Məqalə "Azərbaycan" jurnalının 2015-ci il 7-ci №-də dərc olunub
İstedadlı yazıçı, şair, dramaturq, naşir, jurnalist, Azərbaycan SSR əməkdar incəsənət xadimi Abasov Əyyub Cəbrayıl oğlu 1905-ci ildə tariximizin ən qədim dövrlərindən bəri Azərbaycan türklərinin məskəni, oğuzların yurd yeri olmuş Zəngəzur qəzasının Şəki kəndində (indiki Ermənistan SSR Sisyan rayonu) anadan olmuşdur.
İki il kənd məktəbində oxuyub. Zəngəzurda törədilən faciəli qırğınlardan sonra Naxçıvanda yaşayıb, bir dərəcəli məktəbi və Pedaqoji Texnikumu bitirib, 1928-ci ildə Bakıda Pedaqoji İnstituta daxil olub. 1931-ci ildə institutu qurtaran Ə. Abasov iki il Naxçıvan Pedaqoji Texnikumunda dərs hissə müdiri, 1932-33-cü illərdə isə rayon maarif şöbəsinin müdiri vəzifələrində və 1933-34-cü illərdə «Kommunist» qəzeti redaksiyasında çalışıb.