Səfəvi və Osmanlı hökmranlığı dövründə Sisian XVI əsrin əvvəllərindən 1780-ci illərə qədər mərkəzi Naxçıvanda olan inzibati vahidlərin (ülke, sancaq, xanlıq) tərkibində olmuşdur. Sonralar Qarabağ xanı İbrahim tərəfindən Naxçıvan xanlığından alındı. Sisian və Meğridən başqa ərazi Kapan adı ilə tanınırdı və Gəncə dilənliklərinə, sonradan isə Qarabağ xanına, ya da Cənubi Azərbaycanın Qaradağ inzibati vahidlərinə tabe idi. 1805-ci ildə Rusiya tərəfindən işğal edilmiş və 1813-cü ildən Qarabağ xanlığına məxsus olmasına baxmayaraq, 1828-ci ilə qədər İranın nəzarəti altında idi. 1828-ci ildə Zəngəzuru tam işğal edən ruslar, yolların olmaması səbəbindən ərazinin Naxçıvan və İrəvandan idarə edilməsinin mümkün olmadığını anladılar. Bölgə əvvəlcə Qarabağ, sonra isə Şamaxı quberniyasına tabe edildi. 1868-ci ildən yeni yaradılmış Yelizavetpol quberniyasına keçdi. Məhz Yelizavetpol quberniyası tərkibində yeni Zəngəzur qəzası yarandı. Sisian, Qorus, Qafan, müasir Laçın, Qubatlı və Zəngilan ərazisi, Şuşa rayonunun bir hissəsi Gorüs şəhəri mərkəz olan mahala çevrildi. Ermənistanın ən böyük kəndi olan Xndzoresk sakinləri 1880-ci illərdən, əksər Gorus kəndlərinin əhalisi kimi Bakı neft mədənlərində işləyirdilər. Bakı fəhlələri arasında Zəngəzur ermənilərinin sayı Qarabağ ermənilərindən çox idi. Müxtəlif dövrlərdə Zəngəzurun erməni əhalisinin dörddə biri Abşeron neft mədənlərində fəhləlik edirdi. Gorus bölgəsi ermənilərinin işləmək üçün Bakıya getməsi ənənəsi sovet illərində, 1950-ci illərə qədər davam etdi. Proses buraya Ermənistandan yeni yolların çəkilməsi və İrəvanın Cənubi Qafqazın ən sürətlə böyüyən paytaxtı olması ilə dayandı.
Eldar Tağıyev,
tarixçi
Mənbə:https://www.facebook.com/Lachin2010/photos/s%C9%99f%C9%99vi-v%C9%99-osmanl%C4%B1-h%C3%B6kmranl%C4%B1%C4%9F%C4%B1 -d%C3%B6vr%C3%BCnd%C9%99-sisian-xvi-%C9%99srin-%C9%99vv%C9%99ll%C9%99rind%C9%99n-1780-ci-il/802522712328525/?_rdr