Bu qərara yenidən baxılmalıdır

Bu qərara yenidən baxılmalıdır

Təhsil müəssisələrində baş örtüyündən istifadə edən şagird, tələbə, müəllimlərin dərslərə buraxılmaması barədə şifahi, yazılı qərar verənlərin ailələrindəki qız, gəlin, ana, bacılarının  məcburi şəkildə baş örtüyünə keçilməsi barədə qərar verilsəydi, bunu necə qarşılayardılar, məmnun qalardılarmı?!  Ölkəmizdə müxtəlif dinlərdən olan, fiziki cəhətdən əngəlli şagirdlər, tələbələr digər həmyaşıdları ilə birlikdə eyni sinifdə, eyni auditoriyada oxuyur (tolerantlıq, inklüziv təhsil),  bu İsrail, Hindistan, ABŞ, İsveçrə, Yaponiya, Fransada....da/də belədir, müsəlmanların azlıqda olduğu heç bir ölkədə belə bir qadağa yoxdur, məsələn; hicablı müsəlman xanım Nadia Mohamed, Fauzia Janjua ABŞ-da, Safiya Saeed, Şahin Əşrəf Böyük Britaniyada və sair mer, lord, deputat seçilib, yüksək vəzifələrə təyin ediliblər, Fransa Senatı 2022-ci ildə idmançıların yarışlarda aşkar dini simvollardan istifadəsinin qadağan edilməsinə dair deputat fraksiyaları tərəfindən verilən qanun təklifi hazırkı prezidentin başçılıq etdiyi mərkəzçi partiya və müttəfiqlərinin yekdil səsi ilə dini etiqad azadlığı haqqında qanuna zidd olduğuna görə rədd edilmişdi. Min ildən çoxdur ki, baş örtüyü inanclı insanlarımızın sevib seçdiyi, içdən gələn sevgi, inamla daşıdığı geyim olub, həya, abır, ar, ismət simvolu sayılıb, indi birdən birə durub deyək ki, yox, sizin, nənə-babalarınızın düşüncəsi səhvdir, elə deyil, belədir?! 
Tam əminəm ki, dini, mənəvi dəyərlərə bağlılığı ilə yüz minlərlə dindar vətəndaşımızın da səmimi sevgisini qazanmış Azərbaycan Prezidenti və Xanımı bu məsələyə şəxsən münasibət bildirəcəklər. 

Hacı NƏRİMANOĞLU, tarix üzrə fəlsəfə doktoru