Şamil Ayrım: Zəngəzur dəhlizinin açılması bütün region ölkələrinə iqtisadi fayda gətirəcək

Şamil Ayrım: Zəngəzur dəhlizinin açılması bütün region ölkələrinə iqtisadi fayda gətirəcək

Orta Dəhliz layihəsində Azərbaycan Asiya ilə Avropanı birləşdirən strateji körpü rolunu oynayır və qlobal ticarət marşrutlarının ən vacib həlqələrindən biri hesab olunur. Türkiyə isə bu marşrutun digər əsas həlqəsidir. Çünki Azərbaycan Türkiyənin Türk dünyasına açılan qapısıdır. Bu baxımdan, Orta Dəhlizin, xüsusilə də Zəngəzur dəhlizinin reallaşdırılması Çinlə Avropa arasında yükdaşımaların daha qısa müddətdə, təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradacaq.

zengezur.com xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin üzvü, Azərbaycan-Türkiyə parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım söyləyib.

O bildirib ki, bu gün Türkiyə terror təhlükəsini böyük ölçüdə aradan qaldırmış, sabit və təhlükəsiz ölkədir. Azərbaycan da eyni şəkildə, təhlükəsizliyi təmin edən, strateji hədəflərini dəqiq müəyyənləşdirən və gələcəyə inamla baxan dövlətdir. Məhz buna görə də bu mühüm nəqliyyat xəttinin Türkiyə və Azərbaycan ərazisindən keçməsi xüsusi əhəmiyyət daşıyır. Bu layihə təkcə region ölkələri tərəfindən deyil, dünyanın aparıcı gücləri tərəfindən də dəstəklənir. Çin də Orta Dəhlizin inkişafında maraqlı tərəflərdən biridir. Lakin bizim üçün ən vacib məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır.

Bu dəhlizin fəaliyyətə başlaması yalnız Azərbaycan və Türkiyəyə deyil, Çindən Avropaya qədər uzanan marşrut üzərində yerləşən bütün ölkələrə iqtisadi fayda gətirəcək.

"Digər mühüm istiqamətlərdən biri də Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlığın sürətlə inkişaf etməsidir. İndiyədək Azərbaycanın neft və təbii qazı Türkiyə vasitəsilə dünya bazarlarına çatdırılırdı. İndi isə Azərbaycanın günəş, külək və su elektrik stansiyalarında istehsal etdiyi yaşıl enerjinin də Türkiyə vasitəsilə Avropa bazarlarına nəqli nəzərdə tutulur.

Bu layihələrin həm Azərbaycanın, həm Türkiyənin iqtisadiyyatına mühüm töhfələr verəcəyinə, yeni iş yerləri yaradacağına, sahibkarlar və gənclər üçün yeni imkanlar açacağına inanırıq", - deyə Türkiyə Böyük Millət Məclisinin üzvü vurğulayıb.

Ş.Ayrım qeyd edib ki, bu gün həm Türkiyə, həm də Azərbaycan regionda sabitliyin təmin olunmasına yönəlmiş siyasət həyata keçirən iki mühüm dövlətdir. “Azərbaycan öz gücü, siyasi iradəsi və əldə etdiyi nailiyyətlərlə böyük işlərə imza atıb. Qarabağ Zəfərini qazanmış Azərbaycan bunun ən parlaq nümunəsidir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində əldə olunan tarixi qələbə dünya hərb tarixində nadir hadisələrdən biri hesab olunur”, - deyə o əlavə edib.