"Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin bəyanatı

13 sentyabr 2022-ci il tarixdə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası Bəyanat yaymışdır. Bəyanatda deyilir:

Ermənistan silahlı qüvvələrinin 12 sentyabr 2022-ci il tarixdə gecə saatlarında başlayaraq atəşkəs rejimini kobud şəkildə pozaraq, müxtəlif növ silahlardan istifadə etməklə Laçın, Kəlbəcər, Daşkəsən rayonları istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutmuş, nəticədə əsgər və zabitlərimiz şəhid olmuşdur.

"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi təcavüzkarları lənətləyir, şəhid hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir, başın sağ olsun, Vətən!

Birliyin İdarə Heyəti və Ağsaqqallar Şurası Azərbaycan Ordusunun ölkəmizin sərhədləri daxilində bir sıra hərbi-strateji əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürməsini - Milli Ordumuzun qətiyyətli cavab tədbirini dəstəkləyir, Azərbaycan ərazilərində qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoymaq, Qarabağ və Şərqi Zəngəzurun bütün ərazisində Azərbaycanın hərbi-siyasi nəzarətini təmin etmək üçün apardığı anti-terror əməliyyatlarını dəstəkləyir, bu şərəfli missiyanın yaxın zamanlarda tam gerçəkləşəcəyinə, son qəti qələbənin bizimlə olacağına inanırıq.

Zəfərlər səninlə olsun, Azərbaycan Ordusu! Qarabağ və Zəngəzur Azərbaycandır!

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası adından

 Sədr                             Hacı Nərimanoğlu

13.09.22