Xosrov bəy Sultanov və yüzbaşı Baba Məmmədov haqqında araşdırma

Xosrov bəy Sultanov və yüzbaşı Baba Məmmədov haqqında araşdırma

Solmaz Məhərrəmova: Zəngəzurlu Xosrov Bəy Sultanov və Baba Məmmədovun Türkiyədə Mühacirət Həyatı və Fəaliyyəti (1920–1943)

Copyright and License Statement

All publication and copyright of this article are held by the Journal of Academic History and Ideas / Akademik Tarih ve Düşünce Dergisi.

The article is made available by the journal as open access under the terms of the Creative Commons Attribution–NonCommercial 4.0

International License (CC BY-NC 4.0) (https://creativecommons.org/licenses/by-nc-nd/4.0/). Under this license, the article may be used,

reproduced, and shared in any medium for non-commercial purposes, provided that proper scholarly attribution is given; however, the

original content may not be altered, transformed, or used to create derivative works. The scientific, legal, and ethical responsibility for the

content of the works published in the journal rests entirely with the author(s) of the article; the journal’s editors and editorial board cannot

be held responsible for this content. All requests concerning commercial reuse, translation, or republication of the article must be directed

to the journal’s editorial board at This email address is being protected from spambots. You need JavaScript enabled to view it..

https://orcid.orq/0009-0007-8975-6566

Doctor of Historical Sciences, Senior Researcher Institute of History and Ethnology named

after A.A. Bakikhanov Azerbaijan National Academy of Sciences (ANAS), Azerbaijan, solmaz[1]

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Atıf Künyesi | Citation Info

Məhərrəmova, S. (2025). Zəngəzurlu Xosrov bəy Sultanov və Baba Məmmədovun Türkiyədə

mühacirət həyatı və fəaliyyəti (1920–1943) Akademik Tarih ve Düşünce Dergisi, 12 (5), 209-

225.

Xülasə

Məqalədə Azərbaycan dövlətçilik tarixində mühüm rol oynamış Zəngəzur mahalının görkəmli

övladları – Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) qurucularından biri Xosrov bəy Əli Paşa

bəy oğlu Sultanov (1879–1943) və Cümhuriyyət Parlamentinin ilk millət vəkili Baba Məmmədovun

(1887–1974) həyatı və fəaliyyəti araşdırılır. Əsərdə erməni daşnak dəstələrinin 1905–1906-cı illərdə və

sonrakı dövrlərdə bölgədə törətdikləri qırğınlar, Xosrov bəy Sultanovun 1919-cu ildə Qarabağın

general-qubernatoru təyin olunması və onun Zəngəzurla Qarabağda sabitliyin təmin edilməsindəki

xidmətləri təhlil olunur. Bundan əlavə, hər iki şəxsiyyətin 1920-ci ildən sonra Türkiyədə mühacirət

həyatı, “Qafqaz İntiqam Qartalları” adlı gizli təşkilatdakı fəaliyyəti, təşkilatın proqramı, bolşevik–

daşnak rejiminə qarşı mübarizə, habelə təşkilatın iflası və üzvlərinin həbsi arxiv materialları və dövri

mətbuat əsasında işıqlandırılır. Məqalə Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin milli mübarizədə

əvəzsiz rolunu və tarixi irsini göstərir.

Açar sözlər: Qarabağ, Azərbaycan Xalq Cümhuriyyəti, Mühacirət, Mübarizə, Türkiyə

Khosrov Bey Sultanov and Baba Mammadov of Zangezur: Exile Life

and Activities in Turkey (1920–1943)

Abstract

The article examines the life and activities of two prominent figures of the Zangezur region, who

played an important role in the history of Azerbaijani statehood – Khosrov Bey Ali Pasha Bey oghlu

Sultanov (1879–1943), one of the founders of the Azerbaijan Democratic Republic (1918–1920), and

Baba Mammadov (1887–1974), the first member of parliament of the Republic. The study analyzes the

massacres committed in the region by Armenian Dashnak detachments in 1905–1906 and in later

periods, the appointment of Khosrov Bey Sultanov as Governor-General of Karabakh in 1919, and his

services in ensuring stability in Karabakh and Zangezur. In addition, the article highlights the exile life

of both figures in Turkey after 1920, their activities in the secret organization called “Caucasian

Revenge Eagles,” the program of this organization, their struggle against the Bolshevik–Dashnak Akademik Tarih ve Düşünce Dergisi

Cilt:12 / Sayı:5

Məhərrəmova / 209-225

Ekim 2025

210

regime, as well as the collapse of the organization and the arrest of its members, based on archival

materials and periodical press. The article demonstrates the invaluable role and historical legacy of the

leaders of the Azerbaijan Democratic Republic in the national struggle.

Keywords: Karabakh, Azerbaijan Democratic Republic, Exile, Struggle, Turkey

Giriş

Tarix boyu hər bir xalqın yaddaşında öz zəkası, istedadı, mübarizliyi və fəaliyyətləri ilə

seçilərək silinməz iz qoymuş şəxsiyyətlər olmuşdur. Onlar yalnız yaşadıqları dövrün ictimai[1]

siyasi həyatına təsir göstərməklə kifayətlənməmiş, həm də öz ideyaları və əməlləri ilə gələcək

nəsillər üçün örnək rolunu oynamışdır. Belə şəxsiyyətlər tarixə adlarını yazmaqla qalmamış,

həm də tarixin gedişatını müəyyənləşdirən simalara çevrilmişdir. Azərbaycanın çoxəsrlik

dövlətçilik tarixində də bu qəbildən şəxsiyyətlər xüsusi yer tutur. Xüsusilə XX əsrin

əvvəllərində mürəkkəb geosiyasi şəraitdə, Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920)

təşəkkül tapdığı və eyni zamanda erməni-daşnak silahlı dəstələrinin bölgədə soyqırımlar və

talanlar törətdiyi bir dövrdə, Zəngəzur mahalının yetirmələri olan Xosrov bəy Əli Paşa bəy oğlu

Sultanov və Baba Məmmədov kimi görkəmli tarixi simalar ön plana çıxmışdır. Onların mübariz

fəaliyyəti, dövlətçilik prinsiplərinə sadiqliyi və milli maraqları müdafiə etmək uğrunda

fədakarlıqları Azərbaycan tarixində mühüm mərhələni təşkil edir. Məqalənin tədqiqat obyekti

Zəngəzur mahalının iki görkəmli övladı – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından

biri Xosrov bəy Sultanov və Cümhuriyyət Parlamentinin ilk millət vəkillərindən olan Baba

Məmmədovun həyat və fəaliyyətidir. Tədqiqatın məqsədi onların milli dövlətçilik tariximizdəki

rolunu araşdırmaq, Qarabağ və Zəngəzur bölgəsində sabitliyin qorunmasındakı xidmətlərini

dəyərləndirmək, həmçinin mühacirət dövründə apardıqları fəaliyyətlərin əhəmiyyətini ortaya

qoymaqdan ibarətdir. Beləliklə, əsrlər və qərinələr keçsə də, Xosrov bəy Sultanov və Baba

Məmmədovun fəaliyyəti Azərbaycan xalqının tarixi yaddaşında silinməz iz buraxmış, onların

irsi müasir dövrdə də milli kimliyin və dövlətçilik ideyalarının qorunması baxımından aktual

olaraq qalmaqdadır.

