Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır
zengezur.com xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Zəngəzurla bağlı bunları deyib: “Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır...
Biz belə vəziyyətdə qala bilmərik. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana biz müxtəlif yollarla niyə getməliyik? Bütün bunları onlar (Ermənistan hakimiyyəti - red.) nəzərə almalıdırlar. Və mən bir dəfə demişəm: onlar gərək bizi əsəbiləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik...
Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur. Bu, bir nümunə olacaq. Sonra biz bunu ölkəmizin digər bölgələrinə də tətbiq edəcəyik. Yəni, orada həm idarəetmə, həm infrastruktur, həm də yaşıl enerji layihələri bütün ölkəni əhatə edəcək. Bax, bizim planlarımız bundan ibarətdir. Ümumi rəqəmləri gətirməklə kifayətlənirəm. Amma hesab edirəm ki, Azərbaycan televiziyaları və digər mətbu orqanları orada gedən prosesləri kifayət qədər işıqlandırırlar. Əlbəttə, istərdim ki, daha da çox işıqlandırsınlar. Çünki orada hər gün nəsə dəyişir, hər gün nəsə tikilir, hər həftə keçmiş köçkünlər oraya qayıdırlar. Ona görə bizim mətbuat o bölgədə gedən proseslərlə nə qədər çox maraqlansa və bunu işıqlandırsa, o qədər də yaxşı olacaq".