğlu qalalar qurub.

Özü igidlərə arxa olan dağ,

Arxasın torpağa söykəyib durub.

Adilin bütün poetik təfərrüatları, aşıladığı hiss və fikirlərin vüsəti belə bir qənaəti birmənalı şəkildə təsdiq edir ki, onun qələm məhsullarındakı lirik "mən" həzin və qayğılı, düşüncəli və dalğındır. Onun poeziyası üçün doğma olan bütün bədii obrazların təzə və emosional çalarları müəllifin mürəkkəb hisslər anlamını, analitik intellektini nümayiş etdirmək baxımından geniş imkanlıdır. Kövrək və sakit düşüncələrin, təlatümlü duyğuların, lirik həyəcan və təəssüratların yığcam və lakonik ifadəsinə çevrilmiş misralarda müxtəlif bədii priyomların sintezi aydın nəzərə çarpır. Üzərində düşünüb dayandığı bütün anlayışları A.Həsənoğlu tutumlu və məzmunlu şəkildə mənalandırmaqla poetik əlvanlıq yarada bilir, təsvir-tərənnüm predmetini təzadları, təlatümləri, fərəhləri və acıları ilə təqdim edir. Məhz buna görədir ki, onun bir bəndlik "Yağış" şeirindəki bədii siqləti irihəcmli əsərlərə sığışdırmaq da çətinlik yaradır.

Günəşin qızaran yanaqlarını,

Qara libasıyla bağladı bulud.

Tutduğu əməldən peşiman oldu,

Göz yaşları töküb, ağladı bulud.

Adilin poetik qavrama diapazonu özünü "Daşlaşmış haray" poemasında, belarus şairəsindən etdiyi tərcümə nümunəsində, topladığı hikmətli sözlərdə də göstərir.

Olduqca mənalı və mübaliğəli üsullar, lirik formalarla mətn kontekstində fəlsəfi fikirlər aşılayır. Lirik qaynaq, lirik mənbə müəllifin poetik nəfəsinə təravət verir. Şairin qəlbi ənənəvi mövzular üzərində çırpınanda da yeni hüdudlara varır, köhnənin özündə də məxsusi çalarlar üzə çıxarır.

"Daşlaşmış haray"dakı hikmət saçan ifadələrin təzad düşüncəsi poetik ünsiyyət faktı kimi çox maraqlıdır, fəaldır. Təzad quruculuğunu onun ümumi fəlsəfi və sosial-psixoloji kontekstində nəzərdən keçirdikdə açıq-aşkar seçilir ki, bu hadisə və vəziyyətlərin daxili məntiqinə nüfuz etmək zərurətindən yaranır. Sanballı fikirlər, aforizmlər təzad qəliblərində meydana çıxır. Adilin yaradıcılığında təzad bolluğu, kontrastlar onun dünya hadisələrinə fəal və ehtiraslı münasibətindən, geniş fəlsəfi ümumiləşdirmə aparmaq meylindən irəli gəlir, əsərin üslubi-poetik strukturunda aparıcı xətt kimi ön cərgəyə keçir. Adilin üslubunda daxili məna strukturu ilə şərtlənməyən, zahiri effekt xatirinə işlənən söz oyunu, demək olar ki, yoxdur. Forma aludəçiliyi olmadığına görə istisnasız olaraq emosional-ekspressiv yüklü poetik təsdiq və inkar hökmlər ifadə etmək vəzifəsini yerinə yetirir.

Son olaraq vurğulamaq istəyirəm ki, Adil Həsənoğlu Azərbaycan Dövlət Pedaqoji Universitetində əqidəsinə, dünyagörüşünə, fəal və iti intellektinə görə yaxşı tanınan, insanlığına, mənəvi zənginliyinə və daxili təmizliyinə görə hörmət və ehtiram edilən ziyalılarımızdandır. Onun şəxsiyyətində elmi təfəkkürlə ən təbii insan duyğularının heyranedici sintezi vardır və o, öz alim-pedaqoq fəaliyyətini təsdiq edən, özünü yaxşı mənada başqalarından fərqləndirə bilən bir alim kimi müəllim-professor heyətinin, tələbələrin inam və etibarını qazanmışdır. O, dərin məzmunlu, aktual elmi əsərlərin müəllifi kimi tanınır. Əsərləri elmiliyi, profesionallığı ilə seçilir ki, bu da onun dərin, sərrast elmi təfəkküründən xəbər verir. Onun elmi-pedaqoji fəaliyyəti əslində maraqlı və son dərəcə orijinal bir şəxsiyyətin insani xarakterinin güclü bir komponenti, elmi-mənəvi dünyamızı işıqlı etmək üçün güclü bir enerjini xalq, Vətən naminə faydalı etmək prinsipidir.

Bu siqlətli kitabın çapı Adilin şanlı yubileyinə - 60 yaşı tamam olan gün uğurlu doktorluq dissertasiyası müdafiə etdiyi vaxta təsadüf edir. Bu münasibətlə yazdığım və kitabın səhifəsində yer alan akrostixi oxuculara təqdim etmək, məncə, yerinə düşər.

Adın möhürüdür etiqadının,

Dağlar zirvəsindən ucasan, Adil!

İlahi lütfündən soruşsa könlün,

Lətafət şöləsi qucasan, Adil!

Yetirdiyin pöhrə dolubdur bara,

Uğurundan yansın qoy qəlbiqara,

Bilik nur çiləyən ucalıqlara,

İldırım qanad ol, uç asan, Adil!

Ləl axtardın, gövhər çıxdı baxtına,

Ehtiram qıl altmış illik vaxtına.

Yol açıbsan elmin şanlı taxtına,

Layiqsən möhtəşəm taca sən, Adil!

İçindəki qeyrət elmin təkanı,

Munis duyğuların vicdan məkanı,

Ürəkdə təpəri, başda zəkanı,

Doktor adından da uca san, Adil!

Amalın olmayıb yerində sayan,

Fəhminlə ürfanın fövqündə dayan.

İldırım yetməyən, bulud çatmayan,

Ən yüksək zirvəyə uçasan, Adil!

Məhərrəm Hüseynov, filologiya elmlər doktoru, professor

https://www.adalet.az/az/posts/detail/-poetik-pafos-ve-lirik-ovqat-zenginliyi-150421

"Zəngəzur" Cəmiyyəti Birliyimizin İdarə Heyətinin üzvü, istedadlı şair, ADPU-nun «Azərbaycan dili və onun tədrisi metodikası» kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Adil Həsənoğlunu 18 dekabr doğum günü münasibətilə təbrik edir, dəyərli məsləkdaşımıza bundan sonra da sağlam, uzun, xeyirli ömür arzulayırıq.