Əli Əmiraslanov-125. Qubadlıdan Kremlə aparan həyat yolu

Əli Əmiraslanov-125. Qubadlıdan Kremlə aparan həyat yolu

SSRİ EA-nın ilk azərbaycanlı müxbir üzvü, professor Əli Əmiraslanovun anadan olmasının 125 illiyinə


Görkəmli geoloq, geologiya-minerologiya elmləri doktoru, professor, SSRİ Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü Əli Ağamalı oğlu Əmiraslanov 1900-cı il dekabrın 22-də Zəngəzur qəzasının (Qubadlı mahalının) Balahəsənli kəndində anadan olub, ilk təhsilini Zəngəzur qəzasının mərkəzi olan Gorusdakı rus-tatar məktəbində alıb, atası, anası yüzllərlə həmyerslisi kimi mənfur erməni terror dəstələrinin törətdiyi qırğınlarında qətlə yetirilib, nənəsinin himayəsində böyüyüb. XI qırmızı ordu hissələri Zəngəzurda bolşevik hakimiyyətini qurmaq, daşnakların bölgədəki hökmranlığına son qoymaq üçün gələndə valideynlərinin intiqamını almaq məqsədilə yaşını gizlədib onlara qoşulur, boy-buxunu, fərasəti, rus dilini əla bilməsi ona inam yaradır, həm cəsur bələdçi, həm də partizan, döyüşçü olur. Gənc yaşda Qubadlı Qəza İnqilab Komitəsində rəhbər işlərdə çalışır. Sonra Şamaxıda yaşamış, rus-yapon müharibəsinin iştirakçısı, Cümhuriyyət qurulana qədər Şamaxı şəhərinin idarəedicisi – “qlava”sı olmuş dayısı Yusif ağa Sultanovgilə köçüb əmisi oğlu – sonralar Azərbaycan SSR Nazirlər Soveti sədrinin I müavini, Mərkəzi Komitə bürosunun üzvü Mehbalı Əmiraslanovla birlikdə burada yaşayır və Şamaxı realnı məktəbində oxuyur. Kommunist Partiyası sıralarına daxil olur, Sovetlərin IX qurultayına Azərbaycandan nümayəndə heyəti tərkibində iştirak edir, 1925-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı, Respublika Xalq Təsərrüfatı Şurasında şöbə müdiri təyin olunur. İşləyə-işləyə Azərbaycan Politexnik İnstitutunda təhsil alır, köçürmə yolu ilə Moskva Dağ-Mədən Akademiyasının geoloji-kəşfiyyat fakültəsinə qəbul edilir. 1930-cu ildə ali təhsilini mühəndis-geoloq ixtisası üzrə bitirib Moskva Geoloji Kəşfiyyat İnstitutunun təşkilində böyük elmi işçi kimi fəal iştirak edir, Ümumittifaq Mineral Xammal Ehtiyatları İnstitutunda geoloji-kəşfiyyat dəstələrinin, ekspedisiyaların rəhbəri olaraq ömrünü SSRİ Əlvan Metallurgiya Sənayesi nazirinin müavini- SSRİ-nin Baş geoloqu olur. O, ömrünü mineral xammal bazasının kəşfi, tədqiqi, istismarına həsr edir–Ural, Zabaykalye, Orta Asiya, Şimali və Cənubi Qafqazla yanaşı, Gədəbəyin, Qərbi Azərbaycan torpaqları olan Qafan və Qacaranın mis yataqlarının öyrənilməsinə, istifadəsinə də xüsusi diqqət yetirir, bir müddət Cənubi Azərbaycanda geoloji axtarışlara rəhbərlik edir. Praktiki fəaliyyətləri ilə bərabər elmi tədqiqatlarını davam etdirir, universitetlərdə geologiyadan mühazirələr aparır, beynəlxalq geoloji konqreslərin nüfuzlu təşkilatçılarından biri olur. 38 yaşında Ümumittifaq Elmi-Tədqiqat Qızılın Geoloji Kəşfiyyatı İnstitutuna elmi işlər üzrə direktor müavini, 39 yaşında SSRİ Metallurgiya Komissarlığının Baş Geologiya İdarəsi rəisinin birinci müavini - baş mühəndisi təyin edilir, bu məsul vəzifələrdə çalışmaqla yanaşı İttifaq əhəmiyyətli yeddi əlvan metal yatağının kəşfi və istismarına da birbaşa rəhbərlik edir, geridə qalan sahələrin fəaliyyətində dönüş yaratmaq üçün vəzifəsi tez-tez dəyişdirilir, bir neçə vəzifəni eyni zamnda icra edir, davamlı olaraq sovet rəhbəri Stalinlə, hökumətin digər rəhbərləri ilə görüşür, rəsmi toplantılarda çıxış edir, həm də rəsmən Stalinin geologiya məsələləri üzrə müşaviri olur. Əli Əmiraslanovun yorulmaz enerjisi, yüksək intellekti, natiqliyi, elmlə praktikanı yanaşı aparmaq qabiliyyəti sovet rəhbərliyində daim yüksək dəyərləndirilir, iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeninə və digər yüksək dövlət mükafatlarına layiq görülür. Ə.Əmiraslanovun geoloq kimi zəngin bilik və təcrübəsi SSRİ-dən kənarda da yüksək dəyərləndirilir, Çin, Polşa, Macarıstan, İsveç, İran, Rumıniya və digər ölkələrdə geoloji axtarış işlərinə dəvət edilir, həmin dövlətlərdə metallurgiya sənayesinin inkişafına mühüm töhfələr verir, xüsusən gənc kadrların yetişməsinə səy göstərir, xüsusi əhəmiyyət verir. Ə.Əmiraslanov ömrü boyu daim yüksək vəzifələrdə çalışmaqla bərabər elmi-tədqiqat işləri aparır, şoxlu kəşflər edir, sovet geologiya elmində yeni təzə cığırlar açır, zəngin nəzəri biliyi, praktik təcrübəsi ilə SSRİ-də bu sahə üzrə öndə gedən alimlərdən sayılır. Uralda mis-kolçedan yataqlarının, Qazaxıstanın və Orta Asiyada qurğuşun-sink yataqlarının mineraloji xarakteristikasının tədqiqinə həsr olunmuş elmi əsərlərinə görə ona geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi verilir.

