12 mart xalq qəhrəmanı Qaçaq Nəbinin anım günü – xəyanətlə qətlə yetirilməsinin 130-cu ildönümüdür

12 mart xalq qəhrəmanı Qaçaq Nəbinin anım günü – xəyanətlə qətlə yetirilməsinin 130-cu ildönümüdür

12 mart xalq qəhrəmanı Qaçaq Nəbinin anım günü – xəyanətlə qətlə yetirilməsinin 130-cu ildönümüdür

Qaçaq Nəbi (1851-1896) Qafqazda çar Rusiyası əleyhinə 25 ildən çox davam edən qaçaq – partizan hərəkatının başçısı olaraq şəxsi igidliyi, şücaət və cəsarəti, xalqın sevgisi ilə 150 ildən çoxdur ki, Qafqaz, İran, Türkiyə coğrafiyasında ən populyar qəhrəmanlardan birinə çevrilib.

Qafqazda XIX əsrdə, XX əsrin əvvəllərində 100-dən аrtıq qаçаq dəstəsi olub ki, onların da ən şöhrətlisi, Qаçаq Nəbinin dəstəsi idi. El gözü tərəzidir; folklorumuzdakı 11 qaçaq dastanında cəmi 164 qoşma, gəraylı vardır ki, bunun da 83-ü, yəni yarıdan çoxu Qaçaq Nəbiyə həsr olunub, Azərbaycan, İran, Türkiyədə “Qaçaq Nəbi” dastanının 7 variantı mövcuddur (Mənbə: Füzuli Bayat. Qaçaq folkloru sosial-iqtisadi və siyasi-mədəni kontekstdə. Bakı, Elm və təhsil, 2019). Bura Qaçaq Nəbi haqqında yazılan roman, povest, pyes, poema, şeir, hekayələr, filmlər, Türkiyə və Güney Azərbaycanda bizdən heç də az sevilməyən Nəbi-Həcər ünvanlı dastanlar, şeirlər, o cümlədən Məhəmmədhüseyn Şəhriyarın dillər əzbəri  məşhur 36 misralı “Qaçax Nəbi”si, Türkiyə, İran, Azərbaycan, Kərkük ellərində sayı 100-ə çatan Qaçaq Nəbi-Həcər adına bəstələri, ifaçıları da əlavə etsək, bu sevginin, şan-şöhrətin miqyasının möhtəşəmliyi, qürurvericiliyi aydın görünər. Ustad xanəndəmiz Xan Şuşinskidən başlamış, Ağabala Abdullayev, Fəxrəddin Hüseynov, Kamil Cəlilov, Aşıq Əsəd, Nevid Müsmirədək, Cemal Kaçar, Parisa Arsalani, Aşıq Əsgər Urmiyalı və sair. Ötən ilin noyabrında İğdır, Qars, Ərdəhanda olarkən Qaçaq Nəbi ünvanlı mahnıların, el nəğmələrinin bu tərəflərdə yaşayan türklər, kürdlər arasındakı populyarlığına heyran oldum. Qaçaq Nəbi haqında yazılmış elmi-tarixi, bədii, folklor nümunələrindən də göründüyü kimi, bu sevginin həqiqətən də real tarixi kökləri var.

Xalqın qoşduğu bu dastan, nəğmələrdə Qaçaq Nəbi mücadiləsinin əsas hədəfləri, ən böyük düşmənlərinin kim olduqları adbaad göstərilib; urus, qubernat-qoburnat, naçalnik, pristav, kazak, saldat, kamandir, qazamat… erməni hampa və keşişləri, yerli bəylər, məmurlar - “sapı

 özümüzdən olan baltalar”...

Qazamata çəkib urus hasarı,                                                    

Dörd yanı çevrəmə qurulub barı.

Nəbinin sədası düşüb hər yana,

Naçalnik, pristav oldu yan-yana.

*

Qazamatın yanı tökmə qaladı,

Saldat da bir yandan yaman bəladı.

Üçtəpə düzündən qopubdur sazaq,

Düzülüb qarovul saldatla kazak.

*

Nəbinin birçəyi oyma-oymadı,

Qırdı saldatları, birin qoymadı.

Həcər xanım heç Nəbidən doymadı.

Bu davada Nəbi tufan eylədi.

*

Kazakları qırıb fiğan eylədi.

Hampanı öldürüb qəltan eylədi,                  

Erməni Ginkuru bidad eylədi

Burda Nəbi yenə bir ad eylədi.

*

Qoburnat, naçalnik hey kağız yazar,

Onların yazdığın qoç Nəbi pozar və sair.

1890-cı illərdə Peterburq və Tiflisdə çıxan “Qafqaz”, “Zaqafqaziya”, “Novaya vremya” qəzetləri dəfələrlə Qaçaq Nəbinin rus, erməni silahlı dəstələrinə necə divan tutduğundan yazmışdı. “Kafkaz” qəzetində Nəbinin 23 iyul 1894-cü ildə Ordubadın Qarçıvan kəndində yaşayan ermənilərin doğram-doğram elədiyi qardaşı  Mehdinin intiqamını necə almasından yerli-yataqlı bəhs edəm yazı çap olunub; Nəbi rus naçalniki, qaçaqları rus kazakları geyimində guya Gorus türməsindən qaçıb bu  kənddə gizlədilən məhbusun tapılması adı ilə kəndə girir, hamını kilsəyə doldurur, Mehdinin ölümündə əli olan hər kəsin cəzasını verir, toplanan qəniməti 17 dəvəyə yüklədir, yol boyu kasıb kəndlilərə payladır, qalanını Arazın o tayına keçirdir, burda yoxsullara payladır. Qəzetin yaymış olduğu məlumatda, İrəvan general-qubernatorunun Tiflisə raportunda hampa və varlı keşişlərdən qarət edilmiş əmlakın dəyəri 29 min rubl göstərilir. Xəyanətkar ermənilərə layiqli dərs olan Qarçıvan hadisəsi barədə Tiflis arxivlərində xeyli sənəd-sübutlar var.

