Moskvada yaşayan tanınmış soydaşımız, yazıçı-tərcüməçi Zahid Şahsuvarov 2025-ci ilin dekabrında Rusiyada populyar ədəbi nəşr olan "Literaturnıe znakomstva" jurnalının "İlin müəllifi" mükafatına layiq görülmüşdü.
Bundan başqa o, həmin jurnalın Redaksiya Heyəti və “Şimal” Rəssamlar İttifaqının birgə qərarı ilə “Ədəbiyyat sahəsində Vətənə xidmət” medalı ilə də təltif edilmişdi. Bir neçə gün əvvəl Rusiya paytaxtındakı məşhur “Bulqakov Evi”ndə (həm də muzeydir) Zahid Şahsuvarova həmin nominasiyanın fəxri diplomu və adı çəkilən medal təqdim olunub. Müxtəlif dillərdə nəşr edilən bir neçə kitabın, populyar hekayə, publisistik yazıların və dillər əzbəri olan mahnı sözlərinin müəllifi olan dəyərli həmyerlimiz Zahid Baqi oğlu Şahsuvarovu bu ciddi uğurları münasibətilə ürəkdən təbrik edir, cansağlığı, yeni yaradıcılıq uğurları və xalqımızın adının bundan sonra da ucaldılmasında daha böyük nailiyyətlər arzulayırıq!
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi