"Nizami ili” ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamda N.Gəncəvi kimi dünya şöhrətli bir nəhəngin ədəbi fəlsəfi irsinin bütün sahələr üzrə yenidən araşdırılması bir vəzifə kimi qarşıya qoyulmuşdur. Bu baxımdan mütəfəkkir şairin ədəbi irsində ən gec və ən az öyrənilən sahələrdən biri olan ezoterizmin dərindən araşdırılmasına böyük ehtiyac duyulur. Əvvəlcə ezoterizmin təbiəti haqqında məlumatları yada salaq.
Ezoterik bilik aşkar və gizli qanunların vahidliyinin sirrini daşıyan, həyatın, kainatın həqiqi mahiyyətini özündə əks etdirən bilik hesab edilir. Terminoloji cəhətdən “ezoterik bilik” dedikdə mənası gizli, qapalı olan, qeybə aid olan bilik başa düşülür. “Ezoterizm”lə isə gizli biliklər sistemi nəzərdə tutulur.
Nizami yaradıcılığında ezoterizm elementlərinin öyrənilməsi və müəyyənləşdirilməsinə elə onun ilk məşhur əsəri olan “Məxzənül-əsrar”dan - “Sirlər xəzinəsi”ndən başlanması daha münasib və səmərəli olardı. Çünki ezoterizm özü sirli, gizli, qapalı, batini dünyağörüşlə, açılışına qadağa qoyulmuş fenomen bir anlayışla bağlıdır. Bu qənaətə gəlmək üçün əsərin özündə çoxsaylı eyhamlar vardır. Həm də Nizami Gəncəvi dövrünün poetik irsinin qədim türk mifoloji mətnləri, şumer əsatirlərinin prinsipləri ilə müqayisə etdikdə bunları daha aydın görmək, anlamaq olur. Ona görə əsərin ayrı-ayrı dərin qatlarının araşdırılmasına ənənəvi yanaşmadan fərqli nöqteyi nəzərdən yanaşılmalıdır. Bu həm də əsərlə bağlı əsas suala “Sirlər xəzinəsi”nin sirri nədədir? sualına doğru-düzgün cavab tapmağa imkan verərdi.
Nizami irsinin tədqiqi ilə bir çox xarici və yerli araşdırıcılar məşğul olsa da, ezoterizm mövzusu demək olar ki, uzun müddət toxunulmaz qalmışdır. Hətta Y.E.Bertels, Məmməd Cəfər Cəfərzadə, Məmməd Arif Dadaşzadə, Həmid Araslı və digər məşhur Nizamişünas alimlərin çoxsahəli tədqiqatlarında da ezoterizmdən bəhs edilməsinə təsadüf edilmir. Bəzən ayrı-ayrı araşdırıcılar Nizami Gəncəvi dünyagörüşünü təsəvvüf və sufiliklə əlaqələndirsələr də, bu yöndəki fikirlər özü də ziddiyyətlidir. [5, s. XI]
Azərbaycanın istedadlı alimləri Mətanət Abdullayevanın və Xuraman Hümmətovanın son illərdəki dəyərli tədqiqatları müstəsna olmaqla Nizami Gəncəvi yaradığılığında ezoterizm mövzusuna demək olar ki, kifayət qədər diqqət yetirilməmişdir. Onu da qeyd etmək lazımdır ki, Nizami Gəncəvi yaradıcılığında ezoterik sferaya münasibət bildirən tədqiqatçılar əsasən təsəvvüf və sufi görüşlərinin çərçivəsindən kənara çıxmır. Bu da Nizamiinin fikir dünyasının, fəlsəfi görüşlərinin dərin qatlarının öyrənilməsini və tədqiqni nəzərə çarpacaq dərəcədə məhdudlaşdırır, çox vaxt məharətlə gizlədilmiş batini özəyini anlamağa imkan vermir.
Bəzi tədqiqatçılar tərəfindən ezoterika termininin elmə yunan filosofu Pifaqor tərəfindən gətirildiyi qeyd olunur. Bəlkə də bu, Pifaqorun ayrı-ayrılıqdqa batini (ezoterik) bilikləri və zahiri (ekzoterik) bilikləri tədris edən təlim sisteminin olması ilə bağlıdır. Batini və zahiri bilikləri əhatə edən yazı tipinin qədim Misirdə mövcudluğu barədə də məlumatlar vardır.
Gizli biliklərin mövcudluğu ilə bağlı məlum olan ən qədim mənbə isə Şumer mətnləridir. ”Əfsanəyə görə insanlara sirli elmləri “səmadan gələn” varlıqlar-anunaklar öyrədib. Xüsusi şuraya dəvət olunan ilk kahin Enmedurankiyə Yerin və göyün sirləri olan tablo verilib. (16) Bu cür biliklərin daşıyıcıları “tanış edilmişlər” adlanır. Müəyyən zümrənin gizli biliklər haqqında məlumatlı olması, lakin hamı üçün onun əlçatan olmaması ezoterizmin xarakterik xüsusiyyətidir.
