Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı çərçivəsində “Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri yazıçı-publisist Hacı Nərimanoğlu Türkiyədə bir sıra görüşlər keçirmişdir.
O, Rizə şəhərindəki Rəcəb Tayyib Ərdoğan Universitetinin rektoru Prof.Dok. Hüseyin Karaman ilə görüşüb, rektora müəllifi olduğu, Bakıda nəşr edilmiş “Rəcəb Tayyib Ərdoğan” kitabını hədiyyə edib. Universitetin Kitabxana Mərkəzində tədbir təşkil olunub. Səmimi əhvali-ruhiyyədə keçən görüşdə Birliyin sədri çıxış edib.
Kitabxanya Azərbaycan, türk, ingilis, ərəb dillərində kitablar, Heydər Əliyev Fondunun layihəsi olan audio-video disklər, ermənilərin Qarabağda törətdikləri qətliamları əks etdirən foto-albomlar hədiyyə edilmişdir.



80 illik ömrünün 46 ilini diplomatik xidmətə həsr etmiş Elman Araslının bu yaxınlarda nəşr edilən 630 səhifəlik “Yarım əsr Yaxın Şərqdə” kitabı təkcə şərəflə yaşanmış bir diplomat ömrünün bioqrafiyası, salnaməsi deyil, həm də müstəqil dövlətimizin xarici siyasətinin mühüm bir sahəsi-Azərbaycanla ərəb dünyası arasında münasibətlər haqqında, bu gün hər zaman olduğundan daha çox dünya siyasətinin gündəmində olan geniş bir region barədə zəngin məlumat mənbəyidir. Müəllif 35 ildən çox ərəb ölkələrində SSRİ, Rusiya və Azərbaycanın diplomatı kimi, o cümlədən 20 ilə yaxın Azərbaycanın Fövqəladə və Səlahiyyətli səfiri olaraq fəaliyyət göstərmişdir. E.Araslı ədəbiyyatşünaslıq elmimizin patriarxlarından biri olan akademik Həmid Araslının oğlu, qədim mədəniyyət, elm, dövlətçilik mərkəzimiz olan Gəncənin məşhur din xadimi və dövrünün tanınmış maarifçi ziyalılarından olmuş Məmmədtağı Araszadənin nəvəsidir.
Bakı, 6 iyun 2013-cü il (AzərTAc). Azərbaycan Dövlət Pedaqoji Universitetinin Heydər Əliyev Mərkəzində Zəngəzurun tarixinə həsr edilmiş veb-saytın (www.zengezur.com) təqdimatı olmuşdur. Sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Zəngəzur” Cəmiyyətləri Birliyi tərəfindən hazırlanmışdır.Birliyin sədri və layihənin rəhbəri Hacı Nərimanoğlu 14 bölmədən ibarət saytda yerləşdirilmiş materiallar barədə ətraflı məlumat vermişdir. O, yeni saytda Zəngəzur mahalının tarixi keçmişi, tanınmış şəxsiyyətləri haqqında yazılan kitab və məqalələrin, sənədlərin, rus və ingilis dillərində məlumatların da toplandığını, bu internet resursun daim zənginləşdiriləcəyini, Azərbaycanın tarixi həqiqətlərinin öyrənilməsi, təbliğində faydalı olacağını vurğulamışdır.