“Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq”.
Prezidenti İlham Əliyevin Milli Məclisdə 14 fevral 2024-cü ildə andiçmə mərasimində nitqindən
Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında “vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq” xüsusi vurğulanıb. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi”, “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında 19 aprel 2021-ci il tarixli Fərmanı, Nazirlər Kabinetinin bu fərmanların icrasının təmin edilməsi ilə bağlı müvafiq qərarları QHT-lərin cəmiyyətdə yeri, rolu, vəzifələri, fəaliyyətinin tənzimlənməsi kimi məsələləri dəqiqliklə müəyyən edib. Bu hüquqli sənədlər QHT-lərin inkişafında, vətəndaş cəmiyyətinin formalaşmasında yeni mərhələnin əsasını qoyub.
Müsbət haldır ki, QHT Agentliyinin yeni rəhbərliyi, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektoru zamanın çağırışlarını, dövlət rəhbərliyinin vətəndaş cəmiyyətindən gözləntilərini zamanında düzgün qiymətləndirərək öz fəaliyyətini yenidən qurmağa nail olublar. Bu gün Azərbaycan QHT sektorunda böyük bir canlanma, yüksək əhval-ruhiyyə, işgüzarlıq mühiti, proaktiv fəaliyyət müşahidə edilir. Artıq tədbir naminə tədbirlər deyil, hədəf auditoriyaya yönəlik işlər, ölçüləbilən nəticələr önə çıxır, hesabatlılıq artır. Dövlət-QHT münasibətləri “yardım modeli” çərçivəsindən çıxaraq, qarşılıqlı məsuliyyət, təsirlilik, etimad, şəffaflıq modeli üzərində qurulur. QHT Agentliyi son illər qəbul olunmuş 19 Dövlət proqramı üzrə 67 tapşırığın icrasını 97 faiz göstərici ilə tamamlayıb, belə yüksək nəticə qurumun tarixində ilk dəfə əldə olunub. Agentlik dövlət–özəl–QHT əməkdaşlığının ilk nümunələrini yaradıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qarabağ Dirçəliş Fondu və bp ilə uğurlu əməkdaşlıq formaları reallaşıb.
Agentliyin QHT-lərin İnkişaf və Mübadilə Proqramı vətəndaş cəmiyyəti təmsilçilərinin bilik və bacarıqlarının, onların potensiallarının artırılmasına sanballı töhfələr verir. Proqram çərçivəsində ilk tədbir 2022-ci ildə Mingəçevirdə, 2023-cü ildə Naftalan və Bakıda, 2024-cü ildə Naxçıvan və Şamaxıda, son olaraq da bu il oktyabrın 18-20-də Şuşa və Xankəndidə təşkil edilib. Ümumilikdə, bu proqramlarda QHT-lərin minədək nümayəndəsi iştirak edib. ADA Universiteti ilə birlikdə “İqlim Dəyişmələri və COP” mövzusunda 100 QHT təmsilçisi üçün beynəlxalq ekspertlərin təlimi təşkil edilib. 2023-cü ildən başlayaraq hər il Azərbaycan QHT-lərinin illik hesabat toplantısı keçirilir və növbəti hədəflərə, vəzifələrə dair dəyərləndirmələr aparılır.
QHT-lərin KİV-lərlə əlaqələrinin, əməkdaşlığının gücləndirilməsi həm də vətəndaş cəmiyyətinin inkişafına, şəffaflığın təminatına stimul verən amildir. Medianın İnkişafı Agentliyinin monitorinqləri göstərir ki, 2025-ci ilin ilk 9 ayı ərzində respublika üzrə veb-saytlarda mətnində “QHT” sözü olan 11441 link aşkar olunub. Bu, həmin dövr ərzində veb saytların yaydığı informasiyanın təxminən 9%-i anlamındadır. Bu linklərdən 2912-sinin xəbər başlığında “QHT” ifadəsi yer alır. Artıq media reyestrində adı olmayan sayt, qəzetlərin pullu xidmətlərindən imtina olunur, bu da QHT-lərin məsuliyyət hissini artıran amillərdən biri kimi təqdirəlayiqdir.
2022-ci ilin dekabrında Azərbaycan QHT-ləri Şuşada Xankəndi-Laçın yolunda post qurmuşdular. Bu, Azərbaycan tarixinə ən uzunmüddətli etiraz aksiyası kimi düşən, qarlı, şaxtalı dağ yolunda gecə-gündüz ara vermədən 138 davam edən bu əzmkarlıq ümumxalq iradəsinin təzahürü idi, 2023-cü ilin sentyabrında dövlət suverenliyinin tam bərpası əməliyyatı da bu qətiyyətin məntiqi sonluğu idi və oktyabrın 15-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndidə Azərbaycan Bayrağını ucaltması erməni seperatçılığının tabutuna vurulan son mismar oldu. Həmin günlərdə Şuşa və Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun keçirilməsi də bu şərəfli tarixin təntənəsinə çevrildi.
