“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin mayın 5-dən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Zəngəzur yazarlarının Zəfər çələngi” toplusunun nəşri və təqdimatı" layihəsinin icrasına başlayıb. 2025-ci ilin ilk qrant müsabiqəsinin qaliblərindən olan layihə çərçivəsində nəşr ediləcək kitabın rəyçilərinin "Zəfər ovqatlı topluya ön söz"ünü təqdim edirik.
Zəfər ovqatlı topluya ön söz
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə reallaşan “Zəngəzur yazarlarının Zəfər çələngi” toplusunu hazırlayıb nəşr etməsi əhəmiyyətli məqsəd daşıyır.
Azərbaycanın Vətən müharibəsində şanlı Zəfərinin 5 illiyinə həsr olunan bu topluda Qərbi və Şərqi Zəngəzur bölgəsini əhatə edən 9 rayonda - Cəbrayıl, Sisian, Meğri, Gorus, Kəlbəcər, Laçın, Qafan, Zəngilan, Qubadlıda doğulub yaşamış, soykökü ilə bu torpaqlara bağlı olan 215 müəllifin şeir, hekayə, esse, publisist yazıları yoplanıb. Bu ədəbi-bədii əsərlər şərəfli tariximizin ədəbi-bədii salnaməsidir, on minlərlə insanın Ana Vətənimiz Azərbaycana, Milli Ordumuza, Şəhid və Qazilərimizə, müasir Azərbaycanın qurucu memarı Heydər Əliyevə, Azərbaycan Prezidenti və Müzəffər Ali Baş Komandan İlham Əliyevə sevgi, ehtiramının, minnətdarlıq borcunun ifadəsidir, böyüməkdə olan nəslin mənəvi, hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində, gənclərimizin bədii-estetik zövqlərinin formalaşmasında sanballı mənbədir.
Razılıq hissi ilə xatırlatmalıyıq ki, QHT Agentliyinin maddi, mənəvi dəstəyi ilə “Zəngəzur” birliyi bundan əvvəl Qarabağ və Zəngəzurun tarixi, mədəniyyətinin, Azərbaycan həqiqətlərinin tədqiqi, öyrənilməsi, təbliğinə, 8 noyabr zəfərindən sonrakı quruculuq, qayıdışa həsr olunmuş, eləcə də Vətənimizin cənub və şimal bölgəsində doğulub yaşayan yazarların qələm məhsullarından ibarət 9 adda kitab nəşr edib elm, təhsil, mədəniyyət müəssisələrinin kitabxanalarına paylayıb, elektron resurslarda yerləşdirib, Azərbaycanla yanaşı Çexiya, Türkiyə, Gürcüstanda təqdimatlarını keçirib.
İnanırıq ki, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun, təsisatlarının güclənməsi, Azərbaycan həqiqətlərinin dünyada yayılması sahəsində son illər xeyli uğurlu işlər görən QHT Agentliyi belə əhəmiyyətli layihələrə bundan sonra da maliyyə yardımı göstərməkdə davam edəcəkdir. Çünki, belə layihələrin maliyyələşməsi, icrası həm də yaradıcı insanları həvəsləndirən xoş stimuldur.
Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan bu almanaxda yazıları toplanan müəlliflər ən müxtəlif peşə sahibləridir, cəmiyyətin ayrı-ayrı təbəqələrinə mənsub insanlardır; məktəbli, tələbə, əsgər, veteran, qazi, təqaüdçü, sürücü, müəllim, həkim, mühəndis, şəhid atası, şəhid anası, şəhid qardaşı, dövlət məmurudur, onların bir çoxu artıq ölkəmizdə, onun hüdudlarından kənarda çoxdan tanınır, bəziləri ilk qələm təcrübələrini ilk dəfə bu topluda təqdim edir. Topluda adı, sözü keçən yazarların bəziləri xalqımızın Zəfər günlərini görmədən vətən həsrətilə dünyadan köçüblər, onların yurd həsrətli, nisgilli yazıları da nəşrə salınıb və 8 Noyabr Zəfərinin məna, mahiyyətini anlayıb nəticə çıxarmaq, müqayisələr aparmaq üçün bu yazıların da xüsusi dəyəri var.
Almanaxa daxil edilən ədəbi-bədii, publisistik, elmi materialların toplanması prosesi çətin, məsuliyyətli, həm də zövqverici, savab bir iş olub. Müəlliflərin əksəriyyəti yazılarının bu almanaxa salındığından da xəbərsizdir, müəlliflərin və cəmiyyətin əhvali-ruhiyyəsinə ayna tutan bu ədəbi materialların xeyli hissəsi tərtibçilər tərəfindən son 5 ilin sosial şəbəkə, media, internet bazalarından aranıb, yığılıb, seçilib, toplanıb.
Təbii ki, topludakı bütün yazıları püxtələşmiş qələmin tam keyfiyyətli məhsulu saymaq doğru olmaz. Ancaq əsas olan budur ki, bu yazıların hər birində ürəkdən gələn səmimiyyət, müəlliflərin şəxsi könül çırpıntıları var, Vətən, Torpaq, Dövlət, Xalq, Ulu Öndər, Prezident-Ali Baş Komandan, Milli Ordu, Şəhid, Qazi, Ata-Ana, Zəngəzur, Bütöv Azərbaycan, TURAN, Azərbaycan -Türkiyə...sevgisinin təcəssümü var, tariximizin iftixar, bu yazılarda qürur dolu 5 ilimizin qələbə ovqatı əks olunub. Əslində topludakı bütün yazıların əsas ruhunu təşkil edən, vahid xətt kimi keçən, kitabın hər səhifəsinə hopan bu duyğular həm də ümümxalq fikrinin, düşüncəsinin ədəbi-bədii inikasıdır.
“Zəngəzur yazarlarının Zəfər çələngi” kitabının nəşri münasibətilə QHT Agentliyini və “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyini təbrik edirik, belə xeyirli toplunun işıq üzü görməsinə görə Söz adamlarının minnətdarlığını bildiririk, Redaksiya Heyətinin üzvü, tərtibçilərdən olaraq inanırıq ki, bu almanaxın nəşri, yayılması ölkəmizdə əhəmiyyətli ədəbi, mədəni, ictimai hadisəyə çevriləcəkdir
İsmayıl İmanzadə
Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin rəhbəri, Prezident təqaüdçüsü
Namiq Məna
Azərbaycan Yazıçılar Birliyinin Şərqi Zəngəzur bölməsinin rəhbəri, Prezident təqaüdçüsü