Gorus rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Zəngəzur mahalı ərazisində rayon. Mərkəzi Gorus şəhəridir. Azərbaycan Rusiyaya birləşdirildikdən sonra o dövrün ərazi inzibati bölgüsünə görə yaradılmış Yelizavetpol quberniyasının Zəngəzur qəzasının mərkəzi Gorus şəhəri olmuşdur. Zəngəzur Ermənistana verildikdən sonra isə Ermənistan SSR-in tərkibində 1930-cu il sentyabrın 9-da Gorus rayonu yaradılmışdır. Rayonun ərazisi 752 km²-dir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 250 km-dir. 1988-ci ilə kimi azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Şurnuxu, Ağbulaq, Şamsız, Qurdqulaq, Şahverdilər, Gorus.
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:
Qədim türk adı | İndiki adı | Dəyişdirilmə tarixi |
---|---|---|
Gorus | Qoris | ... |
Quladərəsi | Qalidzor | ... |
Əliqulu | Azataşen | 01.06.1940 |
Körü | Dzoraşen | 19.04.1950 |
Muğancıq | Haygedazor | 19.04.1950 |
Yayıcı | Qarjis | 03.07.1968 |
Bayandur | Bağatur | 07.05.1969 |
Gorus Qafqazda ən qədim yaşayış məskənlərindən biri olmuşdur. Orta əsrlərdə Qədim İpək yolunun bir hissəsi sayılan, Naxçıvandan Xəzəryanı şəhərlərə, Qarabağa və başqa yerlərə duz daşıyan karvanların yolu Gorusdan keçib gedərmiş.
Qarabağ xanları Gorus ermənilərinə qarşı həmişə xoş münasibət bəsləmişlər. Pənahəli xan Qarabağ məliyi Şahnəzərin təqdimatı ilə Gorus ermənisi Ohana məlik rütbəsi vermiş və bu bölgənin idarəçiliyini ona tapşırmışdır. Qarabağ xanının icazəsi və dəstəyi ilə 1765-ci ildə Gorus kilsəsi tikilmişdir. Gorus bölgəsini 200 ilə yaxın bir müddətdə (XVII-XVIII əsrlərdə) Məlik Hüseynlilər tayfası idarə etmiş və bu nəslin Qarabağ xanlığı ilə yaxın əlaqələri olmuşdur. 1805-ci ildə Qarabağa daxil olan rus qoşunları Gorus şəhərini Rusiyanın hərbi qərargahına çevirmişdir. 1826-cı ilin iyul ayında Rusiya-İran müharibəsi Zəngəzurda şiddətlənir və Q.Nazimkanın komandanlığı altında rus ordusu 42-ci polkunun üç alayı (2 topu) Gorusda yerləşdirilir. Köhnə Gorus qəsəbəsi 1868-ci ildən Yelizavetpol quberniyasının Zəngəzur qəzasının mərkəzi olmuşdur. Lakin qəsəbənin yerləşdiyi dərənin məhdud sahəsi onun genişlənməsinə imkan vermədiyinə görə Məlik Hüseynin məsləhəti ilə 1870-ci ildə köhnə Gorusdan bir qədər qərbdə, kəndin qarşısındakı düzənlikdə, çayın sağ sahilində Gorus şəhərinin əsası qoyulmuşdur. Bu şəhər 1868-1918-ci illərdə Yelizavetpol quberniyası Zəngəzur qəzasının mərkəzi, 1921-1930-cu illərdə Ermənistan SSR Zəngəzur qəzasının, daha sonra isə Gorus rayonunun mərkəzi olmuşdur.
Moisey Kalankatuklunun "Alban tarixi" əsərində (3-cü kitab 16-cı fəsil) bu yaşayış məntəqəsinin adı Qoroz qalası kimi çəkilir. Gorus toponimi Gürcüstanda Xorosdaq, Qoroz-Xaraba, Stavropol vilayətində Geros, Şimali Qafqazda Qroznı toponimləri ilə mənşəcə eyni olub, türk mənşəli Qorus tayfasının adı ilə bağlıdır.
Gorus toponimini tədqiq edən əslən Gorusun Şurnuxu kəndindən olan Əzəmət Rüstəmli Naxçıvandakı Xurs kəndinin, Qazax rayonundakı Xoros dağının, Qarabağdakı Kirs dağının, Türkiyədəki Qars şəhərinin adlarının Gorus toponimi ilə eyni mənşəli olduğunu qeyd edir. Gorus toponimini Qor sözü ilə əlaqələndirən fikir də maraqlıdır. "Alban tarixi" əsərində göstərilir: "Babiki müşaiyət edən Qor və Qazan adlı iki doğma qardaş öz dinlərini atıb xaçpərəst oldular. Babik püşk atdı və Qorun bəxtinə Hot kəndi, Qazanın bəxtinə isə Şalat kəndi çıxdı". Hot və Şalat kəndlərinin Sisyan və Gorus rayonlarının ərazisində olması bu gümanı daha da qüvvətləndirir.
Gorus toponiminin İranın Həmədan şəhəri yaxınlığındakı Gorus mahalından olan tayfaların adı ilə bağlılığını göstərən Məhəmmədhəsən Baharlı bu tayfanın, eləcə də Azərbaycanın Cavad, Şamaxı və Göyçay qəzalarında məskunlaşdığını da qeyd edir. Lakin Məhəmməd Həsən Baharlının gorusluları kürd tayfaları kimi göstərməsi fikri ilə razılaşmaq mümkün deyildir. Bu tayfa türk mənşəli olmaqla, XV-XVI əsrlərdə Qızılbaşların tərkibində Səfəvilərin hakimiyyətə gəlməsində mühüm rol oynamış və çox güman ki, XVI əsrin əvvəllərində Şah İsmayıl Xətainin Zəngəzura yürüşü zamanı bu ərazilərə gələrək yeni yurdda məskunlaşmışlar.
Son dövrlərdə erməni tədqiqatçıları Gorus (Qoris) sözünü rus dilindəki "qora" - "dağ" sözü ilə əlaqələndirirlər ki, bu da etimoloji cəhətdən tam mənasız bir şeydir. Ən azı ona görə ki, ruslar Zəngəzura XIX əsrdə gəlmişlər, Gorus adı isə bundan ən azı 400 il öncə mövcud olmuşdur.
Gorusun bərəkətli torpağı, çay boyu vadiləri, sıldırım qayaları, mağara və kahaları qədim minilliklərdə adamlar üçün sığınacaq olmuşdur.
Orta əsr şərq-müsəlman memarlığının ən gözəl nümunələrindən biri olan Sınıq Karvansaranın da Gorus rayonu ərazisində olması deyilənlərə sübutdur. Qayaların qoynundakı mağara və karvansaralar son illərə qədərqalmaqda idi. Bu ekzotik evlər uzun illər Qarabağ xanlarının istirahət və əyləncə yeri olmuşdur.
Gorusda 1823-cü ildə 119 ailə (azərbaycanlı və erməni) yaşayırdı. Azərbaycan Rusiyaya birləşdirildikdən sonra 1829-31-ci illərdə İrandan və Türkiyədən xeyli sayda erməni köçürülərək Zəngəzura, o cümlədən, Gorus rayonunun ərazisində yerləşdirilmiş,gəlmə ermənilərin hesabına şəhərin əhalisi artmışdır. Gorus Şəhəri Zəngəzurun qəza mərkəzinə çevrildikdən sonra ardıcıl aparılan erməniləşdirməyə siyasəti nəticəsində buradan azərbaycanlılar tədriclə sıxışdırılıb çıxarılmışlar. S. Zelinskinin 1886-ci il tədqiqatında Gorus Şəhəri erməni yaşayış məntəqəsi kimi göstərilir.Yalnız burada bir neçə azərbaycanlı ailəsinin yaşadığı qeyd edilir. Gorus erməniləri istər xarakterinə, istərsə də ləhcələrinə görə Zəngəzurun digər ermənilərindən kəskin şəkildə fərqlənirdilər. Erməni dilçilik elmində "Gorus ləhcəsi" deyilən bir sahənin olması da təsadüfi deyildir. Müxtəlif zamanlarda dünyanın müxtəlif ölkələrindən indiki Ermənistan ərazisinə köçürülən ermənilər müxtəlif ləhcələrlə danışırlar. Bu yığma xalqın hər rayonda, hətta ayrı-ayrı kəndlərdə belə özlərinə məxsus ləhcələri mövcuddur. Belə ki, Zəngəzurun Meğri rayonundakı ermənilər bir ləhcə ilə danışdıqları halda, qonşu Qafanda başqa ləhcə ilə danışırlar.İrəvan ermənilərinin öz ləhcəsi, Leninakanın öz ləhcəsi vardır. Bir sözlə, Ermənistanda 40-a qədər ləhcə vardır. Ancaq Gorus ləhcəsi bunların heç birinə bənzəmir. Bu ləhcə ilə Gorus rayonunda, Sisyanın və Qafanın bəzi erməni kəndlərində danışırlar. Gorus ləhcəsinin Qarabağ ləhcəsinə yaxın olması faktı da Zəngəzur və Arsağın qədim Albaniya dövlətinin qonşu vilayətləri olmasını təsdiq edən dəlillərdən biri kimi əhəmiyyətlidir. Son əsrdə Gorus erməniləri öz kobudluqları, qəddarlıqları və azərbaycanlı əhaliyə qarşı daha sərt münasibətləri ilə seçilmişlər. Fikrimizcə bu, həm Gorusda güclü dayaqlara malik olan "Daşnaksütyun"partiyasının antitürk təbliğatı, həm də IX əsrin sonlarında Zəngəzurda Alban xristianlarının qriqorianlaşdırılmasında xüsusi rol oynamış Tatev kilsəsinin təsiri ilə əlaqədar idi. Sonrakı dövrdə də Gorus rayonu Zəngəzurun erməni daŞnak mərkəzi kimi tanıtmışdır. 