1. Xosrov bəy Sultanov

Azərbaycan Xalq Cümhuriyyətinin şərəfli tarixində unudulmaz iz buraxmış, ixtisasca

həkim, “İttihad” partiyasının siyasi lideri, Fətəli xan Xoyskinin 1918-ci il mayın 28-də 9

nəfərdən ibarət təşkil etdiyi I hökumətdə hərbi nazir, 1918-ci il iyunun 17-də təşkil edilmiş II

hökumətdə əkinçilik naziri, 1918-ci ildə (26 dekabr) 14 nəfər üzvü olan III hökumətdə əkinçilik

naziri kimi fəaliyyət göstərmiş Xosrov bəy Sultanov 10 may 1879-cu ildə Zəngəzur qəzasının

Hacısamlı nahiyəsinin Qasımuşağı (indiki Laçın rayonunun Kürdhacı kəndi - S.M.) kəndində Akademik Tarih ve Düşünce Dergisi

Cilt:12 / Sayı:5

Məhərrəmova / 209-225

Ekim 2025

211

zəmanəsinin məşhur zadəgan şəcərəsinin nümayəndəsi Əli Paşa bəy Sultanovun ailəsində

dünyaya göz açmışdır.

... ‘’Keçmiş Zəngəzur qəzasında üç Sultanovlar nəsli yaşayırdı. İndiki Laçın rayonunun

Kürdhacı kəndindən olan Sultanovlar nəslən, ata-babadan mülkədar deyildilər. Xosrov bəyin

babası Murad çarvadar olmuşdur. O zaman xalq arasında deyərdilər: “Hər oxuyan Molla

Pənah, hər qatırçı Murad olmaz”. Qatırçı Murad varlanıb, Əsəd Sultanlı bəyin qohumu ilə

evlənmiş, doğma oğlu Əli Paşanı isə Əsəd Sutanlı bəyin oğlu kimi qələmə verərək, guya onun

yetim olduğunu, dul anasının yanınca gətirildyini bildirmişdi. Sultanovlar maldarlıqla məşğul

idilər. Zəngəzurda və Qarabağda “Hacısamlı” cinsi adı ilə məşhur olan yüzlərlə damazlıq

inəklər yetişdirir, Hacısamlı meşələrində taxta zavodu açaraq qiymətli qırmızı palıd ağaclarını

xaricə - Fransaya göndərirdilər’’ (Heydərov, 2016, s. 24–25).

Xosrov bəy Sultanov əvvəlcə Şuşa şəhərində, sonra Gəncə klassik gimnaziyasında, 1903-

cü ildə isə Xarkov tibb institutunda təhsil almış, həkim kimi Bibiheybətdəki neft sənayeçiləri

xəstəxanasında fəaliyyət göstərmiş, özünün hazırladığı dərmanlarla xəstələri təmənnasız

müalicə etmişdir. Birinci Dünya müharibəsi illərində Azərbaycandan Türkiyəyə qardaş

köməyinə gedən, Qars, Ərzurum, Trabzonda erməni - daşnaklarının qətliamına məruz qalmış

əhaliyə yardım göstərən, minlərlə yetim uşaq üçün Tiflisdə və Bakıda yetimxanalar açan və

onlara qayğı göstərən "Müsəlman Xeyriyyə Cəmiyyəti"nin nümayəndə heyətinə başçılıq

etmişdir. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq

Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy

Sultanov olmuşdur. Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü seçilmişdir.

XIX-XX əsrin əvvəllərində Rusiyada mövcud siyasi-iqtisadi böhranın kəskinləşməsi,

fəhlə - kəndli çıxışlarının artması çoxmillətli imperiyanın ucqarla¬rında milli-azadlıq

hərəkatının genişlənməsinə təkan verdi. Hökmranlığını qoruyub saxlamağa çalışan çar Rusiyası

kütlələri inqilabi hərəkatdan yayındırmaq üçün özünə tabe olan millətlərin arasında ziddiyyət

və düşmənçilik salmaq metodundan məharətlə istifadə edirdi.

Beynəlxalq imperialistlər və çar Rusiyası məqsədlərinə çatmaq üçün milli ədavəti

qızışdırır, xalqların müxtəlif birlik və qurumlarını şirnikləndirib öz tərəfinə çəkir, qırğınlar

törədil¬məsinə nail olurdular. Cənubi Qafqazı daim gərginlikdə sax¬lamaq, burada yaşayan

xalqların hər birinin “böyük dövlət yaratmaq imkanlarının mövcudluğu” barədə xülyanı

beyinlərdə yerləşdirmək həmişə Avropa dövlətlərinin, həmçinin Rusiyanın örtülü siyasəti idi

(Vəliyev, 1994). Hələ 1890-cı ildə Tiflisdə siyasi fəaliyyətə başlayan “Daşnaksütyun” (İttifaq[1]

S.M.) erməni millətçi partiyası bu ideyaya sahib çıxaraq onu əsas məqsədinə çevirdi. Partiyanın 1892-ci ildə qəbul etdiyi proqramı silahlı toqquşmalar, terror aktları, Qərb dövlətlərinin köməyi

ilə “Böyük erməni dövləti” yaratmaq vəzifəsini qarşıya qoyurdu. Bu siyasətin ən ba¬riz

nümunələrindən biri 1905-1906-cı illərdə baş verən qırğınlar oldu.

XIX əsrin sonlarında “Daşnaksütyun” partiyası ilə yanaşı, “Armenakan” və “Hnçak” adlı

erməni terrorçu təşkilatları da fəaliyyət göstərməyə başlamışdır. Çar Rusiyası və Avropa

dövlətlərinin təhriki ilə 1895–1896-cı illərdə Şərqi Anadoluda baş qaldıran erməni qiyamları

yatırıldıqdan sonra həmin iğtişaşların təşkilatçıları və icraçıları Cənubi Qafqazda, xüsusilə

İrəvan və Yelizavetpol quberniyalarında yerləşdirilmişdir (Shavrov, 1911). 1905-1906-cı

illərdə sayları on min silahlıdan artıq olan erməni birləşmələri əvvəlcə Bakıda, sonra İrəvan

şəhərində və onun ətraf kəndlərində, Eçmiədzin (Üçkilsə), Şərur-Dərələyəz və Naxçıvan

qəzalarında, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının Gorus, Qafan və

Qarakilsə (Sisian) nahiyələrində, Şuşa, Cavanşir, Cəbrayıl, Qazax, Ərəş qəzalarında, Tiflis

şəhərində tarixə “erməni-müsəlman davası” adı ilə daxil olan qanlı qırğınlar törətmiş,

azərbaycanlıların yaşadıqları 200-dən artıq yaşayış məntəqəsini viran qoymuşdular.

“Daşnaksütyun” komitəsinin planında əsas yeri Şuşanın işğalı tuturdu. Komitə hətta

Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin ərazisindən keçməklə, Şuşa və Gəncə

şəhərlərini birləşdirəcək şose yolunun inşasına 60 min pul vəsaiti ayırmışdı (Nadzhafov, 1993).

1917-ci ildə çar Rusiyasının süqutundan sonra onun ucqarında Şərq aləmində ilk demokratik

dövlət – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Azərbaycan Xalq

Cümhuriyyəti yarandıqdan sonra 1919-cu ilin yanvarında Qarabağın ərazisi ADR-in

yurisdiksiyasına daxil edilmiş və 1822-ci ildən sonra Qarabağın adı yenidən inzibati-siyasi

məna daşımağa başlamışdı.

Şəkil 1. Azərbaycan Xalq Cümhuriyyəti IV Nazirlər Şurasının üzvləri, 1919 (Azərbaycan Respublikası

Dövlət Kino-Foto Sənədləri Arxivi (ARDKFSA)

Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra xarici dövlətlərin və sovet

Rusiyasının hərtərəfli yardımı ilə Azərbaycanın əzəli torpağı İrəvanda özlərinə dövlət yaradan

ermənilər şirniklənərək Qarabağı və Zəngəzuru ələ keçirmək üçün ərazi iddiaları irəli sürür,

bütün bu hadisələr kütləvi qırğınlarla müşayiət olunurdu. Qarabağ və Zəngəzurda ermənilərin

törətdiyi vəhşiliklərin bilavasitə şahidi olmuş ingilis hərbi müxbiri Skotland-Liddell yazırdı:

“Ermənilərin ərazi əldə etmək hərisliyi, acgözlüyü olduqca böyükdür, onlar daha çox

torpaq tutmaq istəyirlər. Bu məqsədlə də öz nizami ordularını Zəngəzur rayonunda müsəlman

kəndlərinin üzərinə göndərib, sərhədlərini genişləndirmək üçün yol boyu bütün evləri dağıdır

və sakinlərini qırırlar” (Paşayev, 2010, s. 6).

1918-ci il sentyabrın 4-də, Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən cəmi 90

gün sonra Amerika, Fransa, İngiltərə, Yunanıstan və Rusiyanın silahlandırdıqları erməni[1]

daşnak generalı Andranik Ozanyan Sisian rayonunda görünməmiş amansızlıqlar törətdikdən

sonra quldur dəstəsi ilə Gorus şəhərinə daxil olmuş və qərargahını Gorusda

möhkəmləndirmişdi. Andranik özünü “Zəngəzurun qubernatoru” elan edərək Azərbaycan

türklərinin 115-dən çox, habelə kürdlərin yaşadıqları kəndləri talan edib dağıtmış, 10 mindən

çox dinc insanı qətlə yetirmişdi. O, 1918-ci ilin avqust ayının sonu-sentyabr ayının əvvəllərində

Şuşa şəhəsinə girmək üçün üç dəfə cəhd göstərmiş, lakin Osmanlı hərbi hissələri Andraniki

qabaqlamış, ondan əvvəl Şuşaya daxil olaraq Şuşa şəhərinin müdafiəsini lazımınca təşkil edə

bilmişdilər.

Andranik və yerli erməni quldurlarının başçısı Şahnəzərov Zabıx-Qaladərəsi

istiqamətində hücum etsələr də, Şuşaya daxil ola bilməmişdilər (Urud, 2016). Andranikin

hücum planının əsas məqsədi Qarabağda yaşayan ermənilərin arasında separatizmi geniş təbliğ

etməklə Qarabağ erməniləri ilə birləşmək və bütün Zəngəzur və Qarabağın ərazisini ələ

keçirmək idi. 1918-ci il noyabr ayının 16-da Andranikin silahlı dəstələri Şuşa şəhəri

istiqamətində Qarabağa yeridildi və Zabux dərəsindəki 12 müsəlman kəndi ələ keçirildi.

Andranikin hücumu ilə bütöv Qarabağın işğalı təhlükəsi yaranmışdı. Zəngəzurdakı qırğınlara

Andraniklə yanaşı, Dəli Qazar, Njde, Hamazasp, Drastamant Kanoyan kimi qaniçən erməni

zabitləri rəhbərlik edirdilər. Yaranmış çətin vəziyyətdə Azərbaycan Xalq Cümhuriyyəti

hökuməti 15 yanvar (29 yanvar) 1919-cu ildə Ermənistanın Zəngəzurda və Qarabağda törətdiyi

cinayətlərin qarşısını almaq və ölkənin ərazi bütövlüyünü təmin etmək məqsədilə Zəngəzur,

Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının hüdudlarında mərkəzi Şuşa şəhəri olmaqla ADR-in

tabeliyində olan Qarabağ general-qubernatorluğunu təsis etdi. Qarabağ general[1]

qubernatorluğuna rəhbərlik Xosrov bəy Paşa bəy oğlu Sultanova tapşırıldı və bölgədəki inzibati

idarəetmə strukturları general-qubernatorluğa tabe edildi. Ermənilərin Zəngəzurda törətdikləri

talanlara qarşı mübarizə məqsədilə general-qubernatorluğa kiçik qoşun hissələri də göndərildi.

Qarabağ general-qubernatorluğu üçün inzibati bina Şuşa şəhərində “Difai” partiyasının

“Qarabağ məclisi”nin üzvü, Şuşa real məktəbinin məzunu, mülkədar Cahangir xan Hacı Böyük

bəy oğlunun (1861–1934) XVIII əsrin memarlıq abidəsi olan malikanəsi təyin edilmişdi.

Şəkil 2. 1919–1920-ci illərdə Qarabağ general-qubernatorluğunun yerləşdiyi bina — Cahangir xan

Hacı Böyük bəy oğlu Nuribəyovun malikanəsi, Şuşa (Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “Cahangir bəyin evi”

(inv. № 5079), foto arxivi).

Xosrov bəy Sultanov 1919-cu il fevralın 12-də Şuşaya gələrək Qarabağı erməni

terrorizmindən azad etmək və separatizmi aradan qaldırmaq məqsədilə gərgin fəaliyyətə

başladı, Qarabağ və Zəngəzurda vəziyyətlə tanış olmaq üçün ingilis, azərbaycanlı və erməni

nümayəndələrinin iştirakı ilə 1919-cu ilin fevral ayının 15-də rəsmi müşavirə keçirərək konkret

göstərişlər verdi. Xosrov bəy 1919-cu il fevralın 17-də Şuşaya gələn ingilis nümayəndələrinin

rəhbərinə Yuxarı Qarabağda münaqişəni törədənlərin yerli ermənilərin deyil, Ermənistan

Respublikası və “Daşnaksütyun” partiyasının olduğunu bildirərək, Andranikin dəstəsinin

tərksilah edilməsi və Qarabağdan çıxarılması, qaçqınların öz əvvəlki yerlərinə qaytarılması,

Ağdam–Şuşa yolunun gediş-gəliş üçün açılması məsələlərinin müzakirəsini keçirməyə

təşəbbüs göstərdi (Hacıyev & Çingizoğlu, 2011). Lakin Ermənistan Milli Şurası bu təklifə qəti

etiraz etdi. X. Sultanov ingilislərin nümayəndəsinə ermənilərin sülh deyil, Qarabağı

Azərbaycanın tərkibindən ayırmaq istədiyini, Zəngəzuru zəbt etmək niyyətində olduğunu

bildirdi və bütün bunlara baxmayaraq erməni–Azərbaycan münaqişəsini dinc yolla həll etmək

məqsədini bəyan etdi (Hacıyev & Çingizoğlu, 2011). Ermənistan hökuməti X. Sultanovun

general-qubernator təyin olunmasına, Qarabağ general-qubernatorluğunun yaradılmasına etiraz

edirdi. Ermənistanın o dövrdə Xarici İşlər naziri olmuş S. Tiqranyan 1919-cu ilin yanvarında

Azərbaycan hökumətinə teleqram göndərərək ərazi iddialarını irəli sürmüş və X. Sultanovun

təyinatına ciddi etiraz etmişdir. General-qubernatorluğun yaradılması ilə bağlı Tomsonun

Ermənistan hökumətinin üzvləri ilə İrəvanda 1919-cu il martın 28-də və aprelin 6-da keçirilən

müşavirələrində ermənilər narazılıqlarını bildirirdilər. İkinci müşavirədə ermənilərin etirazına

(xüsusən Xatisyan) cavab olaraq Tomson demişdir: “Sultanov ingilis zabiti Mak Mossenə tabe

olacaqdır” (Yaqublu, 2019, s. 157). Bu faktlar göstərir ki, Sultanovun fəaliyyəti yalnız hərbi

və inzibati tədbirlərlə deyil, həm də diplomatik mübarizə ilə müşayiət olunmuşdur. Onun sülh

yolu ilə məsələlərin həllinə çalışması, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı

mübarizənin əhəmiyyətini daha da artırır.

Şəkil 3. Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov (təqr. 1919) ( Xosrov bəyin nəvəsi İradə

Muradovanın şəxsi arxivi. Şəklin surətini bizə verdiyi üçün İradə Muradovaya təşəkkür edirik).

X.Sultanov general-qubernator vəzifəsinə başlayanda bölgədə acınacaqlı durum var idi.

“Onun 1919-cu il fevral ayının 15, 16 və 17-də qəza rəisləri və ictimai xadimlərinin iştirakı ilə

keçirdiyi ümumbölgə müşavirəsində məlum oldu ki, indiyədək Zəngəzurda 166 kənd dağıdılmış,

onların əhalisinin 30 faizi məhv edilmişdi. Bu müşavirədə Andranikin silahlı dəstəsinin

bölgədən cıxarılması qəti olaraq qərara alınmışdı” (Yaqublu, 2019, s.158).

1919-cu ilin iyununda X.Sultanovun komandanlığı ilə keçirilən əməliyyat zamanı Şuşaya gizli

yolla silah aparan Erməni Milli Şurasının üzvləri həbs edilərək Qarabağın ərazisindən çıxarıldı

(Mahmudov & Şükürov, 2005, s. 49).

Üzeyir bəy Hacıbəyli 24 iyun 1919-cu il tarixli “Azərbaycan” qəzetində Xosrov bəyin

haqqında yazırdı:

“Həqiqətən, Xosrov bəy Qarabağ üçün ən münasib bir rəisdir. Qarabağ həyatına

tamamilə aşna olan bu zat sağlam bir vücuda malik olan kimi, sağlam və salamat politika

yeridən və təht idarəsinə tapşırılmış olan ümum mənafeyini xüsusi surətdə nəzərdə tutan bir

zatdır. Ermənilər Qarabağda qəsdən süni iğtişaşlar çıxarmaqla Qarabağ general[1]

qubernatorunu baş komandanlıq gözündə ləkələmək istəyirlər. Əgər Qarabağ müsəlmanları

arasında böyük və layiqli bir nüfuza malik olan və erməni cəmaəti tərəfindən dəxi möhtərəm

sayılan Xosrov bəy Qarabağın hökuməti başında olmasa idi, burası Azərbaycanın cənnəti

hesab olunan bu yer çoxdan bəri cəhənnəmə dönüb qətli-qital ocağı olmuşdu” (Nəzirli, 2019,

s. 18).

1920-ci il martın 21-dən 22-nə keçən gecə - Novruz bayramı axşamı erməni-daşnak qoşun

birləşmələri Xankəndində yerləşən Cavanşir piyada alayının kazarmalarına qəfləti basqın

edərək Əsgəran keçidini bağlamış, bu yeganə keçidi kəsməklə Qarabağın dağlıq hissəsində

yaşayan əhalinin düzən Qarabağla bütün əlaqələrini kəsməyi hədəfə almışdılar. X.Sultanov və

Həbib bəy Səlimovun komandanlığı ilə erməni generalı Dronun qoşunlarına qarşı gedən bu ağır

döyüşdə könüllü müdafiə dəstələri ermənilərin təcavüzünü dəf edə bilmişdilər.

İngilis hərbi jurnalisti S.Liddell həmin il mart ayının 22-də müsəlmanların ən əziz Novruz

bayramı günü bütün Qarabağda ermənilərin qaldırdıqları qiyam və qəfil hücumların bir daha

erməni xəyanətinin bariz nümunəsi olduğunu qeyd edirdi. O, 1920-ci il martın 30-da qələmə

aldığı “Qarabağ erməniləri” adlı məqaləsində və həmin ilin fevral ayının 21-də buraxılmış

“Qrafik” jurnalının redaktoruna ünvanladığı etiraz məktubunda yazırdı:

“Tiqran Nazaryan adlı şəxs öz yazısında inandırmağa çalışır ki, Qarabağın siyasi

cəhətdən Ermənistana qatılmasını sübut edən fakt odur ki, guya Qarabağdakı əhalinin 198 min

nəfəri erməni, 80 min nəfəri isə müsəlmanlardır. Bu, ağ yalandır. Bu sahədə böyük nüfuz sahibi

və dəqiq hesablamalar müəllifi olan professor Şepotyevə görə, Qarabağda 415 min müsəlman

və 170 min erməni var” (Paşayev, 2010, s. 6).

Qarabağ general-qubernatorluğunun təşkili Azərbaycan Cümhuriyyəti tarixinin şanlı

səhifələrindən biri olmuşdur. Dörd qəzanı əhatə edən general-qubernatorluğun səmərəli

fəaliyyəti nəticəsində Qarabağda və onun ətraf bölgələrində müvəqqəti olsa da, erməni

separatçılığına son qoyulmuş, Azərbaycanın ərazi bütövlüyü, habelə demoqrafik durumu

qorunub saxlanılmışdır. Təsadüfi deyil ki, həmin dövrdə Yuxarı Qarabağ erməniləri də öz

təşəbbüsləri ilə qurultay çağıraraq Azərbaycan Respublikasının tanınması haqqında qərar qəbul

etmişdilər. S. Liddellin yazdığına görə, öz daşnak rəhbərləri tərəfindən qızışdırılaraq

Azərbaycana qarşı çıxış edən sadə ermənilər də sülhə razı idilər. O, yazırdı:

“Onlar (ermənilər) mənə deyirdilər ki, əvvəllər Şuşada və Qarabağda heç zaman bu

qədər sakitlik və qayda-qanun hökm sürməmişdi. Ermənilər sərbəstcə şəhərin tatar

(azərbaycanlı – A.P.) hissəsinə, tatarlar (azərbaycanlılar – A.P.) isə heç bir qorxu hiss etmədən

şəhərin erməni hissəsinə gəlirlər” (Paşayev, 2010, s. 6).

1920-ci il aprelin 27-dən 28-nə keçən gecə, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq

Cümhuriyyəti XI Qırmızı Ordunun süngüləri altında devrildi və Azərbaycanda sovet Akademik

hakimiyyəti elan edildi. Winston Churchill sonralar xatirələrində bu hadisəyə toxunaraq

yazırdı:

“Cənubi Qafqaza daxil olmuş 20 minlik Britaniya ordusunun yardımı ilə Gürcüstan,

Ermənistan və Azərbaycan tam müstəqil olmalı idi və bu müstəqil dövlətlər bolşeviklərin İrana

və Türkiyəyə gözlənilən müdaxiləsinin qarşısında durmalı idilər. Lakin Sovet Rusiyası

qarşısında müdafiəsiz qalan, güclü dövlətlərdən dəstək görməyən hər üç müstəqil dövlət süquta

uğradı. Bununla da Azərbaycanın ilk müstəqil respublikası devrildi” (Churchill, 2016, s. 106).

Rusiya işğalından sonra 1920-ci il mayın 1-də Xosrov bəy Sultanov Şuşa şəhərində

Qarabağ Hərbi İnqilab Komitəsini yaradıb onun sədri oldu. X.Sultanov 1920-ci il mayın 10-da

Şuşadan Bakıya gəldi və bununla bağlı ona başçılıq etdiyi Müvəqqəti Qarabağ İnqilab

Komitəsinin 50 saylı mandatı verildi. Bakıya gəldikdən iki gün sonra - mayın 12-də 519 saylı

həbs kağızı əsasında azadlıqdan məhrum edildi (Yaqublu, 2019). Sonradan onun həbsdən azad

olunması haqqında müxtəlif versiyalar irəli sürülmüşdü. Bəzi məlumatlara görə böyük qardaşı

Sultan bəy Sultanovun onun həbsxanadan qaçırılmasını təşkil etməsi, digər məlumatlarda isə

keçmiş tələbə yoldaşı Nəriman Nərimanov və Ç.İldırımın köməkliyi sayəsində həbsdən azad

olması göstərilir.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklərin təqiblərinə məruz

qalan Xosrov bəy Sultanov Avropaya mühacirət etmiş, sonrakı həyatı Türkiyə, Almaniya,

Fransa ilə bağlı olmuşdur. Xosrov bəy Sultanov və digər Cümhuriyyət mücahidlərinin sonrakı

mühacir həyatı və fəaliyyəti haqqında tədqiqatçı-alim, Türkiyənin Ərzurum Atatürk

Universitetinin professoru Ali Kafkasyalı Qars Milli Əmniyyət Xidmətləri Rəisliyinin,

Cümhuriyyət prokurorluğunun arxivlərindən materiallar toplamış, atası - əslən Qazax

mahalının İkinci Şıxlı kəndindən olan, 1921-ci ildə sovet hökumətindən qaçaq düşüb ömrünün

sonuna qədər hökumətə tabe olmayan, onunla eyni taleyi bölüşən qaçaq dəstəsi ilə bərabər

Türkiyəyə keçib Qars əyalətində məskunlaşan Aloy Hacıdan, habelə hələ XX əsrin 80-ci

illərinə qədər həyatda olmuş həmin şəxslərdən dönə-dönə eşitdiyi xatirələri maqnitofon lentinə

köçürmüş və həyat hekayələri üzərində qurulmuş “Kartallar sınır tanımaz” adlı sənədli- tarixi[1]

publisistik romanını yazmışdır (Kafkasyalı, 2020). Həmin faciəli dövrdə Almaniyanın Berlin

şəhəri sovet zülmündən qaçan qafqazlı aydınların sığınacaq şəhərinə çevrilmişdi. Bu

aydınlardan biri də gizli adı Əli Əhmədoğlu olan, Azərbaycan hürriyyət mücadiləsinin öndəri

Məmmədəmin Rəsulzadə idi. Məmmədəmin Rəsulzadə Qafqaz türklərinin sovet işğalından

sonra dağılıb əriməmələri və fürsət düşəndə təkrar ayağa qalxmaları üçün təşkilatlanma

məsələsini irəli sürmüşdü. O, təşkilatlanma işinə əksəriyyəti Türkiyənin Qars bölgəsində

toplaşmış qaçaqlardan başlamağı tövsiyə edirdi. M.Rəsulzadə bu vəzifəni “hər biri özünə görə

bir sipərə çəkilmiş, gözünü budaqdan ayırmayan qartal balalarını oyandırmağı” ən çox

güvəndiyi əqidə məsləkdaşı doktor Xosrov Sultanova həvalə etmişdi (Kafkasyalı, 2020). Daim

izləndiyi üçün Xosrov bəy Sultanovun Qarsa gəlib qaçaqlarla görüşməsi çox təhlükəli idi. Digər

tərəfdən sovet sərhədində, əhalisi çox da qələbəlik olmayan Qars şəhərinə kənardan birinin

gəlməsinin diqqəti çəkəcəyi kimi, görüşəcəyi adamlar da böyük ehtimalla rus casusları

tərəfindən izlənmə altında olduqlarından sıxıntı yarana bilərdi. Ən doğrusu onları İstanbula

çağırmaq, hər gün minlərlə müsafiri ağırlayan bu ticarət və mədəniyyət şəhərinə 15-20 kişinin

gəldiyinə diqqəti yayındırmaq olardı. Onlar İstanbulda Bosforun Anadolu yaxasında gözdən

uzaq bir otelin zirzəmi qatındakı kiçik salonda bir araya gəlmiş və Xosrov bəy Sultanovun

başçılıq etdiyi “Qafqaz İntiqam Qartalları” adlı gizli təşkilat yaratmışdılar (Kafkasyalı, 2020).

Təşkilata düşərgə yeri kimi Qars yaxınlığındakı Buğatəpə yaylağı seçilmişdi. Təşkilatın

maliyyə vəsaiti və silahlarla təchiz edilməsi M.Rəsulzadə tərəfindən həyata keçirilirdi. Pul və

silahların Almaniyadakı İstanbul səfirliyi vasitəsilə gəmilərlə İskəndərun limanına, ordan da

yük maşınlarında Karakösəyə göndərilməklə, Buğatəpə yaylağına çatdırılması

planlaşdırılmışdı (Kafkasyalı, 2020). Təşkilatın üzvləri arasında Azərbaycan Xalq

Cümhuriyyəti Parlamentinin ilk millət vəkili, qubadlılı Baba Məmmədov, Qori Seminariyasının

məzunu, qazaxlı Göyəzən, Qaçaq Xram, Borçalı bölgəsinin Nəcməddinli kəndinin Hacı

Bayramoğullular nəslindən olan, Tiflis gimnaziyasının məzunu Xozeyin bəy, onun qardaşı

Nağı bəy, Hacıxəlil, İsmayıl Bala, həm çar hökuməti, həm də Azərbaycan Xalq Cümhuriyyəti

dönəmində polis orqanlarında çalışmış Qiyas bəy Şıxlinski, Aloy Hacı və digər məşhur şəxslər

olmuşdur. Qiyas bəy Şıxlinskiyə həm də “Qafqaz İntiqam Qartalları” təşkilatının müfəttişi

vəzifəsi həvalə edilmişdi (Kafkasyalı, 2020, s. 19). Əli Əhmədoğlu (Məmmədəmin Rəsulzadə

- S.M.) İstanbuldakı toplantıdan dərhal sonra Almaniyadan İsgəndəruna 40 adamlıq silah-sursat

və 40 dəst geyim, məişət ləvazimatları, səhra-yataq kisəsi və s. göndərmişdi. Lakin hələ

“Qafqaz İntiqam Qartalları” gizli təşkilatının İstanbulda ilk toplantısına qatılan, sirr

saxlayacaqlarına söz verib, silah və Qurana əl basıb and içən, əslində Qarsdakı sovet orqanları

ilə əməkdaşlıq edən üç nəfərin (Borluqlu, Zavodlu və Qarabağlı Həmzə) xəyanəti nəticəsində

təşkilatın fəaliyyətinə son qoyulur. Rəsmi Moskvadan Ankaraya ünvanlanan:

“Qarsın Buğatəpə yaylağında yuvalanan qaçaqların silahlı bir təşkilatının ölkəmizə

qarşı hücumlar təşkil edəcəyi bilgisi tərəfimizə çatdırılmışdır. Almaniyadan göndərilən silahlar

təşkilatın mərkəzinə yetişmək üzrədir. Təfsilat Ankara Böyük elçiliyimizdə mövcuddur.

Hökumətimizə gəlişmələr haqqında bilgi verilməsi ərz və rica olunur...” şəklindəki şifrəli

teleqram hər şeyin alt-üst olmasına kifayət etmişdi (Kafkasyalı, 2020, s. 40).

Moskvanın xəbərdarlığından sonra Ankara hərəkətə keçmiş, təşkilatın bir çox üzvləri

həbs edilib istintaqa cəlb olunmuşdular. İstintaqı Milli Əmniyyət Rəisliyinin təlimatı ilə Qars

Milli Əmniyyət Rəisliyində Cümhuriyyət prokurorluğu, jandarm və polis aparırdı. Aparılan

dindirmələrdən sonra Qaçaq Göyəzən elektrik cərəyanı verilməklə qətlə yetirilmiş, Qaçaq

Xram bir kəlmə də danışıq vermədən, son sorğuya aparılarkən binanın üst qatına çıxan zaman

özünü atıb öldürmüş, Aloy Hacının dindirilmə zamanı başından aldığı zərbələr nəticəsində sağ

gözü görməz hala gəlmişdi. Yalnız Xosrov bəy Sultanovun Ankaraya müraciətindən sonra

qaçaqlar məhkəməyə çıxarılıb mühakimə olunmuş, təşkilatın fəal üzvlərindən olan Xozeyin bəy

və Nağı bəy qardaşları ölkədən çıxarılmış, digərləri isə ayrı-ayrı vilayətlərə sürgün edilmişdi.

X.Sultanov baş vermiş hadisələr barədə Almaniyaya – M. Rəsulzadəyə məlumat vermişdir. Bu

hadisələrdən sonra, xüsusən Göyəzən və Xramın ölümündən ruhi sarsıntı keçirərək intihara

cəhd etmiş, iş yoldaşı İqbal Dərmancının köməyi ilə xəstəxanaya çatdırılmışdır. Bu hadisədən

4 gün sonra istintaq aparan prokuror X.Sultanovun dosyesini oxuyaraq heyrətə gəlmişdi.

Ali Kafkasyanın kitabından: “Prokuror Sultanovun yatdığı palataya yollandı. İntihara

təşəbbüs etmənin səbəbini danışarsınızmı?”-deyə soruşdu. X. Sultanov:

“Vətənim Azərbaycanın işğal edilməsinə, onlarla generalımızın güllələnməsinə,

insanlarımızın bir ucdan Sibirə, qumlu səhralara sürgün edilməsinə, erməni daşnaklarının

Azərbaycan xalqının başında qoz qırmasına laqeyd qala bilməzdim. Ölkəmin insanları pərişan

durumdadır. Çeşidli bəhanələrlə ölkəmizdə ağlı başında insan qoymadılar. Ailələr dağıdıldı,

xalqımızın ümidi bizik... Qarsda qurulan təşkilatımız xəyanətə uğradı. Əmniyyətdəki sorğuda

Göyəzən və Xram adlı iki igidimizi itirdik. Bir neçə arkadaşımız şikəst qaldı. O halları ilə hər

an gözümün önünə gəlirlər. Onların acısına dözə bilmədim. Yanlarına gedib onlardan üzr

diləmək niyyəti ilə intihar təşəbbüsündə bulundum.” Prokuror: “Sənin quruca yaşamağın belə

xalqına xidmətdir. Ölənlə ölmək olmaz. Onların ölümü sənin əzmini daha da alovlandırmalıdır.

Özün deyirsən ki, xalqımızın ümidi bizik. Doğrudur, millətinin ümidi sizin kimilərdir. Sən öz

canına qıyarsan, meydanı xainlərə buraxmış olmazsanmı? Lütfən, özünə qıyma. Hətta özünə

yaxşı bax. Vətən sizdən çox böyük xidmətlər gözləməkdədir. Allah səni xalqına çox görməsin”

(Kafkasyalı, 2020, s. 77–78).

Xosrov bəy Sultanov xəstəxanadan buraxıldıqdan sonra Fransaya getmiş və orada

Azərbaycan xəstəxanası açmışdır. O, bu xəstəxanada 1941-ci ildə alman-sovet müharibəsində

yaralanmış əsgərləri müalicə etmiş, almanlara əsir düşən azərbaycanlı əsgərləri müalicə adı

altında başına toplayaraq, öz mübarizəsini gerçəkləşdirmək üçün şəhər kənarında kirayəyə

götürdüyü bir fermada yerləşdirmişdir. Lakin sovet rejiminin qalın divarlarını aşmaq o qədər

də asan bir iş olmamışdı. 1943-cü ildə İstanbula dönərək yeni yollar aramağa çalışmış, ömrü

buna vəfa etməmişdir. Öz həyatını xalqına xidmətə sərf etmiş ictimai xadim, Zəngəzurun

qəhrəman övladı Xosrov bəy Sultanov ağır mühacir həyat şəraitinə, vətənsizliyə, maddi

çətinliyə, sovet casus şəbəkəsinin təqiblərinə, Azərbaycanda qalan qohum-əqrabasının həbsi və

incidilməsinə dözməyərək 1943-cü il yanvar ayının 7-də, 64 yaşında İstanbulda qaldığı

pansionatda ölü olaraq tapılmış, Feriköy qəbiristanlığında dəfn edilmişdir.

Şəkil 4. Xosrov bəy Sultanovun İstanbul Feriköy qəbiristanlığındakı məzarı. Mənbə: Wikimedia

Commons (Grave of Khosrov bey Sultanov.jpg).

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli Xan Xoyskinin qardaşı

general Hüseynqulu xanın Türkiyədə yaşayan nəvəsi Kərim Mehmetzadənin Qarabağın

general-qubernatoru Xosrov bəy Sultanovla bağlı xatirələrindən:

“Xosrov bəy ailəmizin ən yaxın dostu, mənim və qardaşlarımın həkimi idi. O, 1930-cu

illərdə Türkiyədə bir türk xanımla ikinci dəfə ailə qurmuşdu. Təəssüflər olsun ki, övladları

olmadı. Xosrov bəy birinci həyat yoldaşı barədə heç vaxt danışmayıb.

... Babam Hüseynqulu xan Xoyskinin hər gün görüşdüyü Şəfi bəylə birlikdə masalarının

üzərindəki xəritədən İkinci dünya müharibəsinin hücum planlarını müzakirə edərdilər. Xosrov

bəy, Şəfi bəy, Mustafa bəy, Adil xan Ziyadxanlı, Sultan bəy Vəkilov və Əbdüləli bəy Əmircanov

kimi partiya üzvü olmayan Azərbaycan liderləri bir yerə toplaşıb almanların Rusiyanın

daxilinə, yəni Stalinqrada doğru irəliləməsini saatbasaat önlərindəki dəftərə qeyd edərdilər.

Təəssüflər olsun ki, Xosrov bəy müharibənin ortalarında, Almaniyanın üstün olduğu bir vaxtda,

1943-cü ildə vəfat etdi. Mənim 7-8 yaşım olanda Xosrov həkim vəfat etdi” (Əhmədov, n.d.).

1887-ci ildə indiki Qubadlı rayonunun Fərcan kəndində Sarallı-Sofulu-Ucənis elinin

yüzbaşısı Məhəmməd Yaquboğlunun ailəsində dünyaya gəlmişdir. 6 yaşında anasını, 12

yaşında atasını itirmişdir. Dayıları Türkiyəyə köçüb gedəndə onun yetim qalmış 2 kiçik

qardaşını da özləri ilə aparmış, Baba ilə bacısını isə dayıları – Zəngəzurun müftisi Molla Kərim

Əfəndi himayəsinə götürmüşdür. Molla Kərim Əfəndi İraqın Nəcəf şəhərində ali dini təhsil

almış, bir çox elmlərə vaqif olmuşdu. Bacısı oğluna vaxt ayırmağa çox imkanı olmadığından

onu Hal kəndində savadlı adam olan Kosa Əfəndinin yanına aparır. Ancaq Babanın iti zehni,

dərslərdə irəli getmə həvəsi, uşaqlıqdan hökmlü, qürurlu olması Kosa Əfəndini narahat edir və

o, sifariş göndərir ki, Baba ilə məşğul olmaq mənlik deyil, gəlin uşağınızı aparın. Ucənis

ermənisi Mirzə İvan Babaya rus dilini öyrətmiş və yaxın ətrafındakılara həsədlə deyərmiş ki,

bu uşaqda çox güclü baş var, bunun gələcəyi olacaq (Nərimanoğlu, 2008). 17 yaşında olarkən

Fərcan kənd sakinləri Baba Məmmədovu yüzbaşı seçirlər və 7 erməni kəndi də ona tabe olur.

Ətrafına cəsur insanları toplayan Baba yüzbaşı kəndlərdəki əhalini erməni quldurları Njde və

Dronun törətdikləri talan və qətliamlardan, silahlı basqınlardan xilas edərək xüsusi igidlik

göstərmişdir. Ermənilər bu qorxubilməz yüzbaşıdan qurtulmağın yolunu axtararaq, bir neçə

dəfə aradan götürmək planı qursalar da, cəhdləri boşa çıxır. Onların “Baba-toba” – yəni Baba

ilə qurtardıq sözləri Babanın da qulağına çatır (Nərimanoğlu, 2008). Fərcan kəndinə gələn Nuru

Paşa onunla tanış olur, dəstəsinin intizamını çox bəyənir, onu daha da böyütməyi tapşıraraq,

hətta hərbi tapşırıqlara çağıracağını və Zəngəzurun müdafiəsi üçün xeyli silah yardımı

göstərəcəyini vəd edir. Baba Məmmədov 1918–1920-ci illərdə Azərbaycan Demokratik

Respublikası Parlamentinə Xosrov bəy Sultanovla birlikdə (Aran Qarabağdan Xosrov bəy

Sultanov, Yuxarı Qarabağdan Baba Məmmədov) deputat seçilir.

Şəkil 5. Azərbaycan Demokratik Respublikası Parlamentinin deputatı Baba Məmmədov (təx. 1918–

1920 dövrü). Mənbə: Wikimedia Commons (Baba Mammədov portrait.jpg

XI Qırmızı ordu Azərbaycanı işğal etdikdən sonra Zəngəzura – Qubadlıya dönən Baba

Məmmədov 1920–1924-cü illərdə orada polis rəisi vəzifəsində çalışır. Baba Məmmədov polis

rəisi işləyərkən Qubadlının Əliyanlı kəndində yeni hökumətdən narazı qalan dağ vüqarlı neçə-

neçə igid silaha sarılıb etiraz səsini ucaltmışdı. Bu dəstələrdən birinin başında igidlikdə ad

çıxarmış Əliyanlı Qaçaq Qabil dururdu. Əks cəbhələrdə olmasına baxmayaraq Baba və Qabil

heç vaxt bir-birlərini ələ verməmiş, bir-birlərinə silah çəkməmişdir. Bu dəstəni

zərərsizləşdirmək üçün Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırov

Qubadlıya gələrək, B. Məmmədova həmin qaçaqları məhv etmək göstərişi verir. Baba

Məmmədov Əliyanlı qaçaqlarına qarşı əməliyyatı məsləhət bilmir, danışıqlarla onları dağdan

endirəcəyini vəd edir. Lakin M. C. Bağırovla Bakıdan gələn dəstə Padar kəndində Qaçaq

Qabilin dəstəsinin 17 üzvünü tələyə salaraq qollarını bir-birinə bağlayıb kəndin meydanına

gətirir, heç bir istintaq aparılmadan M. C. Bağırov öz əlləri ilə onları güllələyir.

Bu hadisədən sonra – 1924-cü ildə Mircəfər Bağırov Baba Məmmədovu vəzifəsindən

kənarlaşdırmış, elə həmin ildə yeni tikiləcək məktəbin tikintisi ona tapşırılmışdı.

1929-cu ildə “antisovet fəaliyyətdə” ittiham olunan Baba Məmmədov Şuşa həbsxanasına

aparılmış, ilk məhkəmədə ona güllələnmə qərarı çıxarılmış, lakin Ali Məhkəmədə güllələnmə

cəzası 10 illik sürgün cəzası ilə əvəzlənmişdi (Kafkasyalı, 2020). Şuşa həbsxanasında vaxtilə

B. Məmmədovun idarəçiliyində milis nəfəri işləmiş, sonradan isə Qubadlı Rayon İcraiyyə

Komitəsinin sədri təyin olunmuş Hüsü Hacıyev onu həbsxanadan çıxarıb Laçına, oradan isə

doğma Fərcan kəndinə yola salmışdı. Hüsü Hacıyevin köməyi ilə həbsdən azad edilən B.

Məmmədov 20 iyun 1930-cu ildə Arazın o tayına, oradan da Türkiyəyə keçmişdir. Lakin orada

da çox qalmayıb 4 iyul 1930-cu ildə sovet dövlət orqanlarında xidmət etməyi qərara almış,

ölkəyə qayıtdıqdan sonra Bayıl həbsxanasına salınaraq əvvəlki həbs-istintaq işi də əlavə

edilməklə istintaqa cəlb olunmuşdur. Hətta Mircəfər Bağırov Bayıl həbsxanasına gələrək –

“Məmmədov, hələ sağsanmı?” sualı ilə şəxsən özü Baba Məmmədovun dindirilməsini

aparmışdır. Baba Məmmədov 1931-ci ilin noyabr ayının əvvəllərinədək Bayıl həbsxanasında

saxlanılmış, güllələnməli olduğu günə 3 gün qalmış heç gözləmədiyi halda həbsxanadan azad

edilmişdir. Bu işdə isə ona 1918-ci il Zəngəzur hadisələrində yaralanan və Baba Məmmədovun

onu öz evinə apararaq müalicə etdirdiyi, indi isə Bayıl həbsxanasının rəisi olan dostu kömək

etmişdi (Kafkasyalı, 2020). Daha bolşeviklərlə eyni ölkədə yaşamağın mümkün olmadığını

görən Baba Məmmədov gizlicə Fərcan kəndinə gedərək ailəsi ilə görüşüb Təbrizə gəlmiş, bir

müddət İranda yol və körpü inşa edən bir alman firmasında işləmiş, sonra isə orada bir dükan

açaraq ticarətlə məşğul olmuşdur. Burada da sovet gizli təşkilatı tərəfindən izləndiyini duyunca

Türkiyəyə mühacirət etmişdir. Türkiyənin İstanbul şəhərində Xosrov bəy Sultanov və Nuru

Paşa ilə yenidən görüşmüş və onlarla sıx əlaqə saxlamışdır (Qubadlı: Qədim Azərbaycan

torpağı Zəngəzurun qapısı, 2013). Baba Məmmədov Xosrov bəy Sultanovun rəhbərlik etdiyi

“Qafqaz İntiqam Qartalları” təşkilatına üzv olmuş, öz xalqının bolşevik–daşnak zülmündən

azad edilməsi uğrunda fədakarlığını əsirgəməmişdir. Təşkilatın iflasından sonra Türkiyənin

Bayburt kəndinə sürgün edilmiş, sürgündən geri döndükdən sonra Qarsa gəlmiş, Qars və onun

ətrafındakı kənd və yaylaqlara basqın edən daşnak yaraqlılarına qarşı mübarizə aparan mülki[1]

müdafiə təşkilatında işləmiş, erməni quldurlarının müntəzəm hücumuna məruz qalan “Nəbi

yurdu” yaylaq-kəndinin müdafiəsində əsl igidlik göstərmişdir. O, 1974-cü ildə İstanbulda

dünyasını dəyişmiş və orada dəfn edilmişdir.

Nəticə

Hər bir insan, hər bir millət, hər şeydən əvvəl öz xalqının mənəvi sərvətlərinə sahib

çıxmalı, öz mədəniyyətini, mentalitetini və milli-mənəvi dəyərlərini qorumalı, gələcək nəsillərə

miras olaraq ərməğan etməlidir. Azərbaycan Cümhuriyyətinin qurulmasında əvəzsiz xidmətləri

olan tarixi şəxsiyyətlər – Zəngəzur mahalının cəsur və fədakar övladları Xosrov bəy Sultanov

və Baba Məmmədov bu xalqın mənəvi sərvətinin ayrılmaz parçasıdır. Onlar bütün çətinliklərə,

təqiblərə, sürgünlərə, hətta ölüm təhlükəsinə rəğmən milli mübarizədən dönmədilər. Vətən

sevgisini, xalqına sədaqəti və azadlıq uğrunda mübarizəni hər şeydən üstün tutaraq, iradə və

mətanət nümunəsi göstərdilər. Onların həyat yolu milli istiqlal idealına sədaqətin, xalq yolunda

fədakarlığın ən parlaq təcəssümüdür. Bu gün biz müstəqil və suveren Azərbaycan dövlətində

yaşayırıqsa, bu, məhz onların və onlarla bərabər minlərlə şəhid və mücahidin çəkdiyi əzabların,

fədakarlıqlarının bəhrəsidir. Buna görə də Xosrov bəy Sultanovun və Baba Məmmədovun ömür

yolu yalnız tariximizin bir səhifəsi deyil, həm də milli kimliyimizin, dövlətçilik ənənəmizin və

vətənpərvərlik ruhumuzun canlı yaddaşıdır. Onları unutmaq olmaz. Əksinə, bu böyük

şəxsiyyətlərin həyat və fəaliyyətini daha geniş şəkildə öyrənmək, gənc nəslə təqdim etmək və

milli yaddaşımızda daim yaşatmaq hər birimizin müqəddəs borcudur.

Ədəbiyyat

Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivi. (1919). Azərbaycan Xalq

Cümhuriyyəti IV Nazirlər Şurasının heyəti [Fotoşəkil]. Azərbaycan Respublikası Dövlət Kino[1]

Foto Sənədləri Arxivi.

Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivi (ARDKFSA). (n.d.).

Azərbaycan Xalq Cümhuriyyətinin süqutu. (n.d.). ARDA, f. 2894, s. 1, iş 4, v. 65.

Churchill, W. (2016). Mirovoy krizis (Vol. I, in 6 vols.). Ozon. (In Russian).

Əhmədov, H. (n.d.). HafizTimes.com. Retrieved from http://www.hafiztimes.com

Hacı, N. (2012). Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular. Təhsil.

Hacıyev, Q., & Çingizoğlu, Ə. (2011). Qarabağlı hərbçilər. Təknur.

Heydərov, N. (2016). Zəngəzur dağlarında. Şərq-Qərb.

Kafkasyalı, A. (2020). Kartallar sınır tanımaz (tarixi-sənədli roman). Perqament.

Mahmudov, Y., & Şükürov, K. (2005). Qarabağ: real tarix, faktlar, sənədlər. Təhsil.

Nadzhafov, B. (1993). Litso vraga. Istoriya armyanskogo natsionalizma v Zakavkazʹe v kontse

XIX – nachale XX vv. (ch. II). Sharg-Garb. (In Russian).

Paşayev, A. (2010, mart 12). İngilis jurnalisti Skotland – Liddell erməni məkri haqqında. Xalq

qəzeti, s. 6.

Qubadlı: qədim Azərbaycan torpağı Zəngəzurun qapısı. (2013). AMEA A.A. Bakıxanov adına

Tarix İnstitutu.

Şavrov, N. N. (1911). Novaya ugroza russkomu delu v Zakavkazye: predstoyashchaya

rasprodazha Mugani inorodtsam. Russkoe sobraniye. (In Russian).

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi. (n.d.). Cahangir bəyin evi (inv. № 5079) [Foto arxivi].

Urud, M. (2016). Zəngəzur: uzaq keçmişdən müasir dövrə qədər. Nurlar NPM.

Vəliyev, İ. Ö. (1994). Dünya susur, tarix susmur. Gənclik.

Wikimedia Commons. (n.d.). Baba Məmmədov portrait [Fotoşəkil]. (Müəllif: naməlum).

https://commons.wikimedia.org/wiki/File:Baba_Mamm%C9%99dov_portrait.jpg

Wikimedia Commons. (2024). Grave of Khosrov bey Sultanov [Fotoşəkil]. Dr.Wiki54 (CC BY[1]

SA 4.0). https://commons.wikimedia.org/wiki/File:Grave_of_Khosrov_bey_Sultanov.jpg

Xosrov bəyin nəvəsi İradə Muradovanın şəxsi arxivi. (n.d.).

Yaqublu, N. (2019). Xosrov bəy Sultanov – Azərbaycanın ilk Hərbi naziri, Qarabağın cəsur

müdafiəçisi. Mədəniyyət.AZ, 3.

Telif ve Lisans Bildirimi

Bu makalenin tüm yayın ve telif hakları Journal of Academic History and Ideas / Akademik Tarih ve Düşünce Dergisi’ne aittir.

Makale, dergi tarafından Creative Commons Atıf-GayriTicari 4.0 Uluslararası Lisansı (CC BY-NC 4.0) kapsamında açık

erişimli olarak sunulmaktadır (https://creativecommons.org/licenses/by-nc-nd/4.0/). Bu lisans kapsamında, makale uygun

bilimsel atıf yapılması koşuluyla ve yalnızca ticari olmayan amaçlarla her türlü ortamda kullanılabilir, çoğaltılabilir ve

paylaşılabilir; ancak orijinal içeriğin değiştirilmesi, dönüştürülmesi veya üzerinde türev eser üretilmesi kesinlikle yasaktır.

Dergide yayımlanan çalışmaların bilimsel, hukuki ve etik sorumluluğu tamamen makale yazar(lar)ına aittir; dergi editörleri

ve yayın kurulu bu içerik nedeniyle sorumlu tutulamaz. Makalenin ticari yeniden kullanımı, çeviri veya yeniden

yayımlanmasına ilişkin tüm talepler, derginin editör kuruluna This email address is being protected from spambots. You need JavaScript enabled to view it. adresi üzerinden

iletilmelidir.

Mənbə: Akademik Tarih ve Düşünce Dergisi

Cilt:12 / Sayı:5

Məhərrəmova / 209-225

Ekim 2025

225