Hacı Nərimanoğlunun "Mir Həmzə Seyid Nigari Qarabaği: şair, mücahid şeyx" məqaləsi Türkiyədə nəşr olunub

Hacı Nərimanoğlunun "Mir Həmzə Seyid Nigari Qarabaği: şair, mücahid şeyx" məqaləsi Türkiyədə nəşr olunub

"Mir Həmzə Seyid Nigari Qarabaği: şair, mücahid şeyx" - Daşkənddə keçirilən (06-08.10.25) Beynəlxalq simpoziumdakı bu məruzəmin tam mətni Türkiyədə nəşr olunmuş topluda; TDM-Ceditçilik-Bildiri Kitabı.pdf səh.36-47.

2025-ci ildə anadan olmasının 220, vəfatının 140 ili tamam olan Mir Həmzə Seyid Nigari Qarabağinin (1805-1885, şəkil 1) şeirləri iki əsrə yaxındır Qafqaz və Anadoluda məşhurdur, sevilərək oxunub əzbər söylənilir, hətta, sovet-KQB rejiminin tüğyan etdiyi 70 illik rus işğalı dövründə belə adı təkkə-təsəvvüf ədəbiyyatının görkəmli nümayəndəsi, nəqşibəndi təriqətinin nüfuzlu şeyxi, kamil mürşidi kimi daim hörmət, ehtiramla yad edilir. Onun bu məşhur kəlamı – dini baxışlarının təməlini təşkil edən vəsiyyəti Azərbaycan, Gürcüstan və Dağıstanda dillər əzbəridir, 150 ildən çoxdur ki, minlərlə dindar ailəsinin dini baxışlarına yön verməkdədir:
Allah’ı Muhammed’i ‘âlî seven dostânız
Ne Sünnîyiz ne Şiî bir hâlis Müslümânız.
Həyatı, yaradıcılığında Hz.Məhəmmədi, Hz.Əlini, Hz. Hüseyini, Hz. Ömər, Hz.Osmanı sevgi ilə vəsf edən Şeyx Mir Həmzə Peyğəmbər soyuna düşmən olan Əbu Süfyan, Muaviyə, Yezid, Mərvan kimilərinə qəzəbini də ifadə etmiş, ömrünün sonunadək bu düşüncələrində sabit qalmışdır. Bu nədənlə Qafqazda sünni təbliğində, Anadoluda şii-şiə təbliğində suçlanıb təzyiqlərə məruz qalmış, tez-tez Anadolunun müxtəlif yerlərinə köçüb yaşamağa, yerini dəyişməyə məcbur qalmışdır.
Azərbaycanda Mir Həmzənin doğum və vəfatı tarixi barədə bəzi tədqiqatçılar fərqli rəqəmlər göstərsələr də (Mir Həmzə Seyid Nigari, “Divan”ı, 2010: 4 və sair), "Türk Ensiklopedisi", az.wikipedia.org, tarihvebilgi, ayb.net və digər mənbələr, çoxlu tədqiqatçılar Şeyxin - Seyyid Mir Hamza Nigârî - Mir Hamza Nigârî nin 1805-ci ildə doğulduğunu, 1885-ci il sentyabrın 29-da 80 yaşında vəfat etdiyini təsdiq edir. (https://tr.wikipedia.org/wiki/Mir_Hamza_Nigari
https://islamansiklopedisi.org.tr/nigari
https://www.semazen.net/mir-hamza-seyyid-nigari/
https://teis.yesevi.edu.tr/madde-detay/nigari-seyyid-mir-hamza https://islamansiklopedisi.org.tr/nigari https://www.anl.az/down/meqale/525/2015/avqust/452101.htm və digər.
Türkiyənin populyar qəzetlərindən olan “Bu gün”ün 21 iyul 2013-cü il tarixli geniş redaksiya məqaləsində “Ulusalcıların babası peygamber soyundan” başlıqlı yazıdan: “Geçen hafta hayatını kaybeden ulusalcıların ünlü ismi Prof. Dr. Alpaslan Işıklı'nın peygamber soyundan geldiği ortaya çıktı. Işıklı'nın dedesi ise mutasavvıf Mir Hamza Nigari'ydi. Seyyid Mir Hamza Nigari, Karabağ'a bağlı Perküşad'da (Bərgüşad-H.N) 1805 yılında dünyaya geldi. Nigari Seyyid Emir Paşa ve Hayrünnisa Hanım'ın oğluydu. Büyükbabası Seyyid Rıza ve dedeleri devrin bilinen alimlerindendi. Ailenin tarihte bilinen ilk ismi Şeyh Seyyid Muhammed Şemseddin, Medine-i Münevvere'den Karabağ'a hicret etmiş ve Çiçimli köyüne yerleşmişti”. (“525-ci qəzet, I məqalə, 06.08.25).
