“Xalq qəhrəmanı Sultan bəy Sultanov 140 il əvvəl -1871-ci ildə Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasında (Laçın rayonu) Paşa bəyin ailəsində doğulmuşdir. İlk təhsilini kəndlərində molladan alan Sultan Şuşa qəza məktəbində, ardınca Gəncə şəhərindəki gimnaziyada oxuyub, sonra çar Rusiyasında yaxşı tanınan Sankt-Peterburq Hərbi Akademiyasına daxil olub, lakin burada Qafqaz müsəlmanlarına qarşı mənfi münasibətlə barışmayaraq təhsiini bitirmədən vətənə dönüb.
1905-ci ildə rus, ingilis və fransızlar tərəfindən silahlandırılan, planlanıb təşviq edilən ermənilərin müsəlmanlara qarşı amansız qırğınları başlayanda Zəngəzurda ilk mütəşəkkil dəstələrdən birinə Sultan bəy başçılıq edir, şücaətini, sərkərdəlik bacarığını ortaya qoyur. 1918-ci ildə daha amansız mütəşəkkilliklə başlayan ikinci erməni hücumlarına qarşı dayanan hərəkatın da Zəngəzurda baş qəhrəmanı Sultan bəy olur. Tarixdə çox az sayda nümunəsi olan məharətli planla Andranikin sayı mini ötən əsas hücumçu dəstəsini Zabux dərəsində mühasirəyə alıb cismən məhv edir, ardınca da Qaragöl ətrafında toplanan erməni silahlılarından tam 600 nəfərini silah-sursatı ilə birlikdə əsir alır, İrana keçmək istəyən yüzlərlə erməni silahlısını isə Araz çayı yaxınlığında qırır, Zəngəzurun müsəlmanlar yaşayan 100-dən artıq kəndini erməni silahlılarından təmizləyir.
Sultan bəyin kiçik qardaşı- Gəncə quberniyasının general-qubernatoru, AXC-nin ilk Hərbi naziri Xosrov bəy Sultanov (10 may 1879-1947) da Qarabağ və Gəncəbasarda bu missiyanı uğurla gerçəkləşdirir. 1919-cu ilin 21 martında Hərbi nazir Xosrov bəyin başçılığı ilə erməni-daşnak generalı Dronun hərbi dəstələrinin tam nəzarətində olan dağlıq Qarabağın azad edilməsi əməliyyatına başlayır. Düşmənin möhkəmləndirilmiş səngərlərdə, strateji yüksəkliklərdə yerləşmiş, Avropa ölkələrindən peşkəş edilən silahlarla təmin olunmuş hərbi dəstələri mayın 30-dək davam edən, bəzi yerlərdə hətta süngü davasına gəlib çatan döyüşlərdən sonra darmadağın edilir, Əsgəran keçidi açılır, Xankəndi və Şuşa erməni silahlılarından təmizlənir. Xatırladaq ki, Xosrov bəy Sultanov Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili alıb, 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza edən 26 nəfərdən biri də olub, AXC-nin həmin gün təşkil edilmiş birinci hökümət kabinetində Hərbi Nazir postunu tutub, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olub.
İndiki Ermənistan ərazisinin böyük bir hissəsində özünün daşnak hökumətini elan etmiş Andronikin qoşunları Zəngəzurdan Qarabağa koridor açıb bura Njde və Dronun qoşunları ilə, sonra isə Leninin təlimatı ilə Şaumyanın Bakıda qurduğu “Bakı Soveti” hökumətinin hakimiyyətini bütün ölkədə bərqərar etmək üçün hərəkətə keçən rus-erməni hərbi hissələri ilə Gəncədə birləşməli, Milli hökuməti yıxıb, müsəlman əhalisini cismən məhv edib “dənizdən dənizə Ermənistan” qurulmasını tez bir zamanda gerçəkliyə çevirməli idilər.
Bu qardaşlar hətta, illərlə qan düşmənləri olduğu bəylərin də ayağına gedib, seyid, ağsaqqallardan elçilər göndərib bütün gücləri birləşdirməyə, ümumi düşmənə qarşı birgə mübarizəyə, topladıqları kisə-kisə qızıllar hesabına Türkiyə və İrandan xeyli silah-sursat tədarük etməyə nail olmuş, Zəngəzur qazısı Bəhlul Behcət tərəfindən yazılmış Cihad Bəyannaməsi ilə xalqı düşmənə qarşı Cihada qaldırmış və qardaş Türk-Osmanlı səltənətinin Nuru Paşa komandanlığında hərbi yardımının reallaşmasına mühüm dəstək verərək dünyaya təzə gəlmiş Azərbaycan Xalq Cümhuriyyətinin yer üzündən silinməsi planlarının pozulmasında müstəsna rol oynamışlar.
Acı təəssüflər olsun ki, milli hökumətin devrilməsindən sonra rus bolşeviklərinin əlaltısına çevrilmiş burnundan uzağı görə bilməyən oyuncaq Azərbaycan hökumətinin milli heysiyyət və qürurdan uzaq, siyasətdən savadsız müsəlman rəhbərlərinin acizliyi nəticəsində nəinki İrəvan quberniyası, Zəngəzur ermənilərə peşkəş edildi, həm də bu günkü facilərimizə yol açan Qarabağ muxtariyyəti, Kürdüstan qəzası (1923-29) da yaradıldı, hələ üstəlik erməni daşnaklarına vurulan zərərin əvəzi də qızıl pulla artıqlaması ilə ödəndi. Ötən əsrin əvvəlində Rusiya imperiyasının 70 il arxivdə saxlanan planları əsrin sonlarında yenidən icraya yönəldildi.
Bolşevik Rusiyasının işğalı on minlərlə dəyərli vətəndaşımızın həyatını ölüm, sürgün, həbs və mühacirətə çevirdi. Sultanov qardaşları, ailələri rus-erməni casusları, onların yerli əlaltıları tərəfindən bir neçə dəfə qurulmuş həbs, sui-qəsdlərdən yalnız öz fərasətləri, el-obanın yardımı ilə xilas olur, Şahın gizli dəvəti ilə İrana, burada rus casusları tərəfindən öldürülən 3-cü qardaşları İsgəndər bəyi itirdikdən sonra, hər an ailəliklə məhv olmaq təhlükəsi ilə üz-üzə qaldıqları üçün 1923-cü ildə Türkiyəyə keçirlər, Hökumət və xalq tərəfindən böyük hörmət-izzətlə, rəsmi hərbi keçidlə qarşılanırlar, Mustafa Kamal Paşa Atatürkün şəxsi qonağı olurlar, TBMM-dən də Türkiyədə yaşamaq üçün vətəndaşlıq hüququ, təhlükəsizlik təminatı alırlar. Sultan bəy 1955-ci ildə Qars ətrafında, Köçkoy kəndində vəfat edib və orada dəfn olunub, qəbri qalmaqdadır. Xosrov bəyin məzarı isə Trabzondadır.
![]() |
“Zəngəzur” Cəmiyyətləri Birliyinin İdarə Heyəti 1918-1919-cu illərdə Azərbaycanın rus-ingilis-fransız-erməni silahlı qüvvələri tərəfindən işğalına, xalqının soyqırımına, milli müstəqilliyinin ləğvinə yönəlmiş hərbi fəaliyyətlərinin qarşısının alınmasında Azərbaycan Cümhuriyyətinin ilk hərbi naziri Xosrov bəy Sultanovla böyük qardaşı Sultan bəyin və Osmanlı Dövlətinin son hərbi naziri Ənvər paşa ilə qardaşı Nuru paşanın mühüm xidmətlərini, şəxsi qəhrəmanlıq və misilsiz şücaətlərini;
-2011-ci ildə adları Azərbaycan tarixinə əbədi yazılmış Sultan bəyin anadan olmasının 140, Nuru Paşanın anadan olmasının 130 illik yubileylərini;
-işğal altında olan Qarabağ-Zəngəzur bölgələrimizin düşmən əsarətindən qurtuluşunun xalqımızın milli mənlik, heysiyyət, qürur, vətənpərvərlik və hərbə hazırlıq duyğularının oyanışından keçdiyini;
-bu yolda Sultan bəy və Nuru paşanın komandanlıq, qəhrəmanlıq və xalqı vahid məqsəd uğrunda birləşdirmək bacarığının tariximizin şərəfli, ibrətamiz örnəyi olduğunu;
-Türkiyə-Azərbaycan birliyinin xalqlarımız və dövlətlərimiz üçün çağdaş dövrümüzdə hər zamankından daha ümdə əhəmiyyət kəsb etdiyini əsas tutaraq qərara alır:
1.Sultan bəyin və Nuru paşanın həyat və mübarizəsinə, Türkiyə-Azərbaycan qardaşlığına həsr edilmiş ən yaxşı kitab, məqalə, teleradio materiallarının hazırlanması və qaliblərin müəyyən edilməsi, ən yaxşı tədqiqat əsərinin QHT-nin maliyyəsi hesabına nəşri və müəlliflərin mükafatlandırılması məqsədilə müsabiqə elan edilsin, təşkilat komitəsi yaradılsın.
2.İlboyu ölkə mediasında Sultan bəy və Nuru paşanın həyat və mübarizəsinin təbliği istiqamətində yazılar dərc edilsin.
20 fevral 2011-ci il, “Zəngəzur” Cəmiyyətləri Birliyi İdarə Heyəti