Nəbinin özünü və dəstəsini aradan götürmək üçün əsas plan cızanlar, rus dəstələrinin bələdçiləri ermənilər olub və onların da bir çoxu Nəbidən layiqli cəzalarını alıblar. Sovet vaxtı Qaçaq Nəbi haqqında filmin çəkilişinə ən böyük etiraz ermənilərdən gəlmişdi.

Türk-kürd mənbələrində sovet tarixşünaslarından fərqli olaraq, Nəbinin qaçaq düşməsi olayı belə göstərir; Nəbi 19 yaşında ikən həmkəndliləri ilə Yuxarı Mollu camaatının hər il yurd saldığı Salvartıdakı yaylaq yerlərinə köç edirlər, qudurğan erməni hampası İsvonçun tayfası rus pristavının izni ilə onlardan qabaq gəlib Molluların dədə-baba yurdunda çadırlar qurmağa macal tapmışlar, mübahisə genişlənir, erməninin kəli ilə Nəbigilin kəli də kəllələşirlər, həmişə belə olur; əvvəl gələn nə camışları, nə də otlaq yerlərini sonra gələnlə bölüşmək istəmir, heyvani instinktlə döyüşürlər, bilirlər ki qalib güclülər olur. Nəbi Alı oğlunun kəli İsvonçun kəlini süpürləyib yarğandan başıaşağı yumalayır. Hamının yanında pərt olan İsvonç tüfəngi çıxarıb Nəbigilin kəlini vurur, Nəbi də borclu qalmır – bir güllə İsvonçun başına çaxır, ona havadarlıq edən rus kazakına da tüfəngə əl atmağa aman vermir, bir güllə də ona və atına minib dağlara qaçır, ardınca da qardaşı Mehdi, toya hazırlaşdıqları deyiliklisi  əminəvəsi Həcər də onun ardınca. Nəbinin qaçaqlığı – 25  ildən çox davam edən partizanlığı belə başlayır.

Maksim Qorki “Nijneqorodskoy listok” qəzetinin 1896-cı il 8 noyabr tarixli sayında dərc olunan “Qafqazda qaçaqlar” oçerkində yazırdı: “Rusiyanın əyalətlərində həm xalqın müdafiə etdiyi mərd qaçaqlar və həm də xalqın nifrət etdikləri quldurlar olmuşdur...Adi bir soyğunçu quldur olan Qara Nəbinin fəaliyyəti ilə XIX əsrin sonlarında Azərbaycanda kəndli hərəkatına rəhbərlik etmiş xalq arasında populyar olan Qaçaq Nəbinin azadlıq mübarizəsi arasında bir ayrım xətti çəkin.” Bizim bir sıra nadanlar isə Qaçaq Nəbi adını Qara Nəbinin adı ilə qaralamaq istəyiblər.

Nəbinin “cinayətləri”ni araşdıran prokuror Jukovski ona “üsyan başçısı” maddəsi vermişdi və Peterburqa yazmışdı ki, Nəbi bildiyimiz qaçaqlardan deyil, buna yalandan qaçaq deyirlər. Bu, bəyləri, mülkədarları tamam qırmaq, torpağı yoxsul kəndlilərə paylamaq üçün qalxan güclü kəndli hərəkatıdır.

Müstəntiq-silisçi Beçerovun Qaçaq Nəbi haqqında topladığı işin həcmi 150 tom-cild idi.

Naxçıvan quberniyasının polis rəisi çar II Nikolayın sarayına yazırdı: “Zəngəzur, Naxçıvan, Ordubad, Sisianda çoxlu tərəfdarları olan Nəbinin qaçaq hərəkatı təhlükəli bir şəkil almışdır”.

Məhkəmə palatasının prokuroru Y.Vasilkov da bunu təsdiqləyərək əlavə edir ki, “hətta, bəylər də qaçaqları öz evlərində gizlədirlər”.

Məhəmməd Əmin Rəsulzadənin ən yaxın silahdaşlarından olmuş Hüseyn Baykara “Azərbaycan Milli İstiqlal Mücadiləsi” kitabının (İstanbul, 1975) “Azərbaycan tarixində qaçaq hərəkatı” bölməsində bir neçə tanınmış qaçağın çarın yerli idarələrindən pul-para, qızıl və digər təminatlar müqabilində üzə çıxıb silahı yerə qoyduğunu adbaad yazır, bu sırada istisna olan sonadək "partizan hərəkatında istismarçı imperializmə və rus çar rejiminə qarşı mübarizə" aparan Qaçaq Nəbidir.

