TDTİB - Türk Dövlətləri Təhsil İşçiləri Birliyi dekabrın 11-də ilk ortaq təlim və layihəsinin icrasına "Zəngəzur" İB-nin sədri Dr. Hacı Nərimanoğlunun "Ortaq Türk dili və əlifbası məsələsinə baxış" mövzuda təlimlə başlayıb.
TDTİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Gülnurə Babaşovanun moderatorluğu ilə keçirilən təlimə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistandan 50-dən çox professor, dosent, orta, ali məktəb müəllimi, yazar qatılıb. 2 saat davam edən təlimdə çoxsaylı suallar ətrafında fikir mübadiləsi aparılıb, maraqlı təkliflər, ideyalar səslənib, belə təlimlərin əhəmiyyəti qeyd edilib, davamlı olması istənilib, xeyirli məqsədlərə xidmət edən TDTİB-nin rəhbərliyinə minnətdarlıq bildirilib.
zengezur.com xəbər verir ki, məqsəd türk dövlətlərinin təhsil işçilərini bir araya gətirərək ortaq təlim və layihələr ətrafında birləşdirmək, tarix, dil, ədəbiyyat, mədəniyyətimizin ümumi cəhətlərini araşdırmaq, qarşılıqlı öyrənməni təmin etmək, yeni təlim metod və strategiyalarını birlikdə paylaşmaqdır.
2026-cı ilin 23-29 martında Özbəkistanın Nizami Gəncəvi adına Milli Pedaqoji Universiteti ilə birlikdə Daşkənd və Səmərqənd şəhərlərində TDT-in təhsil işçiləri, müəllim və təlimçiləri üçün təşkil olunacaq iki beynəlxalq konfrans, bir həftəlik peşəkar təlim, tarixi və mədəni məkanlara ziyarətlərin təşkili ilə bağlı planlaşdırılan tədbirlə bağlı fikirlər, təklif, tövsiyələr dinlənilib, suallar cavablandırılıb.