XIX əsrin axırlarında çar hakimiyyəti birdən-birə hiss etdi ki, milli ucqarlarda rusca yazı-pozu bacaran, rus dilini bilən və yerli əhali arasından seçilmiş məmurlar olmadığından hakimiyyəti idarə etmək çətinləşir.
Digər tərəfdən, əsrlərlə İranın ilhaqı altında yaşamış xalqda bu ölkənin təsirini azaltmağın və müsəlman əhalinin Rusiyaya meylliyini artırmağın yeganə yolu həm onun öz dilində məktəblərin açılması, həm də həmin millətin öz milli teatrının, mətbuatının fəaliyyət göstərməsidir. Ona görə də XIX əsrin ortalarından başlayaraq milli ucqarlarda ibtidai təhsil verən, rus dilində yazıb-oxumağı bacaran kiçik məmurlar hazırlamaq məqsədilə bir sıra məktəblərin açılmasına şərait yaradıldı. Azərbaycanda dövlət hesabına bir neçə kənd məktəbi açmağa qərar verildi.