Laçından başlayan ziyalı ömrü - Kamil Həsənov

Laçından başlayan ziyalı ömrü - Kamil Həsənov

Azərbaycan ziyalıları arasında Vətənə, dövlətə sədaqəti, elmə və milli dəyərlərə bağlılığı ilə seçilən şəxsiyyətlərdən biri də Kamil Həsənovdur. Onun ömür yolu bəy və sultanların yurdu olan Laçından başlayıb və geniş, şərəfli bir həyatın səhifələrinə çevrilib.

1948-ci il iyulun 21-də Laçında dünyaya göz açan Kamil Həsənov orta təhsilini doğma kəndində başa vurub. Təhsil yolu onu Bakıya gətirib. O, əvvəlcə İqtisad Universitetində, daha sonra isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında ali təhsil alaraq biliklərini dərinləşdirib. Bu yolda iqtisadiyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsini alıb, 20-yə yaxın elmi əsərin müəllifi olub.
Müəllimlik fəaliyyəti ilə seçilən Kamil müəllim uzun illər İqtisad Universitetində və Plan-İqtisad Kollecində müəllim və müdir müavini kimi gənclərin maariflənməsinə töhfə verib. Elm və təhsillə yanaşı, ictimai fəaliyyətindən də geri qalmayıb - Sabunçu qəsəbə Sovetinin deputatı kimi xalqa xidmət edib.
Kamil Həsənov üçün dövlət və dövlətçilik hər zaman müqəddəs olub. O, Ulu Öndər Heydər Əliyevin siyasi irsini Azərbaycanın xilaskarı kimi qəbul edib və bu ideyaların carçısı kimi çıxış edib. Həmçinin, Prezident İlham Əliyevin siyasi kursunu daim dəstəkləyib, bu yolun təbliğatçısı olub.
Laçın həsrəti, Qarabağ sevgisi onun qəlbində heç zaman sönməyib. O, doğma torpaqlar uğrunda mübarizəyə mənəvi hazır olub, vətən sevgisini bir nəfəs kimi içində daşıyıb.
Kamil Həsənov - yalnız ziyalı deyil, həm də xeyirxahlıq, alicənablıq, milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Ömrü boyunca dünyanın dörd bir yanını gəzsə də, onun ruhu, kimliyi və mənəviyyatı Azərbaycan torpağı ilə bağlı qalıb...
Mən xalqımızın böyük oğlu, iqtisadçı alim, müstəqilliyimiz və dövlətçiliyimizə öz işıqlı əməlləri ilə töhfələr vermiş görkəmli ziyalı Kamil Həsənov haqqında onun bacısı oğlu kimi yox, bir Azərbaycan vətəndaşı kimi öz fikirlərimi bildirməyə bilmərəm. O, elə bir ziyalı, elə bir alim, elə bir kamil şəxsiyyət idi ki, onun ömür və həyat yoluna birtərəfli nəzər salmaqla Kamil Həsənov şəxsiyyətini tam öyrənmək mümkün deyildir. Mən əminəm ki, Kamil Həsənovun vətən və dövlət üçün etdiyi böyük əməllərinə görə gələcəkdə, onun həyatında, keçdiyi şərəf və ömür yolundan bəhs edən neçə-neçə tədqiqi və yaradıcı əsərlər yazılacaqdır.
Bu baxımdan Kamil Həsənovun həyatını, şərəfli ömür yolunu, insanlığa, vətənə, dövlətə xidmət nümunəsi kimi üç hissəli ömür yolu kimi qiymətləndirmək olar.
Birinci hissə - onun yüksək mənəvi keyfiyyətləri ilə qeyri-adi gözəl ünsiyyət çevrəsində şəxsi həyat tərzidir ki, orda Kamil müəllimin uşaqlıq, gənclik, ailə qohum-əqraba, dost-tanış, el-oba ilə bağlı həyatını ifadə edən ömür yoludur.
İkinci hissə - onun bir alim kimi elmi fəaliyyəti dövlətimiz üçün ən vacib sahə olan iqtisad elminin inkişafına verdiyi töfhələrdir ki, burda da Kamil müəllimin bir alim kimi öyrənilməsindən ibarət olan ömür yoludur.
Üçüncü hissə isə onun şərəfli ömrünü daha da rövnəqləndirən xalqımızın birliyi naminə, müstəqil dövlətimizin qorunması, gələcəyi uğrunda mübarizə həyatıdır ki, burda da o, öz fədakar xidmətləri ilə xalq-vətən-dövlət məfkurəsinin müqəddəslik zirvəsində özünü təsdiq etmişdir.

Ürəkləri isidən işıq...

Kamil Həsənov ölkəmizin ən ucqar dağ rayonlarından olan Laçında dünyaya göz açmışdır. Laçının quşqonmaz şiş qayaları, zirvəsi qarlı uca dağları, qeyri-adi gözəl təbiəti şübhəsiz ki, onun xarakterinə hündür boz qayalar kimi mətin, mübariz, zirvəsi qarlı uca dağlara bənzər məğrur, dönməz olmasına və qeyri-adi gözəl təbiəti kimi mənəvi zəngilliyinə az təsir etməmişdir. Bəlkə də bu amillərdən dolayı o, təbiəti çox sevirdi. Mən deyərdim ki, elə bu sevginin qarşılığı idi ki, qoca təbiət də öz növbəsində öz müdrikliyi ilə zənginliyini Kamil Həsənovun düşüncələrinə və xarakterinə bəxş etmişdir. Ona görə də onun doğmalarından tutmuş digər insanlarla münasibətində onların özlərinin təəssüratlarına görə ürəkləri isidən bir işıq var idi... Onun bu cür işıqlı xarakterə malik olması həm bir alim kimi, həm də bir vətəndaş kimi Allaha, vətənə, həyata layiq yaşamağın gözəl düsturu idi.

Ali məram, ali məqsəd...

Kamil müəllim kiçik kateqoriyalarla düşünən insan deyildir. O, daima xalq üçün, vətən üçün, dövlət üçün strateji düşünərdi. Onun bu düşüncə tərzi elmi işinin mövzusunda da özünü göstərmişdir. Bu elə bir mövzudur ki, indi də Azərbaycan iqtisadiyyatının aktual məsələlərindəndir. Dağ rayonlarımızda iqtisadiyyatın necə inkişaf etdirilməsinə həsr olunmuş elmi iş alimlər yanında Kamil müəllimə böyük nüfuz qazandırmışdır. Çünki, Azərbaycan aqrar ölkə olduğundan rayonlarda iqtisadiyyatın inkişaf etdirilməsi məsələsi indi də öz aktuallığını itirməmişdir. Bu baxımdan Kamil müəllimin elmdə də strateji baxışları iqtisadiyyat elmində daima yeni olacaqdır.
1988-ci ildən sonra isə Kamil müəllimin həyatı yeni mərhələyə qədəm qoydu. Bu mərhələ Kamil müəllimin varlığını ifadə edən xalqımızın azadlıq və müstəqillik ideyasına sahiblənmə dövrü idi. O vaxtlar ölkəmiz "erməni-rus" birləşməsinin informasiya müharibəsinə məruz qaldığı zaman Kamil müəllim bir alim kimi işıqlı zəkası və cəsarəti ilə bütün Azərbaycanı ifadə edirdi. 1993-cü ildə xalqımız vətəndaş müharibəsi ilə üz-üzə qaldığı zaman Kamil müəllim təbii ki, bir ziyalı alim kimi baş verən məlum hadisələrə biganə qala bilməzdi... Və qalmadı da. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətdə nizam-intizam qaydaları normal vəziyyətə salınmasında Kamil müəllim daima dövlətin, dövlətçiliyin yanında olmuşdur. Ulu Öndər Heydər Əliyev də Kamil müəllimin xalqa, dövlətə, dövlətçiliyə necə bağlı olduğunu gözəl bildiyi üçün ona daima xoş və xüsusi münasibətdə olmuşdur.

Ölüm sonsuzluğun qapısı...

Ölüm adi insanları bu dünyada unutdursa da böyük insanları unutdura bilmir. Böyük insan, böyük alim, böyük ictimai dövlət xadimi Kamil Həsənovun da qismən bu dünyadan köçməsi onun sadəcə cismən ölümü ilə bağlı ola bilər. Ölüm böyük insanları öldürə bilmir. Əksinə, onların nüfuz əzəməti qarşısında özü ölür. Çünki ölüm sonsuzluğun qapısıdır... Böyük insanların ruhu zəngindir, işıqdır... İllah da ki, o böyük alim ola. Kamil Həsənovun ölümü tək doğmaları üçün ağır itki olmadı, həm də xalqımız üçün ağır itki oldu... Çünki, o, cismən aramızda yoxdur... Doğmaları onun məzarını ziyarət etməklə təsəlli tapırıq... Onun isə ruhu doğmalarını ziyarət edir... Onun ziyarəti həm də müqəddəsdir... Çünki, onun ruhu vətəninə, dövlətinə, insanlara xidmət dolu işıqdır...

Mütalib MMƏMMƏDOV,
hüquqşünas, AJB-nin üzvü