Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan-Türkiyə qardaşlığına həsr olunan şeirini səsləndirib.
Ölkə.az xəbər verir ki, o, həmin şeirdə iki ölkənin ortaq dəyərlərinin və qardaşlıq münasibətlərinin əks olunduğunu bildirib.
“Birdir bizim hər halımız
Diləyimiz, amalımız
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə”.
Türkiyə Prezidenti Azərbaycanın şanlı bayrağının səmalarda əbədi olaraq dalğalanmasını arzulayıb.
O, 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edib, Azərbaycan xalqına salam və məhəbbətlərini çatdırıb.
Şerin tam mətni belədir:
Azərbaycan - Türkiyə
Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət
Hər ikisi Cümhuriyyət
Azərbaycan-Türkiyə.
Bir ananın iki oğlu
Bir ağacın iki qolu
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.
Ana yurdda yuva qurdum
Ata yurda könül verdim
Ana yurdum, ata yurdum
Azərbaycan-Türkiyə.
Birdir bizim hər halımız
Diləyimiz, amalımız
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə.
Dinimiz bir, dilimiz bir
Ayımız bir, ilimiz bir
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə.
1991