Rus imperiyasının parçala, hökm et siyasəti nəticəsində Ulu Borçalımız da ana vətəndən ayrı düşüb. Bu yaxınlarda "Borçalı” İctimai Birliyinin təşəbbüsü ilə keçirilən "Elat” bayramında iştirak eləmək üçün minlərlə soydaşımızla bərabər Başkeçidin Armudlu yaylaqlarına qalxdıq. Təbrizdən, Ankaradan, Zəngəzurdan gəlmiş qardaş-bacılarımızla birgə bu qürurverici mənzərənin xoşbəxtliklərini yaşayıb Bakıya qayıtmışdıq. Qələm dostum Hacı Nərimanoğlunun "Qubadlısız 16 il” kitabının 202-ci səhifəsində "Borçalıdan nigaran qayıtdım” sərlövhəli yazısı diqqətimi çəkdi. Yazını cüzi ixtisarla diqqətinizə çatdırırıq.
Bp – Azərbaycan şirkəti bir qrup jurnalistin Gürcüstana səfərini təşkil etmişdi. Bu səfər zövqü ilə bahəm, qəlbimdə xeyli nigaran duyğular da oyatdı. Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin keçdiyi xətt boyunca səfərimiz 4 gün davam etdi. Tələbəlik illərində dəfələrlə Tiflisdə olsam da, ölkənin regionlarında heç olmamışdım. Saakaşvilinin hakimiyyətə gəlişi qonşu ölkədə çox şeyi dəyişib, ab-hava təzələnib, rüşvət, korrupsiya deyilən şey qeybə çəkilib. Ilk sərəncamlarından biri rəsmi dövlət informasiya agentliyinin, televiziya və qəzetlərinin ləğvi, dövlət tabeçiliyindən çıxarılması olub; düzgün qərardır, dövlətdən maliyyələşən, ona tabe olan media institutundan hansı obyektivlik, tərəfsizlik, müstəqillik gözləmək olar? Pulu verən sifarişi də verir.
Yeri sakinlərlə yaxından ünsiyyətimiz oldu; hər iki kəmər əsasən azərbaycanlılar yaşayan ərazilərdən keçsə də, tikintidə işləyən minlərlə insan arasında onların sayı barmaq hesabıdır. Şikayətlər, müraciətlər hamısı cavabsız qalıb. Kəmərlər Borjomi dərəsindən xeyli aralı keçsə də, gürcü bicliyi təkcə mineralın mühafizəsi adıynan bp konsorsiumundan illik 750 min ABŞ dolları qoparmağa mane ola bilməyib-əsl xristian həmrəyliyi də var burda! Bu pul həm də bizim cibimizdən gedir. Kəmər altına düşən torpaq sahələrinə verilən komrensasiya, ödənişlər də bizimkilərdən qat-qat çoxdur. Üzgörənlik nə boyda olarmış. Tanrı bu yerlərə səxavətlə nə qədər gözəllik bəxş edib və qədirbilənlik də verib. Borjomi, Bakuriani təbiəti ilə heyran doğurur, dünyanın hər yerindən bura turistlər gəlir. Borjomidə Çar Romanovun, Nikolayın, Brejnev, Yeltsin, Şevardnadzenin, məşhur yazarların qaldığı möhtəşəm saraylar göz bəbəyi kimi qorunur. Paytaxtda kilsələrdən hündür bina tikilmir-ucalıq Allah evlərinə məxsusdur. Kür çayı Tiflisə məxsusi yaraşıq verir.
Tiflisdə gəldiyimiz ilk gün azərbaycanlılar yaşayan məhəllədə olduq. Qalaya qalxdıq, Şeytanbazar, Şah Abbasın tikdirdiyi Cümə məscidlərinə getdik, abidələri gəzdik-gürcü millətçiləri hər vəchlə Tiflisdən və Borçalıdan türk-müsəlman izini itirməyə çalışıbdır və xeyli dərəcədə də buna nail olublar, yenə də bizim fərsiz biganəliyimizdən yararlanmaqla. Buna özgə nə ad vermək olar: əhalisinin 90 faizi azərbaycanlı olan rayonların hamısının bütün əsas vəzifəliləri gürcü və gürcüləşmiş ermənilərdi, 500 minə qədər əhalisi olan bölgənin deputatları da gürcüdür, bütün əksinə yararlı münbit torpaqları kənar yerdən gələn gürcülər alıb yerli azərbaycanlılara baha qiymətə icarəyə verirlər. Sonuncu yer adları da gürcüləşdirilir, ən səfalı, bərəkətli torpaqlarda azərbaycanlılar yaşasa da, yolu, məktəbi, xəstəxanası bərbad gündə qalan, iş yeri, zavod-fabriki olmayan, yoxsul yaşayanlar da bizimkilərdi, kəndlərdə yalnız qocalar gözə dəyir. İmkanı olan Bakıya qaçır, qohum-əqrabasını köçürdür, xüsusən ziyalıların söz-dərd deyənlərin sayı ilbəil azalır. Tiflisdə ermənilərin 5-6 gündəlik qəzeti çıxır, bizimkilər bircəsini saxaya bilmir. Eynən Ermənistandakı kimi. Qubadlının da, Gorus, Qafanın da kəndlərinə baxanda hansı durum idisə, Gürcüstanda da eləcə. Görüşdüyümüz hər yerdə:-Azərbaycandan kömək gözləyirik-sözlərini eşidirik. Elə biz də ürəyimizdəkiləri gizlətmirik:-bizə çox da güvənməyin, bir özünüz də hərəkət eləyin, toparlanın, təşkilatlanın, səsinizi qaldırın, birləşin, yoxsa Borçalını da Ermənistandakı həmvətənlərimizin aqibəti gözləyir.
Tiflis həm də Azərbaycan türklərinin mədəni-siyasi mərkəzi olub. Burdakı qəbiristanlıqda gördüyümüz mənzərə ürək ağrıdır: min ildən çox yaşı olan türk-müsəlman qəbiristanlığı bütünlüklə Nəbatat-Botanika bağına verilib, təbii qoruğa çevrilib, qəbirlərin təkcə iyi-qoxusu qalıb. Güc-bəla ilə tapdığımız salamat qalan qəbirlərin görkəmi ürək sızladır. Vazeh, Axundov, Xoyski, Şahtaxtinski və ondan çox digər görkəmli ədibimizin qanqal basmış toplum məzarlarını təmizləyib yol açırıq, səliqə-səhman yaradırıq. Çoxumuz göz yaşımızı saxaya bilmirik. Qayıdanda da acığımızı Meydanda sıx yaşayan həmvətənlərimizin, bir də səfirlik əməkdaşlarının üstünə tökürük, çoxusu heç bu qəbirlərin indiyədək hələ salamat qaldığından, bura olduğundan da xəbərsizdi.
Səfərimizin yekunları barədə qayıdan kimi AzərTAc-la informasiyalar verirəm və həmkarlarımla birlikdə bir çox məsələlərə respublika hökumətinin diqqətini yönəldə bilirik.
Əziz qardaşım Hacı, Borçalının sən görən günlərindən 4 il keçib. Bu dörd ildə çox şey dəyişib. Soydaşlarımız kifayət qədər təşkilatlanıblar. Azərbaycan Cəmiyyətinin və Azərbaycan dövlətinin Gürcüstandakı soydaşlarımıza diqqəti artıb. Oğuz oğulları yurda qayıdır. Soydaşlarımızın haqqı indi daha uca səslə tələb olunur. "Borçalı” İctimai Birliyi bütün fəaliyyətini borçalıların təşkilatlanmasına, yurda bağlanmasına həsr edib. "Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi də soydaşlarımızın qayğıları ilə yaxından ilgilənir və onlara mənəvi dəstək verir. Odur ki, əvvəlki qədər nigaran qalma!
Tamxil ZİYEDDİNOGLU
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin sədr müavini
“Bütöv Azərbaycan”, qəzeti, 05.08.10 00:18 www.regionmedia.net