Qubadlı şəhərində ilk yaşayış kompleksinin tikinti işləri sürətlə davam edir. Yaşayış kompleksinin ümumi ərazisi isə 3.34 hektardır. Yaşayış kompleksi 21 binadan, 176 mənzildən ibarət olacaq. Mənzillər əsasən 2 və 3 otaqlıdır. Mənzillərin sahəsi otaqların sayından asılı olaraq 60-95 kvadratmetr arasında dəyişir. Yaşayış kompleksinin ərazisində oyun meydançaları, yaşıllıq ərazi, yerüstü və yeraltı dayanacaqların inşası nəzərdə tutulub. Həmçinin yaşayış kompleksinin ərazisində iki qeyri-yaşayış binasının da tikintisi planlaşdırılır. Bu ilin sonuna qədər Qubadlı şəhərində ikinci yaşayış kompleksinin də layihələndirmə işləri yekunlaşacaq və tikinti işlərinə başlanılacaq.
zengezur.com AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Qubadlı şəhərində həyata keçirilən bərpa-quruculuq işləri ilə tanışlıq məqsədilə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlaması zamanı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov deyib. Növrəs Cəfərov əlavə edib ki, “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” 2025-ci ildə təsdiq edilib. Baş plan hazırlanarkən şəhərdə yaşayacaq insanların dayanıqlı məskunlaşmasının təmin edilməsi, sosial, iqtisadi, ekoloji və digər amillər nəzərə alınmaqla müasir infrastrukturun yaradılması əsas prioritetlərdən biri olub. Baş plan əsasında layihələndirmə işləri aparılıb və cari il iyunun 16-da Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin tikintisinə başlanılıb. Hazırda ərazidə tikinti işləri sürətlə davam etdirilir. Media nümayəndələrinə bildirilib ki, layihə yalnız yaşayış binalarının inşası ilə məhdudlaşmır. Məhəllədə sakinlərin rahatlığının təmin edilməsi məqsədilə zəruri sosial və kommunal infrastrukturun yaradılması da nəzərdə tutulub. Belə ki, iki binanı birləşdirən keçiddə qeyri-yaşayış binasının, yanğından mühafizə məqsədilə iki yeraltı su anbarının və nasosxananın inşası planlaşdırılır. Bundan əlavə, məişət tullantılarının toplanması üçün meydançalar, abadlıq və yaşıllaşdırma əraziləri, istirahət və oyun sahələri, uşaq meydançası, yerüstü və yeraltı avtodayanacaq, həmçinin velosiped dayanacağı yaradılacaq. Hazırda 21 binadan və 176 mənzildən ibarət yaşayış kompleksinin bünövrə işləri tamamlanıb, binaların mərhələli şəkildə inşası davam etdirilir. Qeyri-yaşayış binalarının tikintisi də paralel olaraq aparılır. Tikinti işləri təsdiq edilmiş layihə və qrafikə uyğun olaraq mərhələli şəkildə davam etdirilir.