Prezident İlham Əliyevdən Zəngilan rayonunun Ağalı kəndində önəmli Zəngəzur mesajları

Mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. Prezident İlham Əliyev tədbirdə  deyib: "Daha bir vacib məsələ, Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistan hər zaman buna da maneçilik törətməyə çalışırdı. Amma yenə də, Brüssel görüşünün rəsmi açıqlamasına baxın, artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub. Yəni, biz buna da nail oluruq və mən demişdim ki, nail olacağıq....
Ermənistan əgər hansısa xüsusi tələb irəli sürərsə bilməlidir ki, bizim də bir çox tələblərimiz ola bilər. Bax, buraya çox da uzaq olmayan məsafədə bizim qədim torpağımız Qərbi Zəngəzurdur. Biz Ermənistana qarşı ərazi iddiası ilə çıxış etmirik ki? Etmirik. Amma əgər onlar bizə qarşı ərazi iddiası ilə çıxış edəcəksə, biz niyə etməməliyik? Tarix var. Hər kəs açsın baxsın kitablara, ensiklopediyalara: nə vaxt Qərbi Zəngəzuru bizdən ayırıb Ermənistana verdilər? 1920-ci ilin noyabrında."