"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin bəyanatı: Qardaşlığımıza, Birliyimizə qarşı yönəlmiş bədnam kampaniyanı durdurmağa çağırırıq

"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin bəyanatı: Qardaşlığımıza, Birliyimizə qarşı yönəlmiş bədnam kampaniyanı durdurmağa çağırırıq
Azərbaycan mediasında, sosial şəbəkələrdə Türkiyə, Ərdoğan əleyhinə, eynilə Türkiyədə Azərbaycana, İlham Əliyevə qarşı günbəgün daha geniş vüsət alan bədnam kampaniyanı başladanların kimliyi, haradan sifariş aldıqları, hansı dövlətlərə, dinə, məzhəbə, məqsədə xidmət etmələri bəllidir; onlar illərdir hər məqamda Azərbaycanla Türkiyə arasında dünyada 2-ci bənzəri olmayan qardaşlıq münasibətlərini pozmaq üçün fürsət, məqam gözləyənlərdir, bu iki dövlətin, xalqın və onun liderlərinin II Qarabağ müharibəsindən əvvəl, 44 günlük savaşda, ondan sonrakı dönəmdə, Şuşa bəyannaməsi ilə bir daha imzalarla təsdiqlənən birlik, bərabərliyindən, Zəngəzur dəhlizinin açılmasından sonra Türk Dövlətlər Birliyinin daha da möhkəmlənəcəyindən təlaşlanan, rəncidə olanlardır. Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin YAP-ın III qurultayında nitqinin bəzi məqamlarını, fikirlərinin əsas mahiyyətini konteksdən çıxarıb Türkiyəyə qarşı çevirmək cəhdləri açıq-aydın görünür. Bu oyuna girənlərin, girdirilənlərin, bir millət iki dövlətin liderlərini hədəfə alan taxtabaşların halına yazıqlar olsun; 1918-ci ildə dünya güclərinin pay-püş etdiyi Osmanlı dövləti son gücünü toparlayıb dördbir yanında qanı axıdılan Azərbaycana qardaşlıq köməyinə gəlməsəydi Azərbaycan Cümhuriyyəti harada qurulacaqdı, erməni, rus, ingilis...Qafqazda salamat türk-müsəlman qoyacaqdımı qalsın, ya Qurtuluş savaşında nə qədər Azərbaycan türkünün şəhid olduğunu, qardaşlıq yardımlarını unutmaqmı olar, 44 günlük döyüşlərdə Azərbaycan Türkiyəsiz, Ərdoğansız, "Bayraqdar"sız, general Bahtiyar Ersaysız, Türkiyədə təlim keçmiş hərbçilərsiz, F-16-larsız,...öz ərazisini yağı düşmənlərdən, onun hərbi-siyasi dəstəkçilərindən təkbaşına təmizləyə biləcəkdimi?! Gəlin haqq düşünək, haqqı deyək, haqqı nahaqqa verməyək, elə dalaşaq ki, barışanda bir-birimizin üz-gözünə baxa bilək, olub keçənlərdən ibrət alaq. Əbədi olan (və olacaq!) xalqlarımızın könül birliyi, qardaşlığıdır, şəhid məzarları üstündə, evlərdə, iş yerlərində, küçə, xiyabanlarda yanaşı dalğalanan Türkiyə ilə Azərbaycanın ay-ulduzl bayraqlarıdır...
Azərbaycan və Türkiyə mediasında, sosial şəbəkələrində baş alıb gedən, yabançı qüvvələr tərəfindən süni şəkildə körüklənən, xüsusilə Azərbaycanın bu günü və gələcəyi üçün ciddi təhlükə yaratmaq gücündə olmayan "hicab" məsələsini bəhanə edərək Azərbaycanla Türkiyəni, Azərbaycanla İranı, bütövlükdə Türk, İslam dünyasını, Türk Dövlətlər Təşkilatını hədəfə alan bu bədnam kampaniyanı qətiyyətlə pisləyirik və təcili şəkildə durdurmağa çağırırıq.  
 
Hacı NƏRİMANOĞLU,
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin sədri
03 oktyabr 2026-cı il.