"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin yekunlaşması barədə açıqlamasını alqışlayır.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İham Əliyevin ölkəmizin dünya birliyi tərəfindən tanınan və qəbul edilən ərazi bütövlüyünü, Dövlət Suverenliyini tam bərpa etməsindən sonra Ermənistan və digər qonşu dövlətlərlə sülh, dinc yanaşı yaşama, sərbəst gediş-gəliş, bütün mübahisəli məsələlərin danışıqlar əsasında, qan tökülmədən, beynəlxalq hüquqa uyğun formada həlli, regionda siyasi sabitliyə xidmət edən münasibətlər üzərində qurulması istiqamətində məqsədyönlü səylərini dəstəkləyirik, mövcud dünya reallıqlarını nəzərə almaqla aparılan, xalqımızın, dövlətimizin mənafeyinə uyğun siyasətini müdafiə edirik.
Xalqımız təbiətən sülhsevərdir, ancaq son 5 ilin hadisələrinin də əyani şəkildə dünyaya göstərdiyi kimi, torpaqlarının, öz mənliyinin müdafiəsində sonadək yenilməz qətiyyət göstərməyə, hərbi-siyasi güclərin təzyiqlərinə layiqli cavab verməyə qadirdir.
Dövlətimiz, Xalqımız üçün xeyirlisi olsun!
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi İdarə Heyətinin sədri Dr. Hacı Nərimanoğlu
14 mart 2025-ci il.