“Bunu həm də ona görə xatırladıram ki, gəlin özümüz-özümüzü çox da suçlamayaq - qoydular, qaçdılar, ölməyib qaldılar, yerimizi dar elədilər, filan. Torpaqlarımızın işğalında hamımız günahkarıq; əlahəzrət fakt budur ki, biz xalq, dövlət, millət, ordu olaraq torpaqlarımızı qoruya bilmədik, qalan məsələlər, səbəblər bundan törəmədir. Ermənidən də qorxmayaq, xoflanmayaq, erməni qorxusundan cəsarətlənir, 2016-nın aprel hücumundan sonra bu qorxu daha da böyüyüb. Biz Qarabağ savaşını qabaq-qənşər döyüşdə, müharibədə uduzmadıq, siyasətdə, xəyanətlərdə uduzduq, dünyanı idarə edən xristian güclərin, böyük dövlətlərin geosiyasi planları ilə uduzduq, böyük oyunların kiçik qurbanları olduq. Təbii ki, belə də qalmayacaq, dəyişməliyik, dəyişikliklərə, böyük qayıdışa hazır olmalıyıq! Bir neçə gün əvvəl Müdafiə naziri Zakir Həsənovun 4 il sonra ilk dəfə rusiyalı həmkarı Sergey Şoyqu ilə aprel döyüşləri vaxtı telefon danışıqlarının detallarını açıqlaması bütün bəlaların hardan gəldiyini aydın işarət etdi. İnanıram ki, həm siyasilərimiz, həm hərbçilərimiz öz plan və hərəkətlərində bu amili indi daha ölçülü-biçili şəkildə nəzərə alırlar...”

40 gündür ki, Şuşa Azərbaycana, Azərbaycan Şuşaya qovuşub. Ancaq Şuşada yalnız əsgərlərimizdir, 28 ildir Şuşa deyib haray çəkən həsrətli şuşalılar hələ ki Qalaya qayıtmayıb, yəni qayıdışları təmin edilməyib. Təbii ki Şuşada işıq, su, qaz, istilik, yol problemi var, qışdır, Bakıdakı rahatlıq orada yoxdur. Ancaq bura Şuşadır axı və gözü sakinlərinin yoluna dikilib, yol gözləyir, sakinlərin nəfəsinə qızınmaq istəyir axı. Buradakı müzəffər ordumuzun əsgərlərinin gözləri də yol çəkir ki, harda qaldı Şuşalılar, bu Qalada qan töküb, qanımızı bu torpağa axıtmışıq ki, əhalisi teliklə geri dönüb öz ev-eşiklərində yaşasınlar. Yəqin bu fikri heç kəs yaxın buraxmaz - Ramana Şuşadan əzizmi ola bilər?! İnternet əsridir, baxırıq, görürük erməni saytlarında Şuşadan çıxmış erməni ailələri Şuşaya dönüşü hər gün səbirsizliklə, ümidlə, inamla gözlədiklərini elə ürəkdən ifadə edirlər ki...Gəlin qəbul edək ki bizim Şuşanı tərk etdiyimiz 28 ildə burada yüzlərlə erməni doğulub, göz açıb buranı görüb, Şuşanı Vətən bilib, üstəgəl erməni təbliğatı o qədər güclü işləyib ki, hər kəsin beynində Şuşa-Qarabağ tarixi erməni yurdu kimi beyinlərə pərçim olunub.
Qardaş Türkiyənin fəal dəstəyi ilə Azərbaycan ordusunun 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində qazandığı qələbənin kulminasiya nöqtəsi, zirvəsi noyabrın 8-də Şuşanın alınması oldu. O gün Qafqaz İslam Ordusunun Komandanı Nuru paşanın da, Bakının və Şuşa qarnizonunun ilk rəisi, 1-ci komendantı albay Cəmil Cahid bəyin də, 4000 türk şəhid əsgər və zabitinin də, minlərlə qazinin də ruhlarının şad olan gündür. İnanırıq ki, tarixdə misli-bərabəri olmayan Azərbaycan - Türkiyə qardaşlıq, birlik, bərabərliyinin daha bir nəticəsini 2021-ci ildə görəcəyik: Bakıda Nuru paşanın, Şuşada albay Cəmil Cahidin adları layiq olduqları, xalqımız qarşısında xidmətlərinə layiq şəkildə əbədiləşəcəkdir. 1918-ci ilin 15 sentyabrında Bakını azad edən Nuru paşa komandanlığında Qafqaz İslam Ordusunun ilk tədbirlərindən biri Qarabağ və Zəngəzura təcili kömək göndərmək oldu. Nuru paşa Qarabağ bölgəsində misli görünməmiş bir qətliam hazırlığına başlayan erməniləri dayandırmaq üçün hərəkətə keçdi. Qarabağ hərəkatı üçün 1-ci Azərbaycan diviziyası yaradıldı. Komandanlığına da Bakı Qarnizon Komandanı albay (polkovnik) Cəmil Cahid bəy gətirildi.

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi bununla bağlı açıqlama yayıb. Açıqlamada deyilir:
Zəngəzurun Ermənistana verilməsi 1918-ci il aprelin 28-də bolşevik Rusiyasının Azərbaycana hərbi təcavüzü, qanuni Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini devirməsi, Rusiyanın çarizm dövründə olduğu kimi, Qafqazda yenidən hər şeyi öz işğalçı imperiya, müstəmləkə siyasətinə uyğun təkbaşına həll etməsinin nəticəsi idi. 1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan türklərinin tam əksəriyyət təşkil etdiyi Şərur-Dərələyəz bölgəsini müstəqilliyini yenicə elan etmiş Ermənistana vermək bərədə qərar çıxarmış, Qarabağ və Zəngəzuru isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan etmiş, yəni bu torpaqların da ermənilərə peşkəş edilməsinin "siyasi-hüquqi əsası”nı hazırlamışdı.