Araşdırmalarımız göstərir ki, Nizami Gəncəvi yaradıcılığında ezoterizm motivini duymaq və anlamaq üçün daha əski çağlardan başlamaq gərəkdir. Bu dövr şumer mədəniyyətinin və dünyağörüşünün formalaşdığı, Yaranış və varlıq haqqında mifoloji şumer-türk dünyabaxışının ərsəyə gəldiyi zamanla bağlıdır. Başqa sözlə Yaranış və Varlıq haqqında şumer-türk mifoloji modeli Nizami Gəncəvinin məharətlə formalaşdırdığı sirli xəzinəyə uğurla bələdçilik edir.
“Sirlər xəzinəsi”nin ezoterik mahiyyətinin aydınlaşdırılması üçün ilk növbədə əsərin yazılış üslubunu nəzərdən keçirilməsi vacibdir.
Yaradıcılığının, tədqiqatının xeyli dövrü Nizami poyeziyası ilə bağlı olan Yevgeni Bertels “Sirlər xəzinəsinin” dilindən danışarkən göstərirdi ki, şair bu əsərində bədii sözün bütün həqiqi və məcazi mənalarını istifadə edir, buna görə də “Sirlər xəzinəsini” dərindən başa düşmək üçün hərtərəfli, universal biliyə malik olmaq lazımdır. Y.E. Bertels “Sirlər xəzinəsində” çətin anlaşılan təşbih və tərkiblərin işlənməsini şairin əsərin dilini bilərəkdən çətinləşdirməsi ilə bağlayır: “Sirlər xəzinəsi” xalq yaradıcılığından gələn çoxmənalı ifadələrlə zəngin olduğu üçün onun dərin mənasını başa düşmək doğurdan da bəzi çətinliklər törədir”. Lakin bu böyük Nizamişünas alim N.Gəncəvi tərəfindən “...əsərin dilinin bilərəkdən çətinləşdirməsini” vurğulasa da, onun səbəblərini tuta bilməmişdir. Əslində bunlar N.Gəncəvinin düşünülmüş şəkildə seçdiyi üslubla bağlıdır. Bu üslubun xarakteri haqqında müəllif ozü “Sirlər xəzinəsi” qəsidəsində kitabın son bölümündə məlumat verir:
“Bu üslubum ki, çərxdən üstündür bir bu qədər,
Qələmimin gücilə buqələmunluq edər”. [8, s. 144]
Bu üslubun bir xarakterik xüsusiyyəti də ondan ibarətdir ki, şair ezoterik mahiyyətli məsələlər barədə fikirlərini çoxmənalı sözlərdən ifadə etməkdən əlavə, həm də elə səpələnmiş halda ifadə edir ki, çox vaxt mətn iki və daha çox biri-birindən fərqli mənalar kəsb edir. Beləliklə,o,demək istədiyi ezoterik xarakterli fikri həm oxucusuna çatdırır, həm də yad nəzərlərdən gizlədə bilir, məharətlə pərdələyir. Yəni, gizli olan haqqında gizli danışır. Fikirlərini tam deyə bilməməsini belə izah edir:
“Məndə fikir, məna tükənməz, xeyli çoxdur,
Onun boyuna görə ancaq paltarı yoxdur”. [8, s. 144]
Burada Nizami demək istədiklərinin paltarsız, “çılpaq” deyilməsindən ehtiyatlandığını bildirir.İndi isə bu ehtiyatlılığın səbəblərinə diqqət yetirək.
Tarixən gizli saxlanan, batini, ezoterik mahiyyətlər, açılmsına qadağa qoyulmuş əsas prinsiplər bu cür üslub seçilməsinə səbəb olmuşdur. Şair Yaranış və Varlıq haqqında monoteizmə qədərki dünyağörüşü, xüsusilə qədim Şumer-türk təsəvvürlərini öz dövründə hakim olan təsəvvürlərdən fərqləndirmək üçün eyhamlarında “köhnə” və “təzə” ifadələrindən istifadə edir.
“Nizami bu kitabda başdan-ayağa qədər
Adına görə səpdi saysız dürr, saysız gövhər.
Köhnənin və təzənin nəzərindən hər zaman... “ [8, s. 145]
Şair “dürr”, “gövhər” deməklə dərin qatda qərarlaşan fikirlərin - sirli xəzinəsini “köhnənin” və “təzənin” nəzəri ilə süzgəcdən keçirir. Yaratdığı özünəməxsus üslubla Nizami Yaranış (Yaradılış) haqqında açılışına qadağa qoyulmuş ezoterik bilgiləri məharətlə ekzoterik, yəni danışılmasına məhdudiyyət, qadağa qoyulmayan zahiri bilik və məlumatlarla elə pərdələyir ki, onun təqdim etdiyi ayri-ayrı beytlər, bölmələr və bütövlükdə əsər çox vaxt ibrətamiz kəlamlar, aforizmlər, rəvayət və əfsanələr təsiri bağışlayır. Məhz buna görə də bu üslubun dahiyanə tətbiqi ilə ölməz sənət əsəri kimi şöhrətlənən “Sirlər xəzinəsi” çox vaxt əxlaqi təlimi əsər kimi ancaq zahiri əlamətlərinə görə diqqəti cəlb etmişdir. Bu cür yanaşma “Sirlər xəzinəsinin” sirrinin nədən ibarət olduğunu, digər əsərlərindəki batini qata aid fikirlərin məğzini anlamağa imkan vermir.Ancaq Yaranış haqqında, Varlığın ilkin halı, cövhəri haqqında mifoloji, dini və fəlsəfi görüşlərin kompleks təhlili və onunla bağlı əsərdə gen-bol işlədilən eyhamlarla müqayisə bir sıra batini məsələlərin açlmasına uğurla bələdçilik edir. Ümumiyyətlə dini və fəlsəfi ezoterizmin mifoloji qaynaqlarını öyrənərkən bir sıra gizli məqamların mahiyyətini, eləcə də, tarixən istifadə olunmuş kodlaşdırma üsullarını görmək və başa düşmək asanlaşır. Bu mənada Nizami yaradıcılığı da müstəsna deyil. Əvvəlcə bir neçə məqama diqqət yetirmək vacibdir.
Gizlilik və qadağa haqqında: M.S.Belinski bu barədə “Talmud nədir” kitabında yazır: “Talmud insana dünyanın əsas başlanğclarının tədqiqi ilə məşğul olmağı qadağan edir”.[13,s.164] Nizami isə dünyanın, Yaranışın, Varlığın başlanğıcı haqqında fikir irəli sürür. Varlığın əzəli cövhərini, başlanğıcını SU ilə əlaqələndirir. Yunan filosofu Fales də SUyu birinci sayır. Fales Nizaminin “Sirlər xəzinəsini” qələmə aldığı dövrdən təxminən yeddi əsr yarım əvvəl yaşadığından ilk nəzərdə bu ideyanın yunan filsofundan gəldiyini qəbul etmək olar. Lakin, Fales dövründən də min illər qabaq mövcud olan yaranış haqqında türk və şumer miflərində bu fikrlər vardır. Şumer-türk miflərində “əvvəl hər yer SU idi” deyiminin daha qədimdən mövcud olduğu bunu əyani şəkildə göstərir. Bu istiqamətdə araşdırmaları davam etdirdikdə Yunan filosoflarının başlanğıc haqqında fikirlərinin şumer-türk miflərindən əxz edildiyini asanlıqla görmək olur. Belə ki, SUYU (Fales), HAVAnı (Anaksimen və Diogen), Odu (Hippas və Heraklit) və bütövlükdə 4 ünsürü - Suyu, HAVAnı, Odu və TORPAĞı (Empedokl) yunan müdrikləri varlığın başlanğıcı olaraq qəbul etmişlər. Əgər Yaranış haqqında türk-şumer mifoloji dünyagörüşü və şumer Tanrılar panteonunun Ali şurasına daxil olan varlıqları müqayisə etsək baxdığımız mənzərə daha da aydınlaşır. Yunan fəlsəfəsində - su, hava, od, torpaqdan ibarət başlanğıc kompleksi Şumer tanrılar panteonunun ali şurasını təmsil edən SU (ENKİ), GÖY (AN), HAVA (ENLİL) və İŞIQ (NUSKU) ilə bağlı 4 ünsürlə (cüzi dəyişiklik nəzərə alınmazsa) eynilik təşkil edir. [13, s. 38-39]
Müqayisədən aydın olur ki, yunan müdrikləri məxəzini göstərmədən istifadə etdikləri Şumer Tanrılarını sırf təbiət elementləri kimi Varlığa başlanğıc hesab etmişlər. Şumerlər isə həmin təbiət elementlərinə həmişəyaşar, məhv olmayan ilahi statusu qazandırmışlar. Nizami Gəncəvi də bu ünsürləri mifologiyada olduğu kimi biri-birinə çevrilib bir ünsür kimi təzahür edə bilən varlıqlar şəklində qəbul edir. Bu cür mövqe və təsvir “İsgəndərnamə”də daha aydın verilmişdir. Lakin əvvəlcə “Sirlər xəzinəsində” 4 təməl elementin təzahürünə dair faktlara diqqət yetirək. Məsələn: Elə başlanğıcda “Məxzənül-əsrar” başlıqlı bölmədə Sudan, Topaqdan, bəhs edilir [8, s. 1]. İlkin, təməl varlıq kimi “əzəldən”, “əbəddən”, (əbədi olandan), varlığın ixtirasından, təməl üzərinə çəkilən pərdədən söhbət açılır. Bu fikiri şair:
“Əzəldən əzəldir onun varlıq hikməti,
Əbədlərdən əbəddir, çəkməz ədəm minnəti
Odur qədim dünyanın sərkərdəsi, dayağı”. [8, s. 1] şəklində ifadə edir. Sonra Yaranışın əzəli, ilkin təməli hesab edilən Sudan,TORPAQdan,Oddan,GÖYdən bəhs edir. [8, s. 1, s.3, s. 4]
Bu misralarda təməl ünsürlər səpələnmiş şəkildə verilməklə şairin özünün dediyi kimi “mahir usta əliylə” qədim (“köhnə”) mifoloji təfəkkürün Yaranışla bağlı elementləri “təzə”ilə, oz dövrünün vahid yaradıcısı kimi qəbul edilən Allahın iradəsi ilə bağlanır və pərdələnir.
