Qasım Qasımzadə Azərbaycan poeziyasının nadir incilərini yaradan, şirin təbli, həssas duyumlu şairdir. Onun “Dağlar buraxmır məni”, “İnsan min il yaşardı”, “Təbiətin qız vaxtıdır”, “Anamgildədir”, “Olmaz-olmaz”, “Gəlmişəm”, “İki lövhə”, “Yelqovan”, “Qərib bahar”, “Keçmə namərd körpüsündən”... və neçə-neçə belə əsil poetik istedad nümunəsi olan şeirləri uzun illərdir ki, sevilə-sevilə oxunur, mahnılarda dillər əzbəri olur, atalar sözü, zərb-məsəllərə çevrilir, müəllifini də yaşadır. Qasım müəllim sözə urvat gətirən, sözünün qədir-qiymətini bilən, şeirin, şairliyin müqəddəs, ali mərtəbəsin dəyərincə qiymətləndirən, sözün paklığını qoruyan bənzərsiz şairimizdir.
Qasım müəllim həm də geniş və dərin elmi-nəzəri biliyə malik ədəbiyyatşünas alim, tənqidçi, filologiya elmləri doktoru idi. Üç cildliк “Azərbaycan ədəbiyyatı tarixi”, ikicildlik “Azərbaycan sovet ədəbiyyatı tarixi” əsərlərinin müəllif və elmi redaktorlarından olmuşdu. Onun “Ədəbiyyatda millilik və beynəlmiləllik” adlı fundamental monoqrafiyası Dövlət mükafatına layiq görülmüşdü. Uzun illər Akademiyanın Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyəti ona əsil alim nifuzu, hörməti qazandırmışdı. Çağdaş ədəbi proseslə bağlı yazıları, tənqidi fikirləri maraqla qarşılanardı.
Qasım müəllim həmişə öz cəsarətli, obyektiv mövqeyi, vətəndaş fəallığı, milli qeyrəti, mübarizliyi ilə seçilirdi.
…Toy məclisi həmyerlisi Əli Vəliyevin evində olmuşdu. Məclisə masabəylik edən Səməd Vurğunun ilk sözü bu olmuşdu ki, Qasım yaşından çox irəli gedən cavanlarımızdandı.
33 yaşında Yazıçılar İttifaqının orqanı olan, o dövrlərin ən nüfuzlu qəzetlərindən biri sayılan “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktorluğunu Xalq şairi Süleyman Rüstəmdən qəbul etmişdi. Bu qəzetdə elə işlər görmüşdü ki, indi də, o vaxtlar da bu addımlar əsil risqli cəsarət, qorxmazlıq, milli düşüncə, əsl vətənpərvərlik nümunəsi sayılır. 58-ci ildə qəzetin birinci səhifəsində “Novruz bayramı” adlı yazı verib xalqı təbrik etmişdi. Xəlil Rzanın, hətta özünün də üzə çıxarmağa çəkindiyi, “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram” şerinin nöqtə vergülünə də toxunmadan təkcə adını dəyişib “Afrikanın səsi” sərlövhəsiynən qəzetdə vermişdi. Şəhriyarın “Heydərbabaya salam” poemasını bütöv bir nömrədə çap eləmişdi. Sovet-KQB sisteminin hakim olduğu illərdə Azərbaycan dilinin Dövlət dili elan edilməsi uğrunda aparılan açıq və gizli işlərdə Qasım müəllimin xüsusi xidmətləri olub.
Hüseyn Abbaszadə xatirələrində yazır ki, Tehranda olarkən Qasımın israrlı təkidi ilə Təbrizə getməyə izn aldıq. Təbrizə çatanda maşınımızı saxlatdı, diz çöküb torpağı öpdü, qəhərdən boğula-boğula “Hüseyn, biz Təbrizdəyik e...” dedi. Rəsul Rza, Bəxtiyar Vahabzadə ilə birlikdə İraqda- Kərbalada Füzulinin qəbrinin də ilk ziyarətçilərindən olmuşdu.
Bəxtiyar Vahabzadə yazır: “Namus və əxlaq mücəmməsi olan Qasımla uzun illər tələbə yoldaşı, dost olmuş, dərd və sevincimizi birgə bölüşmüşük.” Oğlu Fəxrəddinин vaxtsız itkisindən sonra Şuşa, Laçın, Kəlbəcərin işğalı şairin qəlbinə çalın-çarpaz dağ çəkmişdi. Şeirlərində- “Belə qalsa, belə dursa, məzarım od tutub yanar” deyən şair ömrünün son çağlarında yazırdı: “Vallah ən səmimi ürək sözümdü, bu halımda da əlimə silah alıb ən şiddətli döyüş xəttinə gedərəm, qoy qanım torpağıma qarışsın...”
