"Kamran Hüseynov respublikada dövlət idarəçiliyi və iqtisadiyyatın müxtəlif sahələrində səmərəli fəaliyyət göstərmiş, uzun illər ərzində təqdirəlayiq xidmətləri ilə ölkənin ictimai-siyasi həyatına layiqli töhfələr vermişdir.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "K.Ə.Hüseynovun 100 illik yubileyinin keçirilməsi haqqında" 6 avqust 2013-cü il tarixli Sərəncamından
Kamran Hüseynov 15 dekabr 1913-cü ildə dünyaya göz açıb. Qubadlının Çərəli kəndindən Bakıya 50 qəpik pul, dörd büküm çörəklə çıxmışdı, Həkəri stansiyasında üç gün vaqonlara yük vurub qazandığı 10 manatın da 5-in əynindəki pencəyi ilə birlikdə burdan kənddə atasız, əyin-başı yalın qalmış qardaşlarına qaytarıb sonra qatara minmişdi. Neft fəhləsi işləyərək həm böyük bir külfəti dolandırmış, həm də Moskvada və Bakıda ali mühəndis təhsili almışdı. 20 yaşında Ali Partiya Məktəbinin ən gənc dinləyicisi, müəllim və tələbələrin yekdil rəyi ilə məktəb partiya təşkilatının katibi seçilmişdi. Batalyon komandiri kimi Böyük Vətən Müharibəsinin ağrı-acısını yaşayıb, ön cəbhədə Azərbaycan naminə M.C.Bağırovun xüsusi tapşırığını uğurla yerinə yetirib Sumqayıtın inşasına başlayan ilk tikinti trestini təşkil və rəhbərlik edib, 31 yaşından başlayaraq Sumqayıtın, ardınca Bakının ən böyük neft rayonu Binəqədinin, Mingəçevirin, Neftçalanın birinci katibi işləyib, o yaşdan həm də Ali Sovetin deputatı seçilmişdi. Onun həyatında xeyli “ilk”lər var: Sumqayıt və Mingəçevir tikintisində ÜİK(b)P MK-nın partiya təşkilatçısı-1-ci katibi, Azərbaycan Həmkarlar İttifaqı Təşkilatının ilk sədri, Nəriman Nərimanov və Heydər Əliyevdən sonra azərbaycanlılardan Moskvada ən yüksək vəzifə sahibi – Ümumittifaq Həmkarlar İttifaqının katibi seçilmişdi, dünyanın 30-dan çox ölkəsində sovet nümayəndə heyətinin rəhbəri, 13 il Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, Respublika Ticarət-Sənaye Palatasının sədri, 50 ildən çox Mərkəzi Komitə üzvü, RSFSR və Azərbaycan Ali Sovetlərinin deputatı, Respublika Ağsaqqallar Şurası Rəyasət Heyətinin üzvü olmuşdu. Tarix elmləri doktoru, müxtəlif dillərdə çap olunmuş 16 kitabın müəllifiydi. Prezident təqaüdçüsü idi. Prezident Heydər Əliyev onu «Şöhrət» ordeni ilə təltif etmişdi. Bu ordeni ona şəxsən təqdim edərək haqqında ürəkdən gələn, dəyərli sözlər demişdi, son kitabının rusca da kütləvi nəşrini tövsiyə etmişdi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev də K.Ə.Hüseynovun 100 illik yubileyinin keçirilməsi haqqında 6 avqust 2013-cü il tarixli Sərəncamında onun fəaliyyətini yüksək dəyərləndirmişdir.
