Zəngəzur Cəmiyyətləri İctimai Birliyi bununla bağlı bəyanat yaymışdır.
Bəyanatda deyilir: "100 il əvvəl bu gün - 1919-cu il noyabrın 19-da Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasının Qafan bölgəsinə bağlı Oxçu kəndində tariximizin ən faciəli günlərindən biri yaşanıb. Qaniçən erməni başçılarından biri Hamazasp 240 silahlı quldurla kəndi mühasirəyə alıb, danışıq aparmaq adı ilə ətraf kəndlərin əhalisini də kəndin ortasındakı meydana topladıb, heç kimin qaçıb sağ qurtulmaması üçün kənddə bütün yol, cığırlar kəsilib. Kişilər karvansaraya doldurularaq dinamitlərlə partladılıb, daş-qalaq olunub, son nəfərədək öldürülüb. Bölgənin Ermənistana birləşdirilməsi əleyhinə çıxan hörmətli ağsaqqal, din xadimlərinin əl-ayaqları bağlanaraq erməni zabitlərinin ayaqları altında başları kəsilib. Qocalar, uşaqlar və qadınları məscidə doldurub diri-diri, tikə-tikə doğrayıblar, ah-naləsi göylərə bülənd olan, aman diləyən, can verən yaralıların əzalarını süngülərlə dəlik-deşik ediblər, hər yandan insan qanı sel suları kimi axıb gedib.