Özü də Cicimlidə doğulduğunu:
Ze gülzari-nübüvvət rast səbze,
Cəjümlu ibn Paşa Mir Hemze.
və Peyğəmbər soyundan olduğunu yazırdı:
Nəsli-İsmayilsən, əsli-ərəbsən,
Ali-Məhəmmədsən, alinəsəbsən,
Müntəxəbsən, silsileyi-zəhəbsən,
Ey Seyyid Nigari, ey Qarabaği.
Seyid Nigarinin farsca, türkcə divanları Tiflisdə (1908), İstanbulda (1883, 1911) nəşr edilib. 2010 və 2012-ci illərdə Bakıda "Elm və Təhsil" nəşriyyatında 1224 səhifəlik divanı və “Nigarnamə”si (şəkil 2), nəfis tərtibatda nəşr olunub, haqqında televiziya verilişləri, sənədli film çəkilib, elmi konfranslar keçirilib, sözlərinə musiqilər, mahnılar yazılıb, yaradıcılığına həsr olunmuş tədqiqat əsərləri çıxıb. Ədəbiyyatşünaslıq elmimizin banisi Firidun bəy Köçərli “Azərbaycan ədəbiyyatı” kitabında Seyid Nigarinin çox sayda şeirlərini təqdim və təhlil edib öz fikirlərinə belə yekun vurur: “Bu gözəl şeirlər Mirhəmzə əfəndinin alitəb və hürriyətpərəst olmağına şəhadətedici xoşməzmun bir əsərdir”.
Görkəmli ədəbiyyatşünas onu zəmanəsinin ən məşhur, nüfuz dairəsi geniş insanlarından biri kimi dəyərləndirib, öz müasirlərinin yaradıcılığına təsirindən də faktlarla çoxlu nümunələr gətirib.
Mir Həmzə Nigarinin Muhyiddin Arabinin “Fütuhatı-məkkiyyə” əsərinə yazdığı Təvzihat, türkcə və farsca divanı, ayrıca “Nigarnamə” və “Saqinamə” adlı əsərləri vardır. Nigarinin yeganə portretini türk rəssamı Mustafa Saçlı 1933-cü ildə onu şəxsən görüb tanıyanların ifadələrinə əsaslanaraq çəkib”.
Mürşidi Şeyx İsmayıl Şirvani onun haqqında belə söyləmişdir: “Mir Həmzə ilahi eşqlə məhvi-vücud olmuşdur. Onun mürşidi eşqdir”. Türk ədəbiyyat tarixçisi İskəndər Pala Nigarinin divanının Türkiyədəki nəşrinin ön sözündə yazır: “Mir Həmzə Nigari adlı lüğətdə bir söz olsaydı, qarşısında mütləq ‘eşq’ yazılardı. Ömrünü bir tək eşqə, bir Tək eşqinə sərf etmiş bu könül dərinliyi olan şeyx heç şübhə yoxdur ki, XIX əsr türk təsəvvüf mühit və ədəbiyyatının da öndə gələn isimlərindəndir. Həyatının çoxunu keçirdiyi Şərqi Anadolu və Şimali Azərbaycanda hələ də analar övladlarına onun eşq şeirlərindən laylalar söyləyirlər”.
Onun bütün ömrü və yaradıcılığının 3 əsas xəttinin biri dünyəvi eşqidir - sevib qovuşmadığı Nigara qarşı bitib tükənməyən sevgisidir. Hələ gənc yaşında olanda məna aləmində görüb aşıq olduğu, ancaq qovuşmadığı Qarabağ bəylərinin nəslinə mənsub və özü kimi eşq əhli Nigar adlı bir qıza görə şeirlərində Nigari təxəllüsünü seçdi. 10 il sonra Nigarı gördüyündə Nigar Mirhəmzəyə:-Məni gördüyün yuxu yadındamı?-sualını verir və cavab gözləmədən baxışları göz-gözə dayananda hər ikisi huşunu itirir.
Alıbdır canımı qəmzə,
düşübdür könlümə lərzə,
Hər bir aşiq Seyid Həmzə,
hər bir dilbər Nigar olmaz.
Seyid Nigari sufi, təsəvvüf şairidir. Bu gün də keçmişdə olduğu kimi, Qafqazda, Anadoluda səma məclislərində mövləvi və nəqşibəndilərin ayinlərində, zikrlərində Mövlana Cəlaləddin Rumidən sonra ən çox Seyid Nigarinin insanlara İlahi sevgisi bəxş edən şeirləri oxunur, ifa edilir, rituallarda səslənir.
Sovet-KQB rejiminin meydan suladığı illərdə sevilən yazıçımız İsmayıl Şıxlının “Dəli Kür”də Nigarini, nəqşbəndiliyi yaddaşlara gətirməsini minnətdarlıqla xatırlamaq lazımdır. Bu gün də Qafqaz və Anadolunun bir çox guşələrində nəqşibəndi təriqətinə mənsub çox sayda dindar insanlar vardır, onlar Allaha qovuşmağın musiqili ritmik zikr yolunu seçiblər, o yola sadiqdirlər.
Şeyxin dini görüşünün əsasında Allaha, Həzrəti-Peyğəmbərə (s.ə.s) və onun əhli-beytinə sonsuz məhəbbət durur. Əksər şeirlərində də könül verdiyi bu ulu məhəbbəti vəsf edib.
Nəsli-Məhəmmədi sevmək, istəmək
Haqqın bizə başqa kəramətidir.
Özünün nəqşibəndi olduğunu da fəxarətlə vurğulayır:
Əlmədəd, üftadəyəm, ya dəstgir,
Ya Məhəmməd, ya Əli, ya Nəqşibənd!
Göründüyü kimi Həzrəti Məhəmmədi (s.ə.s), Həzrəti Əli ilə birlikdə bu təriqətin yaradıcısı Bəhaəddin Nəqşibəndini də piri saydığını söyləyir.
Çoxlu şeirində Kərbəla, İmam Hüseynin şəhadətini vəsf edir, pisliklərin, şərin simvolu Yezidi lənətləyir.
Kərbəla atəşi, ey vah, cigərgahimdən
Baş verib, dil yağılar,
sinə yanar, can ağlar. (Mir Həmzə Seyid Nigari, 2010:19).
Tək Azərbaycanda deyil, bütün islam aləmində bu gün ən qorxulu meyl digər təriqətlərə qarşı barışmaz düşmənçilikdir, qütbləşmədir, islamın siyasilər əlində vasitəyə çevrilməsidir. Şeyx Mirhəmzə Nigarinin dini görüşlərinin müqəddəs islam dinimizin birləşdirici mahiyyətinə, birliyə, bütünləşməyə, qardaşlaşmağa, güclənməyə vəsilə olduğu aşkardır.
Sədi, Hafiz, xüsusilə Füzulinin, Nəbatinin poetik dünyasına dərindən bələd olan Nigari onlardan təsirlənib, əruz vəznində bitkin qəzəllər, divan yaratdığı kimi, heca vəznində, xalq şeiri üslubunda da şeirlər yazıb, az zaman içərisində geniş şöhrət qazanıb, şeirləri dillər əzbəri olub, çoxlu şairlər ondan ilham alıb özlərinə ustad sayıb, şeirlərinə nəzirələr yazıblar. Nigarinin əsas davamçıları bunlardır: oğlu Siraci, Şahnigar Xanım Rəncur, Kadı Mahmud Əfəndi, Hacı Məcdi Əfəndi, Hacı Rəhim Ağa Dilbazov Vahidi, Qazi Osman Əfəndi, Hacı Zəkəriyə Əfəndi, Hacı Teyyub Əfəndi, Hacı Mustafa Əfəndi, Postlu Hacı Mustafa Əfəndi, Sadi Sani Karabaği, Mir Sədi Ağa və başqaları. Bunların bəziləri haqqında Firidun bəy Köçərli də ətraflı bəhs edib.
Mir Həmzə Nigari öz doğma vətəni Qarabağa çox böyük məhəbbət bəsləyib, qürbətdə Qarabağa olan həsrətini şeirlərində dilə gətirib. Bu, Şeyxin yaradıcılığında 3-cü əsas xəttdir. Nigari Qarabağın ruslar tərəfindən işğalından sonra yazdığı şeirində bu faciəli hadisənin sinəsinə saplanan xəncər kimi onu iztiraba qərq etdiyini ifadə edir. Bununla birlikdə, sanki o, 100 il sonra Qarabağın rus-ermənilər tərəfindən işğal olunub talan ediləcəyini fəhm ilə hiss edib kimi bu günkü qarabağlıların ağrı-acılarını da heyrətamiz duyğu, hissiyyatla duyub və çox sayda müxtəlif şeirlərində nəzmə çevirib:
Eşqin kanı Qarabağdır məkanım,
Bülbülü-şeydayam, cənnət yerimdir.
Sinəmə çəkilən qara dağımdır,
Qara bağrım qanlı Qarabağımdır.
Qan əkər, odlar tökər Miri-Nigari məgər,
Yad qılıbdır yenə Qarabağ torpağını.
Mir Həmzə zəkası, şeirləri heyrətamiz dəqiqliklə bugünkü Qarabağ dərdli, ünvanlı gerçəkliyimizə ayna tutur. Ulu şeyximiz İlahidən gələn vəhylə, fəhmlə 100 il sonra başımıza gələn, gətirilən qəza-qədəri görüb, qara yellərin doğulub boya-başa çatdığı, ayaq açıb ilk yeridiyi, könül verib ilk sevdiyi yerlərdən uzaq olmasını diləyib. “Çaynamə” məsnəvisində də Qarabağa məhəbbətini ifadə edib, o torpağın yer-yurd adlarını xatırlayıb, gözəlliklərini ustalıqla canlandırıb. “Çaynamə” məsnəvisinin bir başlığı “Dər bəyani-mənqəbəti-gülgəşti-vilayəti-Qarabağ” adlanır. Vətənsevər şair sevgi və eşq ilə Qarabağı belə tərif edir:
Bir mövzii-xoş, fərəhfəzadır,
Dünyayə behişt desəm, səzadır.
Bir mülki-vəsi,səvadi-əzəm,
Sünbülləri piç-piçü dirhəm.
Qərbiyyəsi-Gögçə, gahi-xuban
Şərqiyyəsi Badikubi-Şirvan.
Sərhəddi-Cənubisi-Ərəsdir
Gürcudi Şimali, xoş nəfəsdir.
...Hər canibi səbz, hər tərəf bağ
Anın üçün ismidir qarabağ.
Sığmaz buna, lazım, ey bəradər
Vəsfi-Qarabağa özgə dəftər.
Bu başlığın sonu da dəyərlidir:
Öp xakini, fəth qıl kəlamı,
Torpağına bizdən et səlamı.
Əzm eylə diyari-Şirvani
Qət eylə rəhi-Azərbaycani.
Bir yerdəyəm, ismidir Qarabağ
Cənnət yeri, abi şirü qaymaq.
Şeyx şeirlərində uşaqlıq, gənclik illərinin keçdiyi Bərgüşad-Bərşad, Həkəri çaylarını, dağlarını xatırlayır və həm də agahmış kimi, illər uzunu həsrət qaldığımız, səsimiz, ünümüz yetməyən, babalarımızın bizdən incik ruhları dolaşan Zəngəzur, Qarabağ ellərimizin ağrı-acını da üzüntü ilə qələmə alıb. Qarabağdakı iki böyük çayın adını belə mənalandırmışdır:
Canıma çəkmiş fələk Bərgüşadın dağını,
Sönməz atəşi, ursan Həkəri irmağını.
Ol dairədə Həkəri, Bərşad,
Eşqin yeridir, buyurdu ustad.
Nigari ilk dini təhsilini Şəkidə tamamlayıb doğulduğu Cicimli kəndinə qayıdıb bir müddət müəllimlik edib, ətrafındakı aqillərdən çoxlu suallarına cavab ala bilməyib, yuxusunda onu yanına çağıran Kürdəmirli şeyx İsmayıl Şirvaniyə mürid olmaq üçün Anadoluya gəlib. Mir Həmzə əfəndinin mürşidi İsmayıl əfəndi haqqında yazıb: “Hər nəfəsi Məsih nəfəsinə bənzər, hər nəzəri nəziri-kimya”.
Onların ilk görüşü haqqında da mənbələrdə şahid xatirələri qalır...Röyasında gördüyü Mir Həmzənin dərgahına yaxınlaşdığını duyur, ətrafındakılarla birlikdə onu qarşılamağa çıxır, göz-gözə gəldiklərində hər ikisinin nitqi tutulur, lal sükut içərisində baxışları xeyli bir-birinə bənd olur. Burada təsəvvüf tərbiyəsini tamamlayıb kamil mürşid məqamına yetişir. 1834-cü ildə həcc ziyarətindən dönən Şeyx nəqşibəndiliyi yaymaq, həm də Rusiyaya qarşı xalqı ayağa qaldırmaq məqsədi ilə Qarabağa geri qayıdır. Seyidlər məskəni Cicimlidə müəllimlik edir. Araz çayı kənarındakı Mollaməhərrəmli kəndindən Allahverdi əfəndinin qızı Əminə xanımla evlənir, bir il sonra oğlu Siracəddin dünyaya gəlir. Şeyxin daha bir neçə xanımla evləndiyi barədə mənbələrdə qeydlər var. Nigarinin divanında adını çəkdiyi Fəxrəddin Ağabali həzrətləri “Hümayi-Ərş” adlı əsərində onun Cicimli kəndinə qayıtması və buradan Qubadlı rayonunundakı Hərtiz dağının ətəyində, Bərgşad çayının sahilində yerləşən Mirlər kəndinə köçməsindən ətraflı bəhs edib, Şeyxin görkəmini, xarakterini də təsvir etmişdir: “Fıtrî istidadı sayesinde kendisini göstermiş olan bu zat orta boya yakın, dolgun denebilecek bir vücuda sahip idi. Ak ve sık sakallı, gözleri büyük, kaşları gözlerinin üzerine kadar dökülmüş ve kalın, başı büyük, şuh meşrep, latife sever, güler yüzlü, açık simalı bir zat idi. Sebatî her zaman güler yüzlü olup tebessüm ederdi. Onu yüzünü hiç kimseye ekşittiği görülmemiştir. En müteessir olduğu zamanda bile ‘hay külhanî’ sözünden başka bir söz sarf etmediğini bizzat müşahede ettim”. O, Qarabağ, Şəki xanları ilə gizli əlaqələr qurur, Şuşada Xasay xanla, digər yetkililərlə dəfələrlə görüşür.
Ünsiyyətdə olduğu nüfuzlu, imkanlı şəxslərə xristian bir məmləkətin -Rusiyanın itaətində olmağın hər iki dünyada böyük günah olmasını anladır, xeyli tərəfdar toplayır. XIX əsrin ortalarında Qafqazda rus istilasına qarşı meydana gələn Cihadın ilk ideya müəlliflərindən biri Şeyx Mir Həmzə idi. Ruslar onu özləri üçün Şeyx Şamil qədər təhlükəli saymış, daim həyatına son verməyə çalışmış, lakin Allahın izni, sədaqətli qorumaları, müridlərinin sayıqlığı ilə salamat qalıb, namərdlərə fürsət verməyib.
Şuşadakı Xan sarayına yerləşmiş rus xəfiyyələri onun Mir Həmzənin Şəki xanına məktubunu ələ keçirir, bir neçə əqidə yoldaşı tutulsa da, Mir Həmzə müridlərinin köməyi ilə Arazı keçib özünü Təbrizə yetirir, rus, fars xəfiyyələri onu burada həbs edir, ancaq Osmanlı səltənətinə gizli bağı olan Təbriz valisinin yardımı sayəsində qaçırılıb 1866-cı ildə Osmanlı dövlətinə - Ərzuruma keçirilir, ona yetərli qədər maaş kəsilir. Bir müddət sonra xanımı və oğlunu da yanına gətirdir. Dəvət aldığı İstanbul sarayında ona hər cür maddi təminatlı vəzifələr təklif edilsə də, imtina edib yenidən Ərzuruma gəlir, 1867-ci ilə qədər Ərzurumda yaşayır, həcc ziyarətində olur, Şam, Qüdsü gəzir, haqq dərgahına üz tutmaqda olan Şeyxi İsmayıl Şirvaninin vəsiyyəti ilə onun yerini tutmaq üçün Amasyaya gəlir, təfsir və hədis dərsləri deyir, təsəvvüfi fəaliyyəti ilə də məşğul olur. Onun artan nüfuzu, nəqşibəndi təriqətinin sürətlə yayılması həm hakimiyyət dairələrini, həm də yaxın ətrafdakı digər məzhəb mənsublarını rahatsız edir, sultan sarayına çoxlu şikayətlər göndərilir, təzyiqlərin nədəni olaraq Mir Həmzə bir qisim müridi ilə birlikdə əvvəlcə Samsuna, sonra da Harputa sürgün edilir.
Mir Həmzə Nigari həzrətləri 1885-ci il sentyabrın 29-da vəfat etmiş, cənazəsi vəsiyyətinə uyğun olaraq Harputdan Amasyaya aparılmışdır. 7 gün sürən yolçuluqdan sonra Amasyaya gəlib çatan cəsədi məzara qoyulmaq üçün təkrar yuyulduğunda cisminin, üz-gözünün nurunun heç pozulmadığı məmurları da, müridlərini də heyrətə gətirir, hətta, şübhələr üzərinə onun mumiyalanmış olmasına dair şübhələrin də əsassızlığı aşkar olur.
Həmzə əfəndinin müridi, Qazaxlı Hacı Mahmud əfəndinin səyi ilə Qarabağ, Qazax və Borçalıdakı müridlərdən toplanan ianə ilə türbəsi, türbənin yanında da bir məscid inşa edilib. Bu məscid Amasyada indi də Azerilər, yaxud “Şirvanlı camisi” adı ilə tanınır (şəkil 3). 1934 və 44-cü illər də daxil, dəfələrlə baş vermiş zəlzələlər bu şəhərdəki bütün tikililəri, o cümlədən, məscidləri uçursa da, “Şirvanlı camisi”nə xətər toxunmayıb. Amasyada Qarabağ, Zəngəzur, Şəki, Şirvan, Qazax, Borçalı mahallarından taleyin hökmü ilə üz tutub pənah gətirən babalarımızın tapındığı iki şeyximizin cismi uyuyur. Onların məzarları və adlarına ucaldılan məscid məqbərə ilbəil daha çox ziyarətçini özünə çəkməkdədir. (Nərimanoğlu, “Mir Həmzə Seyid Nigari Qarabaği: şair, mürşid və mücahid şeyx”, “525-ci qəzet”, III məqalə-7, 08.08.25).
Bir məqamı da qeyd edək ki, Şeyx Mir Həmzə Nigari oğluna ustadı Mövlana İsmayıl Siracəddin Şirvaninin ismini qoymuşdu. 1851-52-ci ildə Ərzurumda yaşayarkən adam göndərib bu ana-balanı Qarabağdan bura yanına gətirtmişdi. Lakin taleyin acı qisməti ilə Siracəddin xəstələnib ölür, bu ağrı Şeyxi ömrünün sonuna qədər tərk etmir, ağır üzüntü ilə yada salır. Təəssüflər olsun ki, cəmi 20 il ömür sürmüş, şeirləri ilə Seyid Əzim Şirvani, Sədi Sani Qarabağinin də diqqətini cəlb etmiş Siraci haqqında demək olar ki, müasir Azərbaycan oxucusunun məlumatı olmayıb. Hətta, Seyid Nigari haqqında son illər çıxan kitablarda, yazılan məqalələrdə də onun həyatdan vaxtsız getmiş bu istəkli övladının yaradıcılığı barədə məlumat verilməyib. Halbuki Osmanlı dövründə də, Türkiyədə də çıxan bir çox külliyyatlarda onun şeirləri toplanıb, haqqında bilgilər verilib, ancaq əslən azəri türkü, Seyid Nigari cisminin parçası-övladı, yadigarı olması qeyd edilməyib.
İstanbul Universitetinin professoru, ədəbiyyatımızın gözəl bilicisi və yorulmaz tədqiqatçı, təbliğatçısı olmuş Əhməd Cəfəroğlu yazırdı ki, ona Amasyada yaşamış Hacı Mahmud Əfəndizadə tərəfindən bağışlanan Sədi Qarabaği divanının sonunda Seyid Nigari, İbrahim Veysi bəylə birlikdə Siraci şeirlərinin də 8 səhifəlik əlyazmaları da var idi, həm də bu tanıtma ilə: “Seyid Nigari oğlu olan Mövlanazadə Siracəddin əfəndi həzrətləri Qarabağlıdır”.
Amasya tarixinin tədqiqatçısı Hüsaməddin bəyə görə Siracəddin 1858-ci ildə Qarabağda dünyaya gəlib 1877-ci ildə vəfat edib. Şeirlərindən görünür ki, güclü təbi varmış, dilin və şeirin qayda-qanunlarını gözəl bilirmiş. Dostu Sədi Siracinin 13 qəzəlini, 2 müxəmməsini və 1 natamam tərkibbəndini öz divanının sonuna köçürməklə nə qədər böyük xeyirxahlıq etmiş olduğunu heç düşünməzdi. Əgər Sədi Qarabağinin bu zəhmətinin bəhrəsi olmasaydı, heç həmin şeirlər də gəlib günümüzə çatmazdı.
Ə.Cəfəroğlu həmin şeirləri 1932-ci ildə İstanbulda latın əlifbasıyla kiçik bir kitabçada nəşr etdirib. Ki tabçanın titul vərəqində isə yazıb: “Azəri ədəbiyyatının materiallarını ilk dəfə toplayan mərhum Firidun Köçərlinin əziz ruhuna ithaf edirəm”.
Siracinin şeirləri dövrünün bir çox şairlərindən fərqli olaraq sadəliyi, rəvanlığı ilə seçilir, ərəb-fars sözləri ilə yüklənməyib, Qarabağda gen-bol işlənən söz, ifadələrlə zəngindir, həm də bu şeirlərdə gənc yaşdakı Siracinin poetik təfəkkür sahibi olduğu görünür.
Ziyaəddin Fəxri bəy də “Ərzurum şairləri” adlı kitabına (İstanbul, 1927) Siracinin şeirlərini daxil edib, ancaq bu zaman səhvən “Ərzurumlu şair Osman Siracəddin” adıyla verib.
İnanırıq ki, Siracəddin Mir Həmzə Seyid Nigari oğlunun şeirləri də toplu halında Azərbaycanda nəşr ediləcək.
...Özülü 140 il əvvəl Qarabağ-Zəngəzur-Şirvan-Qazaxdan Amasyaya açılan könül körpüsü son illər daha da möhkəmlənir, Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə günbəgün genişlənməkdə olan əlaqələrdən “şahzadələr şəhəri” Amasyaya da bir qol ayrılır, get-gəllər yaranır. İndi bu şəhərdə Azərbaycan-Türkiyə qardaşlığı dərnəyi, muzeyi fəaliyyət göstərir. Ötən ilin yayında Mir Həmzə soyundan olan xeyirxah insanların maddi, mənəvi dəstəyi ilə Amasyada keçirilən bir görüşdə 3500 nəfər “azeri kökenli” insan iştirak etmişdi. Birgə konfranslar, simpoziumlar ulu şeyxin ədəbi, mənəvi irsinin öyrənilməsi, təbliği ilə yanaşı, həm də Qafqaz və Anadolu türklərinin daha da yaxınlaşmasına, bir-birinə qovuşmasına yardımçı olur. Amasyadan Qazax, Şamaxı, Ağsuya bu torpaqlardan çıxanların nəticələri, nəqşibəndi təriqətinin mənsubları təyyarə və avtobuslarla ziyarətə gəlirlər (şəkil 7).
Bu sətirlərin müəllifi olaraq eyni soy-kökdən olduğumuz ana babam Mir Həmzə əfəndinin Amasyadakı məzarını ziyarət edib XIX əsrin 2-ci yarısından etibarən Qafqazdan buraya köçən insanların övladları ilə görüşüb həmsöhbət oldum. Azərbaycan, Qarabağ adının Amasyada nə qədər içdən gələn sevgi ilə, məhəbbətlə çəkildiyinin şahidi oldum. Onların sözlərinə görə xeyli amasyalının soy kökü Qafqazlara gedib çatır. Şəhər ətrafında çox sayda kəndlər var ki yalnız Azərbaycan türkləri tərəfindən salınıb, Osmanlı dövləti Qafqazdan gələnlər üçün onların həm də ruslara qarşı savaşdığını da nəzərə alaraq münbit torpaqlarda el-oba, kənd salmağa izin verib, hər cür şərait yaradıb.
Kürdəmirli Mövlanə İsmayıl Siracəddin Şirvani (1782-1848) və Şeyx Mir Həmzə Seyid Nigari Qarabaği adının nuru ilə Amasyaya üz tutan yüzlərlə ailədən çıxan yetkin insanlardan biri Şirvanzade Mehmet Rüştü Paşa sultan Əbdüləziz dönəmində Osmanlı dövlətinin sədrəzəmi, 3 dəfə maliyyə nəzarəti naziri olub. Amasyadan Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş azəri əsilli 6 nəfərin adı bəllidir.
