Mir Məhəmməd Mir Sədi oğlunun 80 yaşına

Mir Məhəmməd Mir Sədi oğlunun 80 yaşına

Mir Məhəmməd Mir Sədi oğlu 1946-cı il fevralın 18-də dünyaya gəlib, cismani ömrü 36 il olub,  44 ildir Haqqa qovuşub.

Özünə əbədi xalq sevgisi qazanıb, bu sevgiyə haqq edib; Peyğəmbərimiz Hz. Məhəmmədin (s.ə.s) soyundan gəldiyinə, Şeyx Mir Həmzə Seyid Nigari nəslinin layiqli davamçısı olduğuna,  insanlığına, həkimliyinə, şairliyinə görə. O, bütün qəlbi ilə Allaha bağlı insan idi. Yaradılanı da Yaradan üçün sevirdi, Allahın yaratdıqlarını Allaha xatir sevirdi və insanlara belə yanaşırdı, onlarda yaxşı keyfiyyətləri görürdü, pisliklərdən uzaq olmalarına yardım etməyi özünə borc bilirdi. Onun dostları, ən çox durub oturduqları arasında həkim, müəllim, sürücü, bərbər, fəhlə, məhbus, usta, partiya-sovet işçisi var idi, hamısı ilə də mehriban, bərabər ünsiyyət qura, sevgi qazana bilirdi. Sadəliyinə, səmimiyyətinə, xeyirxahlığına görə özünü də, Mir Sədi ocağını da Qubadlı camaatına cani-könüldən sevdirmişdi. Qubadlı qəsəbəsindəki mərkəzi xəstəxananın əsas korpusundan arxadakı binada üzü yola baxan nevropatoloq kabineti səhər tezdən avtobuslarla kəndlərdən gələnlərin ən çox baş çəkdiyi məkanlardan biri idi, ağrıyandan çox ağrımayan qoca, cavan, ağbirçək, uşaq hamı gəlirdi, həm də təki əli ilə onlara toxunsun, üz-gözünə baxsın, ümidli söz desin, təskinlik, toxdaqlıq versin, seyid nurundan könül payı aparsın. İnsanlar bu duyğularla olan, olmayan azar-bezardan şəfa tapır, ruhən dirçəlib gedirdilər. O da bundan zövq alırdı, insanlara xidmətdən, müsbət enerji verməkdən ruhlanırdı. Gözəl zövqü var idi, incə ruhlu şeirlər yazırdı, əruzu, heca vəznini yaxşı bilirdi, əsas da mənaya fikir verirdi, onun şeirlərində “Mən” sözünün klassik təsəvvüf, urfan şeirlərindən gələn dərin, geniş mənası var idi. “Mənə zərgər lazmdır, mən zər dolu məfrəşəm” şeirinin ilk oxucusu olmuşdum. Özünəməxsus rəqs etməyi, yaxşı musiqi zövqü var idi, Allahtaala ona verdiyini səxavətlə, dolusu ilə vermişdi. O, mənim üçün Mirim idi. Ana nənəm Cicimli qızı idi, Mirimin atası tərəflə eyni soykökün harada birləşdiyini o da, mən də arayıb tapmışdıq. İnstitutu, ardınca da Kosmodrom Baykonurda ilyarımlıq həqiqi hərbi xidməti başa vurub rayon komsomol komitəsinə işə qəbul edilmişdim. Ən çox nahar fasiləsindən sonra vaxt tapıb görüşürdük, gəzişirdik. Muzeyin qarşısındakı daş qoç heykəllərindən danışmışdıq, bunlar islamiyyətdən qabaq bizim türksoylu ulularımızın etiqad, inanc yadigarları idi, mənsub olduqları tayfa, qəbilənin zoomorfik onqonu, totemi idi. – Miri canı, bu dediklərini yaz sabah gətir, verəcəm qəzetə, camaat oxuyub bilsin. Tərəddüd elədim, onsuz da tələbəlikdə, əsgərlikdə başımı bəlalara salmışdım. – Sən yaz, sabah gətir! Şagird dəftərində yazıb Miriyə verdiyim “Daş heykəlin hikməti” adlı o yazı nöqtə-vergülünə toxunulmadan bir neçə gün sonra “Avanqard” qəzetinin 1981-ci il 6 dekabr tarixli 128-ci nömrəsində çıxdı (“Qubadlı-Bərgüşad-80” kitabında fotosu verilib, bu haqda yazmışam) və o yazının ilk sətrindən başlayaraq düz 8 dəfə türk sözü, biz də türksoyluyuq, Türk adlı eyni bir ağacın budağıyıq kimi sözlər işlənmişdi, sovet-KQB rejiminin meydan suladığı dövr idi. Bundan sonra çıxan daha bir neçə yazımın ilk oxuyanı da elə Mirim olmuşdu. Altı ildir ki, artıq “Qubadlıya gəlmək olmur, ay Mirim” demirik. Ordumuzun, Ali Baş Komandanın, Şəhid və Qazilərimizin sayəsində yurd həsrətimizə son qoyulub, Mirimin cismi uyuyan, ruhu gəzən o torpaqlar artıq nisgildən, nigarançılıqdan qurtulub, əbədi olaraq Ana Vətənə qovuşub, yenə də camaatımızın ziyarətgahına çevrilib.

Ölüm sevinməsin qoy, ömrünü vermir bada,

El qədrini canından daha əziz bilənlər.

Şirin bir xatirətək qalacaqdır dünyada,

Sevərək yaşayanlar, sevilərək ölənlər!

80 yaşın mübarək, adı dillərdə, ruhu könüllərdə əbədi yaşayan Mirim!

Hacı Nərimanoğlu, 18 fevral 2026-cı il.