Araslılar.jpg

Ə.Əmiraslanovun SSRİ ərazisində qalay-sink, mis yataqlarının geologiyası və mineralogiyasına, mis filizinin genetik tiplərinə və perspektivin dəyərləndirilməsinə, yataqlarının geologiyası mövzusunda irimiqyaslı tədqiqatların aparıldığı, SSRİ-nin ayrı-ayrı filiz yataqları haqqında monoqrafik materialların həsr etdiyi monoqrafiyaları alimə bütün sosialist ölkələrində böyük nüfuz qazandırır, öyrənilir, onun yanında elmi məsələlər üzrə məsləhətləşmələr keçirilir. Mis filizi yataqlarının axtarışı və kəşfiyyatı, geoloji-iqtisadi təsnifatına həsr etdiyi monoqrafiyası əsasında doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi, professor elmi adı alır, “Sovet geologiyası” jurnalının baş redaktor müavini vəzifəsində çalışır. Geologiya-mineralogiya elminin inkişafında, eləcə də gənc geoloqlar nəslinin yetişməsində xüsusi xidmətləri nəzərə alınaraq, 1953-cü ildə professor Ə.Əmiraslanov SSRİ Elmlər Akademiyasına müxbir üzvü seçilir. O, SSRİ EA-ya müxbir üzv seçilmiş ilk azərbaycanlı olur. Azərbaycan SSR rəhbərinin Ə.Əmiraslanovu Nazirlər Sovetinin sədri, ya da Elmlər Akademiyası prezidenti vəzifələrinə gətirmək barədə təkidli dəvətlərinə, səylərinə baxmayaraq, rəsmi Moskva onun Azərbaycana gəlişinə imkan vermir, heç özü də razı olmur, düşünürdü ki, hamının ona doğma qardaş bildiyi əmioğlusu Mehbalı Əmiraslanov (tanınmış jurnalist Nəsir İmanquliyevin bacanağı – H.N) o zaman Nazirlər Soveti sədrinin birinci müavini, MK-nın tikinti işləri üzrə katibi, büro üzvü idi, ona görə bir ailənin iki üzvünün yüksək vəzifədə çalışması düzgün deyil. Xatırladaq ki, Azərbaycanda yeni şəhərlərin qurulmasında, sənaye müəssisələrinin inşasında böyük xidmətləri olmuş Mehbalı Əmiraslanov Mircəfər Bağırovun Bakıdakı məhkəməsində məşhur çıxışı ilə də yadda qalıb; o yeganə şahid idi ki, M.Bağırovun respublika üçün gördüyü mühüm əhəmiyyətli işlərdən danışaraq özü də aralarında olmaqla, MK büro üzvlərinin də törədilən cinayətlər üçün məsuliyyət daşıdığını, cəsarət, kommunist prinsipiallığı göstərmədiyini SSRİ Baş prokuroru Rudenkonun, məhkəmə heyətinin üzünə demişdi. 

file1190721693389.jpg

Sovet geologiya elmində yeni mərhələ açmış, yüzdən çox monoqrafiya və məqalənin müəllifi olan dünya şöhrətli alim, görkəmli elm və sənaye təşkilatçısının Moskvada nəşr olunmuş “Qurğuşun və sink yataqlarının əsas tipləri (Axtarış, kəşfiyyat və qiymətləndirmə metodları)” (1957), “Avstriyanın qurğuşun-sink yataqları (Geoloji səciyyə və yerləşmə qanunauyğunluqları)” (1960), “Faydalı qazıntıların axtarışının mütərəqqi metodları” (1961) monoqrafiyalarından SSRİ-in bütün respublikalarında dərslik, ilk zəngin elmi-praktiki vəsait, mənbə kimi öyrənilir, bu gün də həmin elmi əsərlər öz əhəmiyyətini saxlamaqda davam edir. Ancaq onun öz işinə vurğunluğundan yaranan gərgin çalışmaları, tez-tez uzaq səfərlərə getməsi bu böyük alimin səhhətində ciddi problemlər yaradır, hətta, Kreml həkimlərinin də çağırışlarına müsbət cavab verməyərək istirahətə, müalicəyə vaxt, imkan ayırmır, nəticədə bütün ruhu ilə işinə bağlı Əli Əmiraslanov ömrünün 62-ci ilində dünyasını dəyişir. Alimin qızı, tanınmış yazıçı-publisist Elvira Araslının atasının ömür yolundan bəhs edən, 2013-сü ildə “Nurlan” nəşriyyatında işıq üzü görən “İnsan və onun dövrü” (Atam haqqında xatirələr)” kitabında və “Kremlin müşaviri” sənədli filmində, mərhum kürəkəni, 50 ilədək SSRİ, RSFSR və Azərbaycanın ərəb ölkələrində səfiri olmuş tanınmış diplomat, professor Elman Həmid oğlu Araslının haqqında yazdığı xatirələrdə alimin ömür yolu və geniş elmi fəaliyyəti, təşkilatçılıq fəaliyyəti, zəngin mənəvi dünyası, doğma Vətəni Azərbaycana məhəbbəti konkret fakt və detallarla əksini tapmışdır. Onun Moskvada öz həmvətənlərinə həmişə arxa durması, ömrünün çox hissəsini Vətəndən uzaqlarda yaşasa da, Azərbaycanı heç zaman unutmadığı, qəlbinin daim doğulduğu, erməni terror dəstələrinin silahlı hücumları ilə qanlı qırğınların meydanına çevrilmiş Qubadlı, Zəngəzur torpağı ilə bir döyündüyünü əks etdirən xatirələr çox təsirlidir. Hazırda Almaniyada yaşayan Elvira Araslının zəngin elmi-tarixi faktlarla dolu xatirələr kitabı bu sətirlərlə bitir: “Əminəm ki, gün gələcək atamın bütün ömrü boyu xiffətini çəkdiyi, əcdadlarımızın uyuduğu torpaqlar qəsbkarlardan təmizlənəcək, qızları, nəvələri, nəticələri o doğma Qubadlı torpağına gedə biləcəklər. Ata, sən də, sənin doğma Vətənin də hər zaman qəlbimizdəsən”. İnanırıq ki, SSRİ Elmlər Akademiyasına müxbir üzvü seçilmiş ilk azərbaycanlı alim, professor Əli Əmiraslanovun artıq 28 il davam edən əsirlikdən qurtulan, hazırda böyük quruculuq məkanına, tikinti meydanına çevrilən Qubadlıda xatirəsi də əbədiləşəcək, yubiley tədbirləri keçiriləcəkdir.

Hacı_N.jpg

Hacı NƏRİMANOĞLU,

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru