“AzərTAc-da 15 il” silsiləsindən 2-ci yazı.
Əyalətlərdə, paytaxtdan kənar şəhər və rayonlarda yaşayanların yadındadır; 1990-cı illərdə, 2000-ci illərin əvvəllərində ölkədə qəribə bir energetika sıxıntısı, süni çatışmazlığı yaşanırdı, bütün şəhər, rayonlara işıq qrafiklə, 3-4 saatlıq fasilələrlə verilirdi, kəndlərdə bəzən günlərlə işıq olmurdu. Mətbuat yazırdı ki, elektrik enerjisi Ermənistana, Gürcüstana ötürülür. Mingəçevir Cənubi Qafqazda istehsal olunan elektrik enejisinin 70 faizinə qədərini verirdi, həm SES, həm DRES rəhbərliyi ilə mehriban münasibətlərim var, məndən heç nə gizlətmirlər, fakt odur ki, enerji istehsalında azalma yoxdur, rayonların bir hissəsi də işğalda, müəssisələrin böyük bir qismi SSRİ-nin digər regionları ilə əlaqələrin pozulması ucbatından dayanıb, enerji sərfiyyatı da təbii ki azalıb. Bəs işıq başqa hara gedə bilər ki, bu da elə məhsul deyil ki, istehsal edib anbara yığasan. Hələ ən yaxşı gündə olan Mingəçevir idi.