Prezident İlham Əliyev: Zəngəzur dəhlizi açılacaq...

Prezident İlham Əliyev:  Zəngəzur dəhlizi açılacaq...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Zəngəzur bölgəsində aparılan bərpa işləri və Zəngəzur dəhlizi barədə ətraflı məlumat verib.

Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir...Sözsüz ki, Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii ki, biz buna ilk növbədə Naxçıvan Muxtar Respublikası ilə əlaqə kimi, həm də beynəlxalq nəqliyyat dəhlizi kimi baxırıq. Bu gün Azərbaycandan Qərbə doğru bir dəmir yolu marşrutu var, onların sayı iki olacaq. İki həmişə birdən yaxşıdır, xüsusilə açıq okeana çıxışınız olmadığı və qonşu ölkələrdən keçməli olduğunuz bir şəraitdə...Bu axınlar isə hamımızın bildiyi kimi, bir çox istiqamətdə hərəkət edə bilər. Buradan iki istiqamətdə qərbə, bir istiqamətdə və daha sonra iki istiqamətdə - yenidən Zəngəzur dəhlizi vasitəsilə cənuba, Yaxın Şərqə, Fars körfəzinə və əlbəttə ki, şimal istiqamətinə doğru axın olacaq ki, bu istiqamət də tam istifadəyə veriləcək....Bu gün bizim iki investisiya proqramımız var - biri ənənəvi proqramdır, digəri isə Qarabağ və Şərqi Zəngəzur üçündür. Hər ikisi yüksək səviyyədə icra olunaraq uğurla həyata keçirilir...Zəngəzur dəhlizi öz yerində, - amma, eyni zamanda, Cəbrayıl, Hadrut, Laçın, Kəlbəcər bir-biri ilə bağlı olmalı idi. Mən birinci dəfə Kəlbəcərdən Laçına gedəndə həyatımda belə təhlükəli yol görməmişdim. Uzun illərdir ki, avtomobil sürürəm, o cümlədən vaxtilə müxtəlif ölkələrdə də olanda sürmüşdüm, təbii ki, Azərbaycanın hər bir yerində, amma mən elə təhlükəli yol görməmişdim. Bəlkə də Göygöl-Kəlbəcər yolu, Murov aşırımı, - tunel tikilənə qədər o yoldan istifadə edirdik, - ona bənzər ola bilər. Yəni indi bu dördzolaqlı körpülərlə, tunellərlə təmin olunan yollar - bütün bunlar imkan verəcək ki, bir yerdə yaşayan insan o biri yerdə işləyə bilsin...Ona görə də Zəngəzur dəhlizinin reallaşması artıq həll olunmuş məsələ kimi qəbul edilməlidir. Mən inanmıram ki, Ermənistan bu məsələdən boyun qaçırsın, bu, özünəqəsd kimi qiymətləndirilə bilər. Xüsusilə nəzərə alsaq ki, Amerika Prezidenti Tramp bu yola öz adını verib, artıq bu, onun yoludur. Ermənistandan da gələn xəbərlər onu göstərir ki, bu il bu yolun fiziki tikintisi nəzərdə tutulur...Amma yenə də deyirəm, bizim ərazimizdə Zəngəzur dəhlizi ilə bağlı artıq heç bir problem qalmayıb...Onu da bildirməliyəm ki, bizim təşəbbüsümüzlə Ağbənd qəsəbəsində Arazın üzərindən körpü də inşa edilir. Yəni bizim o bölgədən Qərb istiqamətinə və Cənub istiqamətinə əslində iki yolumuz olacaq. Biri Zəngəzur dəhlizi - Ermənistan üzərindən, biri isə Araz dəhlizi - İran üzərindən. Bunun da təşəbbüskarı biz olmuşuq. Körpünü biz öz vəsaitimizlə inşa edirik. Hazırda Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün Biləsuvardan uzun yol qət edilməlidir. İndi isə İran ərazisindən Naxçıvana cəmi 45-50 kilometr gediş olacaq. Beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında iki bağlantı olacaq, biri Ermənistan üzərindən, biri isə İran üzərindən. Biz faktiki olaraq Naxçıvanı, Şərqi Zəngəzuru və Qarabağı bir bölgə kimi birləşdirəcəyik...Naxçıvanın Baş Planı da hazırlanır, həm şəhərin, həm də bütün şəhərlərin. Qarabağda və Şərqi Zəngəzurda gedən quruculuq işlərinə paralel olaraq Naxçıvan Muxtar Respublikasında da istər yaşıl enerji olsun, istər kənd təsərrüfatı, istər suvarma, - indi orada böyük suvarma layihələri icra ediləcək, - istər turizm, bu bölgəni biz birləşdirəcəyik...Halbuki Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər. Çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur. Hər halda azad edilmiş ərazilərdə özünü doğruldub, yəni gələcək göstərər”.

https://president.az/az/articles/view/71213