1905 və 1918-ci il Zəngəzurdakı erməni-müsəlman davaları zamanı Gorus erməniləri xüsusilə qəddarlıq göstərmişlər. 1918-ci ildə Andronikin Zəngəzurdakı azərbaycanlı kəndlərini talan edərək Gorusa gəlməsi və Gorusda öz dövlətini elan etməsi, Dro və Nijdehin daşnak dəstələrinin uzun müddət Gorusda və Tatevdə at oynatması, Zəngəzurda Sovet hakimiyyəti qurulduqdan sonra belə, iki ilə yaxın bir müddətdə Gorus ərazisində "Sünik respublikası" deyilən oyuncaq qurumun qalması Gorusda separatçı antitürk daşnak ruhunun yüksək olduğunu sübut edən faktlardır. 1918-ci ilə qədər Gorus rayonunda 45 azərbaycanlı kəndi olmuşdur.Sovet hakimiyyəti illərində Gorus rayonundakı 8 azərbaycanlı kəndinin adı erməniləşdirilmiş, 6 kənd isə ləğv edilmişdir. 1988-ci ildə bu rayonda cəmisi 5 azərbaycanlı kəndi qalmışdır ki, onların da əhalisi ilin sonunda deportasiya edilmişdilər.
Gorus rayonu kəskin parçalanmış vulkanik dağlar, dağətəyi düzənliklər, sıldırım qayalar və dərin dərələr diyarıdır. Rayonun şimalında bazalt süxurlardan ibarət işıqlı dağ silsiləsi uzanır (3548 m). Üçtəpə yaylası (1500-2300 m) Gorus və Sisyan rayonlarının hüdudlarında yerləşən gözəl subalp çəmənliyidir. Üçtəpədən başlayaraq dağlar tədricən aşağı meyillənir, Bazarçay dağ aşırımına (600-800 m) keçərək, Bazarçay üzərindəki yerli camaat arasında "Şeytan körpüsü" deyilən təbii daş tuneli yaradır. Bu rayonun landşaftının özəlliklərindən biri də "Gorus piramidaları"dır. Bunlar Gorus şəhərinin şərq və cənub-qərbində qərar tutan, küləklərin təsiri altında torpağın qum qatının aşınması nəticəsində yaranmış konusvari daş sütunlardır. Vulkanik mənşəli piramidaların hündürlüyü 10-20 m, bəzən daha çoxdur. Xinzirək və Xnazax, Bayandur çaylarının hövzələrində də belə piramidalara rast gəlinir. Gorus, Zoraşen, Xnzoresk, Ağsu, Dığ, Xoznavar, Xnazax çayları Gorus rayonunun əsas su hövzələridir.
Gorus çayının orta axarı boyunca yerləşən seyrək meşəliklər qaratikan, zoğal, böyürtkən kolları və cəviz ağacları ilə örtülmüşdür. Meşələrin sıx yerində vələs, palıd, ağcaqayın, cır gilas və s. ağaclar üstünlük təŞkil edir. Su axarları əsasən Bazar çayı hövzəsinə məxsus olan kiçik dağ çaylarından ibarətdir. YetmiŞinci illərdən baŞlayaraq, Bazar çayın üzərində tikilmiş SES-lər, suvarma sistemləri Gorusun iqtisadiyyatına böyük təsir göstərmişdir. Mineral sulardan "Turş su", (Tatev, Karaşen, Gorus) daha məşhur və qədim zamanlardan təbabətdə (türkəçarə) istifadə olunan ġeytan körpüsünün yaxınlığında yerləŞən mineral suların adını çəkmək olar. Zəngəzurun ən gözəl və ən böyük Su hövzəsi sayılan Qara gölün böyük bir hissəsi Gorus rayonunun ərazisindədir. Təəssüflə qeyd etmək lazımdır ki, Qara gölün Laçın ərazisinə düşən hissəsi də 1968-ci ildə Azərbaycandan alınaraq Ermənistan SSR-ə verilmişdir.
Gorusda qış Sisyan və Meğriyə nisbətən sərt və uzun olur. Havanın orta temperaturu yanvar ayında -2°C (aşağı zona) -10°C arasında (işıqlı dağ) olur. İyul ayında temperatur müvafiq surətdə +22°C-dən +10°C-dək dəyişir. Yağıntının illik miqdarı 500-800 mm-ə çatır. May-iyun aylarında demək olar ki, günaşırı yağış yağır.