Rəhmətlik Heydər Əliyevin "nadir şəxsiyyət" adlandırdığı Kamran Hüseynov Azərbaycanın yetmiş illik kommunist-sovet tarixində yetişmiş partiya, dövlət və ictimai xadimləri arasında təmiz ad-sanla ömür sürmüş, həqiqətən vətənsevər, xalqı üçün çalışan insanlardan biri olub. O, çalışdığı bütün sahələrdə yüksək peşəkarlıq, təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdi. Sumqayıt, Mingəçevir, Neftçala, Naftalan kimi yeni yaşayış məntəqələrinin salınmasında, onların iri yaşayış, sənaye-mədəniyyət mərkəzlərinə çevrilməsində Kamran Hüseynovun səmərəli xidmətləri olmuşdu. K. Hüseynov sovet və Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi dünyanın bir çox ölkəsində keçirilən müxtəlif tədbirlərdə iki super dövlətdən biri olan SSRİ-ni təmsil etmişdi.
2006-cı il aprelin 20-də dünyadan köçüb Fəxri Xiyabanda dəfn edilmişdir.
Müdrik İnsan
Fəxr edirəm ki, bu nadir zəka sahibi ilə dəfələrlə qabaq-qənşər oturub həmsöhbət olub, ibrətli söhbətlərini dinləmişəm. Öz dilindən eşitdiyim, xarakterinə güzgü tutan bir çox əhvalatları sonralar kitablarına da daxil etmişdi.
Binəqədiyə təzə 1-katib təyin olunub. Büro iclasına başlamaq istəyəndə yanındakılar deyirlər bəlkə bir az gözləyək.-Niyə?-Bəs “Binəqədinefttrest”in rəisi büro üzvü Nersesyan hələ gəlməyib, o gəlməmiş indiyə qədər heç vaxt iclas başlamayıb. Qalxır, iclası başlayır, gecikdiyinə görə onu iclasa da buraxmır, az keçmiş də bütün təzyiqlərə baxmayaraq bu özündənrazı, birbaşa Moskvaya tabe olan arxalı ermənini vəzifədən götürməyə də nail olur.
M.C. Bağırov Mingəçevir tikintisində yaranmış ağır vəziyyətin müzakirə olunduğu büroda birdən arxa sırada oturmuş K. Hüseynova üz tutub deyir: -ey Sultan bek, (Zəngəzurda erməni nizami ordu hissələrinə qan udduran xalq qəhrəmanı Sultan bəy Sultanovu nəzərdə tutur-H.N) sabahdan Mingəçevirə gedirsən, o şəhəri, SES-i sən tikəsən!
Uca boyu, yaraşıqlı ağbəniz sifəti, rus və azərbaycan dillərində səlis nitqi ilə dinləyənləri cəlb edən bu gənci görənlər deyirmişlər ki, çox olsa 10-15 gün burda qala biləcək. Çünki hər tərəfi qamışlıq, bataqlıq, ilk sancmadan adamı malyariyaya yoluxdurub o dünyaya göndərən ağcaqanadların meydan suladığı, alman əsirləri, SSRİ-nin hər tərəfindən gəlmiş məhbusların, bir də küyə düşüb gələn komsomolların yaşadığı yeraltı baraklarda duruş gətirmək hər oğulun işi deyildi, o ki qala Bakıdakı rahat katib kreslosundan ayrılmış biri ola. Ancaq onun gəlişi ilə tikintidə elə bir canlanma yaranır ki, hətta bir neçə gündən sonra vəfalkı ömür-gün yoldaşı Zeynəb xanımı da Bakıdakı rahat yaşayışından mərhum edib yanına gətirir, ona baxıb başqaları da belə edir.
Mingəçevirdəki söhbətlərini xatırlayıram:-Mingəçevir Dövlət Dram Teatrının bu binası ki var, o Moskvanın təsdiq elədiyi layihədə bir fəhlə klubu olmalıydı, amma biz onu elə götürdük ki, bu gün də ölkənin ən gözəl binalarındandır. Moskvadan energetika naziri gəlib görəndə gözü kəlləsinə çıxmışdı ki, bu nə saraydı tikdirmisən burda, sən mənə demişdin ki, burda bir müvəqqəti fəhlə klubu tikirik. Danışırdı ki, M.C.Bağırov neçə dəfə Yesentukidə istirahətini yarımçıq qoyub gəlmişdi, deyirdi tik nə qədər bacarırsan, Ermənistanın büdcəsi qədər pul almışdı Moskvadan bura. Toxuculuq kombinatı işə salınanda Rusiyadan vaqon-vaqon qızlar daşınır burda işləməyə. K.Hüseynov da əlaltından ətraf rayonlara adamlar salır ki, cavan qızları yığın gətirin burda yataqxanalarda qalıb oxusunlar, işləsinlər, canları kərmədən, pambıqdan qurtarsın, həm də bu şəhər başqa millətlərin umuduna qalmasın. Çox keçmir ki, şəhərə rus qızlarının axını dayanır.
93-cü ilin dekabr ayı idi, Mingəçevirdə 80 illik yubileyi keçirilirdi. Kür sahili boyu bir vaxtlar barakda yaşadığı, indi ən abad, ən yaraşıqlı küçəyə Kamran Hüseynovun adı verildi, sonra yaşadığı binaya xatirə lövhəsi vurulmuşdu, özü açılışın elədi, SES və AzərbaycanDRES-i gəzdi, K.Hüseynovun təşəbbüsü və layihəsi ilə tikilmiş, Mingəçevir Dövlət Dram Teatrında yaddaqalan rəsmi yubiley tədbiri və musiqili gecəsi keçirildi, Mingəçevirin Fəxri sakini diplomu təqdim olundu. Ardınca da “Kür” restoranında Xalq şairi Zəlimxan Yaqubun aparıcılığı ilə sözlü-nəğməli gözəl məclisi keçirildi.
O, harda olursa olsun, hər yerdə vətən, xalq üçün narahatlığını dilə gətirirdi, sözünü deyirdi. Vətənpərvərlik ruhu, xalqına, dövlətçiliyə sədaqət onu səciyyələndirən əsas xüsusiyyətlər idi. 92-93-də sıra ilə rayonlar işğal ediləndə yaşının, səhhətinin yol verdiyindən artıq bir narahatçılıq, gərginliklə tez-tez Qubadlı, Zəngilana gəlirdi, camaatı öz gücüylə torpaqların müdafiəsinə çağırırdı, büruzə verməsə də, bərk narahatçılığı, haqlı üzüntüsü görünürdü.
Ömrünün ahıl çağlarında yazdığı «Bir ömrün salnaməsi» kitabındakı ardıcılıq, səlislik, məntiq, mükəmməl üslub, zəngin dil, fakt və detalların yerli yerində işlədilməyi həqiqətən heyrətləndirici idi. Ən başlıcası Azərbaycanın 70 illik keşməkeşli həyatı, mürəkkəb tarixi hadisələri, respublikaya rəhbərlik edənlər haqqında nə qədər zəngin bilgilər var bu kitabda. Müəllifin Heydər Əliyev, İmam Mustafayev, Fidel Kastro, Xo Şi Min, Brejnev, Kosıgin kimi məşhur dövlət xadimləri ilə görüşlərini, S.Vurğun, Ç.Aytmatov, M.Tursunzadə, S.Rəhimov, R.Behbudov, Y.Məmmədəliyev kimi ədəbiyyat, mədəniyyət adamları ilə dostluq münasibətlərini əks etdirən xatirə, yazı və foto şəkilləri, dünyanın bir çox tanınmış dövlət, siyasi xadimlərinin Kamran Hüseynov haqqında şeir, yazı, məktub və teleqramları bu böyük şəxsiyyətin özünəməxsus zəngin mənəviyyat, dərin, yüksək dünyagörüşü sahibi olmasını bir daha sübut edir. Mərhum Heydər Əliyevin tövsiyəsi ilə sonra bu kitab yenidən işlənib “Quruculuğa həsr edilmiş ömür” adı ilə nəşr edildi, rus dilində də yazıldı.
Kamran Hüseynov respublika Nazirlər Sovetinin sədr müavini kimi, hökumətdə təhsil, elm, mədəniyyət sahələrinə rəhbərlik etdiyi 13 ildə ölkə ziyalılarının ən böyük dostlarından olmuşdu. Ona ən böyük dəyəri də təkcə Azərbaycan xalqı, dövləti yox, həm də elə bu işıqlı düşüncəli aydınlar vermişdi. Xalq şairi Bəxtiyar Vahabzadənin Kamran Hüseynov şəxsiyyəti haqqında yazdığı bu fikrinə diqqət yetirmək kifayətdir: «Sən öz ədalətin və həqiqətsevərliyinlə, xeyirxahlığın və alicənablığınla, işlədiyin bölgələrdə qurduğun fabrik və zavodlarla, mədəniyyət sarayları və xəstəxanalarla, məktəb və uşaq bağçaları ilə özünə abidə ucaltmısan. Sənin bu əməllərin dərin hörmətini qazandığın xalqının yaddaşında əbədi yaşayacaq. Çünki sən xalqının böyük oğlu, Vətənin əsil vətəndaşısan.»
Dünya şöhrətli həkim, professor Nurəddin Rzayev: “Nə yaxşı ki, dünyada Kamran Hüseynov kimi müdrik, sadə, mehriban, işgüzar, qərəzsiz insanlar vardır. Əqidələri, vicdanları bulaq suyu kimi saf olan belə insanlar el adamı, el ağsaqqalı, görkəmli dövlət xadimi kimi xalqımızın tarixində öz layiqli yerlərini tuturlar. Mən bu böyük qurucu və yaradıcı alimlə fəxr edirəm.”
Bu da Kamran Hüseynovun həyat, ömür, yaşam fəlsəfəsini ifadə edən öz sözüdür: «Mən özümü daim bal arısı hesab etmişəm. Arı bal verir, ilan ağu. Mənim həyat fəlsəfəm budur».
Birliyimizin qurucusu
14 mart 1992-ci il. Bakı Dövlət Universitetinin İclas zalında qələbəlikdir. Sisyan, Gorus, Qafan, Mehri, Zəngilan, Kəlbəcər, Cəbrayıl, Laçın, Qubadlı bölgələrinin 300-ə qədər tanınmış yetirməsi bura toplaşıblar. Torpaqlarımızda qanlı döyüşlərin getdiyi, işğal edilən ərazilərimizin get-gedə genişləndiyi, hər gün qaçqın, köçkünlərin sayının artdığı, respublika rəhbərliyinin bu ağır durumda çarəsizlik göstərdiyi günlərdə kəskin çıxışlarla, müraciətlərlə müşayiət olunan toplantının yekununda konfrans nümayəndələrinin, 20-dən çox ictimai təşkilatın yekdil qərarı ilə “Zəngəzur” Cəmiyətləri Birliyi yaranır və Kamran Hüseynov Birliyə sədr seçilir. 20 mayda Ədliyyə Nazirliyinin Kollegiyası Birliyi Dövlət Qeydiyyatına alır. Həmin vaxtdan indiyədək bu Birlik yaşayır, müstəqil dövlətçiliyimizin, xalqımızın, bölgə camaatının naminə çalışmağa davam edir, səy göstərir. «Azərbaycan işıqları» qəzetinin 20 avqust 1999-cu il nömrəsindən başlayaraq ta 21 aprel 2006-cı ildə bütün rəsmi qəzetlərdə çıxan “SON MƏNZİLƏ” yazısının və ondan sonra da dəfələrcə K.Hüseynov haqqında məqalələrin müəllifi olaraq bu böyük şəxsiyyət haqqında yazmağı da, qurub yaratdığı, ilk sədri olduğu Cəmiyyətə ondan sonra rəhbərlik etməyi də (onun latın əlifbası ilə hazırladıb işlətdiyi möhür-ştampı, başlıqlı kağızlar 21 ildir ki, dəyişmədən istifadəmizdədir) hər zaman qürur sanmışam. Çünki Kamran Hüseynovu yaxından tanıyandan bəri birmənalı olaraq onu böyük şəxsiyyət saymışam.
Hacı NƏRİMANOĞLU,
“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru