Prof.Dr Müseyib İlyasov - 75

Prof.Dr Müseyib İlyasov - 75

MÜSEYİB İLYASOV- 75: LAÇINDAN BAŞLAYAN, ELMİN VƏ İNSANLIĞIN ZİRVƏSİNƏ UCALAN ALİM ÖMRÜ

Əsrarəngiz təbiəti, dəyərli ziyalıları və gözəl insanları ilə seçilən, Şərqi Zəngəzurun dilbər guşələrindən biri olan Laçın rayonu Azərbaycan elminin və mədəniyyətinin inkişafına töhvələr verən çoxsaylı ziyalılar yetirmişdir. Hansı ki, o ziyalılar öz əmməlləri və fəaliyyətləri ilə ölkədən kənarda tanınmış, xüsusilə Laçının, bütövlükdə Azərbaycanın tarixinə düşmüşlər. Belə ziyalılar tərbiyə məktəbi və nəsillərə nümunə olmuşlar. Amma, həyat təcrübəsi göstərir ki, fəaliyyət sahəsindən asılı olmayaraq bir çox insanlar var ki, həyatlarının müxtəlif mərhələlərindən dönüb geri baxmağa ehtiyat edirlər. Keçdikləri həyat yollarından razı qalmırlar və daima şikayətçi olurlar. Yola saldığı illərdə ciddi uğurlara imza ata bilməmələrindən gileylənirlər. Maraqlısı da budur ki, əksər hallarda olanların günahını özlərində deyil, zamanda, taledə görürlər. Əslində belə insanlar özlərini taleyin ümidinə buraxanlar və yaxud zəhmətə qatlaşmaq istəməyənlərdir. Amma daim zəhmətlə yaşayan, işinə, peşəsinə bağlı olan insanlar həyatının hansı mərhələsindən baxırlarsa baxsınlar, geridə kifayət qədər uğurlar, nailiyyətlər olduğunu görə bilirlər. Belə insanlar özlərini daha xoşbəxt hiss edə bilirlər. Çünki bu qəbildən olan insanlar eli-obası, ölkəsi, xalqı, dövləti üçün yaşaya bilən və öz çiyinlərini daim böyük yüklərin altına verə bilənlərdi. Yaşadığımız cəmiyyətdə ehtiyac duyulan belə fədakar insanlardan, elm adamlarından, biri, fəaliyyəti ilə doğulduğu Laçına və ümumilikdə Azərbaycan torpağına baş ucalığı gətirən ziyalı, pedaqoq- pedoqoji elmlər doktoru, professor, əməkdar müəllim və fəaliyyətinə görə təltiflərlə dəyərləndirilmiş Müseyib İbrahim oğlu İlyasovdur.

Museyib müəllimdən əvvəl, babası Müseyib İlyasov haqqında kitablardan oxumuşdum və Laçından çıxıb Azərbaycanda maarif fədaisi kimi ad qazanması ilə qürur hissi keçirmişdim. Sonralar 1985-ci ildən etibarən təyinat müddətim bitdikdən sonar, işimi Laçından Bakıya dəyişdim. Azərbaycan Dövlət Pedoqoji İnsitutunun aspirantı olduğum illərdə, Müseyib müəllim adlı Laçından olan bir nəfərin APİ-də müəllim olduğunu eşitmişdim. Amma yaxından tanış olmamışdım. Getdikcə Müseyib müəllimlə görüşür və isti münasibətimiz yaranırdı. 1990-ci illərin sonunda APİ-dən (indiki ADPU) və indiki Azərbaycan Texniki Universitetindən bir neçə müəllim Mingəçevir şəhərində fəaliyyət göstərən özəl ali məktəbə ayda bir dəfə gedib, orada dərs keçib qayıdırdılar. Onların içərisində mən və Müseyib müəllim də var idik. Elə o vaxtlardan Mingəçevir yollarında yaranan yaxınlığımız və isti münasibətimiz tezliklə dostluğa-qardaşlığa çevrildi.

Museyib müəllimin Laçından başlanan şərəfli həyat yolu, onu elmin və insanlığın zirvəsinə ucaltmışdır. Dəyərli ziyalı, pedoqoq- alim, əziz dostum, eloğlum professor Müseyib İlyasov barəsində yazmağı və onu geniş ictimaiyyətə təqdim etməyi özümə borc bildim. Elmi bilikləri beşikdən qəbr evinədək öyrənməyi tövsiyyə edən Peyğəmbərimiz alimləri dünyanın çırağı, axirətin nuru sayırdı. Alim qələminin mürəkkəbini, şəhid qanı ilə müqayisə edir, bir saat elm öyrənməyi 60 illik ibadətdən xeyirli bilirdi. Peyğəmbərimiz alimlərə, elm adamlarına, elmə ona görə bu qədər yüksək qiymət vermişdir ki, bəşəriyyət işıqlığa yalnız elmin gücü ilə yetişir, tərəqqinin bünövrəsi elmlə qoyulur. Alimlər isə gözü-könlü tox, tanrı payına şükür eyləyən, cəmiyyətin xoş gələcəyi naminə məhrumiyyətlərə dözməyi bacaran mübariz insanlardır. Bu insanların əsil qiymətini isə bir çox hallarda zaman verir və onu hamıya tanıdır. Belə seçilmiş alimlərdən biri də yüksək mədəniyyətə, ən ali keyfiyyətlərə və təşkilatçı-rəhbər qabliyyətinə malik, sayılıb-seçilən peoqoq-alim, şərəflə elmin, insanlığın zirvəsinə ucalan, XX əsrin 80-ci illərindən tanıdığım, əziz dostum və qardaşəm professor Müseyib İlyasovdur. Onun özü də, keçdiyi ömür yolu da, həyatı da insanlara baxışı da hər kəs üçün çox söz deyir. Professor Müseyib İlyasov hər şeydən əvvəl aydın, məntiqli, elmi əsaslara söykənən fikirləri, möhkəm iradəsi, obyektivliyi ilə seçilən bir insandır. Mənəvi saflığı ilə, əqli kamilliyi, incə davranışı, insani keyfiyyətləri, sadəliyi və xeyirxahlığı özündə cəmləşdirən Müseyib müəllim işlədiyi kollektivin və onu tanıyanların hörmətini qazanmışdır.

Bütün bunlar bir daha göstərir ki, Müseyib İbrahim oğlu İlyasov xöşbəxt insandır və həyatda fəal mövqe tutub. Əslində təsadüfi heç nə yoxdur. Hər şey zəhmətdən doğur, çün ki, hər bir şəxsin həyatda fəal mövqe tutması üçün bir neçə amilin rolu vardır. Birincisi irsiyyət, ikincisi mühit və üçüncüsü isə şəxsiyyətdir. Bu mənada Müseyib müəllim ona görə xoşbəxt insandır ki, o qədim Azərbaycan torpağı olan Şərqi Zəngəzurun Laçın rayonunda elmə, təhsilə qiymət verən və bütün ölkədə təhsil fədaisi kimi tanınan, babası Müseyib İlyasovun və atası müəllim olan İbrahim İlyasovun ailəsində dünyaya gəlmişdir. Bir sözlə deyə bilərik ki, onu əhatə edən insanlar- Hüseyn Əhmədov, Sərdar Quliyev, Əmrulla Paşayev, Fərrux Rüstəmov və başqaları Azərbaycan pedoqogika elminin inkişafında çox xidmətləri olmaqla bərabər, mühüm işlər görmüşlər. Yəni Müseyib müəllim daima alim və ziyalılar arasında olmuşdur.

Professor Müseyib İbrahim oğlu İlyasovun keçdiyi həyat yoluna nəzər saldıqca bir daha yəqin edirik ki, o həyatı boyu mənalı bir ömür yaşamışdır. Onun tərcümeyi- halına nəzər saldıqda Azərbaycan pedoqogika elminin yorulmaz tədqiqatçısını və qəlbi vətən sevgisi ilə dolu təbliğatçısını görmək olur. Professor Müseyib İlyasovu tanıyan hər kəs və xüsusilə çoxsaylı tələbələri ona rəğbət bəsləyirlər. Çünki o, bütün ömrünü gənc nəslin təlim-tərbiyəsinə və pedoqogika elminin yüksəlişinə həsr etmişdir. Elə bunlara görə də Professor Müseyib İlyasov, həyatının istənilən mərhələsində bir anlıq da olsa geri boylanıb, keçdiyi ömür yoluna nəzər sala bilən, götür-qoy edən və nə etdiyini düşünən insanlardandır. O 1951-ci il fevral ayının 11-də Laçın rayonunun Oğuldərə kəndində müəllim ailəsində anadan olmuşdur. 1965-ci ildə Oğuldərə kənd səkkizillik məktəbini əla qiymətlərlə bitirmiş və təhsilini Laçın şəhər orta məktəbində davam etdirmişdir. 1967-ci ildə Laçın şəhər orta məktəbini bitirmiş və elə həmin il H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutuna (indiki Gəncə Dövlət Universitetinə) daxil olub, 1971-ci ildə ali məktəbi bitirmişdir. 1971-ci ildə ilk təhsil aldığı, Laçın rayonu Oğuldərə kənd 8 illik məktəbinə müəllim təyin olunmuşdur. 1972-1973-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonar, 1973-cü ilin sentyabr ayında yenidən Laçın rayonunun Oğuldərə kənd orta məktəbində müəllim təyin edilmişdir.

M.İlyasov hələ orta məktəbdə müəllim işlədiyi illərdə təlim-tərbiyənin aktual problemləri ilə maraqlanıb, bunlarla bağlı rayonda çıxan “Laçın” qəzetində müxtəlif məqalələrlə çıxışlar edirmişdir. “Ailə ilk tərbiyəçidir”, “Məktəbdə metodik işlərin təşkili”, “Valideyn nüfuzu” kimi məqalələri oxucular tərəfindən maraqla qarşılanmışdır. Müseyib müəllim 1976-cı ilin sentyabr ayında işlədiyi Oğuldərə kənd orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini təyin edilmişdir. O, orta məktəbdə müəllim və direktor müavin işlədiyi illərdə də fəaliyyəti ilə fərqlənmiş, bacarıqlı, işgüzar və təşkilatçı pedaqoq kimi kollektivin və valideynlərin böyük hörmətini qazanmışdır. Şagirdlərin təhsilə marağını gücləndirə bilmiş, kollektiv və kənd camaatı arasında hörmət qazanmışdır. Şagirdlərdə vətəndaşlıq borcunun, milli-mənəvi dəyərlərin aşlanılmasına və bunun üçün optimal yol və üsulların tapılmasına çalışmışdır. Onun fəaliyyəti Rayon Maarif Şöbəsinin rəhbərliyinin diqqətini cəlb etdiyinə görə, onun qabaqcıl iş təcrübəsini rayonda yayılması məsləhət bilinmişdir. Museyib müəllimin söhbətlərini dinlədikcə, gənc yaşlarında çətinliklərlə üzləşdiyinin və onlara üstün gələrək həyatda özünü təsdiq etdiyinin şahidi oluruq.

Müseyib müəllimin təhsilini davam etdirmək istəyi, Pedaqogika elminə olan marağı onu 1977-ci ilin payızında V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) aspiranturasına gətirir. Müvəffəqiyyətlə imtahanları verərək istehsalatdan ayrılmaqla “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisası üzrə aspiranturaya qəbul olunur. Bakıya gələrək, həmin vaxtdan fəaliyyəti ADPU ilə bağlanır.1980-ci ilin sonunda aspiranturanı bitirib Ümumi pedaqogika kafedrasına müəllim təyin edilir. 1987-ci ildə “Kənd məktəblərarası tədris istehsalat kombinatlarında şagirdlərin peşəyönümünün pedaqoji əsasları” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi (fəlsəfə doktoru) elmi dərəcəsi alır. Pedaqoq alimlərdən elmi rəhbəri, professor H.M.Əhmədov, rəsmi opponentlər– SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü, professor V.A.Polyakov, pedaqoji elmlər namizədi, dosent S.Orucov, Düşənbə Pedaqoji İnstitutunun pedaqogika kafedrasının müdiri, professor İ.O.Obidov, A.S.Puşkin adına Tbilisi Pedaqoji İnstitutunun pedaqogika kafedrasının müdiri, professor V.Qaqua, həmin kafedranın dosenti, pedaqoji elmlər namizədi Ə.X.Paşayev, Xankəndi Pedaqoji İnstitutunun pedaqogika kafedrasının dosenti, pedaqoji elmlər namizədi S.M.Zeynalov və başqaları M.İlyasovun tədqiqatı haqqında müsbət fikirlər söyləyib və onu yüksək qiymətləndirmişlər.

M.İlyasov 1989-cu ildə pedaqogika kafedrasına baş müəllim, 1991-ci ildə isə dosent vəzifələrinə seçilir. 1989-1995-ci illərdə isə ictimai əsaslarla kimya-biologiya fakültəsində dekan müavini vəzifəsində çalışmışdır.

Müseyib müəllim həm də 1982-1984-cü illərdə üç dəfə hər biri 10 gün olmaqla Ümumittifaq Komsomol Təşkilatı Mərkəzi Komitəsinin, SSRİ Maarif Nazirliyinin və SSRİ Pedaqoji Elmlər Akademiyasının Rusiyanın Yaroslav vilayətinin Rostov-Velikiy və Zveniqorod şəhərlərində təşkil etdikləri “Gənc alimlər və mütəxəssislər məktəbi”- nin iştirakçısı olmuşdu. Bundan başqa o 1984-1995-ci illərdə Respublika televiziyasında ayda bir dəfə efirə çıxan ”İstehsalatın əsasları. Peşə seçmə” adlı televiziya tədris proqramının daimi aparıcısı olmuş, peşəseçmənin əsaslarına dair maraqlı verilişlər aparmışdır. 1980-1990-cı illərdə Respublika “Bilik” cəmiyyətinin xətti ilə respublikamızın müxtəlif bölgələrində pedaqoji mövzularda mühazirələr oxuyub, əhali arasında pedaqoji biliklərin yayılmasında fəal iştirak etmişdir.

Müseyib müəllim obyektiv, ciddi, tələbkar, dürüst, elmimiz naminə fədəkarlıq göstərən və insanlara qarşı xeyirxahdır. O, həyatını elmə, xalqına həsr etmiş, öz taleyini onun taleyi ilə bağlamış, səadətini onun səadətində tapmış insanlardandır. Belə insanlar xalq taleyini əsil ziyalı kimi dərindən duyur, insanlara kömək edir, amma öz qayğılarını əsil insan kimi hay-küysüz qəlbinin dərinliyində heç kimi narahat etmədən yaşayır, öz təmkini, sədaqəti və səmimiyyətilə seçilir. Elə bu fədəkarlığın və dürüstlüyün nəticəsidir ki, Müseyib müəllim bir çox Elmi Şura və qürumların üzvüdür. Belə ki, professor Müseyib İlyasov 1997-1998-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda fəaliyyət göstərən pedaqogika üzrə ixtisaslaşmış müdafiə şurasının üzvü olaraq fəaliyyət göstərmişdir. Bir neçə nəfər dissertantın rəsmi opponent olmuş və xeyli sayda dissertasiyaların rəsmi rəyçisi olmuşdur. 2007–2010-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetdə fəaliyyət göstərən pedaqoji elmlər üzrə ixtisaslaşmış müdafiə şurasının elmi seminarının üzvü, 2010–2012-ci illərdə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Fəlsəfə, pedaqogika, psixologiya və ilahiyyat” komissiyasının Ekspert Şurasının Elmi Katibi olmuşdur. 2013–2015-cu illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetdə fəaliyyət göstərən pedaqoji elmlər üzrə ixtisaslaşmış müdafiə şurasının elmi seminarının sədri olmuşdur. Hal hazırda isə Azərbaycan Respublika Prezidentinin yanında Ali Attestasiya Komissiyasının “Filologiya və pedaqogika” ixtisasları üzrə Ekspert Şurasının üzvü kimi fəaliyyət göstərir. Universitet və fakültə “Elmi şura”larının, universitet “Elmi-Metodik Şura”larının üzvü, fakültə “Elmi-Metodik Şura”sının sədridir.

Professor M.İlyasov 2013-cü ildən ADPU-nun Məktəbəqədər təhsilin pedaqogikası kafedrasına rəhbərlik edir. Eyni zamanda 1992–1997-ci illərdə N.Tusi adına ADPU-nun elmi əsərlər məcmuəsi olan “Pedaqoji Universitet Xəbərləri”-nin “Pedaqoji-psixoloji elmlər seriyası”nın, 2007-2010-cu illərdə isə Azərbaycan “Beynəlxalq Universitet Xəbərləri”-nin “Pedaqoji-psixoloji elmlər seriyası”nın məsul katibi olmuşdur. Hazırda bir sıra elmi-pedaqoji jurnalların - ADPU-nun elmi əsərləri olan “Pedaqoji Universitetin Xəbərləri”, Respublika Elm və Təhsil Nazirliyinin orqanları olan “Azərbaycan məktəbi”, “Məktəbəqədər və İbtidai təhsil”, “Peşə təhsili və İnsan kapitalı” jurnallarının, həmçinin ”Magistrant” və “Pedaqogika” elmi-pedaqoji jurnallarının, Abay adına Qazaxstan milli pedaqoji universitetinin orqanı olan “İbtidai təhsil” jurnalının redaksiya heyətinin üzvüdür.

M.İlyasov 2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji elmlər üzrə ixtisaslaşmış müdafiə şurasında “Şagirdlərin peşə seçməyə hazırlanmasının pedaqoji əsasları” mövzusunda pedaqogika elmləri doktoru elmi dərəcəsi almaq üçün doktorluq dissertasiyası müdafiə edib, pedaqogika elmləri doktoru elmi dərəcəsi almışdır. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı almışdır.

Professor Müseyib İlyasov bu gün respublikamızda pedoqogika tarixinin ən istedadlı tədqiqatçısı və ən fəal təbliğatçısı kimi Azərbaycanda pedoqogika elminin inkişaf tarixinin bütün dövrlərinə dair geniş araşdırmalar aparmış və dəyərli əsərlər yazmışdır. Pedoqoji fikir tarixinin araşdırılmasında öz dəsti-xətti ilə tanınan Şərq, Qərb ümumdünya pedoqoji fikrinin yorulmaz tədqiqatçısı, həmişə məhsuldar elmi yaradıcılığı ilə seçilən professor Müseyib İlyasovun elmi nailiyyətləri bu gün nəinki respublikamızda, həm də beynəlxalq miqyasda pedoqoji ictimayyətin diqqətini cəlb etmişdir. Onun əsərləri Moskva, Səmərqənd, Tbilisi, Kiyev, Kirovoqrad, Samara, Tolyatti və Ankarada şəhərlərinin nüfuzlu jurnallarda və elmi məcmuələrində rus, özbək, türk və b. dillərdə nəşr olunubdur.

Prof.M.İlyasovun tədqiqatları pedaqogika elminin bir çox sahələrini əhatə edir. Ən çox və sistemli tədqiq etdiyi sahə, şagirdlərin peşə seçməyə hazırlanması, müəllim peşəsi və müəllim hazırlığı problemləridir. 5 monoqrafiyanın, 5 dərs vəsaitinin, 12 metodik vəsaitin, 40 proqramın, 250-dən artıq elmi-pedaqoji və publisistik məqalənin müəllifidir. 12 kitabın, onlarla tədris proqramının redaktoru və 6 kitabın tərtibçisidir. Prof.M.İlyasov Bakııda keçirilmiş Respublika konfranslarında, eyni zamanda Səmərqənddə, Tbilisidə, Naxçıvanda, Moskvada, Ankarada və digər şəhərlərdə keçirilmiş Beynəlxalq konfranslarda iştirak etmişdir.

Bunlarla yanaşı prof.M.İlyasov fəal təlim və kuriklum üzrə təlimçi kimi respublika Təhsil Nazirliyi və UNİSEF-in birgə təşkil etdiyi treninqlərdə, orta və ali məktəb müəllimləri üçün fəal təlim kuriklumunda təlimlər aparmışdı. Onun rəhbərliyi ilə 5 nəfər tədqiqatçı dissertasiya işini müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi almışlar.