Tövhid və minacat bölməsində də, Nizami tək, vahid varlıq kimi “yenini” - Allahı mədh edir, lakin, ehtiyyatla “qədim”ə, qədim dünyagörüşə eyhamla diqqəti yönəldir.
Şair özünə xitab edirmiş kimi fikrini belə çatdırır:
“Yetər dünyanın yeni yolundan çalmaq yetər,
Bir pərdə də o qədim yoldan çalıb iş göstər”. [8, s. 5]
Qədim yol isə 4 ilkin, ölməz ünsürü ilahiləşdirərək Tanrı səviyyəsinə qaldıran şumer-türk yoludur. Belə ki, bu ünsürlərin hər biri digərinə çevrilə bilən və Yaranışın başlanğıc, təməl ünsürü kimi təzahür edən həmişəyaşar varlıqlar kimi qəbul edilir. Sadaladığımız faktlar iki mühüm nəticəyə gətirir:
- Nizami Gəncəvi “Sirlər xəzinəsini” farsca yazsa da, Yaranış məsələsində bütünlüklə türk-şumer mifoloji dünyagörüşunə və modelinə istinad etmişdir.
- Qədim yunan fəlsəfəsi türk-şumer Yaranış mifləri və mifoloji yaranış modeli üzərində qurulmuşdur.
Bu nəticələri bu günkü həyatımızda 4 ünsürlə bağlı keçirilən Novruz rituallarında da görmək olur. Yəqin ki, hər bir Azərbaycan ailəsinin həyatına daxil olmuş Novruz çərşənbələrinin 4 ünsürlə bağlılığı, yəni, Su çərşənbəsi, od çərşənbəsi, hava və torpaq çərşənbələrinin Yunan filosoflarından əxz edildiyini qəbul etmək məntiqsiz olardı. (kursivlər mənimdir. R.Ə.).Araşdırmalarımız göstərir ki, qədim mifoloji təsəvvürlərə görə Kainatın yaranışının 4 ünsürlə bağlanması kimi, İnsan yaranışı, dilin yaranışı, hətta musqinin yaranışı 4 ünsürlə əlaqələndirilir. [11]
Əsərlərinin dərin qatlarında müntəzəm olaraq Yaranış haqqında qədim düşüncəyə, varlığın ilki, təməli hesab edilən 4 ünsürə işarə vuran Ə.Xaqani, N.Gəncəviyə xitabən yazdığı bir şerində deyir:
Sən qiymətli gövhər ikən, qəvvas kimi baş vurub,
Tapdın təbin dəryasından daha qiymətli gövhər.
Xaqaninin başı bağlı qoyduğu xəzinənin
Tilsimini açmaq bircə sənə oldu müyəssər. [6, s. 399]
Xaqani də bu mövzunun qapalı, gizli olduğundan məlumatlıdır və o, dəfələrlə müasirlərini xəbərdar etmişdir:
Bağlı xəzinəyə əlini atma!
Yatmış əjdahanı gözlə oyatma! [6, s. 44]
Yaxud: Yoxdur yaşıl yelkənin görən yaş olduğunu,
Çox gəmilər batırmış girdabında bu ümman.
[6, s. 169]
Yaranışın başlanğıcının təməl elementləri sayılan 4 ünsürə istinad edilməsinin təhlükəsini tanınmış Azərbaycan filosofu Bəhmənyarın şagirdi olan Ömər Xəyyam öz rübailərindən birində belə təsvir edir:
Əzəlin sirrini bilmərik sən, mən,
Bir şey dərk etmərik bu gizli sirdən.
Pərdə arxasında gedir söhbətlər,
Sən, mən sağ qalmarıq pərdə qalxarkən. [10, s. 29]
Türk-şumer mifoloji yaranış modelində geniş yer alan və Nizami Gəncəvi yaradıcılığında ətraflı bəhs edilən 4 təməl ünsür müasir Azərbaycan filsoflarının da diqqətindən kənarda deyil. Məsələn, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov özünün “Fəlsəfə və poeziya: Nizami, Nəsimi və Füzuli” adlı araşdırmasında N.Gəncəvinin “Falesin (Nizamidə Valis) hər şey sudan yaranmışdır fikrni inkişaf etdirərək və təkmilləşdirərək digər mövcudluq hallarının sudan necə törəyə biləcəyinin elmi-bədii tərənnümünü” verdiyindən bəhs edir:
Mən də ərz eyləyim dünyaya təməl,
Məncə su olmuşdur hər şeydən əvəl.
Qızğın hərəkətdən və çaxnaşmadan,
O yerə çatdı ki, od oldu əyan.
İldırım buxardan ayırdı odu,
Bundan rütubətli hava doğuldu.
Suyun qatılığı getdikcə artdı,
Həmin qatılıq da yeri yaratdı. (Kursiv mənimdir R.Ə.)[14]
Şumer yaranış modeli ilə müqayisə etdikdə müəyyən fərqlərin olduğu görünür. Yəni, Şumer əsatirində suyun heç kəs tərəfindən yaradılmayan mütləq varlıq olduğundan bəhs edilir. Ancaq Suyun bətnindəki bütün varlıqların anası adlandırılan NAMMÜ adlı ilahənin ilkin varlıqlardan biri Göylə (ata allah An-la) bitişik olduğu təsvir olunur. (Nammü suyu simvollaşdıran jarqon addır). Onların izdivacından Hava (Enlil) doğulur. Suların Atəşi yaratdığından bəhs olunur. Ancaq bu əsatirdə qədim türk dünyagörüşü üçün xarakterik olan dualizm vardır. Belə ki, Atəş həm oddur, həm də işıqdır. Buna görə də Yaranışın təməl elementi kimi 4-cü ünsür-İşığın (Nusku) adı çəkilir. Müxtəlif mifoloji və dini yaranış modellərində dörd ünsürün hər birinin ayrılıqda ilkin başlanğıc ola bilməsi qəbul olunduğundan buna uyğun Yaranış versiyaları da mövcuddur..
Prinsipial əhəmiyyət kəsb edən bir məsələyə də diqqət yetirilməlidir. Monoteizmdən əvvəlki dünyagörüşdə Dünyanın, Kainatın Yaranışına başlanğıc kimi 4 ünsür qəbul edilir və Varlığın təcalla tapması daim mövcud olan həmin ünsürlərə bağlanır. Yəni, vücuda gəlmə heç kəs tərəfindən yaradılmayan daxili prosesdir. Şumer allahlar panteonunun ali şurasına diqqət yetirdikdə bunu aydın görmək olur. Belə ki, başlanğıc, təməl ünsürlərin iksi - Su və Hava cisimli varlıq, digər ikisi isə - Göy və İşıq cisimsiz varlıqdır. Buradan “Sular Atəşi yaratdı” dedikdə cisimli varlığın, sahəni, enerjini, cisimsiz varlığı yaratdı nəticəsi alınır. Cisimsiz varlıqdan isə, məsələn, İşıqdan (Sahədən, enerjidən, Əqldən, yaxud Ali şüurdan) maddi varlıq yaranması modelinə təsadüf edilir. Beləliklə, Yaranmanın dairəvi proseslə getdiyi qəbul edilir. Monoteizm dövrü dünyagörüşünə görə isə Hər şeyi – bütün varlığı, eləcə də 4 ünsürü vücuda gətirən, yaradan, hər şeyə qadir Allahdır. Beləliklə: Araşdırmalarda dövrün dünyagörüşünə görə Yaranış və Yaradılış terminləri fərqləndirilməlidir. Yəni:
- “Yaranış” ifadəsi ilə monoteizmə qədərki dünyagörüş xarakterizə olunur. (Mifoloji modeldə əvvəl SUyun mövcud olduğundan bəhs edilərkən onun hər hansı yaradıcı tərəfindən yaradıldığından bəhs edilmir).
- “Yaradılış” terminindən monoteizmin bərqərar olduğu dövrdə istifadə olunur. (Çünki aləmin, hər şeyin, o cümlədən 4 ünsürün yaradıcısı Allahın olduğu qəbul edilir.)
Araşdırmalar zamanı dünyagöüşlərdə bu prinsipial fərqləri nəzərə almamaq yanlışlığa aparır. Buradan çıxan nəticə kimi monoteizm dövründə, xüsusən təsəvvüfdə ilk yaradan ALLAH “vacib”, yaxud, “zəruri” varlıq kimi, Allahın yaratdığı hər şey - Aləm, Kainat, insan və bütün canlı varlıq “mümkün” varlıq kimi qəbul edilir.
Bütövlükdə “Sirlər xəzinəsi” məsnəvisinin süjetini, batini və zahiri ruhunu ezoterizmə verilən təriflə müqayisə etdikdə aydın olur ki, Nizami Gəncəvi məharətlə dövrünün açıq deyilməsi mümkün hesab edilən dünyagörüşü və ona aid bilikləri gizli, batini dünyagörüşə aid biliklərlə vahid kompleksdə birləşdirən möhtəşəm bir sənət əsəri yaratmışdır. “Sirrlər xəzinəsi”nin sirri isə İlk başlanğıcın, Yaranışın (Yaradılışın), Xilqətin və Xəlq edənin mahiyyəti haqqında açılışına qadağa qoyulmuş düşüncələrdir.
Nizami “Xəmsə”yə daxil olan bütün poemalarında bu və ya digər dərəcədə batini-ezoterik məsələləri üstüörtülü də olsa, eyham və işarələrlə əks etdirir. Bunu ezoterik mahiyyətlə bağlı işlətdiyi terminlərdən, rəmz və metaforalardan asanlıqla sezmək olur. Daha açıq şəkildə isə Xəmsə toplusuna daxil olan son poeması “İskəndərnamə”nin ikinci hissəsi “İqbalnamə”də bəhs edilir. Kitabın yazılma səbəbi haqqındakı bölmədə Nizami dövranın dəyişməsi ilə “köhnə havaları” “yeni nəğmələrlə” əvəz etmək zərurətinin yarandığına diqqəti yönəldir.
Deyir:
Dolanıb döndükcə qoca ruzigar
Özünə bir yeni müəllim arar.
Köhnə havaları dəyişər zaman,
O yeni nəğmələr bəstələr müdam.
Şair özünə yol göstərən müəllimindən də söz açır:
“Çünki gizlində bir ilhamçım vardı,
Mənimlə örtülü söz danışardı.
Sonra isə sirdaşını isnad verir:
“Əvvəldən bəsləyib tərbiyə verən
Bir nəcib insandır məni yetirən;
Mötəbər bir şəxsdir o Xoylu İmad,
Qalxmaq istəyənə o edir imdad”. [7, s. 23]
Nizami müəlliminin ona qayğısını da xüsusi vurğulayır:
Mənə təlimlər verən elə ki, ədəb saçdı,
Məni doqquz fələyin düyümlərindən açdı.
Düyün-düyün üstünə düşmüşdü çox da ancaq,
O, bu ipin başından əsla çəkmədi ayaq.
(Sirlər xəzinəsi)
Lakin “İqbalnamə”də şair “Sirlər xəzinəsi”ndən fərqli üslubdan istifadə edir: Müxtəlif zamanda yaşamış yeddi alimi, yeddi müdriki fateh Makedoniyalı İskəndərlə bir məclisə “toplayır”.
Ariflər bəyənən bir yer seçərək,
Orda bir taxt qurdum mən sultanlartək.
Yeni bir üsulla büsat quruldu,
Düşüncəm məclisə xidmətçi oldu. [7, s. 25]
Yəni, Nizaminin düşüncəsi ilə yaranan və onun düşüncəsinin məhsulu kimi təqdim olunan məsələlərin müzakirəsini təmin edən məclis qurulduğuna işarə edilir. Bu məclisin şərti iştirakçıları yeddi müdrikdir. Ərəstu (Aristotel), Valis (Fales), Bəlinas, Sokrat, Fərfuryus, Əflatun (Platon) və Hürmüz. Hökmdar İskəndərin və Nizaminin yeddi müdriklə məclisi xəlvət məclisi, gizli, batini məclisdir. Bunu məclisin və qoyulan sualların xarakteri haqqında İskəndərin dedikləri əyani təsdiq edir:
Padşah son qoydu şirin söhbətə,
Meyl edib çəkildi yenə xəlvətə.
O, alimlərə məclisin sirrini açaraq deyir:
“Sirrimiz nə qədər gizlin qalacaq?
Çox gecə keçirdik biz kef edərək,
Gəlin bir günü də elmə sərf edək!
Bircə gün baxaraq Günəşə, Aya,
Fələyin sirrini qoyaq ortaya.
Bilək ki, bu öküz beli tək çadır,
Bu möhkəm yer üstə necə dayanır?
Əvvəli nəyimiş bu göyün yerin,
Bu haqda fikrini hamı söyləsin!
Ağıla idraka bir vəzifədir,
Bilsin ki, dünyada ilk tərkib nədir.
Əzəldən nə olmuş xilqətə bais?
Bu və buna bənzər suallarla İskəndər yeddi müdrikə müraciət edir. Qoyulan suallar gizli, batini, həm də acılmasına qadağa qoyulmuş sahələrə aiddir. Bu suallar isə əslində Nizamiyə məxsusdur. Burada seçdiyi üslub “Sirlər xəzinəsi”ndəkindən onunla fərqlənir ki, “İqbalnamə”də gizli, qapalı hesab edilən məsələlərdən daha açıq danışılır. Lakin, məsələnin qoyuluşu və ona bildirilən münasibət daha çox hökmdar İskəndərin və ayrı-ayrı filosofların dilindən cavablandırılır. Bununla da Nizami açılmasına qadağa qoyulmuş məsələlərdən bəhs edilməsində, necə deyərlər, sığortalamış olur. Yaranış, Yaradılış, ilk varlıq, təməl elementlər məsələsində müdriklər əslində dörd ünsürlə “formalaşan”, yaxud, “formalaşdırılan” müxtəlif variantları sadalayırlar. “İlk tərkibin” Cisimli, yaxud, Cicimsiz varlıqdan vücuda gəlməsinə münasibət bildirirlər. Alimlərin Yaranış və Yaradılış haqqında fərqli fikirlərini yekunlaşdıran İskəndər deyir:
“Xilqətin sirrini kəşf etməmiş biz,
Təqdirə çatarmı heç qüdrətimiz?
Goylərə yazılı vərəq dediniz,
Ayrı cür oxudu fəqət hərəniz .”
“İqbalnamə”də diqqət yetirilməli və əlavə şərhə eytiyac duyulan başqa məqamlar da vardır.
Rəmz və metaforalar. “İqbalnamə”də Nizami Gəncəvi Oğuz dünyagörüşü üçün xarakterik olan Göy qübbəsinin rəmzi mənasını “Öküz beli” kimi təqdim edir:
“Bilək ki, bu öküz beli tək çadır,
Bu möhkəm yer üstə necə dayanır?”
Bu rəmzdən və həmin rəmzə uyğun modeldən eyni mənada Ə.Xaqani də istifadə edir:
Fələk çadırımdır, torpaq döşəyim,
Göz yaşı içdiyim sudur müxtəsər.
Yaxud: Bir künbəzdir bu səma, yer onun döşəməsi,
Yoxsa nücum elmindən xəbərin, bunu bil, qan! [4, s. 172]
Orta əsr Azərbaycan fəlsəfi poeziyasında gen-bol işlənən bu rəmz və dünyanın ilkin modeli Yaranış haqqında əski türk mifik təsəvvürü ilə eynilik təşkil edir.
“Üzə tənri, asra yaqız yer kılındıkda ekin ara kişi oğlu kılınmış...” [4, s. 71]
Orxon-Yenisey abidələrində ifadə olunan bu fikrin azca fərqlə yuxarıda deyilənlərlə eynililiyi aydın seçilir. Maraqlıdır ki, Qobustandakı Kiçikdaş dağında 5 nömrəli qayaüstü təsvurdə mütəxəssis alimlərin Mezolit dövrünə aid etdikləri rəmzlərlə verilən şəkli yazı - piktoqrafiya da eyni fikri ifadə edir. Burada da Göy qübbəsi öküzlə, öküz təsviri ilə simvollaşdırılır.[11 səh. 34].
Onu da qeyd etmək lazımdır ki, bir çox sirli Şumer və Qədim Misir təsvirlərinin mənasının başa düşülməsində Öküz simvolu açar rolunu oynayır.
Maraqlı metaforalardan biri Güzgüdür (Aynadır). O, ezoterik dünyagörüşün kodlaşdırılmış dərin qatlarına nüfuz etməyə uğurla yol açır. Xaqani də, Nizami də ezoterik sistemə bələd olan bir çox klassiklər də Güzgüyə, Aynaya müraciət etmişlər. Nizami dünyanı “güzgülü ev” adlandırır. Bu ideya da Yaranışın qədim mifoloji düşüncəsindən qaynaqlanır. Yəni, Yaranışın başlanğıc ünsürləri olan Su əksetmə keyfiyyətinə, həm də simmetriya yaratma keyfiyyətinə malikdir. Aynanın qədim dünyagörüşün sirli qatlarına açar olması barədə apardığım araşdırmalara müxtəlif illərdə çap etdirdiyim kitablarda, habelə, “Güzgü konsepsiyası” mədəni tarixi irsimizin gizli məqamlarının açılmasında vasitə kimi” - [2, s. 31-42] [1, s.122-129] Bununla belə ezoterik sistemdə özünəməxsus yeri olan Güzgü ilə bağlı bəzi sirli məqamlara aydınlq gətirmək yerinə düşərdi. Yaranışın ilkin mərhələsi kimi qəbul edilən biri birinə bitişik Göy və Suyun yaratdığı yarımkürrə Nizaminin dedyi “ Güzgülü ev” kimi təsəvvür edilir. Güzgü həmin yarımkürrəni - Göy qübbəsini simmetrik şəkildə kürrəyə tamamlayır və kainatın obrazını yaradır. Bunun mənası isə Güzgü qarşısındakı real varlıqla Güzgü arxasındakı ideal varlıq arasındakı münasibətləri bildirmək üçündür. Yəni, Güzgü - Varlıq və Yoxluq, Cisim və Xəyal, Maddi və Ruhi varlıq münasibətlərini modelləşdirən metaforadır. Güzgü həm də tarixən kodlaşdırmada vasitəsi kimi istifadə olunmuşdur.O, “quş dili”ndə istifadə edilən jarqon ifadələrin,habelə qədim qayaüstü təsvirlərin,Etrusk sirli yazılarının kodunun açılmasında yararlıdır.
Nizami Gəncəvinin gələcək nəslə ünvanladığı əsas ezoterik bilgilər daha qlobal məsələləri əhatə edir. Bunun miqyasını başa düşmək üçün yenidən Talmuda müraciət etmək lazım gəlir. Talmudda xüsusi vurğulanır ki: “Qadağanın əksinə, “Sirli olanla məşğul olmaqla” filosof insanı yüksəldir və onu təbiətin gizli saxlanan sirlərinin açılmasına çağırır”. [13, c. 164] Əgər Talmuddan gətirilən birinci sitat nəyin araşdırılmasının qadağan olduğunu bildirirdisə, ikinci sitat qadağanın məqsədini göstərir.
Onu da qeyd etmək lazımdır ki, ezoterik mahiyyət daşıyan mifoloji, dini və fəlsəfi baxışlardan əlavə Yaranışın səbbəblərini araşdıran müasir elmi nəzəriyyə də mövcuddur. Fransa ilə İsveşrə sərhəddində inşa olunmuş 27 kilometr uzunluğunda yeraltı Adron Kollayderində aparılan ekspermentlər Kainatın fundamental əsaslarının öyrənilməsinə yonəldilib. Avropa Nüvə Araşdırmaları mərkəzində 45 ölkənin alimlərinin iştirakı ilə Böyük partlayışın minatürünün yaradılması üzərində iş aparırlar.
Maraqlıdır ki, Kainatın quruluşu haqqında ən müasır elmi nəticələrə aid faktlar böyük Nizaminin ezoterik mahiyyətli baxışları ilə qəribə şəkildə səsləşir. Yəni, Varlığın, Yaranışın ilkin vəziyyətini əks etdirən mifoloji modeli müəyyən mənada Adron Kollayderində aparlan təcrübələrin nəticəsi ilə təsdiq edilir. Bu mənada ABŞ professoru Tim Tarpın fikiri maraq doğurur. Tim Tarp deyir: “...çoxdan hesab edilirdi ki, antimateriya materiyanın dəqiq inikasıdır və biz nəhayət ki, bunu təsdiqləyən sübutu əldə etdik”. [17]
Yəni müqayisə göstərir ki, ən müasir elmi eksperment yolu ilə alınan Yaranışın kiçik miqyaslı-minatür modeli, Nizaminin “güzgülü ev” adlandırdığı mifoloji Yaranış modeli kimi güzgü fenomeninə, simmetriya prinsipinə bağlanır.
Ümumiyyətlə Nizami Gəncəvinin ədəbi fəlsəfi irsinin ezoterizmlə bağlı tərəfi müasir sivilizasiyanın, xüsusilə Azərbaycan- türk mədəni irsinin gizli qalan, çox vaxt başa düşülməyən çalarlarının öyrənilməsinə işıq tutan heyrətamiz bir xəzinədir.
25 oktyabr 2021
NİZAMİ GƏNCƏVİ YARADICILIĞINDA EZOTERİZM MOTİVİ ƏDƏBİYYAT
- “Ayna motivi Şumer Yaranış fəlsəfəsindən İbn Ərəbi sufizminədək” (yenə orda, 2020/II – [1, s.122-129]
- AMEA Folklor İnstitunun “Dədə Qorqud” elmi ədəbi toplusu, 2014, IV (53) nömrə səh. 31-42 [2, s. 31-42]
- Ə. Rəcəbov, Y. Məmmədov “Orxon-Yenisey abidələri, Bakı,1993, səh. 71 [4, s. 71]
- Ə.Xaqani, Seçilmış əsərləri, Azərbaycan SSR Elmlər Akademiyasının Nəşriyyatı, Bakı 1956, səh. 172 [4, s. 172]
- Araslı ,“Sirlər xəzinəsi”-nə ön söz. Nizami Gəncəvi - “Sirlər xəzinəsi”, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı - 1947, səh. XI [5, s. XI]
- Xaqani Şirvani, Seçilmiş əsərləri, Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, Bakı-1956, səh. 44, səh. 169, səh. 399 [6, 44, s. 169, s. 399]
- Gəncəvi “İskəndərnamə”- “İqbalnamə”, “Lider nəşriyyatı”, Bakı 2004, səh. 23, səh. 25 [7, s. 23, s. 25]
- Nizami Gəncəvi, “Sirlər xəzinəsi” Azərbaycan Dövlət Nəşriyyatı, Bakı 1947, səh. 144, səh. 145 [8, 144, s. 145]
- Nizami Gəncəvi, Xosrov və Şirin, Azərbaycan Dövlət Nəşriyyatı,Bakı-1947, səh. 317 [9, 317]
- Ömər Xəyyam. “Rübailər”, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı-1959, səh. 29 [10, 29]
- Razim Əliyev “ Məxfilik qrifi, yaxud, mif, fəlsəfə, din və dil düyünü”. Bakı, ”Ziya-Nurlan” NPM, 2002; “Türk-şumer dünyagörüşü və dil”. Bakı, “Ziya-Nurlan 2005,” “Musqi fəlsəfəsinin genezisi”. ”Ziya” NPM, Bakı – 2015 [11]
- Razim Əliyev, “Dini fəlsəfi ezoterizmin mifoloji qaynaqları” Dövlət və Din ictimai fikir toplusu, N-4, səh. 38-39 [13, 38-39]
- Еремей Парнов, Трон Люцифера - Критические очерки магии и оккултизма - Издателство политической литературы, Москва, 1985, стр. 164 [13, 164]
- net/?p=6340
- /http://publika.az/projects/gizlitarix/5106.html
- Həsənov Hikmət “Yadplanetlilərin övladları”, piramidaların sirri-Şumer mədəniyyəti http://publika.az/projects/gizlitarix/5106.html
- https://hi-news.ru/research-development/fiziki-dokazali-chto-antimateriya-yavlyaetsya-zerkalnoy-kopiej-obychnoj-materii.
Razim Əliyev, tədqiqatçı