“Zəngəzur yazarlarının Zəfər çələngi” toplusunun təqdimatı oldu
Şanlı Zəfərin 5 illiyinə həsr olunan topluda 250 müəllif birləşib
Azərbaycanın Vətən müharibəsində şanlı Zəfərinin 5 illiyinə həsr olunan 412 səhifəlik “Zəngəzur yazarlarının Zəfər çələngi” toplusunda Qərbi və Şərqi Zəngəzur bölgəsini əhatə edən 9 rayonda - Cəbrayıl, Sisian, Meğri, Gorus, Kəlbəcər, Laçın, Qafan, Zəngilan, Qubadlıda doğulub yaşamış, soykökü ilə bu torpaqlara bağlı olan 250 müəllifin şeir, hekayə, esse, publisist yazıları, eləcə də müsahibə, roman və poemalarından parçalar toplanıb.
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə reallaşan eyni adlı layihəsi çərçivəsində buraxılan kitabda yazıları toplanan müəlliflər 12-92 yaş arasındakı ən müxtəlif peşə sahibləridir; məktəbli, tələbə, əsgər, sürücü, fəhlə, təqaüdçü, müəllim, həkim, polis, mühəndis, alim, jurnalist, dövlət məmurudur.
zengezur.com xəbər verir ki, iyunun 25-də toplunun AMEA Lənkəran Regional Elmi Mərkəzində (REM) keçirilən təqdimatında Lənkəran Dövlət Universitetinin (LDU) müəllim və tələbələri, Azərbaycan Yazıçılar Birliyinin (AYB), Jurnalistlər Birliyinin Lənkəran bölməsinin üzvləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional idarəsinin əməkdaşları, alim, şair və yazıçılar, QHT və media təmsilçiləri iştirak ediblər.
Əvvəlcə REM-in əməkdaşı, 2020-ci il oktyabrın 21-də Zəngəzurun Qubadlı bölgəsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş Mahsun Bağırzadənin büstü ziyarət olunub, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 8 noyabr 2022-ci ildə Zəfər Günü münasibətilə Şuşada Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri ilə keçirilən tədbirdəki təbrik nitqi səslənib.
Layihənin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlu toplunun elektron variantını videolövhədə iştirakçılara təqdim edərək deyib ki, Ramiz Rövşən, Hidayət, Musa Urud, Rafiq Yusifoğlu, İsmayıl İmanzadə, Əvəz Mahmud Lələdağ, Flora Xəlilzadə, Aygün Attar, Mahirə Abdulla, Rəşad Məcid, Mönsüm Alışov, Əlağa Cəfərov, Fəxri Uğurlu, Nəriman Qasımoğlu, Vaqif Cəbrayılzadə, Adil Cəmil, Nəsiman Yaqublu, Şirindil Alışanlı, Əlirza Xələfli, Tamxil Ziyəddinoğlu, Elçin Hüseynbəyli kimi tanınmış müəlliflərlə yanaşı, xeyli yazarın Zəfər ovqatlı şeir, hekayə, esseləri bu topluda ilk dəfə təqdim edilib. Onların sırasında 40-dan çox şəhidin, şəhid ata-anası, qardaş, bacılarının, müharibə əlili, veteran qazinin şeir, esse və məktubları da vardır.
REM-in direktoru, şair, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Qaraxanoğlu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran Regional Bölməsinin müdiri Qağayı Məmmədov, Şəhid Mahsun Bağırzadənin atası Zahir Bağırov, fəlsəfə doktorları dosent Cəmil Quliyev, Mayis Cəfərov, Kamil Cabbarov, yazıçı-jurnalistlər Sərraf Talıbov, İltifat Əhmədov, Famil Məmmədov, Emin Həmidli və başqa çıxış edənlər bu nəşrin yaşadığımız şərəfli günlərin, ümümxalq fikrinin, düşüncəsinin ədəbi-bədii inikası olduğunu, ölkəmizin ədəbi-mədəni həyatında əhəmiyyətli hadisəyə çevriləcəyini, böyüməkdə olan nəslin vətənsevərlik ruhunda böyüməsində, bədii, estetik tərbiyəsində müsbət rolunu vurğulayaraq, belə xeyirli layihələrin icrasına verdiyi dəstəyə görə QHT Agentliyinə razılığını bildiriblər.
Qeyd olunub ki, fərqli üslub, janrdakı yazılarda müəlliflərin Vətən, Torpaq, Dövlət, Xalq, Ulu Öndər Heydər Əliyev, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Milli Ordu, Şəhid, Qazi, Ata-Ana, Zəngəzur, Bütöv Azərbaycan, TURAN, Azərbaycan - Türkiyə birliyi, xalqımızın son beş illik qürurlu yaşantı, duyğuları bədii əksini tapıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi və 23 saat davam edən anti-terror əməliyyatı zamanı etdiyi tarixi çıxışlarından sətirlər, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın feysbuk paylaşımları, qalib döyüş əhvali-ruhiyyəsinə güzgü tutan çoxsaylı fotolar da toplunun ümumi ruhu ilə həmahəngdir və nəşrin ictimai əhəmiyyətini, bədii siqlətini də yüksəldir. Toplunun təqdimatının Şərqi Zəngəzur bölgəsinin işğalçılardan azad olunması uğrunda döyüşlərdə şəhid olmuş REM əməkdaşının çalışdığı kollektivdə keçirilməsinin də Şəhid adına ehtiramın ifadəsi olduğunu bildiriblər.
Topluda adı, sözü keçən yazarların bəziləri xalqımızın Zəfər günlərini görmədən vətən həsrətilə dünyadan köçüblər, onların yurd həsrətli, nisgilli yazıları da nəşrə salınıb və 8 Noyabr Zəfərinin məna, mahiyyətini, mənəvi dəyərini anlayıb nəticə çıxarmaq, müqayisələr aparmaq üçün bu yazılar xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Gənclərin İnkişafı və Karyera Mərkəzinin Lənkəran-Astara nümayəndəliyinin könüllüləri Zəhra Həsənova və Şəfa Cavadova “Zəngəzur yazarlarının Zəfər çələngi” toplusundan şeirlər ifa ediblər.
Layihənin rəhbəri H. Nərimanoğlu tədbir iştirakçılarının suallarına cavab verərək əlavə edib ki, 70x100 formatda nəfis tərtibatda buraxılan topludakı ədəbi məhsulların əsas qismi filoloq alimlər, təcrübəli şair və yazıçılardan ibarət redaksiya heyətinin üzvləri, işçi qrup tərəfindən son beş ilin sosial şəbəkə, media, internet bazalarından aranıb, yığılıb, seçilib.
Almanaxın nüsxələri şəhid ailələrinə, qazilərə, təqdimatda iştirak edənlərə, ölkəmizin elm, təhsil, mədəniyyət müəssisələrinə, ictimai təşkilatlara, dövlət, qeyri-hökumət təşkilatlarına, KİV-lərə, hərbi hissələrə, müəlliflərə paylanıb.
Tədbir barədə ilk xəbəri AZƏRTAC yayıb:
https://azertag.az/xeber/sanli_zeferin_5_illiyine_hesr_olunmus_kitabin_teqdimati_olub-3630231
Təqdimatdan hazırlanmış videomaterial youtube.com-da yerləşdirilib:
https://www.youtube.com/watch?feature=shared&v=X43AUwtt9DY
Daha geniş oxucu auditoriyasına çatdırılması məqsədilə toplunun elektron variantı “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin “zengezur.com” saytında yerləşdirilib.
https://zengezur.com/KITABLAR/Almanax_yeni.pdf