Prof. Müseyib İlyasovun son illərdə nəşr etdirdiyi, Məktəbdə peşəyönümü işinin sistemi. Dərs vəsaiti. Bakı, ADPU, 1997, Yuxarı sinif şagirdlərinin vətəndaşlıq tərbiyəsi. Bakı, Təhsil, 2003, Şagirdlərin peşə seçməyə hazırlanmasının pedaqoji əsasları. Monoqrafiya. Bakı, “Elm”, 2005, Şagirdlərin peşə seçməyə hazırlanması. Monoqrafiya, Bakı, “Elm”, 2009, Peşəyönümün əsasları. Dərs vəsaiti. Bakı, Mütərcim, 2011, Müəllimin pedaqoji ustalığı. Dərs vəsaiti, Bakı, “Elm və Təhsil”, 2013, Peşə, ixtisas seçimi. Yeniyetmə və gənclər üçün vəsait. Bakı, ADPU, 2015, Didaktika. Dərs vəsaiti. Bakı, ADPU, 2015, Müəllim peşəkarlığı və pedaqoji səriştəliliyin müasir problemləri. Monoqrafiya. Bakı, “Elm və Təhsil”, 2018, Müasir təhsil: ənənədən innovasiyaya. Monoqrafiya. Bakı, “Elm və Təhsil”, 2021, Peşə, sənət, ixtisas seçimi haqqında söhbətlər. Bakı: “Elm və Təhsil”, 2023, Pedaqoji tədqiqatların metodları və metodologiyası. Dərs vəsaiti. Bakı: ADPU, 2023 və Maarif fədaisi: Müseyib İlyasov. Bakı: “Elm və Təhsil”, 2024 adlı kitab və məqalələri orta məktəb şagirdləri, tələbələr və geniş oxucu kütləsi tərəfindən razılıqla qarşılanmışdır.

M.I.İlyasov Azərbaycan müəllimlərinin XV (2018 - ci il) və XVI (2023-cü il) qurultaylarının nümayəndəsi olmuşdur. İki dəfə (2012 və 2021-ci illər) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin “Fəxri fərman”ı ilə təltif edilmişdir. 2012-ci ildə Respublika Təhsil Nazirliyinin “Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif olunmuşdur. 2021-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Elə həmin il 40 ildən artıq işlədiyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaranmasının 100 illik yubiley medalı ilə təltif edilmişdir.

Göründüyü kimi kamil insan əslində eli-obası, ölkəsi, xalqı, dövləti üçün yaşayan insandır. Professor Museyib müəllim də belə fədakar insanlardan biri, fəaliyyəti ilə Laçın- Azərbaycan toralığına baş ucalığı gətirən ziyalı-pedoqoq alimdir. O, ömrünün istənilən mərtəbəsindən dönüb arxaya, keçdiyi ömür yoluna cürətlə baxa bilən, bu yoldan qürur duyan, təkcə illəri yox, günəri, anları da rahatca xatırlaya bilən insanlardandır. Göründüyü kimi, prof.Müseyib İlyasov Laçından başlayan, şərəflə yaşanan, elmin və insanlığın zirvəsinə ucalan, bir alim ömrü yaşamışdır.

Bu günlərdə Azərbaycan elmi ictimaiyyətinin, XX əsrin nüfuzlu pedoqoq-alimi kimi tanıdığı, pedoqoji elmləri doktoru, professor Müseyib İbrahim oğlu İlyasovun 75 yaşı tamam olur. İstedadlı alim, təşkilatçı rəhbər, gözəl ailə başçısı, yaxşı ata, sevimli baba, sadəliyi, səmimiyyəti, dostluqda nümunə olması ilə seçilən əziz dostum, sədaqətli qardaşım və eloğlum professor Müseyib İlyasovu 75 yaşının tamam olması münasibəti ilə ürəkdən təbrik edirəm. Ona möhkəm can sağlığı, xoş ovqatla yaşanan uzun ömür və şərəfli fəaliyyətində uğurlar arzu edirəm.

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası  Prof.Dr. Müseyib İlyasovu əlamətdar yubileyi münasibətilə təbrik edir, tanınmış tarixçi alimə bundan sonra da sağlam, uzun, xeyirli ömür diləyir.

Şikar Qasımov.

Bakı Mühəndislik Universiteti Magistratura və Doktorantura şöbəsinin müdiri, tarix elmləri doktoru, professor