Doğrudur, vəzifə insanların potensial imkanlarının, ağıl və qabiliyyətinin üzə çıxmasında, tanınmasında, xətir-hörmət, nüfuz sahibi olmasında mühüm faktora, münbit zəminə çevrilə bilir. Elə adamlar var ki, uzun illər yüksək vəzifə, səlahiyyət sahibi olsa da, həyatdan köçəndən sonra unudulur, adı çəkiləndə də kimsə bir şey xatırlamır, ad bir şey demir. Adlar da var ki, üstündən on illər keçsə də, xalqın yaddaşından silinmir, təkcə yubiley illərində deyil, hər zaman xatırlanır, ehtiramla anılır, haqqında danışmağa söz tapılır. Ötən yüzillikdə yaşamış, Fəxri Xiyabanda uyuyan ata-oğul Nəzər və Arif Heydərovlar da tariximizdə adları qalan insanlardandır.