QHT sektorunda aktuallıq kəsb edən çağırışlara konkret, uzunömürlü işlə cavab verilməsi ənənəyə çevrilir. Son aylarda “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin “Zəngəzur mahnısı”, Azərbaycan Kartoqrafları İctimai Birliyinin “Zəngəzur xəritəsi”, “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin böyük Zəfərin 5 illiyinə həsr olunmuş 412 səhifəlik, 250 müəllifi birləşdirən “Zəngəzur yazarların Zəfər çələngi” ədəbi-bədii toplusunun nəşri QHT-lərimizin gündəmdəki məsələlərə çevik reaksiyasını nümayiş etdirir. Vətən müharibəsindən sonrakı dövrdə müxtəlif beynəlxalq təşkilatların, ermənipərəst dövlətlərin ölkəmizə qarşı qərəzli yanaşmalarına operativ reaksiya, etiraz bəyanatları, qəbul edilən müraciətlərin yüzlərlə media qurumuna, ayrı-ayrı şəxslərə göndərilməsi sözsüz ki, təsirsiz qalmırdı. QHT sektorunun hazırkı fəaliyyətində şəhid ailələrinə mənəvi dəstək, mina təhlükəsinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərimizin dirçəlişi, Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyası, Böyük Qayıdış proqramının icrası istiqamətində layihələr mühüm yer tutur.
Hazırkı tələbkarlıq, kəmiyyətdən keyfiyyətə keçid prosesində fəaliyyəti görünməyən, ictimai faydası olmayan QHT-lər öz-özünə sıradan çıxır, sağlamlaşdırma tədbirlərinin nəticəsi olaraq QHT sektoruna süni axın xeyli daralıb. 2022-ci illə müqayisədə 2024-cü ildə yeni QHT-lərin dövlət qeydiyyatına alınması 4 dəfə aşağı düşüb. Yeni QHT yaratmağa dair rəsmi müraciətlərin sayı isə 2022-ci illə müqayisədə bu il 3 dəfə aşağı enib. Hər kəs anlayır ki, QHT-də fəaliyyət göründüyü qədər asan pul qazanma meydanı deyil, məsuliyyət tələb edən ciddi işdir. Artıq QHT sektorunda mövcud olmuş bir sıra neqativ hallar aradan qaldırılır, xarici donorlarla hər bir qrant, ianə, xidməti müqavilə üzrə fəaliyyət yalnız bu sənədlərin aidiyyəti üzrə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmasından sonra icra olunur. Qarşıdakı dövrdə QHT sektorunun institutsional quruculuğunun möhkəmlənməsi tədbirləri, QHT-lərlə bağlı bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi də nəzərdə tutulur.
QHT sektoru ölkəmizdə keçirilən beynəlxalq səviyyəli tədbirlərin aktiv iştirakçısına çevrilib. COP29 yönümlü fəaliyyətlərin Təşkilat Komitəsində QHT sektorunun xeyli nümayəndəsi təmsil olunub. Agentlik Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə “1 yerli QHT + 1 xarici QHT” koalisiya formatında “COP29-la bağlı beynəlxalq təşəbbüslər”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” forumları uğurla həyata keçirib. QHT-lərimiz qazanılan faydalı təcrübəni gələn il Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında daha effektiv tətbiq edəcəkdir, indidən ciddi hazırlıqlar görülür.
QHT-lərin ən böyük uğurlarından biri beynəlxalq təşkilatlarda təmsilçiliyini gücləndirib dünya arenasına təsirli layihələrlə çıxmağı bacarmalarıdır. COP29 dövründə 137 ölkədən BMT statuslu 1023 QHT-nin Azərbaycanın lehinə bəyanat verməsi ilk dəfə baş verən tarixi hadisə idi. 2025-ci ilin aprelində Bakıda Qlobal Cənub QHT Platforması təsis olundu. Cənub QHT Platformasının yaradılmasına 116 ölkədən 120 nümayəndə şəxsən, 137 ölkədən isə 1023 nümayəndə imza ilə dəstək verib. Bu, Azərbaycan QHT-lərinə etimadın göstəricisi idi. Qlobal Cənubda dünya əhalisinin 80%-i yaşayır, bu ucsuz-bucaqsız regionun vətəndaş cəmiyyətini ilk dəfə məhz Azərbaycan QHT-ləri birləşdirə bildi. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan vətəndaş cəmiyyətinin təşəbbüsü dünyanın 3/2 hissəsini əhatə edən bölgədə beynəlxalq dəstək qazandı. Bakı Qlobal Cənub QHT Platformasının daimi mənzil qərargahına çevrildi. Platformaya rəhbərliyin Azərbaycan QHT-lərinə həvalə edilməsi tarixi nailiyyətdir. Beynəlxalq etimad, inamın nəticəsidir ki, 2026-cı ilin mayında Qlobal Cənub QHT Platformasının Baş Assambleyası da Bakıda keçiriləcək. Dünya müsəlmanlarının 60%-nin yaşadığı, İslam Səkkizliyi adlanan D8 ölkələrinin QHT-lərinin də ilk görüşünü Azərbaycan QHT-ləri Bakıda təşkil etdi. BMT-nin Beynəlxalq İqlim Konfransının sessiyalarında olduğu kimi, QHT-lərimiz artıq beynəlxalq təşkilatlarda məhdud təmsilçiliklə razılaşmır, iştirakını, nüfuzunu artırır, beynəlxalq təmsilçiliyini gücləndirir. İtaliyada G7 ölkələrinin Vətəndaş Cəmiyyəti Sammitində iştirak edən 8 ölkədən 30 QHT, 100-dək Özbəkistan QHT-si COP29 ölkəsi olan Azərbaycana dəstək bəyanatı imzalayıb yayıb.
Dövlət başçımızın qarşıya qoyduğu mühüm əhəmiyyətli strateji xəttin əsasında dayanan- “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”- kəlamı QHT-lərin fəaliyyətində yeni istiqamətlər açıb. 2023-cü ildə Füzulidə, 2024-cü ildə Daşkənddə Azərbaycan və Özbəkistanın vətəndaş cəmiyyəti təsisatlarının forumu keçirilib, yaxın günlərdə Azərbaycan və özbək QHT-ləri üçün birgə qrant müsabiqəsi də elan olunacaq. 2025-ci il martın 18-də Heydər Əliyev Mərkəzində İraq, Suriya və Türkiyədən 30-dan çox vətəndaş cəmiyyəti təmsilçisinin də iştirakı ilə "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumunun keçirilməsi, Xocalı, Xankəndi, Şuşa və Füzuliyə səfərləri, Bakıda İlaxır çərşənbəsi, Novruz şənliklərinə qatılmaları, birgə QHT şəbəkəsinin qurulması, Agentliyin donorluğu ilə “Türkman marşı” musiqisini ərsəyə gətirilməsi əməkdaşlıq proqramlarının ardıcıl davam etdirilməsinə etibarlı zəmin yaradıb. 2025-ci ilin noyabrında Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu keçiriləcək. Azərbaycan-Qazaxıstan, Azərbaycan-Çin QHT-lərinin əməkdaşlıq platformasının qurulması da yaxın vaxtlarda reallaşacaqdır.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi həm ölkə daxilində, həm də xaricdə kütləvi tədbirlərin bacarıqlı təşkilatçısı kimi qəbul olunur. Azərbaycan QHT-lərinin xaricdə keçirdiyi tədbirlərin sayı əvvəlki illərlə müqayisədə 4 dəfəyədək artıb. Əgər 2022-ci ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Azərbaycan QHT-ləri cəmi 1 xarici ölkədə tədbir keçirmişdisə, 2024-cü ildə 7 xarici ölkədə 25 tədbir təşkil edib. Bu il “Gilavar” Foto Klubu İctimai Birliyi təklikdə 4 xarici ölkədə - Almaniya, Fransa, Belçika, Niderlandda tədbirlər keçirməyə nail olub.
“Qarabağ İtkin Ailələri” İctimai Birliyi son 35 ildə ilk dəfə BMT-nin Avropa Ofisində qəbul edilib, dinlənilib, onların rəyi, baxışı BMT miqyasında istinad mənbəyinə çevrilib. Bu günlərdə ilk dəfə BMT Baş katibi öz hesabatında “Bakı Təşəbbüs Qrupu”nun yaydığı hesabata istinad edib.
Bu gün QHT Agentliyinin fəaliyyətində süni intellekt və rəqəmsal həllər dövrünün tələblərinə müvafiq “rəqəmsal QHT” konsepsiyasının reallaşması yeni, fərqli müstəvidə iş aparılmasını, daha ciddi nəticələr əldə edilməsini, beynəlxalq ictimaiyyətin diqqətinin Azərbaycan həqiqətlərinə cəlb olunmasını, bütövlükdə regionun lider dövlətinin nüfuzuna uyğun layihələrin, tədbirlərin gerçəkləşməsini tələb edir.
Oktyabrın 20-də Xankəndidə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçılarının ölkəmizi qələbədən-qələbəyə aparan, şərəfli tarixi missiyanın - müharibənin qalibi və sülhün müəllifi olan Prezident İlham Əliyevə müraciətində vətəndaş cəmiyyəti təsisatlarının yeni çağırışlar dövründə dövlət başçımızın, Müzəffər Ali Baş Komandanın etimadına layiq olmaq və cavab verə bilmək üçün aydın hədəflərə aparan yolda çalışmalarını daha da gücləndirmək əzmi xüsusi vurğulanıb.
Hacı ABDULLA
tarix üzrə fəlsəfə doktoru, zengezur.com saytının baş redaktoru