Çox hörmətli Tofiq Şəfaət oğlu Mehdiyev!
Qurucu rəhbərlərindən olduğunuz “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası adından Sizi 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Siz ali təhsilinizi bitirib zavodda usta köməkçiliyindən Ümumittifaq əhəmiyyətli elmi-tədqiqat institutunun Zaqafqaziya şöbəsinin direktoru, Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin katibi, Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı, katib köməkçisi, kənd təsərrüfatı şöbəsi müdirinin müavini, Zəngilan rayon partiya komitəsinin birinci katibi, müstəqil Azərbaycanda "Azərittifaq"ın ilk sədri, XI, XII çağırış Azərbaycan SSRİ Ali Sovetinin deputatı kimi mənalı əmək fəaliyyəti yolu keçmisiniz. Xalqa, dövlətçiliyə sədaqət, prinsipiallıq, məsuliyyət, vicdanlılıq, düzgünlük hər zaman həyat kredonuz olub. Sərhəd rayonumuz Zəngilanda mənfur qonşuların təcavüzünə qarşı qətiyyətiniz, bu rayona rəhbərlik etmiş mərhum atanız Şəfaət Mehdiyev ənənələrinin davamçısı olaraq sadə insanların rifahının yaxşılaşmasına, qayğı və problemlərinin həllinə göstərdiyiniz diqqət bu gün də xatırlanır.
Təmsil etdiyiniz partnomenklatura deputatlarının çoxundan fərqli olaraq Müstəqillik Aktına imza atan deputatlardan biri Siz olmusunuz, yeni dövlət atributlarımızın - Bayraq, Himn, Gerbimizin qəbul olunmasına səs vermisiniz, sessiyalarda rus-sovet rejiminin təsiri ilə dəyişdirilmiş şəhər, rayon adlarının qaytarılması, tarixi ədalətin bərpası, erməni təcavüzünə, Moskvanın təzyiqlərinə daha kəskin cavab verilməsi, ölkənin iqtisadi inkişafında yeni təsirli münasibətlərin bərqərar olması kimi məsələləri qaldırmısınız, Azərbaycanın Türkiyədə ilk ticarət nümayəndəliyinin açılmasına nail olmusunuz.
Sizi fərqləndirən, Sizə xətir-hörmət qazandıran ən mühüm cəhətlərdən biri sözə, elmə, söz adamlarına qarşı içdən gələn ehtiramınız olub. Zəngəzurun yaxın, uzaq keçmişinə ayna tutan, həm də avtobioqrafik səciyyəli "Zamanın axarında" (Zəngəzursuz illərim)” kitabınız həm də sizin yüksək intellektinizin, ardıcıl mütaliənizin, bilik, savadınızın əyani təcəssümüdür.
1992-ci ildə yeni dövrün çağırışlarına cavab vermək, Zəngəzurun düçar olduğu bəlalardan qurtuluşuna ictimai dəstək vermək məqsədilə mərhum Kamran Hüseynovla birlikdə yaradılmasına nail olduğunuz "Zəngəzur İctimai Birliyi"nin ilk sədr müavini və II sədri, illərdən bəri həm də Ağsaqqallar Şurasının sədri kimi fəaliyyətiniz xeyirli işlərlə yaddaşlara yazılıb. Sizin xələfiniz olaraq biz xüsusilə II Qarabağ - Vətən müharibəsinin ilk günlərindən sizin tövsiyələriniz, müdrik məsləhətlərinizi eşitmişik, sizin nə qədər müdrik, vətənə, Zəngəzur ellərinə bağlı insan olduğunuzu bir daha yəqin etmişik.
Zəngəzur elimizin və Birliyimizin ləyaqətli ağsaqqalı, əziz başçımız Tofiq Şəfaət oğlu Mehdiyev,
Sizi yubileyiniz münasibətilə təbrik edir, bundan sonra da sağlam, uzun, xeyirli ömür diləyirik, Siz buna layiqsiniz!
Şəxsinizə sevgilərlə, ehtiramla,
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası adından
Dr. Hacı Nərimanoğlu, 14 sentyabr 2026-cı il.