Məşhur rus tarixçisi Vasili Lvoviç Veliçkonun Qafqaz qaçaqları haqqında bu məşhur sözləri həm də Qaçaq Nəbiyə və dəstəsinə aiddir: “Onlarda həqiqətən də alicənablıq, mərdlik, sözübütövlük, əhdə sadiqlik, nadir düzlük və açıqürəklilik vardır... Onlar ləyaqətli insanlardır... Onlar pusquda durub adam öldürməyi şərəfsizlik sayırlar. Onlarda belə bir məsəl var: “Düşmənin gözünə baxmaq lazımdır”.

Cəlal Bərgüşadın "Bozatın belində" romanı bu epiqrafla açılır: "Dünyada mənə elə bir igid göstərin ki, iyirmi beş il el-obasından didərgin düşüb, öz ömür-gün yoldaşı ilə qaranlıq mağaralar da, qalın meşələrdə, qarlı dağlarda məskən salmış olsun. Dünyada mənə elə bir cəngavər göstərin ki, at belində yaşa dolub, at belində vuruşsun; at belində qocalıb, at belində həlak olsun".

Nəbi, Həcərin mücadiləsinin kimlərə qarşı olduğunu anlamaq üçün Zəngəzurun sonuncu qazısı, tarixçi, ilahiyyatçı, bolşeviklərə qarşı “Cihad Bəyannaməsi” nin və silahlı üsyanın rəhbəri olmuş Bəhlul Behcət  “Qaçaq Nəbinin tarixi” (vəsiqə və sənədlər üzrə)” kitabında ( “Çıraq” nəşriyyatı - 2011) xalq qəhrəmanını belə səciyyələndirir:  “Üsyançı qaçaqlardan biri və bəlkə də ən məşhuru, bütün hadisə və təfərrüatı ilə tarixini yazdığımız Qaçaq Nəbidir...çar və çarlıq zülmünə qarşı çıxan və xalqın arasında bu qədər şöhrət tapmış bu böyük şəxsiyyət…”.

Bəhlul əfəndi Behcətin ((1869 Qubadlı, Dondarlı kəndi - 15 mart 1938, Sibir) həmin kitabın mündəricatındakı başlıqlardan: “Nəbinin Sarımsaqlı dağında Naxçıvan naçalniki Slovenski ilə davası və qar tığına düşməsi”, “Qaçaq Nəbinin Ərikli dağında üç naçalniklə davası”, Kürdlər, Göyçə, Naxçıvan, Zəngəzurdakı Çətəndaş, Qoparandağ, Qısırdağ, Güllüpir, Murov, Dikpiləkən və digər savaşların hamısında Nəbinin dəstəsi ilə döyüşənlər çar hakimiyyətinin müstəmləkəçi zor gücləridir. Bəhlul Behcət müasiri, qonşu kəndçisi olmuş Nəbinin “yalnız gerçək sərgüzəştlərini” və Nəbinin görkəmini, xarakterini belə təsvir edir: “Nəbi gödək boylu, yığcam cüssəli, zirək, yüngül hərəkətli bir oğlan idi. Qorxu nə olduğunu bilməzdi, onun bütün hərəkətləri mətin və qüvvətli bir iradənin səmərəsi idi. Öz hərəkətlərində namus və iffətli olub ondan xalqın əxlaqına və qeyrətinə toxunan bir əməl çıxmazdı. Nəbi öz zəmində etibarlı və iffətli idi. Onun bütün hərəkətləri mətin və qüvvətli iradənin səmərəsi idi. O, qadına hörmət barəsində çoxdan çox ehtyatlı idi, qadına toxunmazdı. Yoldaşlarına qarşı çox hörmətcil və qayğı göstərən idi, gizli oğurluğu qadağan etmişdi. O yolları kəsərək hər gələn-gedəni soymaq işindən uzaq idi, təsadüfi yol kəsmək onların işi deyildi. “Aynalı” tüfəngi bir az əvvəl qurtarmış rus-Osmanlı müharibəsində iştirak edən dostu tərəfindən gətirilmiş “osmanlı” tüfəngi idi. Boz rəngli bir qulan olan Bozatı çox zirək, çox yüngül, görünüşcə dəgözəl bir at idi.”

Qaçaq Nəbinin doğum tarixi haqqında müxtəlif illər göstərilir. Biz 8 belə fərqli tarix arasında müqayisələr apararaq yeganə düzgün tarixin Bəhlul Behcətin yazdığı ilin doğruluğu qənaətinə gəlirik. Çünki qəhrəmanımızın qətl tarixi nəinki ilinə, gününə, hətta, 1896-ci il 12 mart 3-cü Novruz çərşənbəsinin sübh çağı baş verdiyi də arxiv materiallarında göstərilir, 45 yaşında vəfat etdiyi bəllidirsə, daha “vikipediyada https://az.wikipedia.org/wiki/Qaçaq_Nəbi) 1854 və sair rəqəmlər göstərilməsi qəbuledilməzdir. AMEA Tarix İnstitutu da bu tarixi qəbul edir. Həcər xanımın təvəllüdü isə 1854, vəfatı tarixi 1919-cu ildir. Həcər xanımı görənlər də deyirdi o Nəbidən yaşca kiçik olub, 65 il yaşayıb. Sovetin vaxtında Həcərin başdaşı üzərində də bu rəqəmlər yazılıb.

Kitabda Nəbinin həbsdən ilk qaçışı belə təsvir olunur; Nəbini Naxçıvan qazamatında bir qədər saxlayıb sonra Şuşa türməsinə yatab edirlər. Az keçmiş istintaqın davam etdirilməsi üçün daha etibarlı, ermənilərin tam nəzarətində olan Gorus türməsinə qaytarılır. Nəbi bu yerləri yaxşı tanıyırdı, yeniyetmə çağlarından İrandan Şuşaya, Qarabağa gedən tacirlərə bu yollarda bələdçilik etmişdi. Kazak gözətçiləri, qaravullar atlı, Nəbi piyada qolları bağlı idi. Laçına çatmağa az qalmış dağ cığırından keçəndə Nəbi darısqal bir döngədə sıldırım qayalıqdan sıçrayıb yarğandan üzüaşağı tullanır, at belində qoluna bağlı kazakı özü ilə sürüyüb aparır, o dünyaya göndərib tüfəngin də  götürüb aradan çıxır. Onun Şeyx Şamilin məşhur silahdaşı Hacı Muradın qaçışını xatırladan bu tullanışı geniş əks-səda doğurmuş, o dövrün qəzetlərində təsvir edilmişdi. Qaçaq Nəbinin həbsdən ikinci qaçışı da nadir cəsarət, şücaət nümunəsidir,  heyf ki, dünyada bənzəri olmayan bu qəhrəmana çəkilmiş film, yazılan povest və romanlar Nəbinin gerçək qəhrəmalığının kölgəsində qalır.

Gəncə general qubernatoru Aleksandr Nakaşidze Nəbini ələ keçirə bilmədiklərinə görə   Naxçıvan qəza rəisi A.S.Slavoçinskiyə və Zəngəzur qəza rəisi S.Rüstəmbəyova qəzəbini də ifadə edib İrəvan qubernatoruna “hazırda cəzasını verə bilmədiyiniz Nəbinin dəstəsinin istənilən vaxt İrana keçmək iqtidarında olduğunu” bildirirdi.

Qaçaq Nəbi silahdaşları ilə Dərələyəz mahalının Uz kəndində erməni varlılarını rus əlaltısı Moses Markarov adlı varlı bir erməninin həyətinə toplayır, Moses Markarovdan üç tüfəng və 337 patron, Osip Sarkisovdan bir tüfəng və 57 patron, 591 rubl pul, qiymətli əşyalar, atlar alıb uzaqlaşır. Arxalarınca düşən kazak dəstəsi ilə Dulus kəndi ətrafında döyüşə girir, Nəbi dəstəsini iki hissəyə bölüb Ağkənd, Binis, Təzəkənd və Hortuyüz kəndləri həndəvərində də pusqu qurub xeyli rus sərhədçi, kazakı öldürür. Hökumət qüvvələrinin hər tərəfdən üzərinə gəldiyini görən Nəbinin dəstəsi təqibdən yayınaraq hər keçidinə bələd olduğu ilboyu başı qarlı, dumanlı, çənli Zəngəzur dağlarına tərəf gözdən itirlər. Lakin yolda o, Qafana bitişik Şabadin və Ecanan kəndlərində də varlı ermənilərin bir neçəsini öldürür, onlardan şikayət sənədlərində göstərilən 1000-1200 rubl dəyərində qənimət də əldə edib dağlara çəkilir.

Nəbinin türk-kürd kəndlərinin və bəylərinin həyati mənafeyini ermənilərdən və çar hökumətindən necə qorumasına dair fakt da arxivlərdə qalır. İrəvan qubernatorunun Tiflisə raportundan: “Nəbinin dəstəsinin fəaliyyət göstərdiyi bölgənin, demək olar ki, bütün müsəlman əhalisinin hamısı onu müdafiə edir və qoruyur.”

Dərələyəzdə köhnə dostu Cəlal bəyin dəstəsi ilə atışma görüntüsü yaradıb aradan çıxması  qoşmalarda da əks olunub:

Qayalardan gəlir Nəbinin səsi

Calal bəylə gedən cəngi, nərəsi

Aşıq Qəhrəmanın xoş zənguləsi

Söylənir payız, yaz Dərələyəzdə.

Qubadlının Saray kəndində Bala bəyin dəfələrlə dostu Qaçaq Nəbi ilə Həcəri həm birlikdə, həm tək-tək gizlətdiyi, dəstəsinə azuqə göndərdiyi barədə mənbələrdə məlumat var.

 Qarabağın məşhur kəbirlilər soyundan olan Şuşalı pristav Səlim bəy Ağa bəy oğlu Rüstəmbəyovun “Difai” təşkilatının gizli üzvlərindən olduğu, Qaçaq Nəbi və Həcərin müxtəlif vaxtlarda Gorus türməsindən qaçışına yardım etdiyi məlumdur.

 Peterburqdan gələn təlimat, qəti tapşırıq üzrə Qaçaq Nəbinin və dəstəsinin tam məhvi məqsədilə çar generalları - Cənubi Qafqaz diyarının rəisi A.S.Şeremetyev, Yelizavetpol general-qubernatoru knyaz A.D.Nakaşidze, İrəvan general-qubernatoru A.A.Freze, İrəvan quberniya dəftərxanasının rəhbəri A.Saroyan, Naxçıvan qəzası rəisi A.S.Slavoçinskinin və digərlərinin teleqramları, bir-biri ilə yazışmalarından aydın görünürdü ki, 40-50 nəfərlik qaçaq dəstəsinə qarşı qurulan planlar hər dəfə Nəbinin və dəstəsindəkilərin cəldliyi, cəsarəti, həm də yerli əhalinin yaxın köməkliyi ilə boşa çıxır. Rus çarizminin Cənubi Qafqazdakı generallarının Qaçaq Nəbinin və dəstəsinin tam məhvinin Qacarlar İranı və Osmanlı dövlətlərinin köməyi olmadan mümkünsüzlüyü barədə raport, məlumatlarını nəzərə alan Peterburq sarayı ən təcrübəli xəfiyyələrindən olan general-leytenant D. Skalonu məxsusi olaraq Qafqaza ezam edir. Artıq 4 rus və Peterburq sarayının Tehrana ciddi təzyiqi ilə  Müzəffərəddin şahın əsas generallarından olan Bahadır xan da bu sırada olmaqla 5 general Nəbiyə qarşı birləşir.

General-leytenant D.Skalon Peterburqa raportunda Qaçaq Nəbi ilə bağlı vəziyyəti izah edərək yazırdı: “Əhali hakimiyyət orqanlarına bu quldurların yerini nəinki nişan verir, hətta, quldurlara böyük bir qonaqpərvərlik göstərir, inzibati orqanlar cinayətkarları tutmağa cəhd etdikdə, əhali açıqcasına onlara mane olur.”

1890-cı illərdə Nəbinin mübarizəsinin daha geniş əraziləri əhatə etməsi, dəstəsinə qoşulanların, tərəfdarlarının sayının get-gedə çoxalması, xüsusilə Dərələyəz mahalında erməni hampalarının gələcək məkrli niyyətlər üçün alıb gizlətdiyi silah-sursatı tamamən cəzalandırıb əllərindən alması, bir neçə qaçaq dəstəsinin birləşib saylarını artırması, Osmanlı dövlətinə yaxın ərazilərdə daha mütəşəkkil, planlı döyüşlər apararaq Iğdır, Qars, Ərdəhanı işğal etmiş çar silahlılarına zərbələr yetirməsi çar hökumətinin narahatlığını artırırdı. Bu, arxivlərdə saxlanan raportlarda, çoxsaylı sənədlərdə, o dövrdə Peterburq, Tiflisdə çıxan qəzetlərdəki yazılarda da aydın görünür, Rusiya hökumət qüvvələrinin Qaçaq Nəbiyə qarşı mübarizədə gücsüz olduğunu, onun azsaylı dəstəsinin tez-tez kazaklarla qeyri-bərabər döyüşlərə girib qalib çıxdığını dəfələrlə yazmışdı.

 “Kafkaz” qəzeti Qaçaq Nəbini camaatın yardımından mərhum etmək üçün görülən tədbirlərdən yazırdı: “...qaçaq dəstəsini təqib və məhv etmək üçün hər ev üç manat verməlidir. Üç kənd əhlinə (Tivi, Nəsirvaz və Anazırlar) qaçaqlara daha artıq kömək edib, onları gizlətdikləri üçün üç manat vergi qoyulsun. Bununla bərabər, onlara elan edilsin ki, hərgah kəndlilərdən biri qaçaqlara pul köməyi edərsə, alınan xərcdən on dəfə artıq cərimələnəcəkdir”.

Qaçaq Nəbinin Ordubad pristavı Əlağa Əliyevi öldürməsi də yoxsul kəndlilərdən zülm ilə vergi yığdırmasının nəticəsi idi.

 “Tiflisskiy listok”da Şeyxülislamın müraciəti dərc olunmuşdu. Şeyxülislam Qaçaq Nəbini kafir, dinsiz adlandırır və onun tezliklə tutulub asılmasını tələb edirdi. Yeri gəlmişkən qeyd edək ki, Şeyxülislamı Qafqaz canişinin təqdimi ilə imperator özü təyin edirdi.

İrəvan məhkəmə palatasının mütərcimi olmuş Məmməd Mirzəyev yazırdı: “Nəbi hərəkatı çar hökuməti və mülkədarlar üçün çox qorxulu idi. Çar hökuməti İran və Türkiyə hökumətləri ilə danışığa girib İran və Türkiyəyə çoxlu casus göndərmişdi. Hökumət Nəbini öldürən və ya onun öldürülməsində fəallıq göstərən casuslara çoxlu pul, qiymətli şeylər verməyi, onları vəzifəyə irəli çəkməyi, medulla təltif etməyi vəd etmişdi”.

1895-ci il sentyabrın 16-da Qaçaq Nəbinin növbəti dəfə İran-Naxçıvan sərhəddində görünməşi, çar məmurlarının qorxuya düşməsi İrəvan general-qubernatoru A. A. Frezenin Cənubi Qafqaz diyarının baş rəisi general A.S. Şeremetyevə ünvanladığı təliqəsində açıq-aydın görünür. Nəbiyə kömək edənlərin dərhal tutulub ağır cəzalanması barədə təlimatlar, Nəbinin dəstəsinə yardımlarına görə yerli əhaliyə əlavə vergi yükləmələri, qaçaqları öldürənlərə, yerini deyənlərə mükafatlar vəd edilməsi də öz işini görür. Xalqın daim dəstəyini almış Nəbi öz ətrafında mühasirə xəlqəsinin daraldığını da, bir çox silahdaşının illərlə sürən məşəqqətli, hər anı ölümlə üzbəüz olan qaçaqçılıq həyatından bezdiyini də görür, bir müddət gözdən uzaqlaşmaq üçün dəstəsində qalanların bir hissəsini Həcər də aralarında olmaqla, nisbətən gözdən uzaq Urmiyada - Bətənin o biri yarısında etibarlı saydığı simsarlarının yanında yerləşdirirb İraqa - Kərbəla ziyarətinə yollanır. Nankor xainlər də bu müddətdə boş dayanmır, müvəqqəti Nəbisiz-başçısız qalmış dəstənin içərisindəki zəif bəndləri, xəyanətə meylli ünsürləri, bəlkə də artıq uzun illər davam edən çətin, məşəqqətli qaçaqçılıq-qaçqınlıq həyatından yorulanları tapa bilirlər, pul, qızıl, vəzifə, mal, torpaq vədləri ilə şirnikləndirirlər, ziyarətdən geri dönəcəyi günü, vədəni də öyrənirlər. Azərbaycan türklərinin böyük şairi Məhəmmədhüseyn Şəhriyar “Qaçaq Nəbi” şeirində Nəbinin, həm də ikiyə bölünmüş Vətənin halını belə nəzmə çəkilib:

Bir kəsin qalmayıb yarü yoldaşdan,

Qalsa da, fayşadır, doymaz oynaşdan,

Gecəni qoy aşaq bu dağdan, daşdan,

Zindanı qazmışam, dur qaçaq, Nəbi,

Ay qoçaq Nəbi!

*

Dedin bəs vətən də sabiq vətəndir?

Gördün ki, dostum yox, hamı düşməndir,

Vətəndən qalan bir quru kövşəndir,

Ondan da əl çəkib vaz keçək, Nəbi?

Ay qoçaq Nəbi!

Türkiyədə Qaçaq Nəbi - Qoç Həcər sevgisi ilə qoşulub 150 ildir məclislərdə söylənən türkü:

Ay Nebi`im geler Saractı’nın elinden

aynalı elinde şaşğa belinden

Ay Nebim kurtar beni

sarı saldat elinden

Gel Ay Nebim gelesen

gele beni bu zindandan alasan

Ay nadan Nebim

Dağları yerinden oynadan Nebim.

*

Bozat seni çeperden çeperlere bağlarım

Belini de mahmuz çulla çullarım

Eğer beni bu kavgadan kurtarsan

Ant içerim ayağını da kızıl nalla nallaram

Ay kaçak Nebi`m

Hacer`i kendinden ay koçak Nebi`m.

*

Aynalıyı ben direkten indirdim

İndiriben kol üstüne bindirdim                                                 

On iki saltada bir gamender öldürdüm

Gel ay Nebi`m gelesen

Gele beni bu zindandan alasan

Aynadan Nebi`m

dağları yerinden oynatan Nebi`m

Nebi`m bıyığı eşme eşmedi

Nebi`min papağı gülleden delik desmedı

Nebi`m in atını hıc bı at gecmedı

Gel ay Nebi`m gelesen

Gele benı bu zindandan alasan

*

Hacer Hanım cilve vermiş                                     

hem zilfinin teline

Hacer Hanım gel bin sende

bozatatımın beline                 

Ay kaçak Nebi`m

Hacer`ı kendinden çok koçak Nebi`m.

Nebi'm gelir Gazaklı'nın elinde

Aynalı tüfeği gama belinde

Neler çektim bu saldatın elinde

Gelesen gelesen ay kaçak Nebi

Haceri özünden çok Koçak Nebi

Gelesen gelesen ay nadan Nebi

Divanı yerinden oynadan Nebi***

Xatırladaq: Qaçaq Nəbi Naxçıvandan o yandakı Iğdır, Qars, Ərdəhan ellərində at oynadan zamanlarda bu torpaqlar da çar Rusiyasının 40 il davam edən, I Cahan savaşında sona yetən işğalı altında idi (1878 - 25 aprel 1918-ci il).                       

Nəbi Kərbəla ziyarətinə dəstəsindəki silahdaşları İsmayıl, Məmmədtağı, bir də Məşədi Həsən Dəhvar ilə gedib qayıdırdı, Nəbi anası Gözəl, vəfalı ömür-gün yoldaşı, sirdaşı, silahdaşı Həcəri görmək həsrətilə tələsirdi. Çuğulçular günlərdi ki, onların izinə düşmüşdülər. Türkiyə ilə İran arasında yerləşən Larni kəndindəki dəyirmana çatanda güllə yağışına tutuldular. Şahhüseyn, Kərbəlayı İman, Hacı Fərəc, Məşədi Paşanın bələdçilik etdiyi rus və fars agentləri bu igidlərin qan içində çabalayan sifətlərinə baxmağa da qorxub geri baxmadan qaçırdılar. Qaçırdılar ki, xəyanətkar qətl planının müjdəsini verib rus, fars generallarından paylarını alsınlar. Onlar Nəbi və dostları ilə illərlə birlikdə savaş aparmışdı, mağara, kahalarda bir yerdə yatıb durmuşdu, ağır müsibətlər yaşamışdı, neçə-neçə dost itirmişdilər, indi isə duz-çörək yoldaşlarını al-qanına bələyib qaçırdılar. 12 mart 1896-ci il, Novruzun ilaxır çərşənbəsindən əvvəlki torpaq çərşənbəsi idi. El-oba güllə səslərini eşidib dəyirmana tərəf axışırdı, al qanları axıb torpaq çərşənbəsində torpağa qarışan Qaçaq Nəbi və silahdaşlarının soyumaqda olan bədənlərinə sarılırlar. Nəbinin cəmi 45 yaşı var idi, ömrünün yarıdan çoxunu at belində, cəlayi-vətən idi, o birilər də onun kimi. Dastanlar, aşıqlar el-obanın Nəbi sevgisinə, yasına, ağrı-acısına, nəşi, məzarı başındakı vay-şivəninə söz çələngi hörür:

Dağıtdı Urmuda düşmənlər oba,                                             

Qara yurdu görüm qalsın xaraba,

Qoç Nəbi gedibdi ayılmaz xaba.

Darasın saçını ellər ağlasın!

Yerisin üstünə ellər ağlasın!

*

Qoç Nəbinin sinavarı qıjıldar,

Güllə gələr, başım üstə vıjıldar,

Quru yerdə cəsəd, canım sızıldar,

Ay allah, vuruldu aslanım Nəbi!                                                     

Beldə gümüş kəmər oğlanım Nəbi!

*

Qan-yaş tökür ellər, ağır obalar,

Sevinir xan, bəylər, paşa, hampalar,

Getməz bu dağ, düyün, ürəkdə qalar,

Ay allah, vuruldu aslanım Nəbi!

Beldə gümüş kəmər oğlanım Nəbi!

*

Gözüm dəydi taxçadakı yehərə,

Dəydi ağır yara igid Həcərə,

Qanlı köynəyini verin Gözələ,

Darasın saçını tellər ağlasın!

Yerisin üstünə ellər ağlasın!

*

Qanlı yaş tökməyən gözlər olmasın,

Məclislər qurulub badə dolmasın,

Üstünə gəlməyən ellər qalmasın,

Darasın saçını tellər ağlasın!                                         

Yerisin üstünə ellər ağlasın!

*

Qoç Nəbinin ellər alsın qanını,

Öldürsün bəyini, qırsın xanını,

Viran qoysun şahın xanimanını,

Darasın saçını tellər ağlasın!                                  

Yerisin üstünə ellər ağlaşın!                                                               

*

Qan ağla, sən əziz ellərim mənim,

Gör necə solubdu güllərim mənim,

Tutulub, görməyir gözlərim mənim,

Darasın saçmı tellər ağlasın!

Yerisin üstünə ellər ağlasın!

Nəbi böyük hörmət izzətlə Larni kəndində dəfn olunur. Qaçaq Nəbinin məzarının yeri artıq bəllidir, abadlaşması, yaxud nəşinin Vətənə gətirilib dogma yurdunda uyuyan Qaçaq Həcəri (1854-1919) ilə yanaşı dəfn edilməsi törəmələrinin arzusudur.

Qaçaq Nəbinin qətli müqabilində xain qatillərin nə qədər pul-para, qızıl aldıqları barədə də

iltizamları, imzalı vəkalətləri, sonra da çar xəfiyyələrinin köməyi ilə Tiflisdə, İrəvanda  gizləndikləri barədə sənədlərin surətləri AMEA Tarix İnstitutunun Elmi Arxivində saxlanır. ÇQİA Qruz. SSR.f.12, op.1,d.1-1473, v.3-4, 65. 1896, 13-15 mart

Qaçaq Nəbidən bəhs edib vəfalı ömür-gün yoldaşı Həcər xanımdan danışmamaq bağışlanmaz günah olar. Bunlar qartalın qoça qanadlarıdır! Anadolu ellərində hər zaman Qafqazın İncə Məmmədi sayılan “Kaçak Nebi ile Kaçak Hacer” dastanı heyranlıqla dinlənilir, onların şəninə qoşulan el mahnıları Arazın o tay-bu tayında olduğu kimi sevilərək oxunur. Tarixi sənədlər də sübut edir ki, 20 ildən çox partizan savaşı aparan Nəbinin dəstəsində 2-ci ən qoçaq, igid qaçaq elə Həcərdir. Qori müəllimlər seminariyasının məzunu, uzun müddət Gorus məktəbinin müdiri olmuş, Həcər xanımı yaxından görüb haqqında bilgilər toplayan P.Vostrikov yazırdı: “Həcər xanım da Nəbi kimi çox cəld silah işlədirdi. Onun atının sürətli çapacağında belə gülləsi hədəfdən yayınmırdı. Həcər həm də Nəbinin ən birinci köməkçisi idi”.

Qaçaq Həcər Azərbaycan qadınlarının vətənpərvərlik, igidlik, qoçaqlıq, vəfa-sədaqət örnəyidir. Dünya tarixində 25 ildən çox əlinə tüfəng götürüb əri ilə birlikdə partizanlıq edən, xalqın düşmənlərinə qarşı əri ilə birlikdə mübarizə aparan, qadın qəhrəmanlığını, şücaətini ən yüksək zirvəyə qaldıran Həcərin adı Azərbaycan xalqı üçün bir simvola çevrilib.

  “Qafqaz” qəzeti 1895-ci il 25 oktyabr tarixli sayında yazırdı ki, döyüşlərdə böyük əziyyətlərlə qarşılaşmış Həcər kişi kimi vuruşur, heç zaman təslim olmur, dəfələrlə qazamata salınsa da, öz inadından dönmür. Xalq “Qaçaq Nəbi” dastanında Həcərə sevgi, məhəbbətini bir çox hallarda Nəbidən daha üstün tutub, ali məqamda vəsf edib, həm də ona görə ki, O-xanımdır, Qadındır, Ulu Yaradan onu başqa missiya üçün yaradıb. Əldə silah kişilərlə birlikdə at belində gecə-gündüz o dağ sənin, bu qaya mənim, qarlı-sazaqlı günlərdə el-oba, çay, orman, keçidlərdə, qanlı savaşlarda yadellilərlə savaş qadın işi deyil. Həcər bu mənada bütün xarakteri ilə nə qədər möhtəşəm olsa da, o, həm də zərif cinsin təmsilçisi olan Qadındır. Həcərin bacısı Mehri də onunla birlikdə qaçaq düşmüşdü, əldə tüfəng savaşmışdı, qardaşı Məhəmməd Molla Xanalı oğlu da Nəbiyə qoşulub qaçaqçılıq etmişdi. O, hökumət adamları tərəfindən tutulub 10 il katorqaya sürgün edilmiş, cəzasını çəkib sağ-salamat kəndlərinə qayıtmışdı. 1980-ci illərdə Qubadlının Mollu kəndində Həcəri görən yaşlılar deyirdi ki, o, qarayanız, orta boylu, cəld, civittək, qorxubilməz, at minib tüfəng atmaqda, atın qarnının altından dolanıb belinə minməkdə, qaçağan at belində tüfənglə nişangah vurmaqda Nəbidən geri qalmazdı, Nəbiyə sevgisi qohumu, həmkəndlisi, ömür-gün yoldaşı kimi sonsuz idi. Bu sətirlərin müəllifi olaraq xalq qəhrəmanları haqqında böyük əmək sərf edib film çəkmiş Şeyx Əbdül Mahmudbəyov ilə xeyli söhbətimiz olub; xüsusən nə üçün filmin heç olmazsa bir hissəsinin Nəbi ilə Həcərin doğulub böyüdüyü, ilk qaçqınlığa başladığı, hadisələrin baş verdiyi yeri-yurdu bəlli sıldırım dağlı, şiş qayalı, keçilməz meşəli, mağaralı, kahalı Zəngəzur ellərində çəkilmədiyi, Qaçaq Nəbi ilə Həcəri görüb təsvir edən adamların nişan verdikləri boy-buxunda aktyorların tapılıb seçilmədiyi, Nəbinin mücadiləsinin əsas hədəfinin çar Rusiyasının Azərbaycandakı işğal strukturları, ermənilik olması barədə detallar kimi məsələlər barədə xeyli söhbətimiz olub. Filmin əleyhinə ermənilərin böyük kampaniyasından, bir hissəsinin kəsilib doğranması barədə yazılıb deyilənlərdən də məlum olur ki, film çəkənlərimiz mümkün olanı ediblər. I və II Qarabağ savaşında Qaçaq Nəbi-Həcər soyunun dopdoğma bir neçə övladı şəhid və qazi olub. Ancaq yenə fikirdəyəm ki, Nəbi-Həcər qəhrəmanlığı haqqında daha sanballı film çəkilməlidir.

2020-ci il sentyabrın 27-də başlanıb 44 gün davam edən Vətən müharibəsindən dərhal sonra Qaçaq Nəbinin və Qaçaq Həcərin dünyaya göz açdığı Qubadlının Mollu kəndində onların abidə kompleksi ucaldılıb. 1993-cü ilə Qubadlı şəhərində ucaldılmış qoşa büstlərinin yenidən bərpası gündəmdədir.

Qaçaq Nəbinin savaş meydanı qərbi, şərqi ilə birlikdə Zəngəzurdur, Azərbaycanın qərbi, cənubu, şimalı – İrəvanı, Dərələyəzi, Vedisi, Naxçıvanı, Qaradağı, Urmiyası ilə birlikdə bütöv Azərbaycandır, tarix boyu Azərbaycana qardaş, etibarlı arxa, dayaq olmuş Osmanlı Türkiyəsidir, Qars, İğdır elləridir, harda lazım idisə, ehtiyac olurdusa Qaçaq Nəbinin dəstəsi orada peyda olurdu, el ona qucaq açırdı, o da elə sığınırdı. “Qanlı zəmi” bədii filmində xalq qəhrəmanı Qaçaq Nəbinin dediyi bu sözlər dillər əzbəridir: “Arazın o tayı da, bu tayı da mənim doğma el-obamdır. Elin də o başı, bu  başı olmaz. Bunu sırğa elə, as qulağından”- sözləri  bu günlər xüsusilə təsirlidir.

Vətən belə cəsur igidləri ilə Vətən olur, ucalır, böyüyür, şərəflənir. Xalqımız əvəzsiz, bənzərsiz qəhrəmanları Qaçaq Nəbi ilə Qaçaq Həcərin adlarını hər zaman sevgi, əbədi ehtiramla yaşadıb, yaşadır və əbədi yaşadacaqdır.

İstinad edilən mənbələr bu kitabda: Hacı Nərimanoğlu "Qaçaq Nəbi tarixdә, elmi, yazılı vә şifahi әdәbiyyatda, incәsәnәtdә" monoqrafiyası, "Mütərcim" nəşriyyatı – 2021, 208 səhifə.  https://zengezur.com/KITABLAR/Haci-Nerimanoglu_Qachaq%20Nebi1.pdf

                               Hacı Nərimanoğlu,

“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru