“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin 30 yaşına həsr olunmuş tədbir keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qubadlı Rayon Mərkəzi Kitabxanasında (MKS) “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

MKS-in direktoru Müşgünaz Muradova, Mədəniyyət işçiləri həmkarlar ittifaqı Qubadlı rayon təşkilatının sədri Yaqub Vəliyev, Rayon Mədəniyyət Evinin direktoru Ziba Kazımova və başqalarının çıxışlarında ölkəmizdə qeyri-hökumət təşkilatlarının fəaliyyətinə yaradılan münbit şəraitdən, ölkəmizin ilk QHT-dən olan “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin fəaliyyətindən bəhs olunub, Birliyin qurucusu və ilk sədri, tanınmış dövlət və ictimai xadim  Kamran Hüseynovun xatirəsi ehtiramla anılıb.

Qeyd olunub ki, İctimai Birlik son illər Azərbaycan, Çexiya və Türkiyədə 11 layihə icra edib, Fəxri fərmanlara layiq görülüb, 15 adda kitab buraxdırıb, Azərbaycan həqiqətlərinin yayılmasında, erməni təbliğatının qarşısının alınmasında mühüm işlər görüb.2013-cü ildən Birliyin zengezur.com saytı fəaliyyətdədir.Birliyin Sisian, Gorus, Qafan, Meğri, Laçın, Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl rayon və Türkiyə nümayəndəliyi vardır. Birlik cari ildə icra etdiyi “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsi çərçivəsində Birliyin İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun müəllifliyi ilə “Şərqi Zəngəzur”, ”Qardaşlığın zəfəri” və “Şəhidlər” elmi-publisistik kitablarını nəşr olunub. Kitablar şəhid ailələrinə, respublikamızın təhsil, mədəniyyət obyektlərinə, kitabxanalara, yerli icra strukturlarına, QHT və KİV-ə təqdim edilir.

Şəhid Milli Qəhrəman, polkovnik Şükür Həmidovun atası Nəriman Həmidov Vətən müharibəsinin qəhrəmanlarına həsr edilmiş “Şəhidlər” kitabında oğlunun ömür və döyüş yolunun da geniş əks olunduğunu görməkdən razı qaldığını bildirib.

Sonda İctimai Birliyin fəaliyyətinə həsr olunmuş foto-video materiallar nümayiş olunub, Birliyin nəşr etdirdiyi və MKS-a hədiyyə edilən kitablar sərgilənb.

https://azertag.az/print/2087381

https://butov.az/xeber/sosial/21065-qht-nin-30-illiyi-qeyd-edilib.html

Daha ətraflı:

https://zengezur.com/KITABLAR/Sherqi-Zengezur-A5.pdf  səh.214-215:

"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi – 30

Azərbaycanın ilk QHT-lərindən biri olan “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi 1992-ci ilin aprelində Bakı Dövlət Universitetinin Akt zalında Zəngəzur bölgəsindən olan 300-dən çox tanınmış alim, yazar, ziyalının iştirakı ilə keçirilən təsis konfransında yaranıb və 1992-ci ilin mayında Dövlət qeydiyyatına alınıb.

Birliyin ilk sədri Kamran Əsəd oğlu Hüseynov 15 dekabr 1913-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olub. Binəqədi, Neftçala rayon, Mingəçevir, Sumqayıt şəhər partiya komitələrinin birinci katibi, respublika Həmkarlar İttifaqları Şurasının sədri, Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, respublika Ticarət və Sənaye Palatasının sədri vəzifələrində işləyib. Azərbaycan və RSFSR Ali Sovetlərinin deputatı olub. Tarix elmləri doktoru, müxtəlif dillərdə çap olunmuş 16 kitabın müəllifidir. Azərbaycanın ictimai-siyasi həyatında uzun illər səmərəli fəaliyyətinə görə «Şöhrət» ordeni ilə təltif edilib. 2006-cı il aprelin 20-də ömrünün 93-cü ilində vəfat edib.

Birliyin ikinci sədri Tofiq Şəfaət oğlu Mehdiyev 14 sentyabr 1946-cı ildə Zəngilan rayonunun Pircivan qəsəbəsində anadan olub. Kənd Təsərrüfatı Nazirliyində, Azərbaycan KP MK-da işləyib, Zəngilan Rayon Partiya Komitəsinin birinci katibi, “Azərittifaq”ın sədri vəzifələrində çalışıb. MKnın üzvü, XI, XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına imza atan, müstəqil Azərbaycanın Dövlət atributlarının-Bayraq, Himn, Gerbinin qəbul olunmasına səs verən deputatlardan biri olub. Birliyin sədrliyindən könüllü istefa verdikdən indiyədək Ağsaqqallar Şurasının sədridir.  “Zamanın axarında Zəngəzursuz illərim” kitabı nəşr olunub.

2010-cu ildən İctimai Birliyin sədri Hacı Nərimanoğludur. Qubadlı rayonunun Saray kəndində doğulub, Qubadlı rayon komsomol, icraiyyə komitələri, icra hakimiyyəti, AzərTAc Dövlət İnformasiya Agentliyi, AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, AR Sənaye və Energetika Nazirliyi, AR Prezidenti yanında Bilik Fondu, Azərbaycan Dövlət Tərcümə Mərkəzində işləyib. 22 kitabın, tərcümə əsərlərinin, Azərbaycan, türk, rus, ingilis dillərində dərc olunmuş 100-dən çox elmi, elmi-publisistik məqalənin müəllifidir. Birlik QHT Şurasının dəstəyi ilə Azərbaycan,Çexiya və Türkiyədə 11 layihəni icra edib, Fəxri fərmanlara layiq görülüb, layihələrin icrası dəfələrlə "əla" qiymətləndirilib, 15 adda kitab buraxdırıb. 2013-cü ildən Birliyin
zengezur.com saytı fəaliyyətdədir. Birliyin Sisian, Gorus, Qafan, Meğri, Laçın, Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl özəkləri və Türkiyədə nümayəndəliyi vardır.*