Minifutbol üzrə milli komandamız ikinci dəfə Avropa çempionudur

Minifutbol üzrə milli komandamız ikinci dəfə Avropa çempionudur

Millimizin baş məşqçisi Elşad Quliyev: Final oyunu çətin oldu, amma bacardıq, Avropa çempionu olduğumuz üçün çox sevincliyik.

zengezur.com xəbər verir ki, ki, bu sözləri Slovakiyada təşkil olunan minifutbol üzrə Avropa çempionatının qalibi - Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis final görüşünün komanda üçün asan keçmədiyini bildirərək əlavə edib: “Final oyunu çətin oldu. Futbolçular yorğun idilər. Buna baxmayaraq, uşaqlara təşəkkür edirəm ki, toparlana bildilər və finalda möhtəşəm oyun nümayiş etdirdilər. Turnirdə ən çətin oyunlarımız Çexiya və Serbiya yığmalarına qarşı oldu”.

Gələcək hədəflərdən danışan məşqçi komandanın yeni uğurlar qazanmaq üçün çalışmağa davam edəcəyini vurğulayıb: “Bu, bizim işimizdir. Çalışacağıq ki, uğurlarımızın davamı gəlsin. Dünya çempionu olduqdan sonra əldə etdiyimiz tempi aşağı salmaq istəmirik. Qarşıdakı dövrdə də yeni hədəflər uğrunda mübarizə aparacağıq”.

Elşad Quliyev final qarşılaşması öncəsi futbolçularla psixoloji söhbətlər aparıldığını da qeyd edib: “Belə söhbətlərimiz oldu. Gün ərzində təxminən iki-üç dəfə komanda ilə görüşərək danışdıq”.

Xatırladaq ki, komandamız qitə çempionluğu uğrunda görüşdə Ukrayna seçməsini sınağa çəkib. Rəqibini 2:0 hesabı ilə məğlub edən Azərbaycan millisi 

 2022-ci ildə də qitənin ən güclüsü olmuşdu.

Xatırladaq ki,  komandanın baş məşqçisi, bu qələbələrin əsas memarı Elşad Əhməd oğlu Quliyev 1976-cı il noyabrın 24-də Qarakilsə rayonunda anadan olmuşdur. Bir müddət Qubadlıda yaşamışdır. Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bakalavr və magistr dərəcəsi almışdır. 2000–2003-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Ailəlidir, 2 övladı var. 2018-ci ildən  Azərbaycan Milli Minifutbol Komandasının baş məşqçisidir.İspaniya (5:1), Albaniya  (1:0), Qazaxıstan (3:2), Rumıniya (1:0) komandaları üzərində parlaq qələbələri ilə yaddaşlara yazılan komanda 2022-ci ilin iyunun 11-də Azərbaycan milli komandası tarixində ilk dəfə Avropa çempionu olmuş, həm də 2022-ci ildə ilin ən yaxşı milli komandası mükafatına layiq görülmüşdür.

Uğurlarının davamlı olması arzusu ilə - "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi.