Qubadlının bərpasında sakinlərin fikri niyə nəzərə alınmır? Bu məsələ rayonda hamını rahatsız edir.
Bu evlərin, kənd, qəsəbə, şəhərlərin layihəsini hansı "ağıllı"lar verir, inşasını nədən eyni şirkətlər aparır, niyə əvvəlcədən yerli sakinlərin fikri, rəyi öyrənilmir, nəzərə alınmır? Dəfələrlə yazdığımız məsələlərə yenidən qayıdırıq. Qubadlının işğaldan azad edilməsinin 4-cü ili tamam olur, ancaq rayona hələ bir ailə də qayıtmayıb, bir kənd də salınmayıb. II Dünya müharibəsində xarabalığı qalan Stalinqrad, Leninqradda hələ müharibə bitməmiş artıq həyat bərpa olunmuşdu. İraqda Səddam Hüseyni devirmək üçün bombardman edilmiş Bağdadda 1 il keçmədən bütün binalar yenidən tikilmişdi. Türkiyənin Kahramanmaraş şəhərində təbii fəlakətin 1-ci ildönümündə hər ailə üçün evin tikintisi başa çatır, köçün tamamlanması nəzərdə tutulub, həm də min evi Azərbaycan tikir. Azərbaycan Pakistanda 2 milyard manat dəyərində təmənnasız tikinti, abadlıq, investisiya işləri aparır. Acı təəssüf olsun, bu canıyananlıq Qubadlıya münasibətdə hiss olunmur...
Hazırda Qubadlıda tikintisi gedən yeganə kəndi olan Mahruzludakı evlərin görüntüsü istehzalı təəccüb doğurur; işğala qədər bu kəndlərin ən kasıbı, imkansızı da ev tikəndə ən azı yerdən 4-5 mişardaşı - kubik yuxarı qaldırırdı ki, kürsülü olsun, yağış, sel, su, qar birbaşa evin içinə dolmasın. Ancaq fotodakı evlərdən görünən budur ki, layihəçilərimiz bu sadə məsələni unudublar. Mayın 5-də mən bir qrup şəhid, qazi ilə birlikdə rayona gedərkən tikinti gedən əraziyə döndük, gördüyümüz mənzərə acınacaqlı idi; bir gün əvvəl yağan az miqdar yağış suyu 8-10 kubiki qalxan evlərin içini lil, palçıq axını ilə doldurmuşdu, usta, fəhlələr də elə bu lili qurumamış, canına isti keçməmiş divar hörgüsünü tələskənliklə qaldırmaqda idilər. Anlatmağa çalışdıq ki; I. bura kənd yeri deyil, avtomobil yolunun üst tərəfində xarabalığı qalan kəndi salanlar bu yerin təbii şəraitini bildiklərindən, yuxarı dərələrdən gələn selin, daim aşıb daşan Həkəri, Bərgüşad çaylarının hirsinə, hikkəsinə bələd olduqlarından dərə ağzında, çay yatağında heç vaxt kənd, yurd salmağı ağıllarına da gətirməyiblər II. elə dağılmış o evlərin üzünün qabığı da cızılmamış hörgü, çaylaq daşlarından istifadə etməklə indiyədək bir-birinə bitişik Mahruzlu, Zilanlı, Seləli, Şotlanlı kəndlərinin yerində az məsrəflə böyük bir qəsəbə salmaq olardı, elə "ağıllı Ağalı"nı da elə öz əvvəlki yerində diriltmək olardı. Onu da deyim, Mahruzluda o evləri tikənlərin içində bir nəfər də qubadlılı, cəbrayıllı, laçınlı yox idi. III. ünvanlarına nə qədər də layiq olduqları söyüş, bəd dualar yağdırsaq da, bu nankor qonşularımızdan öyrənməli olduğumuz çox şey var: 1-ci onlar heç vaxt əkinə yararlı, məhsuldar torpaqlarda kənd salıb ev tikməzlər, Allah bu torpaqları əkib becərmək, məhsul yığıb qış tədarükünü eləmək, canının ağrı-acısın, tərin-qoxun, enejisin, sevgisin torpağa ötürmək üçün yaradıb, daşın, betonun altında diri-diri basdırmaq üçün yaratmayıb, tarixlərdən 2-ci ibrət almalı olduğumuz dərs budur ki, dövlətin sərhəddi iri, abad yaşayış məntəqələri ilə gücləndirilməlidir ki, zəhmi yağı düşmənin gözünü qorxutsun. Ana kitabımız Dədə Qorqudda Gürcüstan elindən gələn bac-xəracı xanlar xanı Bayandır xan oğuz igidlərinə verib 40 igidlə, ailəsi, qohum əqrəbası ilə ölkənin sınırlarına göndərir ki, gedin orda yurd salın, vətənin o hissədən girişin etibarlı mühafizə edin. Erməni bicdir, bu sadə həqiqəti, məntiqi gözəl mənimsəyib; torpaqlarımıza - konkret desək, hələ Qubadlıya bitişik, 50-60 il qabaq Sultanovların mülkləri olan Gorus, Qafan, Qacaran kəndlərinin yerində hərəsində 30-50 min adam yaşayan mənzərəli, abad şəhərlər salıb zavod, fabrik tikmişdilər (hamısı da əkin üçün yararsız dağların arasında). Qafanın Zeyvə, Gorusun Xinzirək kəndlərində 93-cü ilə qədər elə bir şərait yaratmışdılar ki, heç indi də Bakı, Gəncə, Bərdə..yə bitişik kəndlərimizdə elə yaraşıqlı, gur yaşayış yerimiz yoxdur, bizim başımız saxta rəqəmlərlə keçici qırmızı bayraqlar almağa qarışanda ermənilərin hər cür sosial şəraiti olan kəndlərindəki mağazalar Laçın, Qubadlı camaatının da əsas alış-veriş yeri idi, adamlarımız çox vaxt isti təndir, "pekarnı" çörəyi almaq üçün ərinmədən 2 saata o kəndlərə gedərdi və bu məsəl indi də yaddaşlardadır: "axşam çapan, gündüz Qafan". Və biz Qubadlının komsomol işçiləri maaşımızı alanda bir uzun siyahı tutub sürücümüz Məhəmmədlə Qafana komsomolun I katibi Rita Ambarsumyana göndərirdik ki, yağ, çay, qənd və sair kimi gündəlik tələbat mallarından alıb yığıb göndərsin al bayraqlı ac qonşularına "Şiroko şaqayet Azerbaydjan. L.İ.Brejnev). Başımıza gətirilən faciələrin bir səbəbi də həmin yalanlar, saxta rəqəmlər, Moskva qarşısında boynu bükük dayanmağımız idi, o qırmızı bayraqlar boğazımıza biçilən kəndirlər idi.
Ancaq bizim sərhəd kəndlərimiz hələ 19-cu əsrin səviyyəsində yolsuz, qazsız, susuz, işıqsız qalmışdı, yəni hərəsi təbiətin nadir guşəsi olan kəndlər 10-12 qoca, ahıl nənə-babanın ümidinə qalmışdı və 93-ün 31 avqustunda erməni Qubadlıya girib çalıb çapıb talayandan tam 83 gün sonra Seytaslı Tələt kişi arvadı ilə Qubadlıdakı əl dəyişimindən xəbər tutub ancaq gecələr pay-piyada Arazı keçib İrandan gəlib çıxmışdılar Sumqayıtda dədə-nənəsini öldü, əsir düşdü bildikləri balalarının yanına. Yəni Vətənin, Dövlətin sərhəddində iri kənd, qəsəbə salınar, əhalinin ən cavan, cəsarətli, yurdsevər qismi ora köçürülər, iş yerləri açılar, düşmən bağrı çatladan yaşam şəraiti, rahatlıq yaradılar ki, 1905-7, 1917-20, 1988-93-də yaşadığımız faciələr təkrar olunmasın.
Budur, yenə də köhnə hamam, köhnə tas; ölkəmiz suverenliyini - bütün ərazisində xalqın, dövlətin nəzarətini bərpa edəndən sonra planlaşdırmada bağışlanmaz kobud səhvlər baş alıb gedir, yenə də sərhəd kəndləri boşaldılır, birləşdirilir, ən pisi də odur ki, kəndlərimiz yuxarı sərhəd sınırlarına qaldırılmaq əvəzinə əksinə aşağılara yendirilir, elə layihələndirilir ki, məsələn Əyin Zeyvə ilə üzbəüz hündürlükdədir, ancaq Çardaxlıya aşağı endirilir, Zeyvədən quş tüfəngi ilə nişan al, ovla, yenə qanına qəltan elə, Məzrə sərhəddə Qafan-Gorus avtomobil yolunun üstündə iri kənd, qəsəbə salmaq üçün unikal imkanlara malikdir, ancaq o ətraf kəndlərin də əl-ayağın bağlayıb aşağı sürükləyiblər, hər yerdə strateji əhəmiyyətli hündürlüklər yenə də dincliklə ermənilərə ərməğan edilir. Şurnuxunun yuxarı hissəsində ermənilər qısa zamanda dağıdılmış camaatımızın evlərindən qalan daşlardan istifadə eləməklə 14 təzə evlər tikdi, Paşinyan gəlib payladı, göstərdi ki, hökumətimiz burdadır, yanınızdadır, Şurnuxunun yolun altında, kəndin aşağısındakı evlərə kim qayıdıb köçəsidir, raqatka ilə də nişan alıb vurmaq olar. Rayon mərkəzi niyə Yazı düzündə azı 5 min ikiayaqlı yaşayan Xinzirəklə üzbəüzdə tikilməsin? Milyonlarla su tutumu olan, hər dəfə anbarın ağzın açıb Qubadlı, Zəngilanın yarısın su altında məhv edərik deyə hədə-qorxu gələn ermənilərin top-tüfənginin əl içi görüb vurduğu çaladakı Qubadlı şəhərini təzədən hərbi şəhərciyə çevirmək hansı ağılın məhsulu, kimin ideyasıdır?! Yazı düzü, Gəyən düzündəki minlərlə hektar düzəngah, dərə-təpə bu məqsəd üçün ən etibarlı məkan deyilmi?! Sovetin vaxtında da bütün İranı əl içi görən hərbi hissə Gəyən düzündə yerləşirdi. Bərgüşad, Həkəri çaylarının suyunun borulara doldurulub Sabirabada gətirilməsi projesinin Laçın, Qubadlı, Zəngilan, Cəbrayılın ekologiyasına, əkinçilik, heyvandarlıq, balıqçılığna vuracağı zərər barədə nədən düşünən, danışan yoxdur?! Kürün suyun qurumayıb ki, yüngül təmizləmə aparıb oranın içməli su problemin həll etmək olmazmı? Nə zamana qədər milyonlar belə gərəksiz layihələrlə havaya sovrulacaq? Bu çaylar üzərində tikilən bəndlərin heç birində balıqların suyun mənbəyinə kürü tökmək üçün sərbəst üzə bilməsinə, artıb çoxalmasına imkanı barədə düşünən olmayıb. Qubadlıya ilk dəfə gedəndə Həkəri, Bərgüşadın balığı o qədər artıb çoxalmışdı ki, səsi, küyü də eşidilir, adamı həvəsə gətirirdi, indi kökü kəsilmək üzrədir. Mayın 4-də çaya dinamit atanda Həkəridə bir nəfər ölmüşdü. Yenə bu şərəfsizləri xatırlayaq, heç vaxt tokla, dinamitlə tutulan çay balığın yeməzdilər. 2-3 il feysbukda Sumqayıtda satılan Həkəri, Bərgüşad balığının fotoları gözə girirdi, iç göynədirdi, kimlərdi o torpaqları çalıb talayanlar? 2022-nin avqustunda Qubadlının Qaçaq Nəbi, Qoçaq Həcər yurdu Aşağı, Yuxarı Mollu kəndlərində nə qədər köçüb dərhal yaşamağa yararlı evlər var idi, növbəti gedişimdə hamısı talanıb daşınmışdı. İşıq dirəkləri, evlərin dəmir örtükləri də onun kimi.
Yenə misal çəkəcəm, iyulun 25-də Laçına Həkəri çayı boyunca gedib gəldik, gecəni qaldıq, səhər durub asma körpünün üstündən geçib o taya geri qayıtdıq, ayaq atdıqca yüyürük kimi yellənib altı suya dəyirdi, o tay bu tayında da irili-xırdalı obyektlər (çoxu da kənardan gələn insanlar olmaqla), neçə nəfərin yanında dedim:- o qara buludlardan yağan leysan, daşqın bunların hamısını anındaca yuyub silib süpürüb aparacaq, heç payız sellərinə qədər də ömrü olmayacaq nə bu körpünün, nə də o obyektlərin, başınıza çarə qılın.Fotomu çəkən Minkəndli Yelmar Allah şahididir, dedim, bax ha, məndən deməkdi...feysbuk səhifəmdə də fotosu ilə birlikdə qoydum səhifəmə, ertəsi günü feys-də yayılan video-fotolardan da görünür ki, Həkərinin o tay bu tayında yerə basıdırılan 2-3 beton dirəkdan başqa o ətrafda heç nə qalmamışdı, kürlüyü tutanda dağı-daşı yuyub aparan Həkəri çayının ağzında kim, hansı ağılla tikdirmişdi o obyektləri?!
Xanlıqdan Qubadlıya gedən 6 km uzunluğunda yolun 4 ildir çəkilib başa çatdırılması da acı bağırsaq kimi uzanır.
Düz 4 ildir yazmadığım adres qalmayıb ki, Qubadlı rayon mərkəzindəki sağ-salamat duran 5 mərtəbəli binadakı 3 otaqlı mənzilimdə sərhəd qoşunlarının əsgərləri qalır, 2 dəfə gedib görüşmüşəm, kitablar hədiyyə eləmişəm, sağlıqla qalsınlar, ancaq izin verin doğulduğum, ayaq açıb ilk yeridiyim, könül verib ilk sevdiyim Saray kəndindəki dədə-baba yurdumda bir koma tikim, gedib yaşayım orda, izin yox! Belə izin olsaydı, heç olmazsa, indi rayonda azı 100-200 ailə köçüb məskun omuşdu, artıq daşı, divarı da qıfşayıb sidik iyi verən yataqxanalardan camaatın bir qisminin canı qurtarardı. Şübhəli, qəbulolunmaz, anlaşılmaz məqamlar o qədərdir ki...
Biz bu qədər qanlar axıdıb, 30 ildə millətimizin ən təmizqanlı gənclərini ki onların hərəsi 7-8 illə 3-4 övlad bəxş edəcəkdilər bu xalqa, vətənə fəda edəndən sonra da başımıza gələnlərdən, gətirilənlərdən tamam düzgün nəticə çıxara bilməmişik hələ də. Nəfsi ağlından üstün çirkin niyətli vətən sevgisindən uzaq ixtiyar sahibləri xalqı düz yolla irəli getməyə qoymur, imkan vermir. Torpaq insanların yaşaması üçün alınıb, kimlərinsə qoyun sürülərinin otlaq, qışlaq, yaylaq yerinə çevrilmək üçün yox!
İyulun 24-də Zəngilan Konqres Mərkəzində keçirilən tədbirdə Prezidentin nümayəndəsi və işçiləri ilə birlikdə bu məsələlər barədə danışanda da onların belə şeylərdən tamam uzaq olduğunu, aralarında bir nəfərin də o torpaqlara bələd adam olduğunu görmədim. Çox şeyi kadrlar həll edir, ancaq görünən budur ki, nə isə etmək ağlında, düşüncəsində, iradəsində olanları irəli buraxmaqdan qorxanlar idarəçilikdə əməlli-başlı barrikada qurublar, mühasirə həlqəsi yaradıblar. Yenidən Ana Vətənə qovuşmuş yurd yerlərimizin taleyini həll edənlər üçün quruculuq, böyük qayıdışdan, dirçəlişdən daha önəmli məsələlər var!!!
Şəhid, qazilərimizin qanı ilə suvarılan, 28-30 il qovuşmaq həsrətilə yaşadığımız, bu vüsala yetişmədən nisgilli dərdlə dünyadan köçənlərimzin ruhu gəzən o torpaqlard haram ayaq açıb iti addımlarla yeriməkdədir. Tarix bunu bağışlamayacaqdır!
Qeyd: Qubadlı camaatında narazılıq yaradan bu və digər məsələlər barədə sentyabrın 13-də ADA-da səlahiyyətli qurumların təmsilçilərinin iştirakı ilə keçirilən toplantıda bir daha danışdım, Vətən müharibəsində qələbəmizə, şəhidlərimizə həsr olunmuş, nəhayət sonuncu bu il çapdan buraxılmış "Şərqi Zəngəzur - Quruculuq və Böyük Qayıdışın ünvanı" adlı 5-ci və sayca 25-ci kitabın müəllifi, Qubadlı sakini, ölkənin ilk QHT-lərindən olan "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin sədri olaraq o yerlərə qayıdış həsrəti ilə yaşayan və yaşayacaq vətəndaşların aparılan layihələndirmə, tikinti işlərində fikir və rəylərinin mütləq nəzərə alınmalı olduğunu, onların özlərinin şəxsən öz dədə-baba evlərinin yenidən bərpasına şərait yaradılmasının, bu məqsədlə vətəndaşlara maddi kömək göstərilməsinin zəruriliyini israrla vurğuladım, bunu Azərbaycan Prezidentinin də çıxış, görüşlərində dəfələrlə dediyini xatırlatdım, insafən, etiraz olmadı, rəsmilər də bunun haqlı məsələ olduğunu etiraf etdilər. Yenə də gözləyək...25 oktyabr Qubadlı günüdür, o torpaqların işğaldan azad edilməsinin 4 illiyidir, görək həmin nə deyib, nə göstərəcəklər Qubadlıdan...
Hacı Nərimanoğlu, 20.09.24.