Qan, can qardaşlığımıza qənim kəsilənlərə rəvac verməyək

Qan, can qardaşlığımıza qənim kəsilənlərə rəvac verməyək
Azərbaycan mediasında, sosial şəbəkələrdə Türkiyə, Ərdoğan əleyhinə, eynilə Türkiyədə Azərbaycana, İlham Əliyevə qarşı günbəgün daha geniş vüsət alan bədnam kampaniyanı başladanların kimliyi, haradan sifariş aldıqları, hansı dövlətlərə, dinə, məzhəbə, məqsədə xidmət etmələri bəllidir; onlar illərdir hər məqamda Azərbaycanla Türkiyə arasında dünyada 2-ci bənzəri olmayan qardaşlıq münasibətlərini pozmaq üçün fürsət, məqam gözləyənlərdir, bu iki dövlətin və onun liderlərinin II Qarabağ müharibəsindən əvvəl, 44 günlük savaşda, ondan sonrakı dönəmdə, Şuşa bəyannaməsi ilə bir daha imzalarla təsdiqlənən birlik, bərabərliyini, Zəngəzur dəhlizinin açılmasından sonra Türk Dövlətlər Birliyinin daha da möhkəmlənəcəyindən təlaşlanan, rəncidə olanlardır. Bu oyuna girənlərin, girdirilənlərin, bir millət iki dövlətin liderlərini hədəfə alan taxtabaşların halına yazıqlar olsun; 1918-ci ildə dünya güclərinin pay-püş etdiyi Osmanlı dövləti son gücünü toparlayıb dördbir yanında qanı axıdılan Azərbaycana qardaşlıq köməyinə gəlməsəydi Azərbaycan Cümhuriyyəti harada qurulacaqdı, erməni, rus, ingilis...Qafqazda salamat türk-müsəlman qoyacaqdımı qalsın, ya Qurtuluş savaşında nə qədər Azərbaycan türkünün şəhid olduğunu, qardaşlıq yardımlarını unutmaqmı olar, ya 44 günlük döyüşlərdə Azərbaycan Türkiyəsiz, Ərdoğansız, "Bayraqdar"sız...öz ərazisini yağı düşmənlərdən, onun hərbi-siyasi dəstəkçilərindən təkbaşına təmizləyə biləcəkdimi?! Gəlin haqq düşünək, haqqı deyək, haqqı nahaqqa verməyək, elə dalaşaq ki, barışanda bir-birimizin üz-gözünə baxa bilək, olub keçənlərdən ibrət alaq.
Və Son Söz: oktyabrın 3-də - Türk Dövlətlər Təşkilatının yarandığı gün AZƏRTAC Dövlət İnformasiya Agentliyi ard-arda bu başlıqlarda xəbərlər yaymışdı:
-Türkiyə Prezidenti Şanlıurfada Azərbaycan bulvarının açılışını edib
-Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq
-Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram
-Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır....

Hacı Nərimanoğlu, tarix üzrə elmlər doktoru