Azərbaycanda demokratik, milli azadlıq hərəkatı başlananda Qasım müəllim ön sıradaydı və ziyalıları da bu cərgədə görmək istəyirdi. Akademik Ziya Bünyadov əziz dostu haqqında yazırdı: “Qasım müəllimin cəsarət və qüruru ona nəslindən, ata-baba qanından keçmişdi.”
Qeyd edək ki, Zəngəzurda məşhur olan Hacı Qasım kimi üləma, mömin din xadimi ilə pristav Şahsuvar bəy kimi daşnak-bolşevik dəstələrinə əldə silah qan udduran kişilərin nəvəsi də ancaq Qasım müəllim kimi kişi olmalıydı.
Həyatda tutduğu prinsipial, cəsur mövqeyə, milli təəssübkeşliyə, əsil türkçü düşüncəsinə, mənsub olduğuna görə, həm də bəy, mömin, din xadimi soy-kökünə görə başı çox bəlalar çəkmişdi. Ailəliklə repressiya və sürgünlərə məruz qalmışdılаr. Hələ gənc yaşlarında, tələbəlikdə Qasımzadə soyadına görə təzyiqlərə məruz qalmışdı. Mərkəzi Komitə bürosunda neçə dəfə şəxsi məsuliyyəti мəsələsinə baxılmışdı. Ancaq heç nə onu tutduğu haqq yolundan döndərə bilməmişdi. 93-ün əvvəlində ağır xəstəliyə tutulduğu məlum olduqda onu əvvəl Türkiyəyə, sonra Almaniyaya aparmışdılar. Bakıda qoyulan diaqnozu Avropada təsdiq olunduqda isə əsl milli şair təəssübkeşliyi ilə belə demişdi: - Sevindim ki, nə yaxşı bizim həkimlərin sözü, diaqnozu yalan çıxmadı...
Qasım müəllim üçün vətən, xalq, dövlət mənafeyi, anlayışı hər şeydən üstün idi və bu məsələlərdə heç zaman kənarda durmayıb, laqeyd qalmayıb. Hətta, ömrünün son günlərində belə “Ədəbiyyat” qəzetinə göndərdiyi məktubda ona həmişə milli düşüncəsinə, ictimai və ədəbi həyatdakı mövqeyinə görə hörmətlə yanaşan Elçibəy hökumətinin “aşkar nöqsanlarının, xüsusən kadr siyasətində sağlam ziyalı qüvvəsinə arxalanmamasına və bunun ağrısını, acısını bütün millət və dövlətin çəkəcəyini” əvvəlcədən yazıb anladır, xəbərdar edirdi. Onun ömür estafeti beləydi: öncə millət və dövlətdir... Qasım müəllimin məzarının baş daşı üstündə vəsiyyəti ilə Azərbaycanın bütov xəritəsi həkk olunub...
Azərbaycanın ucqar dağ rayonu Qubadlının Хоcamsaxlı kəndində dünyaya göz açan, uşaqlığını оrda keçirən, ömrü uzunu o ellərin təbiətinə, insanlarına bağlı olan Qasım müəllimlə dəfələrlə həmsöhbət olmuş, şair, alim, vətəndaş, kişi kimi ucalığına, təmizliyinə heyran qalmışdım.
Atamla nəinki həmkəndli, həm də qohum olduqların da özü demişdi. Sonralar dəfələrlə onun şirin söhbətlərini dinləmişdim, ancaq bir xatirəm var ki onu heç zaman unutmaram.
1983-cü il idi, Qasım müəllimin 60 yaşı tamam olurdu. Qubadlıda raykomda onun yubileyin qeyd eləmək üçün bir komissiya yaratmışdılar, gənc komsomol işçisi olan məni də çağırıb tapşırıq verdilər ki, məruzəçi sən olasan. Hazırlaşmağa başladım, rayonda lazımi qədər ədəbiyyat tapmadığım üçün Bakıya gəldim, Qasım müəllimin özüynən də görüşdüm, dedi xəbərim var, özüm də, bir qrup yazıçı-şairlə gələcəm, məsləhət alıb, xeyli material götürüb qayıtdım. Artıq məruzəmi də hazırlamışam, bir nüsxəsin də raykoma vermişəm. Gündə komsomolun işçilərin yığıb baş-beyinlərin aparıram, şeir deyirəm, çıxışımı oxuyuram, məşq eliyirəm, rayonda da hamı bilir ki, məruzəçi mənəm. Tədbirə bircə gün qalıb, raykomun 2-ci katibi, mənə doğma olan, xətrini çox istədiyim Razim Əliyev çağırdı, görən kimi bildim ki, ürəyimə daman çin oldu,- bəs məsləhət olub ki, məruzəni Qədir müəllim eləsin, qəsəbə orta məktəbin ədəbiyyat müəllimi, razılıq ver, onunla da qohumsunuz, onsuz da sən xeyli vaxtdır əziyyət çəkib məruzə hazırlamısan, istifadə eləsin. Əhvalımı anlamaq çətin deyil.
Payızdı, ağzına qədər adamla dolu Çingiz İldırım klubunda I-nin qısa giriş sözü bitir, məruzəçi Qədir müəllim kürsüyə qalxıb 2-3 cümlə demişdi ki, ilahi, ildırım necə çaxdısa, işıqlar söndü, göydən sel-su axmağa başladı, səs-küy, fasilə, indi generator qoşulur, hamı susub gözləyir, Qədir müəllimin ağzı tərpənir, səsi çıxmır, güclə qalxıb gətirib yerində oturtdular, mənim yanımda da komsomol işçilərimiz oturublar, bircə onu deyirlər ki, Allah, sənə inanmayan kafirdi, bu haqsızlığın sonu belə olmalıydı…Təbii ki, Bakıdan gələnlərin, Qasım müəllimin özünün yaxşı səmimi çıxışları oldu. Sonra katiblərdən biri dedi ki, Qasım müəllim çox incik şəkildə məndən soruşdu ki, axı Hacı danışasıydı, niyə belə oldu, dedim onu yanınızdakı I-dən soruşun…
Amma elə o vaxtdan Qasım müəllimin iki şeiri - “Dağlar buraxmır məni'', bir də ''Səndən ayrılanda, dağlar, cavandım'' dilimin əzbəri olub, Qubadlı həsrətiynən hansı dağa üz tutsam, birinci Qasım müəllimin şirin təbinin bəhrəsi olan bu şeirləri ürəyimə, ordan da dilimə axıb gəlib.
Səndən ayrılanda dağlar cavandım
İndi görüşünə qoca gəlmişəm.
Qayğılar üstümə düşdü, talandım
Üzümə üz tutub borca gəlmişəm.
Xatirəmin güllərini üzməyə,
Cığır örtən otlarını əzməyə,
Haraylayıb gəncliyimi gəzməyə,
Yollarını quca-quca gəlmişəm.
...Bircə sən verdiyin vüqar qalıbdı
Hüzuruna başı uca gəlmişəm.
Ruhun şad olsun, Böyük Şair, Alim, İnsan – Qasım müəllim!
Hacı Nərimanoğlu "Qubadlısız 16 il" kitabı, "Elm və Təhsil"-2019, səh.56-60
Sözardı: 2021-ci il, oktyabrın 25-i Qubadlının Azərbaycan əsgərinin canı, qanı, igidliyi sayəsində 28 illik işğaldan azad olduğu tarixin I ildönümüdür. Qubadlıda Azərbayan Prezidenti və xanımını bir qrup Qubadlı yazarı qarşılayır. Görüşdə ən yaddaqalan, yerinə düşən dostum, həmkarım Ədalət müəllimin bədahətən Qasım müəllimin “Səndən ayrılanda, dağlar cavandım” şeirindən bir parçanı söyləməsi olur, o qədər yerinə düşür ki, hamıda xoş ovqat yaranır, şeir sanki elə bu günlərimiz üçün yazılıb. Bənzərsiz şeirləri, sözlərinə yazılmış mahnılarla könlümüzü oxşayan, özünə əbədi sevgi qazanan Qasım müəllimin ruhu da rahatlıq, dinclik tapıb artıq. İnanırıq ki, gələn il Qasım Qasımzadənin 100 illiyini qədirbilən xalqımız, dövlətimiz, ədəbi ictimaiyyətimiz layiqincə qeyd edəcəkdir.