Dövlət idarələrində çalışanların sayı daha çoxdur. Amasyanın iki dönəm bələdiyyə başqanı Zəngəzurun Laçın bölgəsindən gələn Qafqaz türklərindən olub. Düzdür, şəhərin genişlənməsi, yeni yaşayış massivlərinin salınması ilə Qarabağ, əsas da Zəngəzurdan gələnlərin sıx məskunlaşdığı məhəllələr sökülsə də, ancaq hələ də “laçınlılar” ifadəsi dillərdə, yaddaşlarda qalıb.
Şeyx Mir Həmzə Seyid Nigari Qarabaği zəkası, ilahi öncəgörümü ilə heyrətamiz dəqiqliklə, fəhmlə bir əsr sonra başımıza gələn, gətirilən qəza-qədəri görüb, qara yellərin doğulub boya-başa çatdığı, ayaq açıb ilk yeridiyi, könül verib ilk sevdiyi yerlərin bir zaman azadlığa qovuşacağını da görüb, duyub, 2020-ci ilən 44 günlük Vətən müharibəsində döyüşlərlə Qarabağ, Zəngəzur ellərinin, torpaqlarımızın işğaldan azad olunmasının xeyir-duasını verib:
Bir qönçə gülünün tarımarıyam,
Görüm abad olsun ol Qarabağı.
Bir gözəl ceyranın giriftarıyam,
Şənlik olsun dağı, bağı, ovlağı.
Ey Nigari, ömrün erişdipayə,
Salmadı başıma ol sərvi sayə.
Can qurban eylərəm peyki səbayə,
Xəbər versə bir gün ol Qarabağdan.
Türkiyə və Azərbaycan arasında 140 ildir mənəvi körpü olan Şeyx Mir Həmzə Seyid Nigari Qarabağinin ömrü və yaradıcılığı bundan sonra da insanları irfana, əxlaqi-mənəvi kamilliyə, Anadolu və Qafqazdakı eyni dilə, dinə, soy-kökə malik qardaş xalqlarımızı xoş gündə, çətində birlik və bərabərliyə sövq edəcəkdir. İstifadə edilən mənbələr:
Mir Həmzə Seyid Nigari. Divan-2010. Bakı, “Elm və Təhsil” nəşriyyatı, 824 səhifə.
Nərimanoğlu H. “Mir Həmzə Seyid Nigari Qarabaği: şair, mürşid və mücahid şeyx”, “525-ci qəzet”, I məqalə, 06.08.2025, https://525.az/news/303782-mir-hemze-seyid-nigari-qarabagi-sair-mursid-ve-mucahid-seyx
Nərimanoğlu H. “Mir Həmzə Seyid Nigari Qarabaği: şair, mürşid və mücahid şeyx”, “525-ci qəzet”, II məqalə, 07.08.2025:
https://525.az/news/303898-mir-hemze-seyid-nigari-qarabagi-sair-ve-mucahid-seyx
Nərimanoğlu H. “Mir Həmzə Seyid Nigari Qarabaği: şair, mürşid və mücahid şeyx”, “525-ci qəzet”, III məqalə, 08.08.2025:
https://525.az/news/304003-mir-hemze-seyid-nigari-qarabagi-sair-ve-mucahid-seyx
Nərimanoğlu H. “Qardaşlığın zəfəri”, “Füyuzat”-2022, 224 səhifə.
https://zengezur.com/KITABLAR/Qardasligin-Zeferi-A5.pdf
https://tr.wikipedia.org/wiki/Mir_Hamza_Nigari
https://islamansiklopedisi.org.tr/nigari
https://www.semazen.net/mir-hamza-seyyid-nigari/
https://teis.yesevi.edu.tr/madde-detay/nigari-seyyid-mir-hamza https://islamansiklopedisi.org.tr/nigari https://www.anl.az/down/meqale/525/2015/avqust/452101.htm
https://zengezur.com/index.php/kh-b-rl-r/171-ruhu-zharaba-da-dzismi-amasyada***
"Mir Həmzə Seyid Nigari Qarabaği: şair, mücahid şeyx",